Sentyabrın 8-də Bakıda Dünya Gömrük Təşkilatının 10-cu illik PICARD (“Gömrük sahəsində akademik araşdırmalar və inkişaf üzrə əməkdaşlıq proqramı”) konfransı öz işinə başlayıb. Konfransda Azərbaycan da daxil olmaqla 53 ölkədən 241 nümayəndə, 21 beynəlxalq və regional təşkilat, o cümlədən 3 Nobel mükafatçısı iştirak edirlər.
Konfransın açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev müstəqil Azərbaycanın Gömrük Xidmətinin yaradılmasının 1992-ci ilə təsadüf etdiyini deyib. Bildirib ki, buna baxmayaraq Azərbaycan qədim İpək yolunun üzərində olduğu üçün ölkəmizin bu sahədə min illik təcrübəsi var. Müstəqil Gömrük Xidməti yaradılandan sonra hər yerdə əsas faktor olan, onun müvəffəqiyyətlə həyata keçirilməsi üçün əsas amillər - hüquqi bazanın yaradılması, maddi-texniki imkanların möhkəmləndirilməsi və ən əsası isə kadrların hazırlanması, onların peşəkarlıq səviyyəsinin artırılması diqqət mərkəzində saxlandı.
Gömrük sahəsində professional səviyyənin artırılması və gömrüyün praktiki təcrübəsinin elmi əsaslarla birləşdirilməsi zərurətinin bu gün gündəmdə olan ən vacib məsələlərdən olduğunu deyən A.Əliyev qeyd edib ki, gömrük işinin min illik tarixi var. Çünki ticarət mübadiləsi, beynəlxalq ticarət gündəmə gələn vaxtdan gömrük sahəsində işlər - o vaxtkı adı ilə vergitutma bazası, yüklərin sərhəddən keçirilməsi və digər məsələlər gündəmdə olmuşdu. Qloballaşan dünyada və ticarət həcminin artması ilə bağlı, eyni zamanda gömrük sahəsində hüquqpozmaların çoxalması ilə əlaqədar iqtisadi təhlükəsizliyin təmin olunmasında gömrüyün üzərinə düşən vəzifələrlə bağlı gömrük orqanlarının dünyadakı vəzifələri artıq getdikcə böyüyür və məsuliyyət artır.
Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov deyib ki, ölkəmizin tarixən müxtəlif mədəniyyət və sivilizasiyaların kəsişdiyi ərazidə yerləşməsi respublikamıza Şimal-Cənub və Qərb-Şərq arasında körpü rolunu oynamasına əlverişli şərait yaradıb. O bildirib ki, tarixi böyük İpək yolunun Azərbaycandan keçməsi dünya ticarəti ilə intensiv şəkildə əlaqə yaradılmasında müstəsna rol oynayıb və ölkə ərazisində müasir tələblərə cavab verən gömrük işinin formalaşması istiqamətində mühüm addımların atılmasına səbəb olub.
“Müasir qloballaşan dünyada nailiyyətlərin əldə olunması və iqtisadiyyatın inkişaf etdirilməsi mühüm amillərdəndir. Hazırkı dövrdə güclü iqtisadiyyata malik olmaq üçün bir sıra sahələrlə yanaşı gömrük sahəsinin də inkişaf etdirilməsi mühüm məsələdir. Bu baxımdan gömrük sahəsində potensialın inkişaf etdirilməsi, elmi və təcrübi biliklərə nail olunması istiqamətlərində görülən işlər daim diqqət mərkəzində olmalı, gömrükçülərin peşə biliklərinin artırılması istiqamətində zəruri addımlar atılmalıdır. Gömrük orqanlarının potensialının gücləndirilməsi, qlobal ticarət zəncirinin təhlükəsizliyinin təmin edilməsi və iqtisadi nailiyyətlərin əldə olunması gömrük işi sahəsində islahatların aparılmasını ehtiva edir”, - deyə Azərbaycanın Baş nazirinin müavini vurğulayıb.
A.Şərifov qeyd edib ki, hər bir ölkənin həm siyasi, həm də iqtisadi cəhətdən inkişaf etməsi üçün güclü təhsilə malik potensialı və savadlı kadrları olmalıdır. Dünya Gömrük Təşkilatının devizi olan “Bilik gömrüyün təkmilləşdirilməsində katalizatordur” ifadəsi həqiqətən də yerinə düşür. Bu baxımdan dövlətin iqtisadi maraqlarının mühafizəsini təmin edən gömrük orqanları daim öz potensialını gücləndirməli, elm və təhsil sahəsində innovasiyalara yiyələnməli və qabaqcıl təcrübi biliklərə malik olmalıdırlar.
Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya konfransın əhəmiyyətindən danışaraq, belə bir mötəbər tədbirin, o cümlədən də PICARD-ın 10-cu yubiley yığıncağının Bakıda keçirilməsini əlamətdar hadisə adlandırıb. Qeyd edib ki, regional inteqrasiyada əsas məsələ regional miqyasda belə təchizat zəncirinin formalaşdırılması və bunun növbəti mərhələlərdə daha da inkişaf etdirilməsi üçün gömrük iqtisadi sistemlərə, həmçinin ölkələrin rəqabət gücünün artırılmasına və möhkəmləndirilməsinə öz töhfəsini verməlidir. Gömrük prosedurlarından gələn daxilolmaların vacib olduğunu deyən K.Mikuriya bu daxilolmaların səmərəli və ədalətli qaydada yığılmasının vacibliyinin hər zaman gündəmdə saxlanılmasının əhəmiyyətini qeyd edib.
“Gömrük xidmətləri arasındakı əməkdaşlıq əldə edilən məlumatları daha da zənginləşdirir və bu məlumat əsasında qeyri-qanuni əməllərə qarşı mübarizə daha da gücləndirilir, səmərəli qaydada həyata keçirilməsinə isə müsbət şərait yaradır. Sərhədləri əlaqələndirilmiş qaydada idarəetmə isə qarşıda duran əsas məsələlərdən biridir. Burada söhbət təkcə qeyri-qanuni hallarla mübarizədən getmir, biz həmçinin qanuni ticarətin asanlaşdırılmasına öz töhfələrimizi verməliyik. Yəni bizdə yeni baxış olmalıdır. Əminəm ki, bu konfrans gömrük sahəsində qeyd edilən həmin məsələlərin ətraflı müzakirə olunmasına, qarşılıqlı dialoqa və fikir mübadiləsinə imkan yaradacaq”, - deyə Dünya Gömrük Təşkilatının baş katibi vurğulayıb.
Koreya Respublikasının Gömrük Xidmətinin sədr müavini Don-Hyunq Linin isə deyib ki, dünyada gömrük xidməti və gömrük rəsmiləri qarşısında böyük tələblər, vəzifələr var. Bunun üçün də, ticarətə arxa olunmalı, təhlükəsizlik təmin edilməli, malların ticarəti asanlaşdırılmalı, o cümlədən də gömrük rəsmiləşdirilməsi daha münasib tərzdə aparılmalıdır.
“Lakin bu yeni çağırışlar yaradır. Belə ki, ticarət həcminin artırılması artıq sərhədləri aşaraq və ya bir sərhədi keçərək müəyyən əmtəələrin, xidmətlərin çatdırılması məsələsini qarşımızda əsas məqsəd qoyur. Əlbəttə bu, xarici ticarət əməliyyatlarının geniş şəkildə və sürətlə artmasına gətirib çıxarır. Məhz ona görə, Ümumdünya Ticarət Təşkilatının ticarətin asanlaşdırılması ilə bağlı Sazişinin daha sürətli qaydada həyata keçirilməsini təmin etmək üçün qarşımızdakı bütün vəzifələrin öhdəsindən gəlməliyik və bütün potensialımızı səfərbər etməliyik”, - deyə Koreya Respublikasının Gömrük Xidmətinin sədr müavini deyib.
O bildirib ki, ictimaiyyətin sağlamlığı və ölkənin təhlükəsizliyi məsələləri heç bir halda, heç vaxt gündəmdən çıxarılmamalı və nəzərdən qaçmamalıdır. Ayrı-ayrılıqda heç bir gömrük xidməti bu vəzifələrin öhdəsindən gələ bilməz. Məhz ona görə də, gömrük xidmətləri birgə işləməli, bu siyasəti və sistemləri müştərək qaydada yaradıb ərsəyə gətirməlidirlər. Bunun üçün də, həm dövlət, həm özəl, həm də akademik dairələrin nümayəndələri dərin və geniş müzakirələrə cəlb edilməlidirlər. Bakıda keçirilən 10-cu PICARD konfransı gömrük qarşısında olan genişçeşidli məsələlərin müzakirəsinə əlverişli şərait yaradır. Burada dəyər zənciri, o cümlədən də mal əmtəəsinin təhlükəsizliyi barədə geniş fikir mübadiləsi aparılır.
Konfransda Nobel mükafatı laureatı, Harvard Universitetinin (ABŞ) professoru Erik Maskin “Niyə qlobal bazarlar inkişaf etməkdə olan ölkələrdə bərabərsizliyi azalda bilmədi?” və Beynəlxalq Vergi və Tərəqqi Mərkəzinin baş direktoru (Birləşmiş Krallıq) Mik Mur isə “Beynəlxalq əməkdaşlıq: ticarət və vergilərin müqayisəsi” adlı əsas məruzələrlə çıxış ediblər.
Çıxışlar ətrafında geniş fikir mübadiləsi aparılıb və məruzəçilərə çoxsaylı suallar ünvanlanıb.
Daha sonra konfrans “Gömrük əməkdaşlarının təşviq edilməsi amilləri” və “Qlobal dəyər zəncirləri” adlı sessiyalarla işini davam etdirib və bu mövzularda məruzələr dinlənilib.
Konfrans sentyabrın 11-dək davam edəcək.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.