Bu gün dünyada sabitlik və təhlükəsizlik məsələləri mühüm önəm daşıyır. Regionlardakı qeyri-sabitlik, xalqların və ölkələrin dinc qonşuluq şəraitində yaşamalarına göstərilən təhdidlər dövlətlərin öz potensiallarını inkişaf etdirməsini, vətəndaşların rifahını yaxşılaşdırmasını çətinləşdirir. Dünyanın bu və ya digər regionunda yaşanan gərginlikdən, müharibələrdən, siyasi-iqtisadi kataklizmlərdən insanlar əziyyət çəkirlər. Azərbaycanda isə vəziyyət göz önündədir. Müharibə şəraitində olan respublikamız dünya ölkələrinə nümunə göstərilə bilər. Çünki dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Azərbaycanda sabitlik təmin edilir. Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşayır. Azərbaycanda vətəndaş birliyi, həmrəyliyi möhkəmlənir və bütün xalq bir amal uğrunda birləşib - Azərbaycanı gücləndirmək, Azərbaycanda sabitliyi daha da möhkəmləndirmək və sosial-iqtisadi inkişafı davam etdirmək.
Əlbəttə, müstəqil siyasət aparmağımız bizə bəzi problemlər də yaradır. Çünki bu gün dünyada qütbləşmə göz qabağındadır, bu proses gedir. Böyük ölkələr öz təsir dairələrini genişləndirmək istəyirlər və görəndə ki, dünyada müstəqil, öz sözünü deyən, heç kimdən çəkinməyən, prinsipial ölkə var, əlbəttə, bu, onları qıcıqlandırır. Ancaq bu, bizi narahat etməməlidir. Bu məsələlərə, ümumiyyətlə, mən fikir vermirəm. Çünki mənim üçün əsas məsələ ölkəmizin təhlükəsizliyi, inkişafı və sabitliyidir. Ona görə Azərbaycan bundan sonra da müstəqillik yolu ilə gedəcək".
Dövlət başçısı həmçinin vurğulamışdır ki, hazırda dünyada respublikamızın inkişaf modeli haqqında geniş danışılır. Siyasi sahədə, beynəlxalq münasibətlərin tənzimlənməsində, ölkədaxili proseslərin inkişafında, multikulturalizmlə bağlı Azərbaycan təcrübəsi öyrənilir. İqtisadi inkişaf modelimiz də bu gün bir çox ölkələr üçün cəlbedicidir. Çünki biz şaxələndirmə yolu ilə gedirik. Ölkə iqtisadiyyatı artıq çoxşaxəli iqtisadiyyatdır. Qeyri-neft sektoru ümumi daxili məhsulun təxminən 70 faizini təşkil edir.
Hazırda dünyada baş verən proseslərə nəzər saldıqda aydın görünür ki, cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, aparılan düzgün islahatlar nəticəsində dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycan bütövlükdə Avratlantika coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrilir. Bu siyasət strategiyası müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatların və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müstəvisi üzərində qurulmuşdur. Konkret faktlar əsasında fikrimizi təsdiqləyə bilərik. Belə ki, möhtərəm dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətliliyinin yüksəldilməsi, real sektora, sahibkarlığa dövlət dəstəyinin artırılması, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirləri, təmin edilmiş siyasi və makroiqtisadi sabitlik bu gün Azərbaycan iqtisadiyyatının xarici təsirlərə və yuxarıda qeyd olunan risklərə dayanıqlılığını şərtləndirən başlıca amillərdir. Hələ 2008-ci il qlobal böhrandan xeyli əvvəl iqtisadiyyatın şaxələndirilməsi tədbirlərinə başlanılması bu siyasətin nə qədər doğru olduğunu hazırkı dövrdə bir daha təsdiq edir.
