Bu gün ölkə neftçilərinin peşə bayramıdır

Dəniz neftçilərinin bayram əhval-ruhiyyəsi yüksəkdir

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Azərbaycanda neftçilər bütün dövrlərdə böyük hörmətə malik adamlar olmuşlar,
bu gün də belədir. Neftçi peşəsi çox şərəfli peşədir və neftçilər həmişə dövlət
tərəfindən yüksək qiymətləndirilir və bundan sonra da belə olacaqdır. Çox vacibdir ki,
neftçilərin məişət şəraiti, iş şəraiti, sosial vəziyyəti daim diqqət mərkəzində olsun.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 


 

Azərbaycanın yeni neft strategiyasının müəllifi, xalqımızın ümummilli lideri Heydər Əliyevin “Neftçilər Günü” peşə bayramının təsis edilməsi haqqında 2001-ci il avqust ayının 16-da imzaladığı tarixi fərman, ötən illər ərzində neft sənayesindəki fədakar əməklərinə görə fərqlənənlərin  orden, medal və fəxri adlarla təltif olunması bu şərəfli peşə sahiblərinə göstərilən dövlət qayğısının parlaq təzahürüdür. Artıq ölkə neftçiləri peşə bayramlarını on beşinci dəfədir ki, qeyd edirlər. Hazırda əsl ümumxalq bayramına çevrilmiş “Neftçilər Günü”  ölkəmizdə neftçi peşəsinə hörmət və ehtiramı bir qədər də artırmışdır. Əslində isə gecəni gündüzə qatıb yorulmaq bilmədən çalışan bu qəhrəman insanlar hər cür ehtirama layiqdirlər. Elə yüksək dövlət qayğısına əməli işlə cavab verən şərəfli peşə sahibləri də, əvvəlki illərdə olduğu kimi, builki bayramı da uğurlu nəticələrlə, yüksək iqtisadi göstəricilərlə qarşılayırlar.

“Azneft” İstehsalat Birliyinin qabaqcıl neftçıxarma müəssisələrindən sayılan “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin kollektivi hər il olduğu kimi, bu dəfə də “Neftçilər Günü” peşə bayramıın xoş ovqatla, yüksək texniki-iqtisadi göstəricilərlə qeyd edirlər. 2015-ci ilin yanvar-ayqust aylarında neftçilər 629 min 408 ton “qara qızıl” hasil etmişlər ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 3528 ton çoxdur. Bundan əlavə, “möcüzələr adası”nın sakinləri neftin təhvili planına da artıqlaması ilə əməl etməyə müvəffəq olmuşlar. Belə ki, cari ilin səkkiz ayında idarə üzrə 623 min 559 tondan artıq “qara qızıl” təhvil verilmişdir. Bu isə 2014-cü ilin eyni dövrü ilə müqayisədə  müqayisədə 3434 ton artıqdır. 

“Neft Daşları” NQÇİ-nin kollektivi qaz hasilatı üzrə də qənaətbəxş nəticəyə imza atmışdır. Belə ki, yanvar-avqust aylarında idarə üzrə 44 milyon 280 min kubmetr qaz hasil olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünün göstərici ilə eynidir. Bununla yanaşı, hesabat dövründə neftçilər əmtəəlik qaz satışı planına da artıqlaması ilə əməl etmişlər.

Məlumat üçün bildiririk ki, “Neft Daşları” yatağının istismara daxil edilməsindən 66 ilə yaxın vaxt ötür.  Azərbaycanın dəniz yataqları sırasında öz zənginliyi ilə seçilən bu yataqda çıxarılması mümkün olan ehtiyatlar hələ çoxdur. Məhz buna görədir ki, ölkə Prezidenti İlham Əliyev “Neft Daşları” NQÇİ üzrə illik hasilatın 1,2 milyon tona çatdırılmasını neftçilərin qarşısında mühüm vəzifə kimi qoymuşdur. Elə qəhrəman neftçilər də çətin dəniz şəraitinə baxmayaraq, dövlət başçısının qarşıya qoyduğu vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Hazırda idarənin  istismar fondunda 471 quyu vardır. Həmin quyulardan 447-si işlək quyulardır. İstismar quyularının 392-si qazlift, 47-si fontan, 8-i isə dərinlik nasosu üsulu ilə istismar olunur. Bundan əlavə, hazırda idarənin balansında 23 fəaliyyətsiz quyu mövcuddur. Son illər fəaliyyətsiz quyuların da yenidən işlək fonda qaytarılması sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Təkcə onu qeyd etmək kifayətdir ki, cari ilin yanvar-avqust aylarında fəaliyyətsiz fonddan 15 quyu yenidən istismara daxil edilmişdir ki, bu da əvvəlki ilin səkkiz ayına nisbətən 6 quyu çoxdur. Yeri gəlmişkən, bu tədbir həm də yüksək iqtisadi səmərə ilə müşayiət olunmuşdur. Belə ki, fəaliyyətsiz fonddan istismara qaytarılan həmin quyulardan 7622 ton əlavə neft alınmışdır. Hazırda daha bir quyu isə mənimsəmədədir. Bundan əlavə, “Neft Daşları” NQÇİ üzrə hasilatın artırılması üçün qazma işlərinə də xüsusi diqqət yetirilir. Cari ilin səkkiz ayında qazmadan 11 quyu alınmışdır. Həmin quyulardan 19 min 987 ton neft hasil olunması isə “Neft Daşları” yatağının ehtiyatlarla zənginliyini bir daha təsdiqləyir.

İstismar quyularında hasilatın sabit saxlanması məqsədilə geoloji və texniki tədbirlərə diqqət getdikcə artırılır. Yanvar-avqust aylarında idarə üzrə 73 geoloji tədbir həyata keçirilmiş, nəticədə  40 min 378 ton əlavə neft hasil olunmuşdur. Bu da həyata keçirilmiş geoloji tədbirlərin yüksək iqtisadi səmərə ilə müşayiət olunmasını sübut edir. Ötən səkkiz ayda quyularda 330 texniki tədbir həyata keçirilmişdir ki, bunun da hesabına 8428 ton neft çıxarılmışdır. İdarənin istismar etdiyi yataqlarda quyuların sabit rejimdə işləməsini təmin etmək məqsədilə əsaslı və yeraltı təmirlərə də xüsusi diqqət yetirilir. 2015-ci ilin yanvar-avqust aylarında quyularda aparılmış 169 əsaslı təmir işi hesabına yüksək səmərə əldə edilmiş, 57 min 547 ton  əlavə neft hasil olunmuşdur. Bununla yanaşı, ötən səkkiz ayda quyularda 418 yeraltı təmir işi həyata keçirilmişdir.

Hazırda Dövlət Neft Şirkəti üzrə yeni texnika və texnologiyaların istehsalata tətbiqinə xüsusi diqqət yetirilir. Bu da neft və qaz hasilatında yüksək iqtisadi səmərənin əldə olunmasına səbəb olur. Bu baxımdan dünya üzrə ilk dəfə olaraq açıq dənizdə neftçıxarmaya başlanılmış “Neft Daşları” NQÇİ-də də mühüm işlər görülür. Təkcə onu qeyd etmək kifayətdir ki, cari  ilin səkkiz ayında idarə üzrə bu istiqamətdə həyata keçirilmiş 69 tədbir hesabına 8299 ton əlavə neft alınmışdır. Bundan əlavə, qaz-kompressor stansiyasında qaz xətlərinə korroziyaya qarşı reagentin vurulması davam etdirilmiş, qazmadan alınmış 3 quyuda məftilli süzgəc, 8 quyuda isə müxtəlif tipli nasoslarla istismar üsulu tətbiq edilmişdir.

“Möcüzələr adası”nda ətraf mühitin mühafizəsinə də diqqət getdikcə artırılır. 2015-ci ilin ötən dövründə 328 min 347 kubmetr lay suyu utilizasiya olunmuş, 58 min 948 kubmetr dəniz suyu isə buradakı əks-osmos qurğularında şirinləşdirilərək fasiləsiz olaraq yataqxana korpuslarına verilmişdir. Bununla yanaşı, gündəlik 1140 min kubmetr səmt qazı kompressorlar vasitəsilə tutularaq sistemə qaytarılmış, 96 min kubmetr məişət çirkab suyu “Biomass” tipli qurğu vasitəsilə təmizlənmiş, ərazidəki bərk məişət  tullantıları zərərsizləşdirilmişdir.

Çətin dəniz şəraitində yüksək fədakarlıq nümunəsi göstərərək gecə-gündüz yorulmadan çalışan neftçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqmətində lazımi tədbirlər həyata keçirilmiş, yataqxana korpuslarında cari təmir işləri aparılmış, işçilər fərdi mühafizə vasitələri ilə təmin edilmişlər. Bundan əlavə, SOCAR-ın əsasnaməsinə uyğun olaraq işçilərə maddi yarım göstərilmişdir.

İdarənin rəisi Qoçalı Mahmudov  dedi: - Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının əsasını qoymuş “Əsrin müqaviləsi” uzun illərdir ki, ölkəmizin iqtisadi qüdrətinin artırılmasına, xalqımızın rifah halının getdikcə yaxşılaşdırılmasına xidmət edir. Təsadüfi deyil ki, ulu öndər həmin tarixi müqavilənin imzalandığı həmin günü ölkəmizdə “Neftçilər Günü” kimi qeyd olunması ilə bağlı sərəncam imzalamışdır. Hazırda ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan neft strategiyası biz neftçilərin üzərinə mühüm vəzifələr qoyur. Ölkəmizdə neft sənayasinə, neftçilərə göstərilən dövlət qayğısının ilbəil güçləndirilməsi neft və qaz hasilatının artırılması kimi çətin və şərəfli vəzifənin öhdəsindən gəlməyə imkan yaradır. Yeri gəlmişkən, Dövlət Neft Şirkəti, eləcə də “Azneft” İstehsalat Birliyi rəhbərliklərinin neftçilərin sosial qayğıları ilə maraqlanmaları, onların əmək şəraitlərinin daha da yaxşılaşdırılması üçün həyata keçirdikləri tədbirlər kollektivimizi yeni-yeni nailiyyətlərə ruhlandırır. 20 Sentyabr-"Neftçilər Günü"nü və “Əsrin müqaviləsi”nin imzalanmasının 21-ci ildöünümünü yüksək nailiyyətlərlə  qeyd edən neftçilərimiz 2015-ci ili də uğurlu göstəricilərlə başa vurmaq əzmindədirlər...


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında