Sığorta - Azərbaycan üçün nisbətən yeni və axıra qədər öyrənilməyən sahədir. Biz şübhəsiz ki, sığorta işini inkişaf etdirməliyik. Lakin bu işi düzgün və peşəkarcasına yerinə yetirməliyik.
Heydər ƏLİYEV Ümummilli lider{nl}
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı getdikcə sürətlənir, ölkəmizin beynəlxalq nüfuzu ilbəil artır. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş məqsədyönlü islahatların uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan regionun və dünyanın ən sabit və dinamik inkişaf edən dövlətinə çevrilmişdir. Keçid iqtisadiyyatı dövrünü uğurla başa çatdıran Azərbaycan Respublikası artıq inkişafın yeni mərhələsinə qədəm qoymuşdur.
Ötən illərdə ölkəmizin iqtisadi qüdrətinin artırılmasına Dövlət Sığorta Şirkətinin işçiləri də mühüm töhfələr vermişlər. Hər il oktyabr ayının 21-ni Dövlət Sığorta Şirkətinin yaranma tarixi kimi qeyd edən kollektivimiz şirkətin fəaliyyətə başlamasının 89-cu ildönümünü də yüksək əmək nailiyyətləri, uğurlu göstəricilərlə qeyd edir. Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, bütün dünya sığortaçıları kimi Dövlət Sığorta Şirkətinin kollektivi də, bir qayda olaraq, yanğın, təbii fəlakətlər və digər gözlənilməz hadisələrdən zərər çəkmiş sığortalılara dəymiş ziyanın ödənilməsi işini yüksək səviyyədə yerinə yetirmişdir.
Müasir dövrdə sığorta işinin səmərəli təşkilinin beynəlxalq standartlar səviyyəsində inkişaf etdirilməsinin ölkə iqtisadiyyatının bazar münasibətləri şəraitində möhkəmlənməsində mühüm iqtisadi əhəmiyyəti vardır. Sığorta, həm də iqtisadiyyatın strateji sahələrindəndir. Azərbaycanda sığorta bazarının tarixi çox qədim olmasa da, dünyada bu humanist aksiyanın yaranması bir neçə əsr bundan əvvələ gedib çıxır. Belə ki, bəşəriyyət yarandığı gündən insanlar bir çox təbii fəlakətlər, yanğın, zəlzələ və digər hadisələrlə rastlaşmışlar. Heç şübhəsiz, kainatda baş verən bu cür gözlənilməz hadisələr bir sıra ağır fəsadlar törətmiş, dağıntılara və tələfatlara səbəb olmuşdur. Bütün bunlar isə mülkiyyət hüququndan asılı olmayaraq insanlara külli məbləğdə ziyan vurmuşdur. Hətta elm və texnikanın ildən-ilə inkişaf etdiyi müasir dövrdə belə, təbii fəlakətlərin, gözlənilməz hadisələrin bəşəriyyətə vurduğu ziyandan, ağır nəticələrdən qaçmaq mümkün deyil. O da məlumdur ki, bütün hallarda insanlara dəymiş ziyanın bu və ya digər şəkildə ödənilməsi zərurəti meydana çıxır. Müxtəlif yardımlara, ianələrə və digər ödənişlərə baxmayaraq, bu sahədə əsas iqtisadi qurum kimi sığorta təşkilatı mühüm rol oynayır. Sığortanın tarixi isə, qeyd etdiyim kimi, olduqca qədimdir. Belə ki, hələ keçmişdə ticarətlə məşğul olan insanlar dəniz və okeanlarda baş verən gözlənilməz təbiət hadisələri zamanı böyük itkilərə məruz qalırdılar. Təbii fəlakətlər əksər hallarda gəmilərin və onlarla daşınan mal-materialların məhv olması ilə nəticələnirdi ki, bu da son nəticədə əmlak sahiblərinin maddi vəziyyətinin pisləşməsinə, onların müflisləşməsinə gətirib çıxarırdı. Belə bir şəraitdə əmlak sahibləri, işgüzar adamlar öz aralarında dəymiş zərərin ödənilməsi məqsədilə sığorta fondu yaratmağı qərara alırlar.
İlk sığorta şəhadətnaməsi kimi qəbul edilən sığorta müqaviləsi isə 1347-ci il oktyabr ayının 23-də İtaliyanın Genuya limanından Malyorkaya gedən "Santa Klara" gəmisində daşınan yükə təminat verilməsi məqsədilə hazırlanmışdır. 1424-cü ildə İtaliyanın Genuya şəhərində ilk sığorta şirkəti yaradılmışdır. Bundan 11 il sonra - 1435-ci ildə İspaniyanın Barselona şəhərində ilk sığorta qanunu qəbul edilmişdir. Sığorta fondunun üzvləri az məbləğdə haqq ödəməklə gələcəkdə təbii fəlakətdən, yanğından və digər gözlənilməz hadisələrdən onlara dəyə biləcək zərərlərin ödənilməsinə təminat yaratmış olurlar. Beləliklə, cəmiyyətin inkişafı ilə yanaşı, sığorta fondunun da funksiyaları, şərtləri, növləri daim inkişaf edir, təkmilləşirdi. Bütövlükdə isə, ötən dövr ərzində yüksək tərəqqiyə nail olmuş Avropa və Asiya ölkələrində, eləcə də Amerika Birləşmiş Ştatlarında sığorta fondları daha geniş inkişaf etmişdir.
Azərbaycan Respublikasında isə sığorta işi, əsasən, ötən əsrin əvvəllərində formalaşmağa başlamışdır. Belə ki, həmin vaxt Bakıda bir sıra xarici ölkələrin, o cümlədən Rusiyanın, Almaniyanın və İngiltərənin sığorta şirkətləri müxtəlif sığorta işləri həyata keçirirdilər. 1921-ci ilin oktyabr ayında isə respublikamızda ilk dəfə olaraq milli sığorta fəaliyyəti yaranmış və inkişaf yoluna qədəm qoymuşdur. Həmin il oktyabr ayının 21-də Xalq Komissarları Sovetinin qərarı ilə Maliyyə Nazirliyinin nəzdində Dövlət Sığorta Şöbəsi təşkil edilmişdir. Məhz həmin tarix hazırda fəaliyyət göstərən Dövlət Sığorta Şirkətinin yaranma tarixi kimi qeyd olunur.
Dövlət Sığorta İdarəsi fəaliyyətinin 70 ili ərzində SSRİ Dövlət Sığorta İdarəsi tabeliyində İttifaqın təlimat və qaydaları əsasında respublikamızın ərazisində sığorta işini həyata keçiridi. İdarə həmin dövrdə, əsasən, kənd təsərrüfatı təşkilatlarının - kolxoz və sovxozların əmlakının, aqrar sahədə bitkiçilik məhsullarının, fiziki şəxslərə məxsus tikintilərin məcburi sığortasını, vətəndaşlara məxsus ev əşyalarının, nəqliyyat vasitələrinin, mal-qaranın könüllü sığortasını, bədbəxt hadisələrdən sığorta, həyat sığortası kimi sığorta növlərinin aparılmasını təşkil edirdi.
1991-ci ildə Azərbaycan Respublikası öz tarixi müstəqilliyini bərpa etdikdən sonra, bütün sahələrdə olduğu kimi, sığorta fəaliyyəti də keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Belə ki, respublika Prezidentinin 20 sentyabr 1991-ci il tarixli fərmanı ilə Dövlət Sığorta təşkilatı Maliyyə Nazirliyinin tabeliyindən çıxarılaraq Dövlət Sığorta Kommersiya Şirkəti kimi təsis olunmuşdur. Müstəqil Azərbaycan Respublikasında sığorta bazarını formalaşdırmaq, təkmilləşdirmək, inkişaf etdirmək məqsədilə Dövlət Sığorta Şirkəti mütəxəssislərinin iştirakı ilə 1993-cü ilin yanvar ayında Milli Məclis tərəfindən ilk dəfə olaraq "Sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanun ölkəmizdə sığorta bazarının inkişafına böyük təkan vermişdir. Həmin dövrdə sığorta bazarının tənzimlənməsi məqsədilə yaradılmış Dövlət Sığorta Nəzarəti orqanının da bu sahədə böyük rolu olmuşdur.
Bütün bunlara baxmayaraq, cəmiyyətdə gedən köklü dəyişikliklər, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar, bir çox sahələrdə olduğu kimi, sığorta sahəsində də qanunvericilik bazasının təkmilləşdirilməsini tələb edirdi. Məhz bu məqsədlə 1999-cu il avqustun 19-da ölkə Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasında "Sığorta haqqında" yeni qanun qəbul edildi. 2007-ci il dekabrın 25-də isə "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Hazırda qüvvədə olan həmin qanun isə daha təkmil, daha mükəmməldir.
Azərbaycanın sığorta bazarı son illər böyük inkişaf yolu keçmişdir. Təkcə onu demək kifayətdir ki, ötən illərdə ölkəmizdə bir sıra özəl sığorta şirkətləri təsis edilmiş, xarici ölkələrin qabaqcıl şirkətləri ilə əməkdaşlıq sahəsində mühüm nailiyyətlər qazanılmışdır.
Hazırda Dövlət Sığorta Şirkəti təbii fəlakətlərdən, yanğından, zəlzələdən və digər gözlənilməz hadisələrdən dəyən zərərin ödənilməsinə sığorta təminatı yaratmaq məqsədilə 30-dan çox sığorta növü üzrə əhaliyə xidmət göstərir. Xatırlatmaq istəyirəm ki, respublikamızda mövcud sığorta növləri icbari və könüllü olmaqla iki qismə ayrılır. Birinci qismə yanğından icbari sığorta, sərnişinlərin icbari sığortası, ekoloji sığorta, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, dövlət qulluqçularının icbari sığortası, hərbi qulluqçuların icbari sığortası, məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin icbari sığortası, deputatların icbari sığortası, diplomatların icbari sığortası, auditorların məsuliyyətinin icbari sığortası daxildir. Bu sıradan hərbi qulluqçuların, məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin, nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, eləcə də yanğından sığorta daha populyardır.
Könüllü sığorta növlərinə isə tikintilərin sığortası, mənzillərin təmirinin sığortası, ipotekaya qoyulan əmlakın sığortası, nəqliyyat vasitələrinin sığortası, fərdi qəza hadisələrindən sığorta, tibbi sığorta, kənd təsərrüfatı müəssisələrinin əmlakının sığortası, yüklərin sığortası və ümumi məsuliyyət sığortası aiddir. Bunlardan isə əhalinin mənafeyinin qorunmasına xidmət edən nəqliyyat vasitələrinin sığortası, tikintilərin sığortası, fərdi qəzalardan sığorta, tibbi sığorta və s. daha geniş yayılmışdır.
Ölkəmizdə sığorta bazarının inkişafına dövlət qayğısı getdikcə artırılır. Təkcə onu demək kifayətdir ki, son illər sığortanın təşkili və tənzimlənməsi barədə 23 müxtəlif qanun, fərman və qərar qəbul edilmişdir. Bu da bütün sığorta işçiləri kimi Dövlət Sığorta Şirkətinin kollektivi tərəfindən də rəğbətlə qarşılanır. Hazırda ölkə əhalisinin rifah halının yaxşılaşdırılması istiqamətində dövlət başçısı cənab İlham Əliyev tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Bu tədbirlərin bir qismi isə sığortalanma vasitəsi ilə reallaşdırılır. Bu baxımdan yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkənlərə dəyən zərərlərin ödənilməsi üçün "Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında", hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə "Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında" qəbul olunmuş qanunlar diqqəti cəlb edir.
Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan kəndli fermer təsərrüfatlarına və kəndlilərə ölkə üçün strateji məhsul sayılan payızlıq buğda, dən üçün qarğıdalı, kartof, çuğundur, dən üçün günəbaxan və bir sıra tərəvəz bitkilərini sığorta etdirən təsərrüfatlara hesablanmış sığorta haqqının dövlət büdcəsindən ödənilməsi məqsədilə "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanun da xüsusi əhəmiyyət daşıyır.
Dövlət Sığorta Şirkəti, onun şəhər və rayonlarda fəaliyyət göstərən filiallarında çalışan peşəkar mütəxəssislər tərəfindən hər il hüquqi və fiziki şəxslərlə 400 minə yaxın sığorta müqaviləsinin bağlanmasına nail olunur. Bununla belə, təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, hazırda ölkə əhalisi sığorta xidmətlərindən lazımi dərəcədə yararlanmır. Hər hansı bir yanğın və ya təbii fəlakətlər nəticəsində dəymiş zərərin ödənilməsi üçün əmlak sahibləri yerli icra hakimiyyətləri orqanlarına üz tuturlar. Baxmayaraq ki, vətəndaş əmlakını sığorta etdirəcəyi təqdirdə hər hansı səbəbdən ona dəymiş ziyanı sığorta təşkilatı ilə əvvəlcədən bağladığı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında həmin təşkilat tərəfindən ödənilməsinə nail ola bilər. Fikrimcə, hazırda əhali arasında sığorta, sığortanın əhəmiyyəti barədə maarifləndirmə işinin gücləndirilməsi tələb olunur. Müqayisə üçün deyim ki, inkişaf etmiş ölkələrdə əhali sığortalanmaya böyük maraq göstərir. Belə ki, Avropa ölkələrində əhalinin illik gəlirlərinin 10-15 faizi sığorta haqlarının ödənilməsinə sərf olunur. Bizdə isə bu göstərici çox aşağıdır.
Yeri gəlmişkən, cari ilin yaz-yay aylarında Kür və Araz çaylarının daşması ilə əlaqədar Sabirabad, Saatlı, İmişli, Hacıqabul, Salyan, Neftçala rayonları və Şirvan şəhərinin bir sıra yaşayış məntəqələrini sel suları basması nəticəsində sakinlərə külli miqdarda ziyan dəymişdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, zərər çəkən əhalinin əmlakı sığortalanmamışdır. Məhz ona görə də həmin vətəndaşlara ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə dövlət büdcəsi vəsaiti hesabına yardım verildi, onlar üçün yeni yaşayış evləri tikildi. Hacıqabul rayonunun Meyniman kəndində Kür çayının daşması ilə əlaqədar evləri uçmuş vətəndaşlar üçün inşa olunmuş yeni mənzillərin orderlərinin təqdimatı mərasimində möhtərəm Prezidentimiz İlham Əliyev də öz çıxışında evlərin heç birinin sığortalanmamasını qeyd etmişdi. Məhz buna görə də dövlət zərər çəkmiş vətəndaşlara öz dəstəyini, lazımi köməyini göstərmişdir. Halbuki bazar iqtisadiyyatı yolunu seçmiş dövlətin bütün hüquqi və fiziki şəxsləri öz əmlaklarına, həyatına və məsuliyyətinə təminat yaratmaq məqsədilə sığorta olunmalıdır ki, bu kimi hadisələr baş verdikdə sığorta təşkilatları tərəfindən dəyən zərərin ödənilməsinə nail olsunlar.
Dövlət Sığorta Şirkəti sığorta müqaviləsi bağladığı vətəndaşlar qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə təminat yaratmaq məqsədilə respublikanın və xarici ölkələrin sığorta və təkrar sığorta şirkətləri ilə uğurlu əməkdaşlıq edir. Bu baxımdan İngiltərə, Almaniya, Yaponiya, Rusiya, Türkiyə və s. ölkələrin sığorta şirkətləri ilə əməkdaşlığımız yüksək səviyyədədir.
Hazırda Azərbaycanın sığorta bazarında toplanmış sığorta haqlarının 16 faizi Dövlət Sığorta Şirkətinin payına düşür. Ötən il şirkətimiz üçün son dərəcə uğurlu olmuşdur. Belə ki, il ərzində 26,5 milyon manat tədiyyə toplamağa nail olmuşuq ki, bu da 2008-ci illə müqayisədə 4,7 milyon manat çoxdur.
Qeyd etməliyəm ki, şirkətimizin sığorta fəaliyyəti ilə bağlı qazandığı uğurlar ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların, əldə olunmuş iqtisadi artımın, ən başlıcası isə əhalinin həyat səviyyəsinin ilbəil yaxşılaşmasının məntiqi nəticəsidir.
Sonda onu da diqqətə çatdırmaq istəyirəm ki, 2009-cu ilin yekununa görə, ölkədə fəaliyyət göstərən sığorta təşkilatları arasında lider olmuş Dövlət Sığorta Şirkəti "İlin şirkəti" mükafatına layiq görülmüşdür. Bu isə kollektivimizi yeni-yeni nailiyyətlərə ruhlandırır. Bir daha fürsətdən istifadə edib ölkə ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxsləri Dövlət Sığorta Şirkətinin beynəlxalq standartlara cavab verən xidmətlərindən istifadə etməyə çağırıram.
{nl}
Məmməd MƏMMƏDOV, Dövlət Sığorta Şirkətinin sədri, Azərbaycan Respublikasının Əməkdar iqtisadçısı
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.