Nazirlər Kabinetinin sözügedən iclasında Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı demişdir: “Biz son illər ərzində aparılan islahatlar nəticəsində bu səviyyəyə qalxa bilmişik. Müstəqillik, müstəqil siyasət, milli maraqlar bizim üçün əsas vəzifədir, əsas məsələdir. Biz bundan sonra da Azərbaycanın seçimini qoruyacağıq, bütün təzyiqlərə, bəzi hallarda təxribatlara baxmayaraq, öz yolumuzdan dönməyəcəyik. Sosial-iqtisadi göstəricilərimiz də bir daha təsdiq və sübut edir ki, biz düzgün yoldayıq.
Doqquz ayda Azərbaycan iqtisadiyyatı 3,7 faiz artmışdır. Nəzərə alsaq ki, biz bunu qeyri-neft sektorunun hesabına əldə etmişik, bu, çox böyük göstəricidir. Ümumiyyətlə, bu gün bölgədə gedən proseslər, qanlı toqquşmalar, iqtisadi tənəzzül, əlbəttə ki, istər-istəməz bizim iqtisadi inkişafımıza da mənfi təsir göstərir. Ondan əlavə, ilin əvvəlindən neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi - 100 dollardan 50 dollara, ondan da aşağı səviyyəyə düşməsi, əlbəttə ki, bizim gəlirlərimizə mənfi təsir göstərmişdir. Ancaq buna baxmayaraq, aparılan islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf edir. Hesab edirəm ki, indiki şəraitdə 3,7 faiz ən gözəl göstəricidir. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft iqtisadiyyatımız 6 faizdən çox artmışdır və bu da dediyim kimi, aparılan islahatların nəticəsidir".
Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, həmçinin bildirilmişdir ki, enerji bazarındakı əlverişsiz konyunktur, region ölkələrində iqtisadi problemlər, Azərbaycanın əsas ticarət partnyorlarının milli valyutalarının ucuzlaşması, Yaxın Şərqdə gərginliyin artması, eləcə də dünya maliyyə bazarlarındakı çətinliklər orta müddətli perspektivdə əsas risklər hesab oluna bilər. Ölkəmizin bu çağırışlara hazır olması, iqtisadiyyatın mənfi təsirlərə qarşı yüksək dayanıqlıq nümayiş etdirərək davamlı inkişaf etməsi Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində yaradılmış siyasi və makroiqtisadi sabitlik, güclü iqtisadi potensial, vaxtında aparılan islahatlar, o cümlədən iqtisadiyyatın diversifikasiyası, neft amilindən asılılığın azaldılması, biznes mühitinin təkmilləşdirilməsi, sahibkarlığın inkişaf etdirilməsi sayəsində mümkün olmuşdur.
Təsadüfi deyil ki, bir neçə gün öncə dərc edilmiş Qlobal Rəqabət Qabiliyyəti hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşaraq MDB məkanında 7 ildir lider mövqeyini qorumuş, “G-20”yə üzv olan 8 ölkəni qabaqlamış, “Makroiqtisadi vəziyyət” göstəricisi üzrə 10-cu yer tutmuş, biznesin təkmilləşdirilməsi, əmtəə bazarının səmərəliliyi, daxili bazarın həcmi, infrastruktur göstəriciləri üzrə əhəmiyyətli irəliləyişlərə nail olmuşdur. Avqust ayında “Fitch” beynəlxalq reytinq agentliyi ölkəmizin reytinqini investisiya səviyyəsində bir daha təsdiq edərək proqnozu “sabit” saxlamışdır. Bu günlərdə, həmçinin Beynəlxalq Valyuta Fondu Azərbaycanın 2015-ci il üçün iqtisadi artım proqnozunu 4 faizədək yüksəltmişdir.
Hesabat dövründə ümumi daxili məhsul 3,7 faiz artmışdır. Aparılan şaxələndirmə siyasətinin nəticəsidir ki, qeyri-neft sektorunun real artım tempi 6,4 faiz olmuş, əvvəlki dövrlərdə olduğu kimi, 9 ayda da bu sektorun inkişafı hesabına ümumi iqtisadi artıma nail olunmuşdur. Ümumilikdə, qeyri-neft sektorunda yaradılan əlavə dəyər 2003-cü illə müqayisədə 8 dəfədən çox artmış, qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 68,8 faizə çatmışdır.
Sənaye 2,1 faiz, o cümlədən qeyri-neft sənayesi 10,2 faiz, kənd təsərrüfatı 6,7 faiz, informasiya və rabitə xidmətləri 8,8 faiz, pərakəndə ticarət 11,4 faiz, əhaliyə göstərilən pullu xidmətlər 6,2 faiz artmış, inflyasiya 3,7 faiz təşkil etmişdir.
İclasda xatırladılmışdır ki, əhalinin gəlirlərində artım meyilləri davam etmiş və ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz, hər nəfərə düşən gəlirlər 4,5 faiz artmışdır. Yanvar-avqust ayları ərzində orta aylıq əməkhaqqı 4,4 faiz artaraq 460 manata yüksəlmiş, 87 min yeni iş yeri açılmışdır. Bütün sosial proqramlar uğurla yerinə yetirilmişdir. Doqquz ayda dövlət büdcəsinin mədaxili 12,1 milyard manat və ya proqnozun 99,6 faizi, xərcləri isə 11,7 milyard manat və ya proqnozun 74,3 faizi səviyyəsində olmuşdur. Daxilolmaların 68,4 faizi qeyri-neft sektorunun payına düşür ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 11,6 faiz çoxdur.
Bu müddətdə iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 11,8 milyard manat əsas kapitala investisiya yönəldilmişdir. Dövlət İnvestisiya Proqramı çərçivəsində yol-nəqliyyat, enerji, qaz infrastrukturunun, sosial obyektlərin tikintisi, su və kanalizasiya təminatının yaxşılaşdırılması və digər layihələr üzrə işlər davam etdirilmişdir.
Böyük iqtisadi və siyasi potensiala malik olan Şərq-Qərb və Şimal-Cənub tranzit nəqliyyat dəhlizləri üzrə layihələrin həyata keçirilməsi bu imkanlardan daha səmərəli istifadə olunmasını, bu sahədə gəlirləri artırmaqla, iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsini təmin edəcəkdir.
Bu ilin 8 ayında ölkənin xarici ticarəti müsbət saldo ilə yekunlaşmış, qeyri-neft ixracı 8,7 faiz artmışdır. İxrac imkanlarının artırılması məqsədilə Aktau şəhərində logistik mərkəzin inşası başa çatdırılmışdır.
Sənayeləşmə siyasəti çərçivəsində müvafiq dövlət proqramına uyğun olaraq, 9 ayda müasir sənaye müəssisələrinin yaradılmasının dəstəklənməsi, sənaye parklarının və məhəllələrinin təşkili işləri davam etdirilmişdir.
Sumqayıt Kimya Sənaye Parkında birinci mərhələ üzrə infrastrukturun qurulması, demək olar ki, başa çatdırılmışdır və dörd rezident tərəfindən 1 milyard manatdan çox investisiyanın yatırılması planlaşdırılır. Artıq Parkın rezidenti “Azərtexnoline” şirkəti cari ildə dəyəri 45 milyon dollar olan 60 min ton boru məhsulunun ixracı barədə müqavilə imzalamışdır. Balaxanı Sənaye Parkında isə xarici infrastrukturun qurulması əsasən başa çatdırılmışdır və 4 rezident tərəfindən 10 milyon manatdan çox investisiyanın yatırılması nəzərdə tutulur.
Qaradağ Sənaye Parkının yaradılması istiqamətində işlər davam etdirilir və gəmiqayırma sənayesinin uzunmüddətli inkişafını təmin etmək məqsədi ilə əlavə stimullaşdırıcı tədbirlər barədə təkliflər təqdim olunmuşdur. Artıq Bakı Gəmiqayırma Zavodu tərəfindən dəyəri 40 milyon dollar olan ilk sifariş yerinə yetirilmişdir və hazırda dəyəri 404 milyon dollardan yuxarı olan sualtı tikinti gəmisinin və üç ədəd sərnişin gəmisinin tikintisi aparılır.
Hesabat dövründə tikinti materialları, metalkonstruksiyalar, elektrotexniki avadanlıqlar, tekstil və digər sənaye məhsullarının istehsalı üzrə 200-dən çox müəssisə və obyekt istifadəyə verilmiş, bir sıra əsas tikinti materialları üzrə özünütəminat səviyyəsi 100 faizə yaxınlaşmışdır.
Nazirlər Kabinetinin iclasında bütün bunlarla yanaşı, ölkənin ərzaq məhsulları ilə etibarlı təminatı istiqamətində nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirilməsindən, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində əhalinin su, qaz, elektrik enerjisi və istiliklə təchizatı, rabitə xidmətlərinin yaxşılaşdırılması, abadlıq və quruculuq, qəsəbədaxili yolların salınması işlərinin davam etdirilməsindən, sahibkarlığın inkişafının və biznes mühitinin daha da yaxşılaşdırılması yönündə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla daha mütərəqqi normativ-hüquqi baza formalaşdırılmasından ətraflı danışılmışdır. Eyni zamanda, diqqətə çatdırılmışdır ki, dərman vasitələri bazarının tənzimlənməsi barədə ölkə rəhbərinin verdiyi tapşırığa əsasən, bir sıra dövlətlərin təcrübəsi əsasında təkmilləşdirilmiş metodologiya hazırlanmış və 2200-dək, yəni dövlət qeydiyyatına alınmış dərman vasitələrinin 25 faizdən çoxunun qiyməti təsdiq edilmişdir. Vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanan qiymət tənzimlənməsi nəticəsində bu dərmanların qiyməti əvvəlki qiymətlərlə müqayisədə endirilmişdir.
Dövlət başçısı yekun nitqində demişdir: “ İlin sonuna iki ay yarım vaxt qalır. Əminəm ki, ilin sonuna qədər görüləsi bütün işlər icra olunacaq və biz 2015-ci ili yaxşı göstəricilərlə başa vuracağıq. Makroiqtisadi sabitliyin qorunması gələn il də prioritet olaraq qalacaq. Çünki bu, çox vacib sahədir. Hər bir ölkənin makroiqtisadi sabitliyi əsas şərtdir...”.
Azərbaycan Prezidenti cənab İlham Əliyev yekun nitqində maliyyə nizam-intizamının gücləndirilməsini, israfçılığa, izafi xərclərə yol verilməməsini, prioritet təşkil etməyən layihələrə vəsaitin ayrılmasının dayandırılmasını, vergi və gömrük orqanlarının şəffaf və səmərəli işləmələrini diqqətə çatdırmışdır.
Nazirlər Kabinetinin sözügedən iclasında deyilənlərdən bir daha aydın olur ki, bu ilin 9 ayı ərzində sosial-iqtisadi sahələrdə əldə edilən uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən müasirləşmə strategiyası və sosial-iqtisadi siyasətin nəticəsidir. Belə ki, reallaşdırılan islahatlar sayəsində ölkədə yüksək iqtisadi artım dinamikası formalaşmış, dayanıqlı makroiqtisadi sabitlik şəraitində həmin iqtisadi artımın sosial rifaha və yüksək həyat standartlarına sürətli transformasiyası baş vermişdir.
Göründüyü kimi, təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi siyasətin uğurla həyata keçirilməsi nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik, davamlı və dayanıqlı iqtisadi inkişaf təmin olunmuş, əlverişli biznes və investisiya mühiti yaradılmışdır. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan Respublikası sosial-iqtisadi inkişaf tempinə görə dünyada öncül yerlərdədir. Ötən dövrdə ölkə həyatının bütün sahələrində misilsiz yüksəliş baş vermişdir. Bu nailiyyətlərin təməli isə, heç şübhəsiz, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyilə uğurla reallaşdırılmasıdır.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.