Goranboy rayonunda ilin 9 ayının yekunları müzakirə olunmuşdur

Goranboy Rayon İcra Hakimiyyətində keçirilən ümumrayon toplantısında  Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclasında dövlət başçısının nitqindən irəli gələn vəzifələr təhlil edildi, ilin əvvəlindən rayonda qazanılmış uğurlardan və həllini gözləyən məsələlərdən söhbət açıldı.

Hesabat məruzəsi ilə çıxış edən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev əvvəlcə Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyevin çıxışında səslənmiş önəmli tapşırıq və tövsiyyələr barədə məlumat verərək bildirdi ki, dünyada baş verən böhranlı hadisələrə baxmayaraq, ilin üçüncü rübündə də Azərbaycanda davam etmiş sabitlik və dinamik inkişaf Goranboy rayonunda da qarşıya qoyulmuş məqsədlərə çatmağa təminat yaratmışdır. Çıxışının davamında rayon rəhbəri ilin əvvəlindən Goranboyun sosial- iqtisadi inkişafının yekunlarını geniş şərh etdi.

Məruzəçi dedi ki, 2015-ci ilin 9 ayının sosial-iqtisadi göstəriciləri Goranboy rayonu üçün də sevindirici olmuşdur. Rayon iqtisadiyyatının əsasını aqrar bölmə təşkil edir. Həyata keçirilən tədbirlər nəticəsində bu il 56 min 584 ton taxıl istehsal edilmiş, hər hektarın məhsuldarlığı 31,4 sentner olmuşdur. Bu da ötən illə müqayisədə 7,1 sentner çoxdur. Digər sahələrdə də artım müşahidə edilmişdir.

Qeyd edildi ki, aqrar bölmədə uğurları artırmaq üçün ehtiyatlar çoxdur. Məsələn, təcrübə göstərir ki, iri taxılçılıq təsərrüfatları yaratmaqla daha çox məhsul əldə etmək olar. Bunun üçün mövcud baza var. Bu il rayon üzrə 8 min hektar sahədə buğda, 11 min 200 hektar sahədə isə arpa əkilməsi nəzərdə tutulmuşdur.  Hazırda cəmi 13 min hektarda şum aparılmış, 5 min hektarda payızlıq dənlilər səpilmişdir. Bu işlər sürətlə davam etdirilir.

Natiq vurğuladı ki, “Goranboy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 oktyabr 2014-cü il tarixli sərəncamı ilə ayrılmış vəsait hesabına rayonda abadlıq-quruculuq işləri daha da genişləndirilmişdir. İlin əvvəlindən əsaslı tikinti işləri uğurla davam etdirilmişdir. Prezident İlham Əliyevin tapşırığına əsasən, rayonda Olimpiya İdman Kompleksinin tikintisi sürətlə aparılır. Paylayıcı elektrik şəbəkəsinin inzibati binasının tikintisi başa çatmışdır.

 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy Şöbəsinin, Kənd Təsərrüfatı İdarəsinin inzibati binalarının, Rəsm Qalereyasının, Polis Şöbəsi üçün əlavə korpusun tikintisi davam edir. Müasir Ticarət Mərkəzi sakinlərin istifadəsinə verilmişdir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 12 fərdi yaşayış evinin tikintisi başa çatmışdır.

Heydər Əliyev prospektinə və V.Bayramov küçəsinə 4800 metr müasir mərmər səki daşı düzülmüşdür. Goranboy şəhər 2 saylı tam orta məktəbin yanından Maliyyə İdarəsinədək avtomobil yolunun hər iki tərəfinə 1200 metr dekorativ hasar çəkilmiş, aqlayla üzlənmiş, məhəccər quraşdırılmışdır. “Goranboy” Oteldən “Goran Qlobus”adək ikitərəfli yolun tikintisinə başlanılmışdır. Burada 7000 metr səki yan daşı düzülmüş, yolun genişləndirilməsi üçün 14 min 200 kubmetr çınqıl tökülmüşdür. Hazırda yola asfalt örtük salınır, müasir işıq dirəkləri quraşdırılır. V.Bayramov küçəsinə 800 kubmetr torpaq daşınmış,  ot örtüyü üçün toxum səpilmişdir.

Heydər Əliyev prospektində, Maliyyə İdarəsindən Olimpiya İdman Kompleksinədək olan ərazidə və Rövşən Mustafayev küçəsində 350 metr hasar bərpa edilmiş və hazırda aqlay daşı ilə üzlük vurulur. Mərkəzi Xəstəxanaya gedən yol genişləndirilmiş, 250 metr səki daşı düzülmüş, 2000 kvadratmetr asfalt örtük salınmışdır. Goranboy— Gəncə avtomobil magistralında ikitərəfli yol 150 metr artırılmış, 4 müasir işıq dayağı quraşdırılmışdır. Rəhimli kəndinədək olan ərazidə isə 40 işıqlandırma dayağı quraşdırılmış, işlər davam etdirilir. C.Cabbarlı küçəsində yolun genişləndirilməsi üçün köhnə divarlar sökülərək yenidən tikilir və aqlay daşı ilə üzlənir.

