Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr olunmuş müşavirədə çıxış edən dövlətimizin başçısı bildirib ki, dünyada dərin iqtisadi və maliyyə böhranı davam edir. Xüsusilə, Avrasiya məkanında bu böhran daha da ciddi vəziyyət alıb. Hazırda həm Avropada, həm də Asiyada iqtisadi tənəzzül müşahidə olunur. Bunun müxtəlif obyektiv və subyektiv səbəbləri var. Bunları yəqin ki, təhlilçilər araşdırırlar. Bu, bizim işimiz deyil. Bizim işimiz ondan ibarətdir ki, ölkə iqtisadiyyatını dünyada gedən mənfi proseslərdən maksimum dərəcədə qoruyaq. Biz bunu uğurla bacarırıq, ölkəmizin təhlükəsizliyini, sabitliyini, iqtisadi inkişafını təmin edirik.
Bu gün dünyada neftin qiyməti kəskin şəkildə aşağı düşüb. Ancaq bu, ölkəmizin dinamik inkişafına öz mənfi təsirini gəstərə bilməyib. Çünki qeyri-neft sektorunun yüksəlişinə xüsusi önəm verilməsi, şaxələndirmə siyasəti, bununla bağlı həyata keçirilən tədbirlər Azərbaycanın bu vəziyyətdən minimum itkilərlə çıxmasına münbit şərait yaradıb. Şübhəsiz ki, dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi gəlirləri də azaldıb. Bununla bağlı Prezident İlham Əliyev müşavirədə deyib: “Keçən il neftin qiyməti 100 dollardan yuxarı idisə, bu gün 50 dollardan aşağıdır, iki dəfədən çox düşübdür. Ancaq biz çalışırıq və çalışacağıq ki, Azərbaycan xalqı bundan əziyyət çəkməsin. Bütün sosial proqramlar, sosial infrastruktur layihələri icra edilir və insanların təhlükəsizliyi, sosial müdafiəsi təmin olunur”.
Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının bir çox sahələrində, xüsusilə də qeyri-neft sektorunda son illər nəzərə çarpan yüksəliş bir tərəfdən ölkəmizin geniş inkişaf potensialını əks etdirir, digər tərəfdən isə bu potensialdan tam istifadə olunması məqsədilə əlavə tədbirlərin həyata keçirilməsi zərurətini ortaya qoyur. Yaxın illərdə qarşıda duran əsas məsələlərdən biri də iqtisadiyyatda karbohidrogen ehtiyatlarından asılılığı aradan qaldırmaq və iqtisadi artımı qeyri-neft sektorunun, o cümlədən onun aparıcı tərkib hissəsi olan sənaye sektorunun hesabına təmin etməkdir. Sənayenin inkişafının innovasiyalar əsasında təmin olunması, texnoparkların sənayeləşmədə strateji layihələr kimi yer alması Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2020 – gələcəyə baxış” İnkişaf Konsepsiyasında da başlıca hədəflər sırasındadır.
Qeyri-neft sektorunun dinamik inkişafı bu ilin ötən aylarında da diqqət mərkəzində saxlanılıb. Ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə xüsusi önəm verilib. Texnoparkların, yeni sənaye müəssisələrinin yaradılması davam etdirilib, ixrac yönümlü sənaye məhsullarının istehsalı genişləndirilib, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması xüsusi diqqətdə saxlanılıb. Bütün bunlar şübhəsiz ki, ölkəmizin gələcək inkişafını sürətləndirəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını müəyyən edəcək.
Dövlətimizin başçısı İlham Əliyev müşavirədə son illər Azərbaycanın sosial – iqtisadi inkişafında əldə edilən uğurlardan da bəhs edib: “Bu ilin ilk yarısının yekunları deməyə əsas verir ki, biz cari ili çox yüksək nəticələrlə başa vuracağıq. Ümumi daxili məhsul, təxminən, 6 faiz artmışdır. Qeyri-neft iqtisadiyyatı 9 faizdən çox artmışdır. İnflyasiya çox aşağı səviyyədədir. Kənd təsərrüfatı 7,3 faiz artmışdır. Qeyri-neft sənayesi 14 faiz artmışdır. Yəni, bu, böhranlı ildə əldə edilən nailiyyətlərdir və dünya miqyasında buna bənzər yüksək nəticələr görmək çox çətindir. Yenə də nəyə görə? İlk növbədə, bizim güclü siyasi iradəmiz var və biz öz siyasətimizi ancaq Azərbaycan xalqının maraqları üzərində qurmuşuq. İkincisi, biz uzun illər düşünülmüş iqtisadi siyasət əsasında islahatlar aparmışıq. Bu islahatlar bu gün beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Onu da qeyd etməliyəm ki, bu il “Fitch” reytinq agentliyi Azərbaycanın sabit reytinqini bir daha təsdiqləyib. Bizim “BBB” səviyyəsində reytinqimiz var. Bu da çox böyük nailiyyətdir...”.
Əlbəttə, bütün bu uğurlar Prezident İlham Əliyevin müdrik siyasətinin məntiqi nəticəsidir. Eyni zamanda, bu, xalqın birmənalı şəkildə Prezident İlham Əliyevin arxasında dayanması, taleyini bu müdrik dövlət başçısına bağlaması ilə bağlıdır. Bu da təsadüfi deyil. Çünki Prezident İlham Əliyev ölkəmizin bugünkü inkişafını təmin etmək, xoşbəxt gələcəyini qurmaq yolunda göstərdiyi xidmətlərinə görə xalqımızın dərin rəğbət və məhəbbətini qazanıb. Ötən 12 ildə möhtərəm dövlət başçımız ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar şəraitində yaradıcı şəkildə məharətlə inkişaf və davam etdirib. Cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarıb.
Müasir dünyada dövləti lazımi səviyyədə idarə etmək, geosiyasi təlatümlərdən, iqtisadi böhranlardan çıxarmaq üçün çox yüksək səriştə və siyasi iradə lazımdır. Azərbaycan xalqı üçün tarixi bir şansdır ki, bu gün ölkəmizə cənab İlham Əliyev kimi dərin zəkaya, analitik təfəkkürə malik olan, dünyada gedən siyasi- iqtisadi prosesləri yaxşı bilən siyasətçi və dövlət xadimi rəhbərlik edir. Cənab İlham Əliyev öz vətənini, xalqını sevən, azərbaycançılıq amalını qəlbində daşıyan bir rəhbərdir.
Son 12 ildə neft gəlirləri əsasında yaradılmış möhkəm maliyyə-iqtisadi baza hesabına qeyri-neft sektorunun dinamik inkişafı və ölkə iqtisadiyyatının diversifikasiyası, özəl sektorun inkişafına hərtərəfli dövlət dəstəyi, regionların tarazlı inkişafı, keyfiyyətli insan kapitalının formalaşdırılması, səmərəli beynəlxalq iqtisadi əməkdaşlıq, dünya iqtisadiyyatına inteqrasiya və son nəticədə ölkəmizin hər bir vətəndaşının rifahının yüksəldilməsi ilə bağlı müsbət dəyişikliklər baş verib. Azərbaycan iqtisadiyyatı bu dövr ərzində öz dinamik inkişafını qoruyub saxlayıb. İqtisadi inkişaf tempinə görə, hazırda dünyanın 10 aparıcı ölkəsi sırasındayıq. Azərbaycan artıq keçid dövrünü tamamilə başa vurub. Orta gəlirli dövlətlər siyahısında öz mövqeyini daha da möhkəmləndirib. Minilliyin İnkişaf Məqsədləri üçün dünyanın 128 ölkəsi sırasında yoxsulluğun 5 faizdən aşağı endirilməsi öhdəliyini götürən və bunu reallaşdıran 18 dövlətdən biriyik.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən müddət ərzində regionlarda infrastrukturun yenidən qurulması və inkişafı, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilib. Bəli, bu, Azərbaycanın öz iqtisadiyyatını sadəcə neft amili üzərində qurmadığını, əldə olunmuş uğurlu nəticələrdə qeyri-neft sektorunun mühüm paya malik olduğunu təsdiqləyib. İqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində ölkəmizdə qeyri-neft sektorunun dinamik inkişafı davam edib.
Qeyri-neft sektorunun sürətli yüksəlişi həm də daxili investisiyaların həcminin artımında özünü göstərib. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxan, özünü doğruldan bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir.
Azərbaycan Prezidenti sözügedən müşavirədə gələn ilin büdcəsi ilə bağlı məsələyə də münasibət bildirib: “Bir neçə gün bundan əvvəl hökumətin iclasında gələn ilin büdcəsi müzakirə edilmişdir. Mənə artıq məruzə edilib. Biz bu məsələni daha da geniş müzakirə edəcəyik. Demək istəyirəm ki, gələn ilin büdcəsi real vəziyyəti nəzərə almalıdır. Gələn ilin büdcəsi daha çox sosialyönümlü büdcə olmalıdır”.
Yeri gəlmişkən, “Büdcə sistemi haqqında” Qanuna, habelə respublikamızın 2015-2018-ci illəri əhatə edən sosial-iqtisadi inkişaf konsepsiyasına uyğun olaraq hazırlanan son illərin dövlət büdcələri sosial mahiyyət daşıması ilə daha çox diqqət çəkir.
Son 12 il ərzində Azərbaycanın dövlət büdcəsi gəlirlərinin strukturu real inkişaf dinamikası barədə dolğun mənzərə yaradır. Səmərəli iqtisadi islahatların nəticəsi olaraq dövlət büdcəsi gəlirlərinin illik artım tempi dünya üzrə ən yaxşı göstəricilərdən sayılır. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, 2003-cü ildən Azərbaycanda büdcə gəlirlərinin orta illik artımı 20-30 faiz təşkil edib və bu da regionda ən yüksək göstəricilərdən sayılır.
Son illərin dövlət büdcələri respublikamızın qarşıya qoyduğu strateji hədəflərə doğru inamla irəliləyən ölkə olduğunu bir daha təsdiqləyir. Büdcə hazırlanarkən qeyri-neft sektorunun inkişafı, makroiqtisadi sabitliyin təmini, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, ixrac qabiliyyətinin artırılması, regionların davamlı və tarazlı inkişafının təmin edilməsi, sosialyönümlü siyasətin prioritetliyinin qorunub saxlanılması, maliyyə intizamının gücləndirilməsi, şəffaflığın artırılması kimi məsələlərə daha çox önəm verilir.
Gələn ilin dövlət büdcəsinin də sosialyönümlü xarakterdə olacağı təsadüfi deyil. Çünki son illər ölkəmizdə əhalinin etibarlı sosial müdafiəsinin, habelə vətəndaşların yüksək rifah halının təmini istiqamətində həyata keçirilən ardıcıl tədbirlər respublikamızın milli inkişaf modelinin sosialyönümlü səciyyə daşıdığını tam təsdiqləyib. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması məqsədilə reallaşdırılan islahatlar yoxsulluğun səviyyəsinin azaldılmasına, əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliliyinə imkan verib.
Hökumətin müxtəlif kateqoriyaları əhatə edən vətəndaşların sosial ehtiyaclarının dolğun şəkildə ödənilməsinə xidmət edən iqtisadi siyasəti ümumən insan amilinin inkişafına təkan verir. Respublikanın dövlət büdcəsinin strukturuna əsasən, obyektiv səbəblərdən çalışmaq və zəhmətdən gəlir əldə etmək imkanından məhrum olmuş vətəndaşların problemləri xüsusi diqqət mərkəzində saxlanılır. Hökumət azad iqtisadi münasibətlərə, azad rəqabətə, özəl mülkiyyətçiliyə və sahibkarlığın inkişafına zəruri kömək göstərməklə yanaşı, cəmiyyətdə himayəyə, dəstəyə ehtiyacı olan təbəqəni də nəzərdən qaçırmır.
Azərbaycan Prezidenti müşavirədə gələn ilin büdcəsi ilə bağlı məsələ barədə fikir bildirərkən, mühüm bir məqama da münasibət bildirib: “Əlbəttə ki, ən böyük prioritet təşkil edən investisiya layihələri də icra edilməlidir. Ancaq prioritet olmayan, o qədər də vacib xarakter daşımayan layihələri biz büdcə proqramına, investisiya proqramına salmamalıyıq. İsrafçılığa yol verilməməlidir. Maliyyə nizam-intizamı daha da gücləndirilməlidir və çalışmalıyıq ki, vəsaitə qənaət edək. Bütün ölkələr indi bu siyasəti aparır və biz də bu siyasəti daha da ciddi şəkildə aparmalıyıq.
Əvvəlki illərdə biz daha çox çalışırdıq ki, ölkə qarşısında duran bütün sosial-iqtisadi məsələləri tezliklə həll edək. Məhz ona görə biz bəzi hallarda o qədər də böyük prioritet təşkil etməyən layihələrə də vəsait ayırırdıq ki, inkişaf daha da sürətlə getsin. Çünki görüləsi işlər kifayət qədər çox idi. Ancaq bu gün biz əsas infrastruktur layihələrini icra etmişik, bəziləri davam edir. Ancaq burada köklü şəkildə çox ciddi dönüş yaranıbdır. Sosial infrastruktur layihələrinin bir çoxunu icra etmişik. Ölkədə sahibkarlığın, biznesin inkişafı üçün möhkəm zəmin yaradılıbdır – infrastruktur layihələri, kreditləşmə və əlbəttə ki, dövlət siyasəti. Ona görə biz gələn ilin büdcəsinə çox diqqətlə baxmalıyıq. Yenə də demək istəyirəm ki, orada ən əsas məsələlər öz həllini tapacaq.
