Müstəqil dövlətçiliyimizin memarı, ulu öndər Heydər Əliyevin siyasi iradəsinin, müdrik uzaqgörənliyinin nəticəsi olan yeni enerji strategiyasının tarixi əhəmiyyəti zaman keçdikcə daha aydın görünür. Ölkəmizin iqtisadi qüdrətinin, beynəlxalq nüfuzunun, xalqımızın rifahının qarantı olan bu qalibiyyətli konsepsiya Azərbaycanın dinamik inkişafı ilə paralel irəliləyərək bir-birindən parlaq zəfərlərə yol açır, neft sənayemiz daha yüksək zirvələr fəth edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Bu gün artıq keçmişə baxaraq qürur hissi ilə deyə bilərik ki, Azərbaycan enerji sahəsində qarşıda duran bütün vəzifələri ləyaqətlə, vaxtında icra etmişdir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, ”Şahdəniz" qaz, “Azəri-Çıraq-Günəşli” neft yataqlarının işlənilməsi - bu layihələrin hər biri özlüyündə nəhəng enerji layihəsidir".
Xalqımızın işıqlı sabahı naminə davamlı inkişaf və tərəqqi konsepsiyasına çevrilmiş bu strateji kursun tarixi artıq üçüncü onilliyinə qədəm qoymuşdur. 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın aparıcı neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi”— “Xəzər dənizinin Azərbaycan sektorunda ”Azəri", “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" saziş zəngin təbii sərvətlərimizdən xalqın rifahı üçün daha səmərəli istifadə olunması prinsipi üzərində qurulmuş və əsrlərdən bəri qədim neft diyarı kimi tanınan ölkəmizin şanlı ənənələrinə əsaslanmışdır. Məlum olduğu kimi, neftin, qazın kəşfiyyatı, hasilatı, emalı və nəqli sahələrində bir sıra mütərəqqi yeniliklər ilk dəfə məhz Azərbaycanda tətbiq olunmuş, neftçilərimizin fədakar əməyi sayəsində təkmilləşdirilərək dünya praktikasında yayılmışdır. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hələ ötən əsrin 70-80-ci illərində neft sənayesinin yenidən qurulması istiqamətində inamlı addımlar atılmış, Azərbaycanın bu sahədə ənənəvi lider mövqeyi qorunub saxlanılmışdır. Dövlət müstəqilliyimizin ilk illərində, xarici təcavüzlə, daxili siyasi-iqtisadi böhranla üzbəüz qaldığımız dövrdə ölkənin xilası naminə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev dərin zəkası, müdrik siyasəti, zəngin idarəçilik təcrübəsi ilə qısa bir zamanda sabitlik yaratmağa müvəffəq oldu və ölkənin davamlı inkişaf yoluna qədəm qoyması, xalqın rifahının yüksəlməsi üçün neft sənayemiz yenə təməl daşı rolunu oynadı. Ölkə iqtisadiyyatının gücləndirilməsi, Xəzərin dərinsulu hissələrində kəşf edilmiş yataqlarda istismara başlanılması, nüfuzlu xarici neft şirkətləri ilə milli maraqlara söykənən səmərəli əməkdaşlıq qurulması, müasir texnologiyaların, yeni nəsil avadanlıqların tətbiq edilməsi xətti götürüldü. Beləliklə, XX əsrin ən möhtəşəm qlobal enerji layihələrindən birinə start verildi. Təkcə Azərbaycan üçün deyil, Qərb dövlətləri, habelə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün strateji əhəmiyyət daşıyan bu layihə həm də ümumdünya neft sənayesi tarixində yeni bir mərhələnin başlanğıcı idi.
