Nazirlər Kabinetinin iclasında ölkəmizin sosial-iqtisadi inkişaf dinamikası yüksək dəyərləndirildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında sadalanan statistik rəqəmlər bir daha göstərdi ki, ölkəmiz dinamik inkişaf yolundadır. Sosial-iqtisadi sahələrdə mühüm uğurlar əldə edilir. Dövlət başçısı bununla bağlı çıxışında demişdir: "Doqquz ayda Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edibdir. Nəzərə alsaq ki, bütün dünya üçün böhranlı il kimi tarixdə qalan 2009-cu ildə iqtisadiyyatımız 9 faizdən çox artmışdır, bugünkü iqtisadi inkişaf çox qiymətlidir. Bu il iqtisadiyyatımız 4,1 faiz, qeyri-neft sektoru 5,2 faiz, sənaye istehsalı 3,1 faiz artmışdır. Hesab edirəm ki, bu göstəricilər müsbət göstəricilər kimi qəbul edilməlidir. Nəzərə alsaq ki, son illər Azərbaycanda çox sürətli iqtisadi inkişaf müşahidə olunurdu, əlbəttə, bu yüksək bazanın üstündə əlavə inkişafa nail olmaq üçün böyük səylər göstərilməli idi. Azərbaycanda iqtisadi sahədə aparılan düşünülmüş siyasət bizə bu göstəricilərə nail olmaq üçün şərait yaratdı".
Dövlət başçımız çıxışında iqtisadi inkişafın əhalinin sosial durumunun daha da yaxşılaşmasına müsbət təsir göstərdiyini vurğulamışdır. Ölkə Prezidenti bildirmişdir ki, bu il əhalinin pul gəlirləri 11 faiz artmışdır. Əgər bu rəqəmi inflyasiya ilə müqayisə etsək, görərik ki, əhalinin gəlirləri inflyasiyanı 2 dəfədən çox üstələyir. Bu il və xüsusilə keçən rübdə minimum əməkhaqqı və minimum pensiyanın səviyyəsi 75 manatdan 85 manata çatdırılmışdır. Bu meyillər Azərbaycanda keçən illərdə də müşahidə olunurdu, gələcək illərdə də əhalinin pul gəlirlərinin artırılması üçün dövlət tərəfindən bütün addımlar atılacaqdır...
İclasda həmçinin bildirilmişdir ki, 2010-cu ilin ötən doqquz ayı ölkə iqtisadiyyatının heç şübhəsiz ki, növbəti uğurlu inkişaf mərhələsi kimi qeyd olunmalıdır. Ümummilli liderimiz Heydər Əliyevin ideyaları əsasında müəyyənləşdirilmiş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən inamla həyata keçirilən sosial-iqtisadi kurs əvvəlki illərə xas olan ardıcıllıqla ölkə iqtisadiyyatının davamlı artımını təmin etməklə Azərbaycan xalqının maddi rifahının durmadan yaxşılaşmasını şərtləndirmişdir. Bu, özünü ölkənin cari ilin doqquz ayı üzrə makroiqtisadi göstəricilərində aydın şəkildə büruzə vermişdir. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə hesabat dövründə ümumi daxili məhsul 4,1 faiz artaraq 29,3 milyard manata, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 6,6 faiz artaraq 319 manata, əhalinin adambaşına düşən gəlirləri 10 faiz artaraq 2 min 16 manata, adambaşına düşən ümumi daxili məhsul isə 2,8 faiz artaraq 3 min 286 manata çatmışdır. Vergi və digər icbari ödənişlər çıxıldıqdan sonra əhalinin sərəncamında qalan vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz çox olmuş, başqa sözlə əhalinin pul gəlirlərinin artım sürəti mövcud inflyasiyanı iki dəfə üstələmişdir. Əhalinin maliyyə imkanlarının göstəricisi sayılan əhaliyə təqdim olunan pullu xidmətlərin həcmi artaraq ötən ilin müvafiq dövrünün göstəricisini 10,5 faiz üstələmiş, pərakəndə əmtəə dövriyyəsi 8,5 faiz, əhalinin banklardakı əmanətləri isə 34,4 faiz artmışdır.
Cari ilin doqquz ayı ərzində Azərbaycan Respublikası 140 ölkə ilə xarici ticarət dövriyyəsini həyata keçirmişdir ki, bunun həcmi 20,2 milyard dollar, o cümlədən idxalın həcmi 4,5 milyard, ixracın həcmi isə 15,7 milyard ABŞ dolları təşkil etmişdir. Yəni bu dövr ərzində xarici ticarət saldosu müsbət 11,2 milyard ABŞ dolları olmuşdur.
