Ölkə neft sənayesinin qocaman neftçıxarma müəssisələrindən olan “Abşeronneft” Neft və Qazçıxarma İdarəsində də bayram əhval-ruhiyyəsi olduqca yüksəkdir. Xatırladaq ki, idarə ötən əsrin əvvəllərində “Pirallahı” yatağının quru hissəsində ilk quyunun istismara verilməsi ilə yaradılmışdır. 1935-ci ildə isə adıçəkilən yatağın dəniz hissəsində dəmir konstruksiyalar üzərindən qazılmış 157 saylı quyudan neftin çıxarılması ilə idarənin istismar etdiyi sahələr Xəzərin mavi sularına doğru genişlənməyə başlanmışdır. Yeri gəlmişkən, bu həm də dünya üzrə açıq dənizdə qazılmış ilk hasilat quyusu olmuşdur. Hazırda isə “Abşeronneft” NQÇİ “Qərbi Abşeron”, “Abşeron”, “Darvin bankəsi”, “Pirallahı” və “Gürgan” yataqlarının istismarını həyata keçirir.
İki cəbhədə—dənizdə və quruda neft çıxaran bu çətin və şərəfli peşə sahibləri “Neftçilər Gününü və ”Əsrin müqaviləsi"nin imzalanmasının 21-ci ildönümünü yüksək nailiyyətlərlə, uğurlu iqtisadi göstəricilərlə qeyd edirlər. Belə ki, 2015-ci ilin yanvar-avqust aylarında idarə üzrə 201 min 890 ton əvəzinə 217 min 26 ton neft hasil edilərək proqnoz tapşırığı 107,5 faiz yerinə yetirilmişdir. Burada neft hasilatı əvvəlki ilin müvafiq dövrünə nisbətən 34 min 737 ton və ya 19,1 faiz artıq olmuşdur. Müqayisə üçün qeyd edək ki, ötən ilin səkkiz ayı ərzində idarə üzrə orta gündəlik neft hasilatı 750 ton təşkil etdiyi halda, cari ilin eyni dövründə bu göstərici 893 ton olmuşdur. Bundan əlavə, neftçilər ilin əvvəlindən 214 min 402 ton “qara qızıl” təhvil verərək plana 107,6 faiz əməl etmişlər ki, bu da 2014-cü ilin müvafiq dövründəkindən 34 min 596 ton (19,2 faiz) çoxdur.
İdarənin qaz hasilatı və təhvili üzrə əldə etdiyi göstəricilər də uğurludur. Belə ki, yanvar-avqust ayları ərzində Pirallahı neftçiləri 29 milyon 460 min kubmetr əvəzinə 31 milyon 776 min kubmetr “mavi yanacaq” hasil edərək proqnoz tapşırığını 107,9 faiz yerinə yetirmişlər.
Hazırda “Abşeronneft” NQÇİ-nin ümumi istismar fonduna 546 quyu daxildir. Həmin quyulardan 507-si işlək fonda aiddir ki, bu da ümumi istismar fondunun 92,9 faizini təşkil edir. Ümumi fonda daxil olan 7 qaz quyusundan 2-dən hazırda “mavi yanacaq” istehsal olunur ki, onlar da məhsuldarlığı ilə seçilir. “Abşeronneft” NQÇİ-nin istismar etdiyi yataqlar ehtiyatlarla zəngin olduğundan son illər burada qazma işləri də xeyli intensivləşmişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2015-ci ilin səkkiz ayında qazmadan istismara 22 əvəzinə 25 quyu daxil edilmişdir. Bu da əvvəlcədən nəzərdə tutulmuş 12 min 620 ton əvəzinə 14 min 133 ton əlavə neft hasilatına imkan yaratmışdır. Yeri gəlmişkən, Azərbaycanın quru sahələrindən 165 ilə yaxındır ki, neft çıxarılır. Bununla belə, quruda balans neft ehtiyatları hələ çoxdur. “Abşeronneft” NQÇİ-nin balansında olan qurudakı mədənlər də bu baxımdan istisnalıq təşkil etmir. İdarənin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən “Pirallahı adası” quru yatağında qazılan 1178 nömrəli quyu da bunu təsdiqləyir. Geoloqların hesablamalarına əsasən, layihə dərinliyi 590 metr olan quyudan sutkada 4-5 ton neft hasil etmək mümkün olacaq.
Neft hasilatının artırılması üçün bütün imkanları səfərbər edən “Abşeronneft” Neft və Qazçıxarma İdarəsində hesab edirlər ki, əldə olunmuş uğurların başlıca səbəbi ölkənin neft sənayesinə, neftçilərə göstərilən dövlət qayğısının məntiqi nəticəsidir. Məhz bütün bunlardan ruhlanan, gün-güzəranlarının getdikcə yaxşılaşmasını hiss edən neftçilər dövlət qayğısına əməli işlə cavab verirlər. Elə idarənin rəisi Şahmar Hüseynov da söhbət əsnasında bu məsələni önə çəkərək dedi: – Son illər Dövlət Neft Şirkəti və “Azneft” İstehsalat Birliyi rəhbərliklərinin diqqət və qayğısından ruhlanan neftçilərimiz bütün bunlara əməli işlə cavab verməyə çalışırlar. Neftçilərimiz bir sadə həqiqəti də dərk edirlər ki, ölkəmizin iqtisadi qüdrətinin ilbəil artması, xalqımızın rifah halının anbaan yaxşılaşması həm də onların fədakar əməyindən çox asılıdır. Onu da qeyd etmək istəyirəm ki, qayğı və diqqət sayəsində idarəmizdə texniki-təşkilati tədbirlərin sayı getdikcə artırılır. Neft və qaz hasilatı üzrə proqnoz tapşırıqlarının artıqlaması ilə yerinə yetirilməsinin əsas səbəblərindən biri isə, heç şübhəsiz, istismar fonduna daxil olan quyuların hər birinin imkanlarının diqqətlə öyrənilməsi, işlək fondun təzələnməsi üçün məqsədyönlü tədbirlərin vaxtlı-vaxtında həyata keçirilməsi ilə bağlıdır. Müəyyən səbəblər üzündən istismarı dayandırılmış quyulardan isə daha məhsuldar hesab olunanların bərpa edilərək yenidən işlək fonda qaytarılması üçün lazımi tədbirlər görürük. Cari ilin səkkiz ayında fəaliyyətsiz fondda olan 29 quyu təmir edilərək yenidən istismara daxil edilmişdir ki, bu da nəzərdə tutulduğundan 12 quyu çoxdur. Həmin quyulardan isə 2180 ton əvəzinə 8690 ton əlavə neft alınmışdır. Bu istiqamətdə səylərimizi getdikcə artırırıq.
İdarə üzrə neft və qaz hasilatının sabit saxlanılması məqsədilə geoloji-texniki tədbirlərin, eləcə də cari və əsaslı təmir işlərinin vaxtlı-vaxtında aparılmasına da diqqəti getdikcə artırırıq. Bu ilin səkkiz ayı ərzində 63 əvəzinə 85 quyuda geoloji tədbirlər həyata keçirmişik ki, bunun da hesabına 8270 ton əlavə neft çıxarılmışdır. Bundan əlavə, hesabat dövründə həyata keçirilmiş texniki tədbirlər də yüksək iqtisadi səmərə ilə müşayiət olunmuşdur. Belə ki, idarə üzrə həyta keçirilmiş 792 texniki tədbir hesabına 4110 tondan çox neft çıxarılmışdır. İdarənin istismar etdiyi yataqlar üzrə işlək quyuların sabit və ahəngdar rejimdə işləməsini təmin etmək məqsədilə təmir briqadalarımız da yüksək əzmkarlıq nümayiş etdirmişlər. Belə ki, hesabat dövründə onların səyi ilə quyularda 1957 yeraltı və 151 əsaslı təmir işləri aparılmışdır...
“Abşeronneft” Neft və Qazçıxarma İdarəsində hasilatın artırılması, tapşırıqların keyfiyyətlə və qəzasız yerinə yetrilməsi üçün əməyin mühafizəsi işləri də müsbət nəticələr verib. Bu ilin ötən dövründə idarənin struktur bölmələrində işçilərin əmək şəraitinin yaxşılaşdırılması, istehsalatda baş verə biləcək qəza və yanğınların, bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması məqsədilə əvvəlcədən hazırlanmış tədbirlər planı əsasında mühüm işlər görülüb. Həmişə olduğu kimi, əməkçilərin iş şəraitinin yaxşılaşdırılmasına, maddi-mənəvi ehtiyaclarına, bütövlükdə sosial problemlərinin həllinə xüsusi diqqət yetirilib. Yeri gəlmişkən, hazırda idarə üzrə 792 nəfər vaxt metodu ilə dəniz stasionar platformalarında işləyir. Bu məqsədlə daxili imkanlar hesabına lazımi işlər görülüb, dəniz özüllərindəki yaşayış evcikləri məişət avadanlıqları ilə təchiz edilib. Bundan əlavə, iki mədəd məişət evciyi alınaraq 1140 və 162 nömrəli dərin dəniz özüllərində yerləşdirilib. “Qərbi Abşeron” yatağında tikilməkdə olan 20 saylı stasionar dəniz özülündəki yaşayış bloku üçün 2 mühəndis və 14 fəhlə evciyi alınıb, lazımi avadanlıqlarla təchiz edilmiş yeməkxana neftçilərin istifadəsinə verilib. Eyni zamanda, əməkçilərin istirahəti və maddi ehtiyaclarının ödənilməsinə də xüsusi diqqət göstərilib.
İdarədə ekologiya və abadlıq işlərinə də xüsusi diqqət yetirilib. Sahələrdə yeni inzibati binalar tikilib, köhnələri əsaslı təmir edilib, əlavə tullantılardan, mazutlardan təmizlənmiş mədən ərazilərində müxtəlif növ ağac və bəzək kolları əkilib. Bir sözlə, Pirallahı neftçiləri şanlı ənənələrinə daim sadiq qalaraq neft və qaz hasilatının artırılması üçün səylərini getdikcə artırırlar.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.