Ulu öndər Heydər Əliyevin Azərbaycanın sürətli inkişafına yönəlmiş hərtərəfli, müdrik siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan artıq bütün dünyada etibarlı tərəfdaş, qlobal enerji təhlükəsizliyi sistemində əvəzolunmaz yeri olan bir ölkə kimi tanınır. Dünya iqtisadiyyatına sürətlə inteqrasiya olunan Azərbaycan bu gün də Xəzərin enerji daşıyıcılarının beynəlxalq bazarlara nəql edilməsi istiqamətində möhtəşəm layihələr həyata keçirir. Xəzər hövzəsi ölkələri ilə Qərbin transmilli korporasiyaları arasında əməkdaşlığın başlanğıcını qoymuş “Əsrin müqaviləsi” çərçivəsində 20-dən artıq beynəlxalq enerji şirkəti neft-qaz əməliyyatlarına cəlb olunmuşdur. Bundan əlavə, SOCAR və onun törəmə şirkətləri 15 ölkədən 27 şirkətlə imzalanmış hasilatın pay bölgüsü sazişlərinin iştirakçısıdır. Hazırda 36 birgə müəssisəmiz, 5 alyansımız, xarici ölkələrdə çoxsaylı törəmə şirkətlərimiz və 13 nümayəndəliyimiz müasir neft və qaz sənayesinin, demək olar ki, bütün sahələrini əhatə edir. Ölkə iqtisadiyyatının, sənayenin, xüsusilə də neft-qaz sektorunun şaxələndirilməsi, beynəlxalq standartlara uyğun yenidən qurulması, innovativ texnologiyalarla təchiz olunması, yeni idarəçilik metodlarının mənimsənilməsi üçün geniş imkanlar yaranmışdır. 1994-2015-ci illərdə imzalanmış hasilatın pay bölgüsü sazişləri üzrə ölkəmizin neft-qaz sektoruna ümumilikdə təqribən 62 milyard dollardan artıq sərmayə qoyulmuşdur. Xarici neft şirkətləri ilə birlikdə axtarış-kəşfiyyat, qazma, tikinti və hasilat üzrə böyük işlər görülmüş və uğurlu nəticələr alınmışdır. Nəhəng “Şahdəniz” qaz-kondensat yatağı, orta səviyyəli “Əşrəfi” və “Qarabağ” yataqları, son illərdə isə “Abşeron” və “Ümid” yataqları aşkar edilmişdir.
“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda ilk neftin alındığı 1997-ci ildən bəri aparılan genişmiqyaslı tədbirlər ölkə üzrə neft hasilatının sürətli inkişafına güclü təkan vermişdir. Son illər blokda hasilatın yüksəldilməsi məqsədilə tədbirlər proqramı hazırlanmış, layihənin gələcək inkişaf strategiyası müəyyənləşdirilmişdir. “Əsrin müqaviləsi” çərçivəsində maksimum hasilatın uzunmüddətli dövr üçün saxlanılması məqsədinə xidmət edən “Çıraq” neft layihəsi üzrə hasil olunan neftin ötən ildən sistemə daxil olması uğurlu nəticələrdən biridir. Hazırda “Qərbi Çıraq” platformasında 8 quyu fəaliyyət göstərir, sutkada təxminən 14,5 min tondan artıq neft və 2,6 milyon kubmetr qaz hasil edilir. Bu layihə AÇG-də layların neft verimini maksimuma çatdırmağa imkan yaradacaqdır.
Xarici tərəfdaşlarla, ilk növbədə, bp ilə əməkdaşlığımız uğurla davam edir. Ötən ilin sonlarında bp ilə Xəzər dənizinin Azərbaycan sektorunda, Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturların geoloji-kəşfiyyatı və işlənilməsi haqqında saziş imzalandı. Sazişin əhatə sahəsi Abşeron yarımadasının cənub hissəsinə doğru Xəzər hövzəsinin hüdudları boyunca uzanır. Bu sahəyə suyun dərinliyi 40 metrədək, potensial məhsuldar layın (kollektorun) dərinliyi 3000-5000 metr olan ərazilər daxildir. bp, eyni zamanda, “Şəfəq” və “Asiman” yataqlarının daxil olduğu dəniz blokunda da seysmik tədqiqatlar aparır. Ötən il respublika üzrə neft hasilatı 42 milyon ton təşkil etmişdir ki, bunun da 8,3 milyon tonu SOCAR tərəfindən istehsal olunmuşdur. İstismarın intensivləşdirilməsi, yeni quyuların qazılması ilə birlikdə köhnə quyularda təmir-bərpa işlərinin aparılması istiqamətində də mühüm işlər görülmüşdür. Avqustun 1-nə olan məlumata əsasən, “Azneft” İstehsalat Birliyinə daxil olan NQÇİ-lərdə həyata keçirilmiş 3672 geoloji və texniki tədbir nəticəsində 198 min tona yaxın əlavə neft hasil edilmişdir. 2015-ci ilin 8 ayında SOCAR üzrə 75770 metr qazma işi görülmüş və 47 quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilmişdir. “Ümid”, “Günəşli”, “Çilov”, “Neft Daşları”, “Darvin bankası”, “Bulla-dəniz”, “Qərbi Abşeron”, habelə quruda yerləşən “Qaradağ”, “Pirallahı”, “Səadan”, “Zarat”, “Eldaroyuğu” yataqlarında qazma işləri uğurla davam etdirilir. Qazma prosesində yeni texnologiyalardan istifadə edilməsi də günün tələbidir. Artıq köhnəlmiş qurğuların yeniləşdirilməsi işinə başlanılmışdır. 8 ədəd müasir qazma qurğusunun müəssisələrin istifadəsinə verilməsi axtarış-kəşfiyyat qazma işləri zamanı keyfiyyətin yüksəlməsinə səbəb olmuşdur və bu proses davam etdiriləcəkdir.
Xəzər akvatoriyasında neft-qaz əməliyyatlarının genişlənməsi yeni nəsil üzən qazma qurğularının tikilməsini zərurətə çevirmişdir. Bu məqsədlə dənizin 1000 metrədək dərinliklərində 10 min metr qazma gücünə malik müasir tələblərə cavab verən 6-cı nəsil üzən qazma qurğusu inşa edilir. Dənizin 800 metr dərinliyinə kimi əlavə dəstək olmadan işləyə biləcək bu qurğu “Kaspian Drillinq Kompani MMC” və Sinqapurun “Keppel FELS” şirkətlərinin yaratdığı birgə müəssisə tərəfindən Bakıda tikilir. Layihənin əhəmiyyəti nəzərə alınaraq onun maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə birlikdə aparılır. Yeni qurğu Xəzərin ekologiyasının çirklənmə ehtimalına qarşı dünya standartlarına uyğun bütün qabaqlayıcı avadanlıqlarla təmin ediləcəkdir. Plana əsasən, qurğunun inşası gələn ilin sonlarında başa çatdırılmalıdır. Bununla da “Abşeron” və “Ümid” yataqlarında qazma işləri intensivləşdiriləcək, “Babək”, “Qarabağ”, “Əşrəfi” və digər strukturlarda kəşfiyyat axtarışına başlanılacaqdır.
Bütün dünyada təbii qaza tələbatın artdığı müasir dövrdə qaz hasilatının yüksəldilməsi SOCAR-ın qarşısındakı əsas vəzifələrdən biridir. Neft ölkəsi kimi hələ qədim zamanlardan məşhur olan Azərbaycan “Şahdəniz” yatağının uğurla işlənilməsi nəticəsində qısa müddətdə dünya bazarında həm də alternativ təbii qaz mənbəyi kimi tanınmışdır. Dəniz akvatoriyalarındakı ən iri yataqlardan sayılan “Şahdəniz”in ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilir. İndiyədək yataqdan işlənmənin 1-ci mərhələsi çərçivəsində 64,1 milyard kubmetr qaz, 16,3 milyon ton kondensat hasil olunub. Ötən il 9,8 milyard kubmetrdən artıq qaz və 2,3 milyon ton kondensat çıxarılıb. İstismar dövrünün başlanğıcından 2015-ci il sentyabrın 1-dək yerli və xarici bazarlara 63,5 milyard kubmetr qaz və 16,3 milyon ton kondensat nəql olunub. Hazırda yataqda orta gündəlik hasilat 29 milyon kubmetr qaz və 6,9 min ton kondensat həcmindədir. İstismarda olan “Şahdəniz-1" mərhələsinin hasilat gücü ildə 9 milyard kubmetr təbii qaz təşkil edir. İşlənmənin 2-ci mərhələsi, ”Faza-2" çərçivəsində isə yataqda illik hasilatı minimum 16 milyard kubmetrə çatdırmaq üçün müvafiq tədbirlər görüləcək. Belə ki, “Şahdəniz-2" layihəsi çərçivəsində iki yeni platforma inşa ediləcək, 26 quyu qazılacaq, sualtı avadanlıqlar quraşdırılacaq, Səngəçal terminalı genişləndiriləcək, eyni zamanda, 500 kilometrlik sualtı boru kəmərləri çəkiləcək. Hazırda layihə üçün 23 ölkədən 162 avadanlıq təchizatçısı cəlb olunub, mühəndislik, tikinti və təchizat üzrə müqavilələr imzalanıb. İstismar quyularından 8-nin qazması tamamlanıb.
