Bugünlər zərdablılar bar- bərəkət fəsli olan payızın əlverişli keçən hər günündən yararlanaraq, ilin bol məhsulunun qalan hissəsini də itkisiz toplamaq, rayonun əsas sərvətlərindən sayılan taxılın istehsalını növbəti ildə daha da artırmaq üçün səpini optimal müddətdə başa çatdırmaq, bütün sahələrdə qışa hazırlığı tamamlamaq üçün ikiqat əzmlə çalışırlar.
Zərdab Rayon İcra Hakimiyyətində 2015-ci ilin 9 ayının sosial- iqtisadi yekunlarına həsr olunmuş toplantıda bütün bunlar barədə geniş söhbət açıldı, ili uğurla başa vurmaq üçün zəruri tədbirlər müəyyənləşdirildi. Hesabat məruzəsi ilə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev Nazirlər Kabinetinin ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin nitqində səslənmiş başlıca müddəalar barədə məlumat verdi, dövlət başçısının qarşıya qoyduğu tələblər baxımından ilin əvvəlindən rayonda görülən işləri ətraflı şərh etdi.
Başçı qeyd etdi ki, respublikamızda gedən dinamik inkişaf prosesi ilin əvvəlindən Zərdab rayonunda da həyatın bütün sahələrini əhatə etmişdir. 2015-ci ilin 9 ayında rayon iqtisadiyyatının əsas sahələrində 63 milyon 405 min manatlıq məhsul istehsal edilmişdir. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 1 milyon 584 min manata qədər çoxdur. Hesabat dövründə istehsal olunmuş məhsul və xidmətlərin 41 milyon 271 min 600 manatı kənd təsərrüfatının, 6 milyon 28 min manatı tikintinin, 13 milyon 569 min 900 manatı ticarət sahəsinin, 1 milyon 307 min 100 manatı sənayenin, 936 min 400 manatı nəqliyyatın, 292 min manatı poçt və rabitə xidmətlərinin payına düşmüşdür.
İlin 9 ayında rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatında irəliləyiş davam etmişdir. Prezident İlham Əliyevin 2015-ci ili “Kənd təsərrüfatı ili” elan etməsi bu istiqamətdə aparılan işlərə güclü təkan vermiş, kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində uğurlu nəticələr əldə edilmişdir. Bu ilin məhsulu üçün ötən payızda 16730 hektarda taxıl əkilmişdi. 6365 hektardan 17042 ton arpa, 10365 hektardan isə 32808 ton buğda, ümumilikdə, 16730 hektar sahədən 49850 ton taxıl istehsal olunmuş, hər hektardan məhsuldarlıq 29,8 sentner təşkil etmişdir. Ötən ilə nisbətən məhsul istehsalı 118 ton, məhsuldarlıq 2,2 sentner artmışdır.
130 hektar qarğıdalı sahəsindən isə 702 ton dən toplanmış, məhsuldarlıq 54 sentner olmuşdur. Yerli şəraitə uyğun 24 hektarda məhsuldar çəltik əkilmiş, 85 ton məhsul əldə edilmiş, məhsuldarlıq isə 35,4 sentner olmuşdur. Gələn ilin məhsulu üçün indiyədək 12436 hektarda şum qaldırılmışdır ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 1555 hektar çoxdur. Hələlik ötən ilin müvafiq dövrünə nisbətən 623 hektar çox olmaqla, 1789 hektarda taxıl səpilmişdir.
Bildirildi ki, 116 hektar kartof sahəsindən indiyədək 2098 ton məhsul toplanmışdır. Məhsuldarlıq hər hektardan 180,9 sentner olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1 sentner çoxdur. Tərəvəz istehsalına da diqqət artırılmış, 152 hektardan 2383 ton məhsul istehsal olunmuşdur. Hər hektardan məhsuldarlıq ötən ilin müvafiq dövrünə nisbətən 8,6 sentner çox olmuşdur. 229 hektar bostan sahəsindən 7357 ton məhsul əldə edilmişdir. Bu ilin məhsulu üçün yazda 153 hektarda çiyid səpini aparılmışdı. Hazırda sahələrdə pambıq yığımı davam edir.
İndiyədək iri malın sayı 54331, qoyun-keçilərin sayı isə 112895 başa çatmışdır ki, bu da keçən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 195 və 475 baş çoxdur. İlin əvvəlindən rayonda 3296,7 ton ət, 16580,8 ton süd, 6 milyon 112 min ədəd yumurta, 165 ton yun istehsal edilərək, proqnoz tapşırığa artıqlaması ilə əməl edilmişdir. “Turac-2008" Məhdud Məsuliyyətli Cəmiyyətində 9 ayda 12050 baş cücə inkubasiya edilərək əhaliyə satılmışdır.
Toplantıda əkinçilərin uğurlarının təmin edilməsində əlaqədar sahələrin həyata keçirdikləri zəruri işlərə də yüksək qiymət verildi. Qeyd edildi ki, bu il əkin sahələrinin suvarılmasının daha da yaxşılaşdırılması və məhsul istehsalçılarının suvarma suyuna olan tələbatını ödəmək üçün xeyli iş görülmüşdür. Əkin sahələrinin bir neçə dəfə suvarılması təmin edilmişdir. Bələdiyyələrin daxili imkanları hesabına 88,4 kilometr təsərrüfatdaxili kanal lildən təmizlənmiş, 20,5 kilometr su arxı, 13,4 kilometr isə şirə arxı qazılmışdır.
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Ucar regional nümayəndəliyinin Zərdab bölməsi bu mövsümdə fermerlərə güzəştli şərtlərlə 674 ton azot, 62,4 ton fosfor, 133,4 ton amofos gübrəsi, 430 litr amin duzu satılmış, 1 “Sampo-2045” markalı taxılyığan kombayn, lizinq yolu ilə 3 “MİZ-1221” markalı traktor, 3 “KP-5” markalı kotan, 1 taxıl- səpən , 2 rotorlu otbiçən almışdır. Bölmə 9 ayda 126,5 hektarda ot və 3351 hektarda taxıl biçmiş, torpaq mülkiyyətçilərinin əkin sahələrində 470 hektarda şum aparmışdır.
Kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasını stimullaşdırmaq və ərzaq təhlükəsizliyi proqramının icrasını sürətləndirmək məqsədilə torpaq mülkiyyətçilərinə dövlət dəstəyi bu il xeyli gücləndirilmiş, məhsul istehsalçılarına 1,6 milyon manata yaxın subsidiya verilmişdir.
Daha sonra göstərildi ki, 9 ayda əhaliyə 38 milyon 882 min 300 manatlıq istehlak malları satılmışdır. Pullu xidmətlərin həcmi isə 9 milyon 108 min manat təşkil etmişdir. Ünvanlı dövlət sosial yardımı almaq üçün Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə 477 ailə müraciət etmiş, 467 ailənin 2115 üzvünə yardım təyin olunmuşdur.
Xidmət sahələrinin, o cümlədən elektrik və qaz təsərrüfatının inkişaf etdirilməsi, əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində də müəyyən işlər görülmüşdür. Əhalinin və iqtisadiyyatın fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün müvafiq tədbirlər həyata keçirilmiş, elektrik verilişi xətlərində və digər avadanlıqlarda cari təmir-bərpa işləri davam etdirilmişdir.
Başçı məlumat verdi ki, Prezident İlham Əliyevin tapşırığına və müvafiq dövlət proqramına uyğun olaraq rayonun kəndlərində qaz xətti çəkilişi davam etdirilmişdir. Pərvanlı, Əlibəyli, Allahqulubağı, Gödəkqobu və Məmmədqasımlı kəndlərinə qaz çəkilişi tam başa çatdırılmışdır. Artıq rayonda 19 yaşayış məntəqəsinin qazlaşması (42 faiz) başa çatdırılmışdır. Hazırda Qoruqbağı, Sarıqaya, Şəftəhal, Burunlu, Məlikli, Çallı, Körpükənd, Şahhüseynli, Birinci Alıcanlı, İkinci Alıcanlı kəndlərində qaz xətti çəkilişi davam etdirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi əvvəlki illərdə 17 modul tipli sutəmizləyici qurğu, 194 bulaq tikib istifadəyə vermişdir. Hazırda rayonun 4 kəndində, o cümlədən Aşağı Seyidlər, Qaravəlli, Xanməmmədli və Çallı kəndlərində yeni modul tipli sutəmizləyici qurğuların tikintisində son tamamlama işləri aparılır.
Bu mövsümdə magistral yol kənarlarında, pay torpaqlarında və digər ərazilərdə 70 minə yaxın şam, küknar, iydə, türk qovağı və digər ağaclar əkilmişdir. Regional Meşəsalma Müəssisəsi 20 hektarda yaşıllıq salmış, 550 kiloqram toxum tədarük etmiş, 1,5 hektarda toxum səpilmişdir.
Rabitə və poçt xidmətlərinin yaxşılaşdırılması sahəsində də müəyyən işlər görülmüşdür. 9 ayda Telekommunikasiya qovşağı üzrə göstərilən xidmətdən əldə olunan tarif gəliri proqnozuna 100,3 faiz əməl edilmişdir. Zərdab poçt filialı üzrə əhaliyə göstərilən xidmətin səviyyəsi yüksəlmiş, xidmətdən əldə olunan tarif gəliri proqnozuna 114,7 faiz əməl edilmişdir.
Məruzəçi bildirdi ki, rayonda tikinti-quruculuq və abadlıq işləri də uğurla davam etdirilmişdir. Milli Təhlükəsizlik Nazirliyi Zərdab rayon şöbəsinin və Vergilər Nazirliyinin Zərdab rayonu üzrə vergi ödəyicilərinə xidmət mərkəzinin inzibati binaları istifadəyə verilmişdir. Şahhüseynli kəndində yeni həkim məntəqəsi tikilmişdir. Kənd Təsərrüfatı Nazirliyinin rayon şöbəsi üçün yeni inzibati binanın tikintisində son tamamlama işləri aparılır.
Şəhər təsərrüfatının inkişafı istiqamətində işlər də davam etdirilmiş, 20 Yanvar, Vaqif küçələrində və “32 hektar” adlan yeni yaşayış massivində 1739 metr və ya 6958 kubmetrdə asfaltlaşdırma aparılmış və bu işlərə 150,4 min manat dövlət vəsaiti xərclənmişdir. Şəhərin Ə.Mamayev, R.Məlikov, N.Hikmət, Cavadxan, İ.Şıxlı, Ə.Hüseynzadə, 20 Yanvar küçələrində və 32 hektar adlanan yeni qəsəbəyə və Təzəkənd kəndinə gədən yolda 5665 metr və ya 30370 kubmetrdə çınqıl işinə 270,1 min manat dövlət vəsaiti xərclənmişdir.
Qeyd edildi ki, sahibkarlığın inkişaf etdirilməsi tədbirləri də davam etdirilmiş, müvafiq fəaliyyət növləri ilə məşğul olmaq üçün 12 hüquqi və 149 fiziki şəxs vergi orqanlarında qeydiyyatdan keçmişdir. 9 ayda Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına rayonda 19 layihə üzrə 234,2 min manat kredit verilmişdir.
Həyata keçirilən tədbirlər nəticəsində 9 ay ərzində rayonda 190-ı daimi olmaqla, 308 yeni iş yeri yaradılmışdır.
2015-ci ilin 9 ayında təhsil, səhiyyə və mədəniyyət sahəsinin inkişafı istiqamətində də rayonda müəyyən işlər görülmüşdür. Ümumtəhsil məktəblərinin 254 məzunu ali məktəblərə sənəd vermiş, 152 nəfər tələbə adı qazanmış, 6 nəfər 600-dən yuxarı bal toplamışdır.
Toplantıda ilin sonuncu rübünü də uğurla başa vurmaq, gələn ilin dinamik inkişafını təmin etmək üçün tədbirlər müzakirə olundu, yeni hədəflər müəyyənləşdirildi.
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.