İlk növbədə, qeyd etməliyəm ki, bütün sosial proqramlar ixtisarsız icra ediləcəkdir. Azərbaycan vətəndaşları əmin ola bilərlər ki, burada heç bir ixtisar ola bilməz. Mən onu da qeyd etməliyəm ki, sosial infrastruktur layihələri icra olunacaqdır. Məktəb tikintisi, uşaq bağçalarının, xəstəxanaların tikintisi davam edəcək. Eyni zamanda, sosial siyasətlə bağlı institusional islahatlar davam etdiriləcək. Onu da deməliyəm ki, dərman preparatları bazarının tənzimlənməsi işində biz çox ciddi dönüşə nail olduq və sentyabrın 15-dən sonra hər bir Azərbaycan vətəndaşı bunu hiss edəcək. Dərmanların qiymətinin orta hesabla 2-3 dəfə aşağı salınması təmin edilibdir".
Azərbaycan Prezidenti müşavirədə ölkədə idarəetmə sahəsində islahatların daha da dərinləşməsinin zəruriliyinə də toxunub: “Korrupsiyaya, rüşvətxorluğa qarşı daha da ciddi mübarizə aparılmalıdır. Bu yaxınlarda imzaladığım fərman əsasında “ASAN xidmət”ə yeni funksiyalar verilibdir. Mənzil-kommunal təsərrüfatının vəziyyətini hər bir Azərbaycan vətəndaşı bilir: nə qədər qanunsuz tələblər irəli sürülür, insanları nə qədər incidirlər. İndi “ASAN xidmət”də hər şey asan olacaq”.
Bəli, bu bir həqiqətdir ki, Azərbaycanda dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə əhəmiyyətli işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər bürokratik əngəllərin və korrupsiya hallarının aradan qaldırılmasına öz müsbət təsirini göstərib. 2012-ci il iyul ayının 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) yaradılması ilə bu sahədə mühüm islahata imza atılıb.
Xatırladaq ki, hazırda “ASAN xidmət”ın adı vətəndaşla dialoq göstəricisinə görə dünyanın lider mərkəzləri sırasında çəkilir. Bir müddət bundan əvvəl “ASAN xidmət”ın yaydığı məlumatda bildirilirdi ki, tanınmış konsaltinq və audit şirkəti “Pricewaterhouse Coopers” (PwC) dünyanın 18 iri şəhərində yerləşən və “bir pəncərə” prinsipi ilə dövlət xidmətlərinin göstərildiyi çoxfunksiyalı mərkəzlərin (ÇFM) işini təhlil edərək “ASAN xidmət”in fəaliyyətini növbələrin idarə olunmasına, vətəndaşla dialoq göstəricisinə görə yüksək qiymətləndirib.
Dövlətimizin başçısı çıxışında nəqliyyat sektorunda da ciddi pozuntuların olduğunu, insanların incidildiyini, onların qarşısına əsassız tələblər qoyulduğunu xatırladaraq artıq bu sahənin bir hissəsinin “ASAN xidmət”ə verildiyini diqqətə çatdırıb. Eyni zamanda, gələcəkdə hər bir sahədə “ASAN xidmət”in standartlarının olması zəruriliyini vurğulayıb.
Ölkə Prezidenti çıxışının sonunda deyib ki, mən Azərbaycanın uğurlu inkişafı ilə bağlı heç bir problem görmürəm. Azərbaycan 2016-cı ildə də uğurla inkişaf edəcək, ölkə qarşısında duran bütün vəzifələr gerçəkləşəcək. Sadəcə olaraq, hökumət ilin sonuna qədər, xüsusilə, gələn ilin xərcləri, investisiya proqramı, maliyyə vəziyyəti ilə bağlı daha da ciddi işləməli, yeni təkliflər verməlidir. Ən əsas məsələ ondan ibarətdir ki, gələn ilin büdcəsi balanslaşdırılan, reallığı əks etdirən və lazımsız xərclərə yol verməyən bir büdcə olmalıdır.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.