Azərbaycanda yeni generasiya gücləri yaradılır

Xalqımızın ümumilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1981-ci il oktyabrın 20-də Azərbaycan İstilik Elektrik Stansiyasının birinci blokunun istismara verilməsi ilə müstəqil respublikamızın energetika təhlükəsizliyinin əsası qoyulmuşdur.
Ötən illər ərzində Azərbaycanda dayanıqlı elektrik energetikası sistemi yaradılmış, energetika sahəsinin inkişafına xüsusi qayğı və diqqət göstərilmişdir. Prezident İlham Əliyev Azərbaycan energetiklərinin ölkə iqtisadiyyatının inkişafındakı xidmətlərini nəzərə alaraq hər il oktyabr ayının 20-sinin "Energetiklər Günü" peşə bayramı kimi qeyd olunması ilə bağlı 2004-cü il oktyabrın 13-də xüsusi sərəncam imzalamışdır. Azərbaycanın iqtisadi həyatına mühüm töhfələr verən ölkə energetikləri, hər il olduğu kimi, bu dəfə də peşə bayramlarını yüksək nailiyyətlərlə, xoş ovqatla qeyd edirlər.
Dünən "Azərenerji" Açıq Səhmdar Cəmiyyətində ölkə energetiklərinin peşə bayramı münasibətilə mətbuat konfransı keçirildi. "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev son illər elektroenergetika sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verdi. Azərbaycanın energetika sənayesinin inkişafı üçün ölkəmizdə görülən işlərin əhəmiyyətini diqqətə çatdıran "Azərenerji" ASC-nin prezidenti E.Pirverdiyev bildirdi ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə elektrik enerjisi sistemində bir sıra vacib və əhəmiyyətli layihələr həyata keçirilmişdir.
"Azərenerji" ASC-nin prezidenti gücü 780 meqavat olan "Cənub" Elektrik Stansiyasının tikintisinin generasiya sahəsində ən vacib layihələrdən biri olduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, enerji istehsalı zamanı qaz, mazut və dizel yanacağından istifadə ediləcək stanisiyada 4 qaz və 2 buxar turbininin quraşdırılması nəzərdə tutulur. Stansiya istifadəyə verildikdən sonra bir kilovat-saat elektrik enerjisi istehsalına sərf olunan şərti yanacağın miqdarı 250 qram təşkil edəcək və ildə 700 min ton yanacağa qənaət ediləcəkdir. Layihə dəyəri 600 milyon manat təşkil edəcək stansiyasının tikintisinin gələn ilin sonlarında başa çatdırılması nəzərdə tutulur. E.Pirverdiyev həmçinin qeyd etdi ki, yaxın zamanlarda gücü 400 MVt olan Tovuz su elektrik stansiyasının tikintisinə başlanacaqdır. Stansiyasının tikintisi su resurslarından daha səmərəli və çevik istifadə olunmasına imkan yaradacaqdır. Cari ilin sonunadək gücü 400 MVt olan "Şimal-2" buxar-qaz elektrik stansiyasının tikintisinin başlanması planlaşdırılır.
Generasiya sahəsində görülən işlər barədə məlumat verən E.Pirverdiyev bildirdi ki, Azərbaycan nəinki öz enerji tələbatını tam təmin etmiş, hətta güclü ixrac potensialı yaratmışdır. Əldə olunmuş ixrac potensialını reallaşdırmaq üçün Azərbaycan-Gürcüstan-Türkiyə enerji dəhlizi layihəsinin icrasına başlanılmışdır. Layihə çərçivəsində bu ilin sonunadək Azərbaycanla Gürcüstanı birləşdirən 500 kilovoltluq xəttin Mingəçevir-Samux hissəsi, 2011-ci ilin sonuna kimi Gürcüstan sərhədinədək hissəsi tam hazır olacaqdır. Bununla yanaşı, son illər Azərbaycan qonşu İran, Rusiya və Türkiyəyə elektrik enerjisi ixrac edir. Yaxın illərdə isə ölkəmizin ixrac potensialının xeyli artırılması nəzərdə tutulur.
2010-cu ilin sonunadək elektrik enerjisi sisteminin idarə olunması sahəsində çox vacib layihə başa çatdırılmaqdadır. Bu, dispetçer mərkəzində MDB məkanında oxşarı olmayan SCADA sisteminin tətbiqidir. Layihə çərçivəsində dispetçer mərkəzi və bütün sistemi təşkil edən yarımstansiyalar, elektrik stansiyaları arasında 1200 kilometr uzunluğunda fibrooptik kabelin çəkilməsi idarəetmə məlumatlarının təhlükəsizliyini təmin edəcəkdir.
Mətbuat konfransında bildirildi ki, alternativ və bərpa olunan enerji mənbələrindən geniş istifadə edilməsi hazırda bütün dünyanın diqqət mərkəzindədir. Bu məsələ qlobal ekoloji problemlərin aradan qaldırılması, ətraf mühitin qorunması baxımından xüsusilə aktualdır. Bu sırada günəş kollektorlarının respublikamızda istehsalı və tətbiqi ilə bağlı ardıcıl işlər həyata keçirilir. Artıq yaxın vaxtlarda bu istiqamətdə istehsal sahəsi fəaliyyətə başlayacaqdır.
"Azərenerji" ASC-nin prezidenti Etibar Priverdiyev ölkə ərazisində sayğaclaşdırma işinin də intensiv xarakter aldığını diqqətə çatdırdı. Qeyd olundu ki, yeni sayğacların quraşdırılması istehlak olunan elektrik enerjisinin dəyərinin ödənilməsinə də müsbət təsir göstərmişdir. Elə hazırda ölkə ərazisində yığımın səviyyəsinin 92 faizdən yüksək olması da bunu sübut edir.
Mətbuat konfransında kütləvi informasiya vasitələri nümayəndələrinin çoxsaylı sualları da ətraflı cavablandırıldı. Sonda bu il ali məktəblərin energetika ixtisası üzrə qəbul imtahanlarında 500-dən artıq bal toplamış gənclərə, eləcə də jurnalistlərə "Azərenerji" ASC tərəfindən xüsusi mükafatlar təqdim olundu.

{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında