“Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirilib

Oktyabrın 14-də Milli Məclisdə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirilib.

AZƏRTAC xəbər verir ki, müzakirələr zamanı Milli Məclisin deputatları qanun layihəsi ilə bağlı fikirlərini bildirib, təkliflər səsləndirib, layihənin yüksək səviyyədə hazırlandığını söyləyiblər. Qeyd edilib ki, dövlət büdcəsi sosialyönümlüdür və reallığa əsaslanır.

Diqqətə çatdırılıb ki, bir neçə gün əvvəl Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev geniş və əhatəli nitqində 2016-cı ilin büdcəsinin necə formalaşması, vəsaitin hansı istiqamətlərə xərclənməsi, iqtisadiyyatımızın hansı sahələrinə diqqət yetirilməsi ilə bağlı bütün məsələlərə münasibətini bildirdi.

Qeyd edilib ki, 2016-cı ilin büdcə layihəsi dünyada və regionda baş verən iqtisadi və siyasi proseslər tam nəzərə alınmaqla tərtib edilib və ölkənin dünyadakı mövcud iqtisadi böhran ərəfəsində inkişafına hesablanıb. Büdcə zərfinə yalnız bir sıra xarici ölkələrlə müqayisəli təhlil fonunda daha aydın və düzgün qiymət vermək olar. Belə bir müqayisə həm də ona görə maraq doğurur ki, bəzi skeptiklərin söylədiyinin əksinə olaraq, Azərbaycan iqtisadiyyatının yalnız neft üzərində qurulmadığını və neftin qiymətinin iki dəfədən çox enməsinə baxmayaraq, ölkəmizdə ümumi daxili məhsulda və xüsusilə, prioritet xərc istiqamətlərində ciddi artıma nail olunduğunu konkret faktlarla göstərək.

Vurğulanıb ki, hökumətin iclasında Prezidentin də qeyd etdiyi kimi, orta və kiçik sahibkarlıqla bağlı məsələ ciddi məsələdir. Sosial məsələ prioritet olduğu və yürüdülən siyasətin mərkəzində insan amili dayandığı üçün atılan addımlar da ilk növbədə onun vəziyyətinə təsir etməlidir.

Müzakirələrdən sonra Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, deputatların əksəriyyəti seçki kampaniyasında iştirak etdiyindən büdcə layihəsinə dair qaldırılan məsələlər, edilən təkliflərlə bağlı əvvəlki illərdən fərqli olaraq hökumətə 10 gün yox, 6 gün vaxt veriləcək: “İnanırıq ki, hökumət oktyabrın 20-dək burada qaldırılan məsələlərə baxacaq və oktyabrın 20-də artıq büdcə layihəsinin səsverməsinə başlayacağıq”.

Sonra iclasın gündəliyində olan “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” qanun layihəsinə baxılıb.

Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli çıxış edərək bildirib ki, gələn il üçün Fondun gəlirləri 3 milyard 79 milyon manat nəzərdə tutulur. 2016-cı ildə Fondun gəlirlərinin 64 faizinin və ya 1 milyard 972 milyon 200 min manatının sosial sığorta yığımları hesabına təmin ediləcəyi proqnozlaşdırılır. Sosial sığorta haqları üzrə daxilolmaların 1 milyard 325 milyon 740 min manatı qeyri-büdcə təşkilatlarının payına düşür ki, bu da əvvəlki illərdə olduğundan 1,8 dəfə çoxdur. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin mədaxillərinin yeni iş yerlərinin yaranması xətti ilə yüksəlməsi və bu hesaba vətəndaşların pensiya təminatının daha da artırılması dövlət başçısının daim diqqət mərkəzindədir. 

Bildirilib ki, könüllü yığım və qeyri-dövlət pensiya fondlarının yaradılması vətəndaşların pensiya təminatının daha da yaxşılaşmasında mühüm rol oynayacaq. Fondun büdcəsinin 2 milyard 923 milyon 588 min manatı bilavasitə əmək pensiyalarının ödənilməsinə yönəlib. Fondun gələn il üçün mədaxil-məxaric göstəriciləri bu günün reallıqlarına tam cavab verir.

İclasda çıxış edən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bazar iqtisadiyyatının tələblərinə uyğun reallaşdırılan islahatlarla əhalinin rifahının əlaqələndirilməsi konsepsiyası uğurla icra olunmaqdadır. Bunun nəticəsidir ki, dünyada proqnozlaşdırılması çətin olan maliyyə və iqtisadi proseslərin baş verdiyi hazırkı şəraitdə ölkəmizdə bütün sosial proqramlar vaxtında reallaşdırılır, o cümlədən əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri daha da inkişaf etdirilir. Qeyd olunan siyasətin prioritet istiqamətlərindən biri kimi pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsi və sığorta-pensiya sisteminin dayanıqlı inkişafı “Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi layihəsi”nin əsas məzmununu təşkil edir. Layihədə Azərbaycan Respublikasının növbəti ilə gözlənilən əsas makroiqtisadi göstəriciləri və demoqrafik tendensiyalar nəzərə alınıb. Habelə, layihənin tərtibində ölkəmizin iqtisadi həyatı ilə pensiyaçıların sosial müdafiəsinin müasir prinsiplər əsasında əlaqələndirilməsini təmin edən sığorta-pensiya sisteminin cari ilin ötən dövründəki fəaliyyətinin əsas parametrlərinə istinad olunub.

E. Mehdiyev qeyd edib ki, cari ilin 9 ayı ərzində DSMF-nin gəlirləri 2 milyard 185,2 milyon manat təşkil edib. Sosial sığorta daxilolmaları ötən ilin müvafiq dövrünə nisbətən 5 faiz artaraq 1 milyard 305 milyon manata çatıb. Bu artım tendensiyası dövlət büdcəsindən ayrılan transfertin ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,5 milyon manat azalmasına səbəb olub. Bütün bunlar milli iqtisadiyyatın dayanıqlığı şəraitində əhalinin sosial sığortaya cəlb olunan gəlirlərinin artımını ifadə etməklə yanaşı, sığorta-pensiya sisteminin iştirakçılarının aktivliyinin yüksəldilməsinin nəticəsidir ki, ilin əvvəli ilə müqayisədə fərdi uçot sistemində qeydiyyata alınanların sayı 160 min nəfər artaraq 3 milyon 136 min nəfəri ötüb.

Diqqətə çatdırılıb ki, bu ilin 9 ayı ərzində Fondun xərcləri 2 milyard 195 milyon manat olub və bunun 98 faizi pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəlib.

Növbəti ilə Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlir və xərclərinin 3 milyard 78 milyon 600 min manat səviyyəsində proqnozlaşdırıldığını qeyd edən E.Mehdiyev deyib ki, bu da cari ilin büdcəsinə nisbətən 22 milyon 300 min manat və ya 0,7 faiz çoxdur. Əmək pensiyası üzrə xərclərin artımı 13,1 milyon manat, müavinətlər üzrə artım 8,9 milyon manat, digər xərclər üzrə artım 300 min manat proqnozlaşdırılır.

Növbəti ildə pensiya xərclərinin ölkənin ümumi daxili məhsuluna olan nisbəti 5,1 faiz nəzərdə tutulub. 2016-cı il üçün proqnozlaşdırılan digər xərclərin tərkibində pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 20 milyon manat, pensiya və sosial təminat layihəsi üzrə beynəlxalq kreditin qaytarılmasına 1milyon 300 min manat, beynəlxalq təşkilatlara üzvlük haqqının ödənilməsi xərcləri üçün 40 min manat vəsait nəzərdə tutulub.

Sonra deputatlar qanun layihəsini müzakirə ediblər.

Daha sonra “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsinə baxılıb. Bildirilib ki, layihədə 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilib. Bu qanun 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.

“Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi müzakirə edilən zaman qeyd olunub ki, qanun layihəsində ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə 2016-cı il üçün ehtiyac meyarının həddi 105 manat məbləğində təsdiq edilib. Bu qanun 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.

İclasda “Dövlət rüsumu haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə də baxılıb. Bildirilib ki, qanunun 4.1-ci maddəsi aşağıdakı redaksiyada verilir: “4.1. Bu Qanunla nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun 25 faizi həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən işçilərin maddi təminatını yaxşılaşdırmaq məqsədilə dövlət rüsumu ödənilən orqanların xüsusi hesabına köçürülür, qalan hissəsi isə tam məbləğdə dövlət büdcəsinə ödənilir”.

Sonra Milli Məclisin 2016-cı il üçün xərclər smetası haqqında qanun layihəsinə baxılıb. Milli Məclisin İşlər müdiri Firudin Hacıyev bildirib ki, parlamentin daxili nizamnaməsinin 52-ci maddəsinə əsasən, Milli Məclisin xərclər smetası növbəti ilin dövlət büdcəsinə baxılarkən təsdiq edilir. Milli Məclisin və onun Aparatının 2016-cı il üçün xərclər smetasının layihəsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq ştat cədvəlləri inzibati binaların mühəndis qurğularına xidmət göstərən təşkilatlarla bağlanmış müqavilələr və proqnozlara əsasən tərtib edilib. 2016-cı ilin dövlət büdcəsi layihəsində Milli Məclisin və onun Aparatının saxlanması üçün 22 milyon 745 min 955 manat vəsait nəzərdə tutulub ki, bu da 2015-ci illə müqayisədə 1 milyon 61 min 139 manat azdır. Xərclər smetasının ümumi dəyərinin 71.7 faizini əməkhaqqı fondu və bununla əlaqədar ayırmalar təşkil edir. 2016-cı ilin xərclər smetasında ezamiyyə xərcləri köməkçisi bölməsi üzrə 1 milyon 273 min 900 manat məbləğində vəsait ayrılması nəzərdə tutulub.

İclasda, həmçinin Hesablama Palatasının 2016-cı il üçün xərclər smetası haqqında qanun layihəsinə baxılıb. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, təklif edilən layihəyə əsasən, 2016-cı ilin dövlət büdcəsində Hesablama Palatasının saxlanılması üçün 3 milyon 825,5 min manat vəsait ayrılması nəzərdə tutulur. Bu da 2015-ci ilin proqnoz göstərici ilə müqayisədə 66,6 min manat azdır. Azalma əsasən cari əsaslı malları və xidmətləri əhatə edir. Palata üzrə xərclər smetasının ümumi məbləğinin 83,3 faizi əməyin ödənilməsinə sərf edilir. Hesablama Palatasının təqdim etdiyi xərclər smetası onun fəaliyyətini səmərəli təşkil etməyə və nəzarət tədbirlərinin keyfiyyətini yüksəltməyə imkan verəcək.   

Milli Məclisin sədri Oqtay Əsədov sonda bildirib ki, müzakirə olunan büdcə layihəsi və büdcə zərfinə daxil olan sənədlər oktyabr ayının 20-də Milli Məclisin IV çağırış payız sessiyasının son iclasında səsə qoyulacaq.

Bununla da plenar iclas başa çatıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında