Azərbaycanda neftçıxarmanın səviyyəsinin sabit saxlanılması, qaz hasilatının isə artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu məqsədlə ən son texnika və texnologiyalardan istifadə edilməklə dənizdə və quruda unikal platformalar quraşdırılır, sürətli qazma işləri aparılır, yeni-yeni neft və qaz quyuları istismara verilir.
Hazırda ölkəmizin quru və dəniz əraziləri üzrə 25-ə yaxın yataqda beynəlxalq standartların tələblərinə uyğun olaraq yeni texniki vasitələr və texnologiyalardan istifadə edilməklə, ətraf mühitə ziyan vurmadan və digər amillər nəzərə alınmaqla axtarış-kəşfiyyat və istismar-qazma işləri aparılır. Qazma işləri Quba-Xəzəryanı, Aşağı Küryanı, Abşeron neftli-qazlı rayonlarında, dəniz akvatoriyası üzrə isə Bakı və Abşeron arxipelaqında həyata keçirilir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) rəhbərliyinin qazma işlərinin aparılmasına xüsusi diqqətlə yanaşması qazmaçıları ölkəmizin iqtisadi qüdrətinin artırılması və neft sənayesinin inkişafı naminə daha böyük əzmlə çalışmağa sövq edir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2015-ci ilin avqust ayı ərzində SOCAR üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 9643 metr qazma işi həyata keçirmişdir. Bu sahədə görülmüş işlərin hamısı istismara aid olmuşdur. Bütövlükdə isə 2015-ci ilin yanvar-avqust aylarında SOCAR üzrə 73 min 963 metr qazma işi (müştərək müəssisələrin və əməliyyat şirkətlərinin apardıqları qazma işləri bu göstəriciyə aid deyil) görülmüşdür ki, bunun da 7296 metri istismara, 1000 metri isə kəşfiyyata aid olmuşdur. Yeri gəlmişkən, bu ilin avqust ayı ərzində qazmadan alınmış 3, ilin əvvəlindən isə 45 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilmişdir. Müqayisə üçün qeyd edək ki, 2014-cü ilin eyni dövründə SOCAR üzrə 89 min 375 metr qazma işi həyata keçirilmişdi ki, bunun 87 min 747 metrini istismar, 1628 metrini isə kəşfiyyat qazması təşkil etmişdi.
Azərbaycanın dəniz yataqları arasında öz zənginliyi ilə seçilən “Neft Daşları” yatağında da qazma işlərinə diqqət xeyli artırılmışdır. Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev adıçəkilən yataqda neft hasilatının 1 milyon 200 min tona çatdırılmasını ölkə neftçilərinin qarşısında mühüm vəzifə kimi qoymuşdur. Son illər ölkə Prezidentinin tapşırığını əldə rəhbər tutan Dövlət Neft Şirkəti tərəfindən “Neft Daşları” yatağında yeni stasionar özüllər inşa olunur, mövcud özüllərdə əsaslı təmir və genişləndirmə işləri həyata keçirilir, çoxsaylı quyular qazılır.
Dünya üzrə açıq dənizdə neftçıxarmanın əsası qoyulduğu “Neft Daşları” yatağının istismara verilməsindən 66 ilə yaxın vaxt ötür. İlin əvvəlki aylarında olduğu kimi, avqust ayında da burada qazma işləri sürətlə davam etdirilib. Belə ki, ötən ay “Neft Daşları” yatağındakı 2585 nömrəli stasionar dəniz özülündən 2604 nömrəli quyu qazmadan sonra istismara verilib. Kompleks Qazma İşləri Tresti tərəfindən Fasilə lay dəstəsinə qazılan quyu fontan üsulu ilə 2151-2141 metr intervaldan sutkalıq 34 ton neft hasilatı ilə istismar fonduna daxil edilib. Bundan əlavə, avqust ayında adıçəkilən yataqdakı 2595 nömrəli stasionar dəniz özülündən yeni bir quyu qazmadan sonra istismar fonduna qəbul edilib. Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki üstü qumlu lay dəstəsinə qazılan 2585 nömrəli quyu qazlift üsulu ilə məhsul verib. Yeni quyu 2264-2249 metr intervaldan sutkalıq 20 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Xatırladaq ki, hər iki quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.
Hazırda isə “Möcüzələr adası”ndakı 418A saylı estakadayanı meydançadan 2613 nömrəli quyuda qazma işləri uğurla davam etdirilir."Azneft" İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 1370 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil etmək mümkün olacaq. Quyuda istismar işləri isə “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçiriləcək.
“Azneft” İstehsalat Birliyi üzrə neftin 65 faizindən çoxunun hasil olunduğu “Günəşli” yatağında da bu ilin ötən dövrü ərzində qazma işləri uğurla davam etdirilmişdir. Bununla yanaşı, ölkəmizin neft-qaz sənayesində mühüm əhəmiyyətə malik “Günəşli” yatağında yeni quyular qazılmaqla yanaşı, fəaliyyətsiz fondda olan quyular da geoloji-texniki tədbirlər aparılmaqla istismara qaytarılır. Belə ki, ötən ay adıçəkilən yataqdakı 14 nömrəli dərin dəniz özülündən istismar olunan 412 nömrəli quyu məhsuldar qatın X horizontundan əlavə süzgəc açıldıqdan sonra qazlift üsulu ilə məhsul vermişdir. Quyu 2887-2880 metr intervaldan sutkalıq 25 ton neft hasilatı ilə istismar fonduna qəbul edilmişdir. Burada daha bir quyu 13 nömrəli dərin dəniz özülündən istismara daxil edilmişdir.
Geoloji tədbirdən sonra istismara verilən 80 nömrəli quyu Qirməki üstü qumlu lay dəstəsindən 3075-3052 metr intervaldan məhsul verir. Quyudan sutkada 100 min kubmetr qaz hasil ediləcək. Ötən ay “Günəşli” yatağının dayazsulu hissəsindəki 8-ci özüldən aparılmış geoloji tədbirdən sonra istismara verilmiş 303 nömrəli quyu isə məhsuldarlığı ilə daha çox diqqət çəkir. Belə ki, həmin quyu Fasilə lay dəstəsindən əlavə süzgəc açıldıqdan sonra 2975-2960 metr intervaldan sutkalıq 17 ton kondensat və 163 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilmişdir.
Avqust ayında “Günəşli” yatağında daha bir quyu isə əsaslı təmirdən sonra istismara qaytarılmışdır. Buradakı 3 nömrəli dərin dəniz özülündən istismar fonduna qəbul edilən 117 nömrəli quyu 2710-2701 metr intervaldan gündə 50 ton neft verəcək. Quyu məhsuldar qatın X horizontundan qazlift üsulu ilə istismar olunacaq. Xatırladaq ki, hər dörd quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.
Bu ilin ötən dövründə “Günəşli” yatağının dayaz sulu hissəsində SOCAR-AQŞ birgə müəssisəsi tərəfindən də qazma işləri xeyli intensivləşdirilmişdir. Ötən ay müəssisə 11 saylı stasionar dəniz özülündən layihə dərinliyi 3190 metr olan 345 saylı quyunun tikintisi işlərini təhlükəsiz, ətraf mühitə heç bir ziyan vurmadan və vaxtından əvvəl uğurla yekunlaşdırmışdır. “Günəşli’’ yatağının dayaz sulu hissəsində qazılan quyunun faktiki dərinliyi 3203 metr təşkil edir. Fasilə lay dəstəsinə qazılan quyuya istismar kəmərı endirilmiş, sementlənmiş və kipliyi yoxlanılmışdır. Quyu avqustun 27-də sifarişçiyə təhvil verilmişdir.
Məlumat üçün qeyd edək ki, sifarişçi tərəfindən “Fasilə” lay dəstəsinə qazılan quyuların qazma ilə yekunlaşdırılması üçün ən azı 90 gün vaxt müəyyən edilsə də, əməliyyatlarında yeni idarəetmə üsulları, yeni texnologiya, standartlar və yeni yanaşma tətbiq edən SOCAR-AQŞ sifarişçi tərəfindən təyin edilən müddəti xeyli qabaqlamağa müvəffəq olmuşdur.
Cari ilin avqust ayında “Bulla-dəniz” yatağındakı 122 nömrəli stasionar dəniz özülündən 125 nömrəli quyuda qazma işlərinə başlanılıb. Xatırladaq ki, layihə dərinliyi 6200 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən məhsuldar qatın VIII horizontuna qazılır. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 150 ton kondensat və 800 min kubmetr qaz hasil ediləcək. Quyuda istismar işləri isə “Azneft” İB-nin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçiriləcək.
Bu yaxınlarda isə Kompleks Qazma İşləri Tresti “Pirallahı adası-quru”, “Çandahar-Zarat”, “Səadan”, “Darvin bankası” və “Pirallahı-dəniz” yataqlarında da yeni quyular qazmağa başlayıb. Trest tərəfindən “Abşeronneft” NQÇİ-nin sifarişi ilə “Pirallahı adası-quru” yatağında Qirməki altı lay dəstəsinə qazılan 1188 nömrəli quyunun layihə dərinliyi 800 metr, “Pirallahı-dəniz” yatağındakı 1140 nömrəli meydançadan Qirməki altı lay dəstəsinə qazılan 1146 nömrəli quyunun layihə dərinliyi 890 metr, “Darvin bankası” yatağında 740 nömrəli meydançadan Qirməki altı lay dəstəsinə qazılan 742 nömrəli quyunun layihə dərinliyi isə 1150 metrdir.
Bundan başqa, “Siyəzənneft” NQÇİ-nin sifarişi ilə “Çandahar-Zarat” yatağında 1838 və “Səadan” yatağında 1808 nömrəli quyularda da qazma işlərinə start verilib. Maykop lay dəstəsinə qazılan quyuların layihə dərinlikləri müvafiq olaraq 1250 və 1400 metrdir. Geoloqların hesablamalarına əsasən, quyuların hər birindən sutkada 4-5 ton neft hasil edilməsi nəzərdə tutulur.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.