SOCAR-AQŞ-də “Neftçilər Günü” silsilə tədbirlərlə qeyd edilib

Ölkə neftçilərinin peşə bayramı və “Əsrin müqaviləsi”nin imzalanmasının 21-ci ildönümü münasibətilə SOCAR-AQŞ-də silsilə tədbirlər keçirilib. Müəssisənin əməkdaşları Azərbaycanın milli neft-qaz strategiyasının banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək ulu öndərin əziz xatirəsinə sonsuz ehtiramlarını bildiriblər. 

Şirkətin “Neftçilər Günü” münasibətilə “Bakı Nobel İrsi Fondu”nda  keçirdiyi tədbirdə isə müəssisənin inkişafında  göstərdikləri xüsusi xidmətlərinə görə bir qrup əməkdaş Fəxri fərmanla təltif olunub, onlara xatirə hədiyyələri təqdim edilib.

Bununla yanaşı, SOCAR-AQŞ-nin rəhbərliyi neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan Bakı Ali Neft Məktəbinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sonuncu kurs tələbələri Eltun Sadıqov və Azad Xankişiyevə müəssisənin 2015-2016-cı tədris ili üçün nəzərdə tutulan tələbə təqaüdünün verilməsi ilə bağlı qərar qəbul edib.

Xatırladaq ki, tədrisdə yüksək nailiyyət, nümunəvi davranış göstərən hər iki tələbə müəssisə tərəfindən təşkil olunmuş müsabiqəni uğurla keçərək SOCAR-AQŞ təqaüdünün qalibi olmaq şansı qazanıb. Bu münasibətlə keçirilən tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatları, təhsil və sənaye müəssisələrinin rəhbərləri, eləcə də  beynəlxalq neft-qaz şirkətlərinin məsul əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, SOCAR-AQŞ fəaliyyətə başladığı gündən gənc milli kadrların hazırlanması məsələsinə xüsusi həssaslıqla yanaşır. Gələcəyin iki nəfər qazma mühəndisinə tələbə təqaüdünün verilməsi qərarını hər bir yerli müəssisə üçün örnək kimi səciyyələndirən rektor belə təşəbbüslərin gəncləri həvəsləndirdiyini, onları daha məsuliyyətli olmağa sövq etdiyini, ən əsası isə işlə təmin olunmaq ehtimalını xeyli asanlaşdırdığını diqqətə çatdırıb. 

Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı isə yerli müəssisələrin inkişafını yüksək qiymətləndirərək  SOCAR-AQŞ-nin uğurlu fəaliyyətini əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli neft strategiyasının məntiqi nəticəsi kimi dəyərləndirib. Müəssisənin milli qazma sənayesinə yüksək töhfələr verdiyini diqqətə çatdıran natiq bildirib ki, tələbələr üçün ayrılan bu təqaüd onların bilik və bacarıqlarının artırılması və gələcəkdə peşəkar kadr kimi yetişmələri üçün SOCAR-AQŞ-nin atdığı addım kimi çox təqdirəlayiqdir.

Sonda çıxış edən SOCAR-AQŞ-nin baş direktoru Ramin İsayev müəssisənin fəaliyyət göstərdiyi ötən dövrdə Azərbaycan qazma sənayesinin inkişafına önəmli töhfələr verdiyini bildirib. Qeyd olunub ki, milli qazma müəssisələri sırasında yeniliklərə imza atan, yeni texnika və texnologiyaların uğurlu tətbiqi ilə daim öndə olmağı özünün prioriteti hesab edən SOCAR-AQŞ uğurlarını məhz peşəkar və təşəbbüskar kadr potensialının hesabına reallaşdırır. Məhz buna görə də müəssisə rəhbərliyi kadrların inkişafını daim diqqətdə saxlayır, onların bilik və bacarıqlarının artırılması üçün səylərini gücləndirir və eyni zamanda, müəssisənin inkişafında göstərdikləri xüsusi xidmətlərini hər zaman qiymətləndirir.

Bayram tədbirləri çərçivəsində, həmçinin müəssisənin əməkdaşları üçün Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gətirilən “Hədəf Bakıdır” sənədli filminin təqdimatı keçirilib. Tədbirdə İkinci dünya müharibəsində qazanılmış tarixi qələbədə xüsusi pay sahibi olan Azərbaycan neftçilərinin əzmkarlığının və misilsiz şücaətinin nəsillərin xatirəsində daim yaşayacağı vurğulanıb.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında