“Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə edilib

Oktyabrın 7-də “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisin elm və təhsil, hüquq siyasəti və dövlət quruculuğu, regional məsələlər, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, insan hüquqları, mədəniyyət komitələrinin birgə iclasında müzakirə edilib.

İclası açan elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev 2016-cı ilin dövlət və icmal büdcə layihələrinin dünyada baş verən proseslərin mövcud və gələcək təsiri nəzərə alınmaqla tərtib edildiyini deyib. O bildirib ki, neftin qiymətinin aşağı düşməsi fonunda müxtəlif ssenarilərin tərtib olunması, eləcə də qarşıdakı üç ildə makroiqtisadi göstəricilərin proqnozlaşdırılması onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı və əhalinin həyat səviyyəsi artacaq.

İclasda maliyyə naziri Samir Şərifov çıxış edərək cari ilin makroiqtisadi göstəricilərindən, ona təsir edən amillərdən, 2016-cı ilin dövlət büdcəsinin parametrlərindən danışıb. Nazir bildirib ki, hazırda Azərbaycan iqtisadiyyatına iki xarici amil təsir edir. Bunlardan biri dünya bazarında xammalın qiymətinin kəskin enməsi, digəri isə region ölkələrinin bir çoxunda milli valyutaların kəskin ucuzlaşmasıdır. Neftin qiymətinin aşağı düşməsi təkcə neft hasil edən deyil, həm də neft istehlak edən ölkələrin iqtisadiyyatına mənfi təsir göstərir. Hesab edirik ki, qeyri-münbit iqtisadi fonda Azərbaycan iqtisadiyyatı təqdirəlayiq artımla inkişaf edib. Belə ki, 2015-ci ilin ilk 6 ayında ölkədə 26,3 milyard manat həcmində ümumi daxili məhsul istehsal olunub və iqtisadiyyatın real artımı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz təşkil edib. Bu artım əsasən qeyri-neft sektorunun hesabına baş verib. Neft sektoru son illər ərzində daha çox azalmaya doğru dinamika nümayiş etdirir. Amma Azərbaycan dünya iqtisadiyyatının tərkib hissəsidir və dünyada baş verən prosesləri nəzərə alsaq, şübhəsiz ki, onların ölkəmizə təsirləri mövcuddur. İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən bu il üçün hazırlanmış sosial-iqtisadi proqnoza da yenidən baxılıb. İlin sonuna biz ümumi daxili məhsulun artımını əvvəlki proqnoza nisbətən 1,1 faiz az gözləyirik, yəni, 3,3 faiz səviyyəsində. Neft sektoruna aid artım 0,6 faiz geriləyəcək, qeyri-neft sektoru isə 5,9 faiz artacaq. Dövlət büdcəsinin gəlirlərinin cari ilin sonuna 17 milyard 80 milyon manat məbləğində icra olunması gözlənilir. İlin sonuna xərclərin icrasını da təxminən 84 faiz səviyyəsində gözləyirik.

Nazir vurğulayıb ki, 2016-cı ilin dövlət və icmal büdcə layihələrinin tərtibi zamanı İqtisadiyyat və Sənaye Nazirliyinin hazırladığı makroiqtisadi proqnoz göstəricilərinə müvafiq olaraq ümumi daxili məhsulun 1,8 faizlik, qeyri-neft ümumi daxili məhsulun isə 3,4 faizlik artım surəti əsas götürülüb. Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləğinin azalması fonunda 2016-cı ilin dövlət büdcəsində qeyri-neft sektorundan daxilolmaların dövlət büdcəsinin gəlirlərində xüsusi çəkisi cari ilin gözlənilən icrası ilə müqayisədə 11,8 faiz çox artacaq. Dövlət büdcəsində nəzərdə tutulan bütün sosial öhdəliklər, əsas dövlət proqramları, təhsil, səhiyyə, sosial, mədəniyyət layihələrinin, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsinin maliyyə təminatı yaradılır. Pensiya təyinatı üzrə maliyyə dayanıqlığını daha da artırmaq üçün tədbirlərin görülməsi nəzərdə tutulur.

Samir Şərifov bildirib ki, gələn ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 25,2 faiz həcmində olmaqla 14 milyard 566 milyon manat, xərclər isə ümumi daxili məhsulun 28,2 faiz həcmində olmaqla 16 milyard 264 milyon manat proqnozlaşdırılıb. Dövlət büdcəsi xərclərinin 62,6 faizi və yaxud 10 milyard 188 milyon manatı cari xərclərə, 29,7 faizi və yaxud 4 milyard 826 milyon manatı əsaslı xərclərə, 7,7 faizi və yaxud 1 milyard 250 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək. Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 6 milyard 602 milyon manat, Dövlət Gömrük Komitəsinin xətti ilə 1 milyard 590 milyon manat vəsaitin daxil olacağı proqnozlaşdırılır. Son 2 ildə həyata keçirilməsinə başlanılan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin tədricən azaldılması siyasəti gələn il davam etdiriləcək. Belə ki, 2016-cı ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 6 milyard manat transfert proqnozlaşdırılır ki, bu da 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə 26,2 faiz az deməkdir. 2016-cı il dövlət büdcəsinin gəlirlərinin 6 milyard 773 milyon manatı və yaxud 46,5 faizi qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək. 2016-cı ildə sair daxilolmalar üzrə büdcəyə 69 milyon manat vəsaitin daxil olmasını gözləyirik. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən 305 milyon manat mədaxil gözlənilir.

Qeyd edilib ki, növbəti ildə dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərin xüsusi çəkisi 36,1 faiz səviyyəsində olacaq. Bütövlükdə dövlət büdcəsi xərclərinin azalması fonunda bu xərclər cari illə müqayisədə 42 milyon manat və yaxud 0,7 faiz artacaq və 5 milyard 868 milyon manat təşkil edəcək. 2016-cı il üçün sosial tədbirlərə büdcədən 5 milyard 139 milyon manat vəsait ayrılacaq. Bunlar da əsasən elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, bədən tərbiyəsi və gənclər siyasəti xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək. Bu isə cari ilin gözlənilən icrası ilə müqayisədə 211 milyon manat və yaxud 4,3 faiz çox deməkdir. Qeyri-hökumət təşkilatlarına və kütləvi informasiya vasitələrinə dövlət dəstəyi olaraq maliyyə yardımı üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulmuş səviyyədə, yəni, 10,6 milyon manat səviyyəsində vəsait proqnozlaşdırılıb. Sosial ipotekanın tətbiqinin genişləndirilməsi məqsədilə növbəti il İpoteka Fondu üçün dövlət büdcəsindən 50 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

Nazir 2016-cı il üçün icmal büdcənin əsas parametrləri barədə də danışıb. Bildirilib ki, icmal büdcənin gəlirləri 16 milyard 720 milyon manat, xərcləri isə 19 milyard 907 milyon manat səviyyəsində nəzərdə tutulur. İcmal büdcəyə daxil olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 3 milyard 79 milyon manat təşkil edəcək. Dövlət büdcəsindən Fondun büdcəsinə transfert builki səviyyədə və yaxud xərclərin 35,7 faiz həcmində olmaqla, 1 milyard 100 milyon manat təşkil edəcək. Dövlət Neft Fondunun büdcəsinin xərcləri 8 milyard 200 milyon manat səviyyəsində nəzərdə tutulur. Bu da cari illə müqayisədə 4 milyard 105 milyon manat və yaxud 33,4 faiz az deməkdir. Dövlət Neft Fondunun büdcəsindən bir sıra dövlət əhəmiyyətli investisiya layihələrinin maliyyələşdirilməsi üçün 2 milyard 200 milyon manat vəsait yönəldiləcək.

Samir Şərifov diqqətə çatdırıb ki, əvvəlki illərin büdcəsindən öz yığcamlığı, prioritetliyi və ünvanlığı ilə fərqlənən 2016-cı ilin dövlət büdcəsinin xərcləri ölkəmizin mövcud iqtisadi reallıqlarına söykənməklə Prezident İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi kursun ardıcıl surətdə davam etdirilməsinə, qarşıda duran bütün sosial proqramların və dövlət vəzifələrinin yerinə yetirilməsinə maliyyə təminatını yaradır.

İclasda çıxış edən Milli Məclisin deputatları, ombudsman Elmira Süleymanova qanun layihəsi ilə bağlı fikirlərini bildirib, təkliflər səsləndirib, layihənin yüksək səviyyədə hazırlandığını söyləyiblər.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında