Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında dövlət başçısının nitqindən irəli gələn vəzifələr Nəsimi Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclasında ətraflı müzakirə olunmuşdur.
Rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə, mədəniyyət qurumları, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən toplantını giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Nazirlər Kabinetinin son iclasında Prezident İlham Əliyevin çıxışında səslənən önəmli mülahizələrdən söz açmış, qarşıya qoyulan vəzifələri ətraflı şərh etmişdir.
Sonra natiq ilin 9 ayında rayonun sosial- iqtisadi yekunları barədə geniş məlumat vermişdir. Bildirilmişdir ki, hesabat dövründə Nəsimi rayonu üzrə iri sənaye müəssisələrində 350255 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 21,6 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Rabitə, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr, ümumilikdə, 290219 min manatlıq xidmətlər göstərmişdir.
Tikinti kompleksində bütün maliyyə mənbələri hesabına 703200 min manat məbləğində investisiyadan istifadə edilmişdir, bu da keçən ilin müvafiq dövrünə nisbətən 12,8 faiz çox olmuşdur. İstifadə edilmiş vəsaitin 630450 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə xərclənmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 19,8 faiz çoxdur. Pərakəndə ticarət şəbəkəsində əhaliyə 47932 min manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz çox istehlak malları satılmışdır. Xidmət müəssisələri əhaliyə 401830 min manatlıq, yaxud əvvəlki ildəkindən 8,7 faiz çox pullu xidmətlər göstərmişdir.
2015- ci ilin yanvar— avqust aylarında rayon üzrə işçilərin orta sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3289 nəfər və ya 2,3 faiz artaraq 145937 nəfər, orta aylıq nominal əmək haqqının səviyyəsi isə 6,1 faiz və ya 29,9 manat artaraq 520 manat olmuşdur. 2015-ci ilin əvvəlindən yeni açılmış iş yerlərinin sayı 1887-yə çatmışdır. Onların hamısı daimidir. 2015-ci il oktyabr ayının 1-i vəziyyətinə rayonun əhalisi 217,8 min nəfər olmuşdur. Hesabat dövründə respublikamızın hər yerində olduğu kimi, Bakı şəhəri Nəsimi rayonunda da davamlı sosial-iqtisadi inkişaf, əhalinin rifah halının daha da yüksəlməsi təmin olunmuş, dinamik artım templəri üstünlük təşkil etmişdir.
Prezident İlham Əliyevin Nəsimi rayonunda aparılan abadlıq və quruculuq işləri üzrə layihələrin icrası ilə bağlı tədbirlərdə şəxsən iştirakı rayonun həyatını daha əlamətdar etmişdir. 2015-ci il avqust ayının 15-də dövlət başçısı Nəsimi rayonunun ərazisindəki Pişəvəri, Cavadxan, Hüseyn Seyidzadə küçələrində həyata keçirilən abadlıq və yenidənqurma işlərindən sonrakı vəziyyətlə, sentyabrın 10-da Texniki-Humanitar Liseydə görülən təmir və yenidənqurma işləri ilə tanış olmuşdur. Sentyabrın 12-də isə Prezident Bakı sərnişin stansiyasında Bakı—Sumqayıt sərnişin qatarı marşrutunun açılış mərasimində iştirak etmişdir.
Bu il ulu öndərin doğum günündə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva fond tərəfindən əsaslı təmir olunmuş 1 saylı “Körpələr evi”nin istifadəyə verilmə mərasimində iştirak etmişdir. 9 ayda dövlət proqramına uyğun görülən işlər çərçivəsində 1 saylı tam orta məktəb də əsaslı təmir olunmuş, qəzalı idman zalının yerində yenisi tikilib istifadəyə verilmişdir. 135, 147 və 174 saylı uşaq bağçaları da əsaslı təmir olunmuşdur.Yay tətili zamanı rayonun bütün orta məktəblərində cari təmir işləri aparılmışdır. Bu işlər təhsilin səviyyəsinin yüksəlməsinə normal şərait yaradır.
Ötən müddətdə təhsil sahəsində də uğurlar olmuşdur. Bu il 5 məzun qızıl medala layiq görülmüşdür. Orta məktəbləri 1532 nəfər bitirmiş, abituriyentlərin 957 nəfəri tələbə adını qazanmışdır.
Bildirilmişdir ki, rayonun təsərrüfat xidmətləri də bir sıra işlər həyata keçirmişdir. Mənzil Kommunal Təsərrüfatı Birliyi bir sıra binalara gedən istilik xətlərində, bir sıra binaların dam örtüyündə təmir işləri aparmış, su və kanalizasiya xətlərini dəyişdirmişdir. Mərkəzdəki bir sıra binaların fasadı təmir olunmuş, rəngləmə işləri və gündəlik olaraq ərazidə abadlıq-təmizlik işləri görülmüşdür.
Nəsimi rayonunun Elektrik Təchizatı və Satış İdarəsi, Qaz İstismar Sahəsi, Sukanal Departamenti sakinlərin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirmiş, bu istiqamətlərdə narazılığa səbəb ola bilən hallara yol verilməmişdir.
Hesabat dövründə Nəsimi Rayon İcra Hakimiyyətində bir sıra tədbirlər keçirilmişdir. Qurban bayramı ilə əlaqədar aztəminatlı ailələrə 2000 pay qurban əti verilmişdir. Son aylarda tədris ilinin yekunu, beynəlxalq ahıllar və müəllim günləri və s. ilə bağlı tədbirlərdə RİH tərəfindən 300 nəfərə qiymətli hədiyyə, yeni dərs ili ərəfəsində aztəminatlı ailələrdən olan 200 uşağa məktəbli forması təqdim olunmuşdur.
İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuş, müvafiq tədbirlər müəyyənləşdirilmişdir.
R.TAHİR, “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.