Yaxın və orta perspektivdə qaz hasilatının artırılması məqsədilə SOCAR xarici tərəfdaşları ilə birlikdə digər yataq və sahələrdə də məqsədyönlü işlərini davam etdirir. Xəzərin Azərbaycan sektorunda nəhəng qaz-kondensat mənbələrindən olan “Abşeron” yatağında Fransanın “Total” şirkəti ilə birlikdə uğurla çalışırıq. Yatağın ehtiyatları 350 milyard kubmetr qaz, 45 milyon ton kondensat həcmində qiymətləndirilir. Bundan əlavə, işlənmənin sonrakı mərhələsi üçün ciddi kəşfiyyat potensialı mövcuddur. Proqnoza əsasən, 2019-cu ildə yataqda ilk kommersiya qazma işlərinə, 2021-ci ilin sonunda isə ilk qaz hasilatına başlamaq mümkün olacaq. “Ümid” yatağı “Şahdəniz”dən sonra Xəzərin milli sektorunda kəşf edilən ilk yeni qaz yatağıdır. Hesablamalar göstərir ki, bu yatağın karbohidrogen ehtiyatları 200 milyard kubmetr qaz, 40 milyon ton kondensat həcmindədir. Hazırda yataqda iki istismar quyusu işləyir, daha bir quyunun qazması davam edir. Aparılmış geoloji tədqiqatlar “Ümid” qaz yatağının yaxınlığında ehtiyatları ondan təxminən iki dəfə çox olan “Babək” yatağının da olduğunu göstərir. Məhz buna görə də SOCAR bu yataqların birlikdə işlənilməsini daha əlverişli hesab edib. Hazırda blokun ümumi geoloji quruluşu haqqında daha ətraflı məlumat toplayaraq bu istiqamətdə işləri davam etdiririk.
Qaz hasilatının artırılmasında SOCAR-ın müstəqil surətdə işlədiyi yataqlarda aparılan tədbirlər də mühüm rol oynamışdır. Dövlət başçısı İlham Əliyevin göstərişinə əsasən, bir neçə il əvvəl şirkətimiz bu istiqamətdə genişmiqyaslı kompleks tədbirlər proqramı hazırlamışdır və həmin proqram bu gün də həyata keçirilir. Görülən işlər nəticəsində bu yataqlarda məhsuldarlıq yüksəlmişdir. 2014-cü ildə ölkə üzrə hasil olunan qazın ümumi həcmində (29,6 milyard kubmetr) SOCAR-ın payı artaraq 7,2 milyard kubmetrə çatmışdır. Ölkənin təbii qaza ehtiyacı tam ödənilmiş, blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının “mavi yanacaq”la təmin edilməsi məqsədilə İran İslam Respublikasına uzunmüddətli mübadilə (swap) müqaviləsi çərçivəsində ötən il 398,5 milyon kubmetr, bu ilin 8 ayında isə 177,8 milyon kubmetr qaz nəql edilmişdir.
Ölkədə hasil olunan neftin və qazın dünya bazarlarına çıxarılması məqsədilə şaxələndirilmiş boru kəmərləri sisteminin yaradılması və müvəffəqiyyətlə istismar olunması Azərbaycan neft sənayesinin şəksiz üstünlüklərindəndir. Hazırda karbohidrogen ehtiyatları ölkəmizdən müxtəlif marşrutlar üzrə 7 neft və qaz ixrac kəməri vasitəsilə nəql edilir. Bakı-Novorossiysk, Bakı-Supsa neft kəmərləri ilə birlikdə Avrasiya regionunda mövcud olan analoji mühəndis qurğuları arasında unikallığı ilə seçilən Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri artıq neçə ildir ki, qlobal enerji təhlükəsizliyinin əsas elementlərindən biri kimi uğurla istismar edilir. İstifadəyə veriləndən indiyə qədər bu kəmər vasitəsi ilə təxminən 283 milyon ton Azərbaycan nefti nəql olunmuşdur. Zaman keçdikcə kəmərin əhəmiyyəti daha da artır. BTC beynəlxalq dairələrdə Türkmənistan və Qazaxıstanda hasil olunan neft həcmlərini də dünya bazarlarına nəql edən unikal infrastruktur kimi tanınır. Qalibiyyətli enerji strategiyamızın uğurları bütün regionun makroiqtisadi yüksəlişində əhəmiyyətli rol oynayır.
Hazırda biz Avropanın ən iri infrastruktur layihəsini-"Cənub" qaz dəhlizi layihəsini həyata keçiririk. Bu, “Şahdəniz-2" və sonrakı layihələrimiz çərçivəsində Azərbaycanda çıxarılacaq böyük təbii qaz həcmlərinin Avropa Birliyi ölkələrinə daşınması məqsədilə yaradılan nəhəng infrastruktur zənciridir. “Cənub” qaz dəhlizinin təməli ötən il sentyabrın 20-də Prezident İlham Əliyev, layihənin iştirakçısı və tərəfdaşı olan ölkə və şirkət rəhbərlərinin iştirakı ilə qoyuldu. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə layihə üzrə Dövlət Komissiyası da yaradılmışdır. “Cənub” qaz dəhlizi layihəsi çox sayda müxtəlif maraqlı tərəfləri və 3500 kilometrlik geniş bir coğrafiyanı əhatə edir. Prezident İlham Əliyev bu layihəni “21-ci əsrin layihəsi” adlandırmış, istehsalçı, tranzit və istehlakçı ölkələrin səylərinin birləşdirilməsi və əlaqələndirilməsi məqsədilə Cənub Qaz Dəhlizinin Məşvərət Şurasını təsis etmişdir.
“Cənub” qaz dəhlizi layihəsi Xəzər regionundakı qaz təchizatını ilk dəfə olaraq Avropa bazarları ilə birləşdirəcək, dünyanın enerji xəritəsinə ciddi dəyişiklik gətirəcək. İlk növbədə, Azərbaycan və Gürcüstan əraziləri boyunca uzanan Cənubi Qafqaz boru kəməri genişləndiriləcək. Hazırda bu kəmərlə “Şahdəniz” qazı Gürcüstan və Türkiyəyə daşınır. Genişləndirmə işləri çərçivəsində faktiki olaraq hazırkı kəmərə paralel yeni bir boru xətti və Gürcüstanda iki yeni kompressor stansiyası inşa ediləcək, kəmərin ümumi ötürücülük gücü ildə 23 milyard kubmetrə çatdırılacaq.
Azərbaycan və Türkiyə Prezidentlərinin təşəbbüsü ilə “Cənub” qaz dəhlizinin birləşdirici halqası kimi həyata vəsiqə almış Trans-Anadolu boru kəməri (TANAP) “Şahdəniz” qazını Türkiyənin 20 vilayətindən keçməklə 1850 kilometrlik bir məsafədə nəql edəcək. TANAP-ın ilkin ötürücülük gücü ildə 16 milyard kubmetr həcmində planlaşdırılır. Sonradan bu həcmin 31 milyarda qədər artırılması imkanları da nəzərə alınmışdır. Bu ilin martında Qarsda Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçılarının iştirakı ilə TANAP-ın təməli qoyuldu. Hazırda Türkiyənin şərq sərhədlərindən qərb sərhədlərinə qədər bütün ərazisində tikinti işlərinə intensiv hazırlıq gedir. Artıq boru təchizatının təmin edilməsi üçün müqavilələr imzalanmış, tikintinin kontraktorları seçilmişdir. “Şahdəniz-2" qazının Gürcüstan və Türkiyəyə təchiz edilməsi qrafikdə nəzərdə tutulduğu kimi, 2018-ci ilin ikinci yarısına planlaşdırılır.
TANAP Türkiyə-Yunanıstan sərhədində “Cənub” qaz dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik boru kəməri (TAP) ilə birləşəcək. TAP kəməri qazın Yunanıstan və Albaniya vasitəsilə Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Azərbaycan qazının bu kəmər vasitəsilə Avropaya çatdırılması 2020-ci ilə planlaşdırılır. Uzunluğu 871 kilometr olacaq boru kəmərinin ilkin ötürücülük gücü ildə 10 milyard kubmetr olacaq. Hazırda TAP-ın keçdiyi ərazilərdə torpaqların alınması və müvafiq infrastruktur hazırlıqları uğurla davam etdirilir. İlin sonuna qədər əsas müqavilələrin imzalanması başa çatmalıdır. Onu da qeyd etmək lazımdır ki, hazırda Avropada, xüsusilə də Balkan ölkələrində “Cənub” qaz dəhlizini istiqamət götürən müxtəlif əlaqələndirici kəmərlərin, interkonnektorların tikintisi nəzərdə tutulur. Biz bu təşəbbüsləri dəstəkləyir və diqqətdə saxlayırıq. Xəzərin Azərbaycan sektoru qaz-kondensat ehtiyatları ilə zəngindir və hasilatın artırılması istiqamətində fəaliyyətimizi genişləndiririk. Mövcud layihələr üzrə görülən tədbirlər, eləcə də perspektiv strukturların potensialı nikbin proqnozlar üçün əsas verir. 2015-ci ildə ölkə üzrə qaz hasilatını laylara vurulan qaz istisna olunmaqla 20 milyard, 2025-ci ilə qədər isə 40 milyard kubmetrə çatdırmaq üçün imkanlar böyükdür. Bu, regionun və Avropa ölkələrinin enerji təhlükəsizliyində Azərbaycanın rolunu daha da artıracaqdır.
Ölkə əhalisinin və sənayenin təbii qaz təminatında ciddi dönüş əldə olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, qaz təsərrüfatı getdikcə inkişaf etdirilir, yaşayış məntəqələrinin qazlaşdırılması, təchizat şəbəkəsinin əsaslı təmiri üzrə göstəricilər ilbəil artır. Təkcə bu ilin 8 ayı ərzində 170 yaşayış məntəqəsinə təbii qaz verilmiş, əhali kateqoriyasına aid daha 51921 abonent təbii qazla təmin olunmuşdur. Sentyabrın 1-nə olan məlumata görə, ölkə üzrə abonentlərin ümumi sayı 1 milyon 783 min 170-ə çatmışdır. Ötən il 14377 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılmış, 354 kilometr uzunluğunda kəmərlər isə əsaslı təmir edilmiş, 5 yeni qazpaylayıcı və tənzimləyici məntəqə istismara verilmişdir. Respublikada qaz yığım-nəql infrastrukturunun təkmilləşdirilməsi məqsədilə aparılan işlər davam etdirilir.
Ölkənin təbii qazla fasiləsiz təminatında və ixrac imkanlarının genişləndirilməsində yeraltı qaz anbarlarının rolu böyükdür. Möhtərəm Prezidentimiz tərəfindən SOCAR qarşısında yeraltı qaz anbarlarının aktiv tutumunun artırılmasına dair qoyulmuş vəzifə müvəffəqiyyətlə yerinə yetirilir. Qaradağ və Qalmazdakı anbarların aktiv tutumu genişləndirilmiş və ötən il 3,5 milyard kubmetrə çatdırılmışdır. Dövlət başçısı Naxçıvan Muxtar Respublikasının qaz təchizatını da aktual məsələlərdən biri kimi daim diqqət mərkəzində saxlayır. Bu məqsədlə Nehrəm duz yatağı bazasında Tumbul sahəsində qaz anbarının yaradılmasına qərar verilmişdir. SOCAR bu istiqamətdə ardıcıl tədbirlər görür, sahədə kəşfiyyat işlərini davam etdirir, müvafiq geoloji təhlillər aparılır. Yeni qaz anbarının istifadəyə verilməsi ilə payız-qış mövsümlərində muxtar respublikada qaz təchizatının daha etibarlı həyata keçirilməsinə əlverişli şərait yaranacaqdır.
Neft-qaz hasilatının sabit saxlanılması və yüksəldilməsi SOCAR-ın istismar etdiyi yataqlarda tikinti-quraşdırma və təmir işlərini sürətləndirməyi tələb edir. Bu baxımdan dəniz yataqlarında yeni platformaların inşası xüsusi önəm daşıyır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə hələ sovet dövründə Bakıda tikilmiş Dərin Özüllər Zavodu “Əsrin müqaviləsi”nin həyata keçirilməsində mühüm rol oynamışdır. Bu gün də öz missiyasını
yerinə yetirən zavod, eyni zamanda, SOCAR-ın “Neftqaztikinti” Trestinin Zığdakı istehsalat sahəsində müxtəlif qurğu və obyektlər, dənizin dərinsulu hissələrində işləməyə imkan verən stasionar özül və dayaq blokları inşa edilir. Son bir ildə “Bulla-dəniz”, “Çilov”, “Qərbi Abşeron”, “Neft Daşları” yataqlarında ümumilikdə 33 istismar quyusunun qazılması üçün yeni dəniz özülləri və estakadayanı meydançalar tikilib istifadəyə verilmişdir. Hazırda bir neçə başqa yataqda da stasionar dəniz özüllərinin tikintisi davam edir ki, həmin özüllərdən də 40-a yaxın istismar quyusunun qazılması nəzərdə tutulur. “Darvin bankası”, “Abşeron bankası”, “Neft Daşları” yataqlarında ümumilikdə daha 82 istismar quyusunun qazılması üçün özül və meydançaların inşasını planlaşdırırıq. Uzun müddət istismar olunan yataqlarda mövcud texniki şəbəkə, platforma və meydançalarda istismar zamanı təhlükəsizliyin təmin olunması diqqət mərkəzindədir. Bu məqsədlə təmir-bərpa işlərinə xüsusi önəm verilir. “Neft Daşları”, “Palçıq pilpiləsi”, “Bulla-dəniz”, “Darvin bankası” yataqlarında 10-dan artıq meydança əsaslı təmir edilmişdir. “Səngəçal-Duvannı-Xərə-Zirə” dəniz yatağında 8, “Bulla dəniz” yatağında 4, “8 Mart” yatağında 2 estakadayanı meydançada əsaslı təmir işləri sona çatmaq üzrədir. N.Nərimanov adına NQÇİ-nin istismar etdiyi 21 estakadayanı meydançanın tam təmiri nəzərdə tutulub. İlin buraxılış obyektləri arasında “Günəşli” yatağında inşa edilmiş qazlift kompressor stansiyası hasilatın sabit saxlanılması və artırılması baxımından mühüm əhəmiyyətə malikdir. Çünki hazırda yataqda fəaliyyətdə olan quyuların 80 faizi qazlift üsulu ilə istismar edilir. Gələcəkdə isə bu üsulla işləyəcək quyuların sayı daha da artacaq.
Azərbaycan dünya bazarında təkcə neft və qazın deyil, həm də neft məhsullarının ixracatçısı kimi tanınır. Neftayıranlar həmişə olduğu kimi, bu gün də mühərrik yanacaqları istehsalının artırılması və keyfiyyətin yaxşılaşdırılması istiqamətində uğurla çalışırlar. Ötən il emal kompleksində 6 milyon 740,5 min ton xam neft emal olunaraq 1 milyon 238,3 min ton avtomobil benzini, 709 min ton reaktiv mühərrik yanacağı, 2 milyon 264,9 min ton dizel yanacağı, 184,2 min ton maye qaz, 262,9 min ton bitum, 260,1 min ton koks və digər məhsullar istehsal edilmişdir. Məhsulun 70 faizi daxili bazarın tələbatına, qalan hissəsi isə ixraca yönəldilmişdir.
Emal kompleksində texnoloji proseslərin yeniləşdirilməsi və optimallaşdırılması daim diqqət mərkəzindədir. Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda yenidənqurma və modernləşdirmə işlərinə start verilmişdir. Məqsəd istehsal olunan yanacaq məhsullarını “Avro-5” standartlarına uyğunlaşdırmaq, yeni bitum istehsalı yaratmaq, “Azərikimya” İB-ni davamlı olaraq qaz xammalı ilə təmin etməkdən ibarətdir. Müəssisənin əsas qurğuları və ümumzavod təsərrüfatı yeniləşdiriləcək, bir neçə yeni qurğu inşa olunacaq, zavodun istehsal gücü ildə 7,5 milyon tonadək artırılacaqdır. Qaradağ Qaz Emalı Zavodunda da qazın təmizlənməsi və emalı prosesləri təkmilləşdirilir. Zavod ötən ili və bu ilin səkkiz ayını uğurla başa vurmuş, təmizlənmiş quru qaz, texniki butan və qaz benzini kimi məhsullar üzrə proqnozlara əməl etmişdir.
Bu il Azərbaycanda kimya sənayesinin yaradılmasının 70 ili tamam olur. Bu sənayenin sistemli inkişafında bütöv bir mərhələ isə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərində ulu öndərin təşəbbüsü ilə respublikada yeni kimya müəssisələrinin tikintisinə başlanılmış, Sumqayıtda yuyucu vasitələr (sonralar “Məişət kimyası” zavodu), ‘’Superfosfat’’, Aşqarlar zavodları yaradılmışdır. Ulu öndər müstəqillik dövründə də neft-kimya kompleksinin inkişafını Azəbaycan sənayesinin mühüm tərkib hissəsi kimi diqqət mərkəzində saxlamış, ekoloji məsələlərə xüsusi önəm vermişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının “Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında” 2 aprel 2010-cu il tarixli sərəncamına əsasən, “Azərikimya”, İstehsalat Birliyi kimi SOCAR-ın tərkibinə birləşdirildikdən sonra bu sahədə fəaliyyətin gücləndirilməsi, neft-qaz emalı və neft-kimya sənayesinin daha sıx inteqrasiyası, səmərəliliyin, məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi şirkətin prioritet istiqamətlərindən biri olmuşdur. Neft-kimya sənayesinin inkişafında müsbət dinamika əldə etmişik və son illər sahənin ümumi iqtisadi göstəriciləri yüksələn xətt üzrə davam edir. Kimyaçılarımız yubiley ilini də yüksək əmək nailiyyətləri ilə qeyd edirlər.
Regionun lider şirkəti olan SOCAR Azərbaycanla yanaşı, Türkiyədə də mühüm neft-kimya layihələri həyata keçirir. Türkiyənin bu sektorda yeganə istehsalçısı olan “Petkim” SOCAR-ın idarəçiliyində ilbəil uğurlu nəticələr qazanır. Etilen və təmiz tereftal turşusu istehsal edən qurğularda məhsuldarlığın artırılmasına nail olunmuş, “Petkim”in potensialı yüksəlmişdir. Biz inkişaf etməkdə olan Türkiyə bazarında holdinqin payını 40 faizə çatdırmaq məqsədilə neft emalı-neft kimyası-enerji-logistika-distribusiya zəncirindən ibarət geniş bir inteqrasiya layihəsi həyata keçiririk. Bu zəncirin əsas halqasını illik emal gücü 10 milyon ton həcmində nəzərdə tutulan “STAR” neft emalı zavodu təşkil edir.
SOCAR-ın strateji inkişaf trendləri arasında xarici bazarlarda fəaliyyətin genişləndirilməsi, investisiya proqramlarının həyata keçirilməsi və bu yolla məhsuldar iqtisadi əlaqələrin qurulması mühüm yer tutur. Şirkətimiz son illərdə dünya enerji bazarına inamla daxil olmuşdur. İndi qarşımızda duran əsas vəzifə SOCAR-ın mövqeyini davamlı olaraq möhkəmləndirmək, yaxın və uzaq istehlak bazarlarında rəqabət qabiliyyətini yüksəltməkdir. Ötən illərdə neftimiz Şimali Amerika, Asiya və Avstraliya regionları daxil olmaqla bir sıra qeyri-ənənəvi istehlak bazarlarına təchiz edilmişdir. Əgər 10 il bundan əvvəl Aralıq dənizi bazarı hüdudlarından kənarda satılan Azərbaycan neftinin payı cəmi 10-15 faiz təşkil edirdisə, indi bu göstərici 45 faizə qədər yüksəlmişdir. Ötən il Asiya bazarına təchiz olunan Azərbaycan nefti SOCAR-ın ümumi ixrac həcmlərinin 24 faizini təşkil etmişdir. 2014-cü ildə “SOCAR Trading SA” şirkəti 25 milyon ton Azərbaycan neftini dünya bazarına təchiz etmişdir.
Neftçilərin sosial-məişət məsələləri, həmişə olduğu kimi, diqqət mərkəzindədir. Hazırda SOCAR üzrə mənzil növbəsində 4244 işçi dayanır ki, onların da 3802 nəfəri Bakı şəhərini əhatə edir. Ötən illərdə 660 neftçiyə pulsuz ev verilmiş, daha 1259 nəfər isə növbədə olan əməkdaşların qısa müddətdə yaşayış sahəsi ilə təmin edilməsi məqsədilə yaradılmış “Neftçi” Mənzil Tikinti Kooperativi vasitəsi ilə mənzil almışdır.
Əmək şəraitinin müasir tələblər səviyyəsində qurulması işin keyfiyyətinə birbaşa təsir göstərən amillərdəndir. Ötən il bu sahədə böyük həcmdə iş görülüb. “Azəriqaz” və “Azərikimya” istehsalat birliklərinin yerli istismar sahələri, sexləri üçün inzibati binalar tikilərək müasir avadanlıq və ofis mebelləri ilə təchiz olunmuş, köhnə binalarda əsaslı və cari təmir işləri aparılmış, yeməkxanalar yaradılmışdır. Artıq dənizdəki özüllərdə, mədənlərdə yaşayış bloklarında növbə ilə çalışan işçilərin istirahəti üçün hər cür şərait vardır.
Xəzərin zəngin sərvətlərindən bəşəriyyətin tərəqqisi naminə istifadə edilməsi xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə inamla həyata keçirilən enerji strategiyamızın başlıca amalıdır. Yer kürəsinin inkişaf və tərəqqisinə töhfələr verən bu strategiya hələ uzun illər boyu ölkəmizə və dovlətimizə misilsiz nailiyyətlər qazandıracaqdır.
Rövnəq ABDULLAYEV,
SOCAR-ın prezidenti,
Milli Məclisin deputatı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.