Şəhərin S.Civəzadə küçəsində 7 saylı binanın 1056 kvadratmetr dam örtüyü dəyişdirilmiş, 13 saylı binanın dam örtüyünün dəyişdirilməsi başa çatmaq üzrədir. Rövşən Mustafayev küçəsində əhalinin təhlükəsiz hərəkəti üçün 1500 metr səki salınmasına hazırlıq işləri görülür. Nəriman Nərimanov, Füzuli, Hacı Zeynalabdin Tağıyev, Xaqani, M.Ə.Rəsulzadə, H.Cavid, M.F.Axundov, İ.Süleymanov küçələrinə 30 min kvadratmetr asfalt örtük salınmışdır.

Heydər Əliyev Parkında və şəhərin digər ərazilərində 2 min 500 kvadratmetr sahəyə ot örtüyü salınmış, 29 min ağac və gül kolları əkilmiş, səkilərə 1850 kvadratmetr plitə döşənmişdir.

Hesabatda göstərildi ki, rayon mərkəzi ilə yanaşı, ayrı-ayrı yaşayış məntəqələrində də əhalini narahat edən məsələlərin həlli diqqət mərkəzində olmuşdur. Yerli icmaların fəal iştirakı, AzKİL və digər qeyri- hökumət təşkilatlarının maliyyə dəstəyi ilə son illər rayonda yeni su xətləri çəkilmiş, yol, məktəb, uşaq bağçaları təmir edilmiş, istilik sisteminin qurulması layihələri həyata keçirilmişdir.

Qazanbulaq qəsəbəsində 4,5 kilometr içməli su xətti çəkilmiş, tutumu 50 ton olan anbar tikilmişdir. Murov – Goranboy su kəmərindən Tatarlı kəndinə 6 kilometr,  Balakürd kəndinə 7,5 kilometr içməli su xətti çəkilmişdir. Nadirkəndə içməli su xəttinin çəkilişi artıq başa çatdırılmışdır.  Bu kəndlərdə 6 min nəfərədək əhali təmiz içməli su ilə təmin olunmuşdur. Əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təmin olunması üçün tədbirlər davam etdirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət müsbət cavablandırılmış, Dəliməmmədli şəhərində, Qaradağlı, Fəxralı, Şadılı və Yolqullar kəndlərində modul tipli sutəmizləyici qurğular quraşdırılacaqdır.

Nadirkənddə yeni dəyirman binası inşa edilmiş, hazırda avadanlıq quraşdırılır. Goranlı kəndində tibb məntəqəsi üçün müasir tipli yeni bina tikilmişdir. İndi isə kitabxana üçün binanın tikintisinə başlanılmışdır. Xoylu kəndində küçələrə içməli su xətti çəkilir, 31 yerdə bulaq qurulur. Səmədabad və Xəsədərli kənd qəbiristanlıqlarının ətrafına hasar çəkilmişdir. Zeyvə və Səfikürd kəndlərində də yaxın vaxtlarda məzarlığın hasarlanmasına başlanacaqdır. Tap Qaraqoyunlu kəndində uşaq bağçası üçün yeni binanın və 15 kilometr yeni suvarma arxının çəkilişinə də başlanacaqdır. 

Qaradağlı kənd tam orta məktəbində istilik sistemi quraşdırılması işləri başa çatmaq üzrədir. Xoylu kənd uşaq bağçasında da belə ststeminin yaradırılmasına, Qaradağlı kənd uşaq bağçasının həyətinin hasarlanmasına və oyun meydançasının qurulmasına yaxın vaxtlarda başlanılacaqdır. Kənd İnvestisiya Layihəsi çərçivəsində Yolpaq və Əhmədabad kəndlərində 8,5 kilometr, Boluslu və Məşədiqaralar kəndlərində isə 13,7 kilometr kənddaxili yollar yenidən qurulmuşdur.  Toplantıda qeyd edildi ki, yaşayış məntəqələrinin qazlaşdırılması işləri də davam etdirilir. Hazırda 19 məntəqədə- Xınalı, Goranlı, Əzizbəyov, Səmadabad, Xəsədərli, Qırıqlı, Gülməmmədli, Qaramusalı, Həmənli, Şıxlar, Yolpaq, Sarov, Dəyirmanlar, Azad, Baxçakürd, Yolqullar, Şadılı, Qaraçinar, Qaxtut kəndlərində, Veyisli kəndində məcburi köçkünlərin məskunlaşdığı massivdə qaz çəkilişi gedir. Bu işlər başa çatdıqdan sonra rayon üzrə qazlaşma 94 faiz təşkil edəcəkdir.

 Əhaliyə fasiləsiz elektrik enerjisi verilməsi üçün də işlər davam etdirilmişdir. Bildirildi ki, “Azərişıq” ASC yarandıqdan sonra bu sahədə ciddi işlər görülməsinə başlanmışdır. Elektrik təsərrüfatında əsaslı və cari təmir işləri aparılmışdır. Bu il rayonun elektrik təsərrüfatının 40 faizi SİP kabellə yenidən qurulmalıdır. Bu iş Goranboy və Dəliməmmədli şəhərlərini, Nadirkənd, Veyisli, Şadılı, Rəhimli və Tap Qaraqoyunlu kəndlərini əhatə edəcəkdir. İndiyədək Goranboy şəhəri ərazisində 4 kilometr məsafədə SİP kabel çəkilmiş, 200 metal dayaq, 9 yeni güc transformatoru quraşdırılmışdır. Tap Qaraqoyunlu kəndində də SİB kabelin çəkilməsi üçün hazırlıq işləri görülür.

Daha sonra göstərildi ki, son illər rayonda məktəblərin maddi bazası əsaslı şəkildə yaxşılaşmışdır.  Hazırda rayon üzrə cəmi 10 məktəbin tikintisinə, 6 məktəbin isə əsaslı təmirinə ehtiyac var. Bununla bağlı rayon rəhbərliyi Nazirlər Kabinetinə və Təhsil Nazirliyinə müraciət etmişdir. Qeyd edildi ki, məktəbə hazırlıq bağçadan başlayır. 2014-cü il fevralın 24-də Heydər Əliyev Fondunun təqdimatını keçirdiyi “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı da bu mühüm məqsədə xidmət edir. Artıq Fondun təşəbbüsü ilə rayonda 2 uşaq bağçası - Goranboy şəhərində 100, Xınalı kəndində isə 50 yerlik uşaq bağçası tikilib istifadəyə verilmişdir. Boluslu kənd uşaq bağçası əsaslı təmir edilmiş, şəhər 3 saylı uşaq bağçasında bərpa-gücləndirmə və əsaslı təmir işlərinə başlanmışdır.

Müzakirələrdə çıxış edən YAP rayon təşkilatının sədri Elçin İsmayılov, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Gündüz Hacıyev, Mərkəzi Xəstəxananın baş həkimi Rüstəm Budaqov, Sosial Müdafiə Mərkəzinin direktoru Elvin Məmmədov rəhbərlik etdikləri sahələrin uğurları və həllivacib problemləri barədə söz açdılar, nailiyyətləri artırmaq üçün təkliflərini səsləndirdilər.

Toplantıya yekun vuran Goranboy RİH-in başçısı Nizaməddin Quliyev bildirdi ki, əhali hər hansı problemlə bağlı ilk növbədə yerli icra və bələdiyyə orqanlarına, xidmət təşkilatlarına müraciət edir. Ona görə də bu qurumların rəhbərləri vətəndaş müraciətlərinə daha həssas yanaşmalıdır. İşin öhdəsindən gələ bilmədiklərinə görə Ağamalıoğlu və Əlirzalı, dövlət vəsaitinin mənimsənilməsinə şərait yaratdığına görə Nərimanlı kənd icra nümayəndələri işdən azad edilmişlər. Ölkə rəhbərinin tələbi aydındır: hər bir şəxs tutduğu vəzifənin məsuliyyətini dərk etməlidir.

Başçı yığıncaq iştirakçılarına xatırlatdı ki, artıq payız-qış mövsümü başlamışdır. Bütün idarə və müəssisələrdə lazımi hazırlıq işləri təcili başa çatdırılmalıdır. Təhsil, səhiyyə və mədəniyyət müəssisələrində bu məsələyə xüsusi diqqət yetirilməlidir. Məktəblərin odun və ya maye yanacaqla təminatı başa çatdırılmalıdır. Təzə tikilən məktəblərin qazanxanası təbii qaza qoşulmalıdır.

Rayon rəhbəri sonda dedi: “Biz bu gün ümumən və ayrı-ayrı sahələrdə görülən işləri təhlil etdik, ilin sonunadək qarşıda duran vəzifələrə nəzər saldıq. Hər bir idarə, müəssisə ilin sonunadək nəzərdə tutulan işləri bir daha götür-qoy etməli, icrasını başa çatdırmalıdır. İşimizi elə qurmalıyıq ki, 2015-ci ili də uğurla başa vuraq, ölkə Prezidentinin qarşımıza qoyduğu vəzifələri layiqincə yerinə yetirək”.

Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında