Azərbaycanın neft sənayesinin, ölkənin qaz təsərrüfatının bugünkü uğurlu inkişafında inşaatçılar da böyük pay sahibidirlər. Son illər ölkədə neft və qaz hasilatının artırılması üçün yaradılan və hər cür imkanlara cavab verən ən müasir infrastruktur obyektləri məhz bu fədakar insanların gərgin əməyinin nəticəsidir.
Dövlət Neft Şirkəti “Neftqaztikinti” Trestinin ayrı-ayrı əmək kollektivləri kimi 2 saylı tikinti quraşdırma bölümünün inşaatçıları da ölkənin neft-qaz sənayesinin inkişafına mühüm töhfələr verirlər. Təsadüfi deyil ki, son illər uğurlu fəaliyyəti, dövlət sifarişlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi sahəsindəki misilsiz nailiyyətləri ilə seçilən bu tikinti təşkilatına həmişə yüksək etimad göstərilir. Dənizdə və quruda bir sıra vacib tikinti-quraşdırma işlərinin, neft-qaz sənayesi üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən layihələrin icrası məhz bu kollektivə həvalə olunur. Bu etimadı layiqincə doğruldan, adı həmişə qabaqcıllar sırasında çəkilən 2 saylı tikinti-quraşdırma bölümünün kollektivi “Əsrin müqaviləsi”nin imzalanmasının 21-ci ildönümünü və “Neftçilər Günü”nü də yüksək nailiyyətlərlə, əsl bayram ovqatı ilə qeyd edirlər.
Qaz təsərrüfatının infrastruktur imkanlarının genişləndirilməsi məqsədilə nəzərdə tutulmuş tədbirlərin reallaşdırılmasında mühüm rol oynayan 2 saylı tikinti-quraşdırma bölümünün kollektivi magistral qaz kəmərlərinin, qaz anbarlarının, kompressor stansiyalarının və digər obyektlərin tikintisi ilə bağlı dövlət sifarişlərini vaxtında və keyfiyyətlə yerinə yetirmək üçün bütün imkanları səfərbər ediblər. Bununla yanaşı, SOCAR-ın dənizdə və quruda layihələndirilən sualtı və yeraltı boru kəmərlərinin çəkilişini həyata keçirən bu tikinti təşkilatı dənizdə— “Günəşli”, “Neft Daşları”, “Bulla-dəniz” və “Ümid” yataqlarında özülüstü qovşaq işlərini də uğurla yerinə yetirir. Bu baxımdan 2015-ci ilin ötən dövrünü kollektiv üçün uğurlu hesab etmək olar. Belə ki, cari ilin səkkiz ayında ölkənin neft-qaz sənayesində, sözün əsl mənasında, xariqələr yaradan inşaatçılar bir sıra dövlət əhəmiyyətli obyektlərin tikintisini müvəffəqiyyətlə davam etdirərək tapşırılan işləri vaxtında və yüksək keyfiyyətlə yerinə yetirməyə müvəffəq olublar. Əvvəlki dövrlərdə olduğu kimi, cari ilin səkkiz ayında da ölkənin qaz təsərrüfatının infrastruktur imkanlarının genişləndirilməsi istiqamətində mühüm işlər görən inşaatçılar əhalinin və iqtisadiyyatın “mavi yanacağa” olan tələbatının ödənilməsini təmin etmək məqsədilə qəbul edilmiş xüsusi proqramın icrasına mühüm töhfələr veriblər. Məhz bunun nəticəsidir ki, ölkənin qaz təsərrüfatının yaxın illər üçün əsas prioritetlərini müəyyənləşdirən həmin proqram çərçivəsində nəzərdə tutulmuş mühüm tədbirlərin xeyli hissəsi artıq reallığa çevrilib.
Hazırda Dövlət Neft Şirkəti tərəfindən ölkə regionlarının qazlaşdırılmasını nəzərdə tutan tədbirlərin reallaşdırılması sahəsində işlər sürətlə davam etdirilir. Bu baxımdan “Qazıməmməd-Qazax magistral qaz kəmərinin yenidən qurulması” layihəsini xüsusi qeyd etmək olar. Xatırladaq ki, sözügedən kəmərin 210 kilometrlik hissəsinin 1020 millimetrlik borularla dəyişdirilib yenidən qurulması işləri “Neftqaztikinti” Tresti tərəfindən məhz 2 saylı tikinti-quraşdırma bölümünə həvalə olunub. Onu da qeyd edək ki, bu, adıçəkilən tikinti təşkilatının hazırda quruda həyata keçirdiyi ən iri layihədir. Layihənin məqsədi isə magistral qaz kəməri vasitəsilə Şirvan düzünün yamaclarından başlayaraq Böyük Qafqaz sıra dağlarının cənub yamaclarına qədər yerləşən ərazilərə (Hacıqabul, Kürdəmir, Ağsu, Göyçay, Agdaş və Yevlax rayonları) qazın itkisiz və fasiləsiz ötürülməsini təmin etməkdən ibarətdir. Sözügedən layihənin icrasına isə 2013-cü ilin noyabr ayında start verilib. Boruların qaynaq olunmasında “Neftqaztikinti” Tresti tərəfindən alınmış müasir avtomat və yarımavtomat qaynaq aparatlarından istifadə edilir. Bu da iş vaxtına qənaət olunmasına, layihənin icrasının sürətləndirilməsinə və qaynaq işlərinin keyfiyyətlə aparılmasına imkan yaradır. Ötən müddətdə bu sahədə xeyli iş görən inşaatçılar kəmərin 114-138 kilometrarası (1-ci kompleks) və 138-148 kilometrarası (2-ci kompleks) hissələrində işləri uğurla başa çatdıraraq ümumi uzunluğu 34 kilometr olan boru xəttini istismara təhvil verib. Hazırda isə 3-cü kompleks üzrə (170-210 kilometrarası) işlər davam etdirilir. Artıq bu hissədə 28 kilometr uzunluğunda boru xəttinin çəkilişi başa çatdırılıb. Sözügedən obyektin isə ilin sonunadək təhvil verilməsi nəzərdə tutulub. Cari ilin ötən dövründə inşaatçılar Astara-Qazıməmməd magistral qaz kəmərləri sahəsinin Kür çayı keçidinin qurulması layihəsi üzrə işləri də uğurla tamamlayaraq sifarişçiyə təhvil veriblər. Layihə çərçivəsində 720 millimetrlik borularla 1,3 kilometr qaz xətti çəkilib. Bundan əlavə, kollektiv Astara-Qazıməmməd qaz kəmərindən Şirvan İstilik Elektrik Stansiyası üçün 5,4 kilometrlik yeni alternativ qaz kəmərinin çəkilişini də artıq yekunlaşdırıb. Obyekt bu ayın sonunda sifarişçiyə təhvil veriləcək.
“Bakı-2015” I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar quraşdırılan “Xəzər” məşəli də kollektivin reallaşdırdığı maraqlı layihələrdəndir. Xatırladaq ki, obyektin vacibliyini nəzərə alan inşaatçılar Oyunların başlanmasına qədər ən qısa müddətə —2 ay ərzində Suleyman Vəzirov borudüzən gəmisi ilə “Qum adası” ərazisindən Dənizkənarı bulvaradək 168 millimetrlik borularla 12 kilometr sualtı kəməri çəkərək məşəlin quraşdırılmasına nail olublar. Bununla yanaşı, 2 saylı bölümün kollektivi SOCAR-ın “Neft Kəmərləri” idarəsinin sifarişi ilə mart ayında “Suraxanı-Böyük Şor arası və Dübəndi- Böyük Şor arası neft kəmərlərinin təmiri” işlərinə başlayıb. Artıq hər üç istiqamət üzrə 10,8 kilometrlik boru xəttinin çəkilişi başa çatdırılıb. Obyektin sentyabr ayının sonuna təhvil verilməsi nəzərdə tutulub.
2 saylı tikinti-quraşdırma idarəsinin kollektivi ilin ötən dövründə iri layihələrin icrası ilə yanaşı, bir sıra obyektlərin təmiri ilə bağlı sifarişləri də vaxtında və keyfiyyətlə yerinə yetirməyə nail olub. Hazırda inşaatçılar “Günəşli” yatağındakı 3 və 11 saylı dərin dəniz özüllərində kompleks əsaslı təmir işləri yerinə yetirirlər. Bu ilin ötən dövründə kollektivin gücü ilə 185 ton metal konstruksiya sökülüb, 310 ton metal konstruksiya hazırlanaraq quraşdırılıb. Xatırladaq ki, 3 saylı dərin dəniz özülünün kompleks əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq. 11 saylı özülünün kompleks əsaslı təmirinin isə 2016-cı ilin iyul ayında tamamlanması nəzərdə tutulub.
2 saylı tikinti-quraşdırma bölümünn rəisi Elxan Salmanov dedi:— Son illər Dövlət Neft Şirkətinin, eləcə də “Neftqaztikinti”Trestinin rəhbərlikləri tərəfindən kollektivimizə yüksək etimad göstərilir, bir sıra iri layihələrin icrası bizə həvalə olunur. Bu etimadı doğrultmaq isə idarəmizin bütün işçilərindən xüsusi məsuliyyət tələb edir. Bundan əlavə, həyata keçirdiyimiz tikinti-quraşdırma işlərinə rəhbərlik tərəfindən göstərilən diqqət, eləcə də dövlət qayğısı kollektivin məsuliyyətini birə beş artırır. Yeri gəlmişkən, onu da deyim ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurları və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə davam edən sürətli inkişaf və tərəqqi bizi yeni-yeni nailiyyətlərə ruhlandırır...
Səhifəni hazırladı:
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.