İclasda qeyd olunmuşdur ki, 2008-2009-cu illərdə dünyanın üzləşdiyi qlobal maliyyə-iqtisadi böhran və onun yaratdığı tənəzzül başa çatsa da, onun təsirləri hələ ki, bu gün də bir çox ölkələrdə hiss olunmaqdadır. Böhranın ağır nəticələrini aradan qaldırmaq üçün bir sıra ölkələr, o cümlədən də inkişaf etmiş dövlətlər büdcə xərclərinin, əmək haqlarının, sosial müavinətlər və digər ödənişlərin ixtisarını həyata keçirmək məcburiyyəti ilə üzləşirlər. Bəzi ölkələrdə hətta kütləvi surətdə iş yerlərinin bağlanması və əhalinin sosial müdafiəsinə ünvanlanmış mühüm layihələrin icrasının dayandırılması, pensiya yaşının kəskin surətdə artırılması kimi tədbirlər də müşahidə olunur.
Azərbaycanda isə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, ölkədə yoxsulluq səviyyəsinin azaldılması, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların, ilk növbədə qaçqınların və məcburi köçkünlərin sosial və həyat şəraitinin yaxşılaşdırılması üzrə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində 2010-cu ildə ölkə əhalisinin rifahının yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti əhəmiyyətli addımlar atılmışdır. Belə ki, cari ilin sentyabr-oktyabr aylarında Azərbaycan Respublikası Prezidentinin imzaladığı silsilə sərəncamlarla 1,3 milyon nəfərdən artıq pensiyaçının baza pensiyalarının 13 faizlik artımı həyata keçirilmiş, dövlət büdcəsindən maliyyələşən 800 min nəfərə yaxın təhsil, elm, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi müəssisələrində çalışanların, habelə hərbi qulluqçuların və xüsusi rütbəli əməkdaşların, dövlət qulluqçusu olmayan mülki şəxslərin aylıq vəzifə maaşları 10 faiz artırılmışdır. 394 min aztəminatlı şəxsə dövlət tərəfindən ödənilən sosial müavinətlərin məbləği orta hesabla 20 faiz, məcburi köçkünlərə yemək xərci üçün verilən müavinətin məbləği 11 faiz artırılmışdır. 14 minə yaxın şəhid ailəsi üçün müəyyən edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinə 50 faiz, 87 min nəfərdən artıq doktorant, ali, orta ixtisas və peşə məktəbləri və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin məbləğinə orta hesabla 15 faizlik artım tətbiq edilmişdir. Artımların tətbiqi təxminən 3 milyon nəfərin güzəranının daha da yaxşılaşmasına imkan verəcəkdir.
İclasda sahibkarlara maliyyə dəstəyinin artırılması, onların güzəştli kreditlərə çıxış imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərə də toxunulmuş, bildirilmişdir ki, bu məqsədə Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 1016 sahibkarlıq subyektinə 81 milyon manat məbləğində güzəştli kreditlər verilmişdir. Ayrılmış vəsaitin 62 milyon manatı və ya 76,1 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalını stimullaşdıran infrastruktur layihələrinə, 16 milyon manatı və ya 20,4 faizi sənaye məhsullarının istehsalı və emalı layihələrinə, 3 milyon manatı və ya 3,5 faizi turizm infrastrukturunun inkişafı layihələrinə yönəldilmişdir. Bütövlükdə fond tərəfindən ayrılmış kreditlərin 44 milyon manatı və ya 54 faizi dövlət büdcəsində Sahibkarlığa Kömək Milli Fondu üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilmişdir.
Cari ilin doqquz ayında dövlət büdcəsindən "Aqrolizinq" Səhmdar Cəmiyyətinə 38,4 milyon manat, o cümlədən Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayrılmışdır. Bu dövrdə "Naxçıvan Aqrolizinq" Şirkətinə 4,5 milyon manat, o cümlədən Prezidentin Ehtiyat Fondundan 2 milyon manat vəsait yönəldilmiş, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərə güzəştli kreditlərin verilməsi üçün Dövlət Kənd Kreditləri üzrə Agentliyə 10 milyon manat vəsait isə tam maliyyələşdirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrası da daim nəzarətdə saxlanılır. Hazırda ölkə regionlarında 211, o cümlədən 80 sənaye, 57 kənd təsərrüfatı, 63 xidmət müəssisəsinin tikintisi davam etdirilir.
İclasda həmçinin göstərilmişdir ki, ümummilli lider Heydər Əliyevin milli neft strategiyasının uğurla həyata keçirilməsi Azərbaycan dövlətinin enerji təhlükəsizliyi sahəsində güclü və müstəqil bir tərəfdaşa çevrilməsini təmin etmişdir. Ulu öndərin neft strategiyasının ayrılmaz hissəsi olan Azərbaycan Respublikası Dövlət Neft Fondu yaradılarkən 271 milyon ABŞ dollarına bərabər aktivlərinin həcmi ildən-ilə artaraq, 2008-ci ildə ilk dəfə olaraq 10 milyard ABŞ dollarını, 2010-cu ilin 9 ayının yekunlarına görə isə artıq 20 milyard ABŞ dollarını keçmişdir. Son üç il ərzində Neft Fondunun aktivləri təxminən 10 dəfə artmışdır. Xam neftin cari qiymətləri ilə və fondun xərclərinin cari il səviyyəsində saxlanması şərti ilə növbəti 5 il ərzində Neft Fondunun aktivlərinin 50 milyard ABŞ dollarına qədər artması proqnozlaşdırıla bilər.
Neft strategiyasının reallaşmasının ilkin mərhələsində və neft hasilatının aşağı olduğu bir vaxtda Dövlət Neft Fondunun yaradılması ulu öndər Heydər Əliyev tərəfindən atılmış uzaqgörən və strateji bir addım idi. Neft ilə zəngin olan ölkələrdə Neft Fondu və yaxud bu kimi qurumların təsis edilməsi bu dövlətlərdə neft sərvətlərinin nəsillər arasında bərabər bölgüsünə, onların səmərəli, məqsədyönlü və şəffaf şəkildə idarə edilməsinə şərait yaradır. Dövlət Neft Fondunun qarşısında qoyulan əsas məqsədlərdən biri neft gəlirlərinin səmərəli idarə edilməsindən əlavə gəlirlərin əldə edilməsidir. Cari ilin oktyabr ayının 1-nə olan məlumata əsasən, fondun yaradılmasından bu günə kimi Neft Fondunun idarəetmədən toplam gəlirləri ilk dəfə olaraq 1 milyard ABŞ dollarını keçmişdir. Bu qazanılmış ilk 1 milyard, təbii resurslardan əldə edilmiş və toplanılmış vəsaitlərin artıq kifayət qədər əhəmiyyətli, müstəqil və ən vacibi daimi gəlir mənbəyinə çevriləcəyinə əminlik yaradır.
İclasda vurğulanmışdır ki, 2001-2010-cu illər ərzində fonddan ümumilikdə 2,3 milyard manat vəsait ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli problemlərin həllinə və strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşa və rekonstruksiya edilməsi üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilmişdir. Eyni zamanda, fondun 14 milyard manat vəsaiti dövlət büdcəsinə transfert edilmişdir ki, bu vəsait hesabına dövlət investisiya proqramları həyata keçirilir.
Neft Fondunun vəsaitinin artması Azərbaycanın maliyyə potensialının və bütünlüklə ölkənin iqtisadi qüdrətinin artması deməkdir. Bu vəsaitlərin həm bugünkü nəsillər üçün istifadə olunması, həm də gələcək nəsillər üçün qorunub saxlanması iqtisadi siyasətin əsas prinsipidir. Bununla əlaqədar əminliklə demək olar ki, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində dövlətimizin iqtisadi qüdrəti bundan sonra daha da artacaq, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edəcək və xalqımızın maddi rifah halı ildən-ilə yaxşılaşacaqdır.
İclasda elektroenergetika sahəsində görülən işlərə də toxunulmuşdur. Bildirilmişdir ki, son illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında elektrik enerjisi sistemində bir sıra vacib və əhəmiyyətli layihələr həyata keçirilmişdir. Belə ki, 2006-cı ilə qədər Azərbaycan ildə 1,2-1,5 milyard kilovat-saat elektrik enerjisi idxal etmək məcburiyyətində idi. Bu problemi aradan qaldırmaq və ölkəni elektrik enerjisi ilə tam şəkildə təmin etmək üçün dövlət başçısının tapşırığına əsasən qısa bir müddətdə respublikanın müxtəlif bölgələrində - Astara, Şəki, Xaçmaz, Bakı, Səngəçal, Naxçıvan, Qubada yeni elektrik stansiyaları istismara verildi. Bununla da ölkənin elektrik enerjisi idxalından asılılığı aradan qaldırıldı. Eyni zamanda bölgələrdə qeyri-neft sahəsinin, sənaye və infrastruktur layihələrinin həyata keçirilməsinə imkan yaradıldı. Beləliklə, həyata keçirilən layihələr nəticəsində generasiya gücləri qısa müddət ərzində 1500 MVt artmışdır. Bununla da 2007-ci ilə qədər elektrik enerjisi və təbii qaz idxal edən Azərbaycan təbii qaz və elektrik enerjisini ixrac edən ölkəyə çevrilmişdir. Hətta blokada şəraitində olan Naxçıvan Muxtar Respublikası qonşu ölkələrə elektrik enerjisi ixrac edir...
İclasda dövlət başçımız İlham Əliyev sosial-iqtisadi həyatın ayrı-ayrı sahələri ilə bağlı fikir və mülahizələrini bildirmiş, qarşıda duran vəzifələrlə əlaqədar aidiyyatı qurumlara konkret tapşırıqlarını vermişdir.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.