Müasir dövrdə hər bir ölkənin iqtisadi vəziyyəti və gələcəyi elmi inkişafın səviyyəsindən birbaşa asılıdır. Buna görə də, inkişaf etmiş ölkələrdə iqtisadiyyatın inkişafında innovasiya siyasətinin formalaşması əsas məsələlərdən biri hesab olunur. Qeyri-neft sektorunu prioritet istiqamət elan etmiş Azərbaycan dövləti də innovasiyalara əsaslanan iqtisadiyyatın inkişafı üçün fəaliyyətini gücləndirməkdə və milli iqtisadiyyatda uzunmüddətli artım tempinin saxlanılmasına şərait yaradacaq addımları atmaqda davam edir.
Ümumiyyətlə, Azərbaycanda innovasiya prosesləri hökumətin sosial-iqtisadi siyasətinin mühüm tərkib hissəsi olan innovasiya siyasəti ilə tənzimlənir. Bu məqsədlə ölkədə investisiya mühitinin daha da yaxşılaşdırılmasına kömək edəcək Dövlət Proqramı da qəbul olunmuşdur. “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə Elmin inkişafı üzrə Milli Strategiya” adlanan həmin dövlət proqramında innovasiya mərkəzlərinin, texnoloji biznes-inkubatorların, texnoparkların yaradılmasını əhatə edən innovasiya infrastrukturunun formalaşdırılması vacib vəzifə kimi qarşıya qoyulmuşdur. Bu mühüm vəzifələrin yerinə yetirilməsində isə qeyd olunan innovasiya infrastrukturunun elementlərindən biri olan informasiya-kommunikasiya texnologiyaları (İKT) profilli texnoparkların fəaliyyəti böyük rol oynayır. Bir və ya bir neçə universitet, həmçinin, elmi-tədqiqat mərkəzləri ilə birbaşa və ya ortaq fəaliyyətləri ilə əlaqədar olan texnopark, tərkibində elmi nəticələrə və yüksək texnologiyalara əsaslanan şirkətlərin qurulması və inkişafına təşəbbüs göstərmək üçün təsis edilir.
Texnoparkda fəaliyyət göstərən şirkətlərə innovativ elmi nəticələrin transfer edilməsi və işin idarə olunması sahələrində dəstək verilir. Bu proseslərdə bütün yanaşmalar təşəbbüskarlıq və müəllif hüquqlarının qorunması müstəvisində həyata keçirilir. Texnopark yeni ideyaların formalaşmasından başlayaraq, onun tətbiq olunması və inkişaf etdirilməsi üçün hərtərəfli şəraitin olduğu innovativ fəaliyyətləri təmin edən məkandır. Bir sözlə, texnopark insan kapitalını sürətli inkişaf etdirən və yüksək texnologiyaları istehsal edən, peşəkarlar tərəfindən idarə olunan, innovasiya biznesinin rəqabətə davamlılığını və elmi müəssisələrin innovasiya mədəniyyətini inkişaf etdirməklə cəmiyyətin gəlirlərini artırmağa yönəlmiş bir qurumdur.Texnoparkın mühüm üstünlüklərindən biri də budur ki, yeni sahibkar tipinin formalaşmasına kömək edir, texnologiyaların transferinə, kommersiyalaşdırılmasına və iqtisadiyyatda elmtutumlu məhsulların xüsusi çəkisinin artırılmasına yönələn innovasiya təyinatlı şirkətlərin təşkilinə və inkişafına şərait yaradır.
Dünya iqtisadiyyatında innovasiyalı iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi hesab edilən texnopark milli iqtisadiyyatın yeni sahələrinin formalaşmasında və rəqabətqabiliyyətli olmasında böyük rol oynayır. ABŞ-ın, Avropa Birliyinin, Hindistanın, Çin Xalq Respubikasının və digər ölkələrin İKT sektorunun sürətli inkişafında texnoparkın çəkisi böyükdür. Ümumiyyətlə, texnoparkın yaradılmasının təşəbbüskarı dövlətin iştirakı ilə yerli hökumət orqanları olur və onun strukturunun yaradılmasına lazım olan vəsaitin 75 faizdən çoxu dövlət tərəfindən verilir. Dünya təcrübəsi göstərir ki, texnoparkın yaradılması üçün qanunvericilik bazasının formalaşdırılması, dövlət dəstəyi, vergi və gömrük güzəştləri, kadr hazırlığı kimi bir sıra şərtlərin yerinə yetirilməsi mühüm əhəmiyyət kəsb edir. Hazırda dünyada inkişaf səviyyəsi müxtəlif olan ayrı-ayrı ölkələrdə texnoparkın yaradılması və inkişaf etdirilməsi üçün yeni-yeni layihələr həyata keçirilir ki, bu da ölkədə müəyyən sahələrin sıçrayışlı inkişafına gətirib çıxarır.
Texnoparkın İKT sahəsində böyük uğurlar əldə olunmasında mühüm rolunu hamı etiraf edir. Buna görə də, məşhur İKT şirkətlərinin 70-80 faizinin öz fəaliyyətinə məhz texnoparklardan başladıqları təsadüfi sayılmır. Bu təcrübəni nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci il noyabrın 5-də Sumqayıt şəhərində Yüksək Texnologiyalar Parkının (“YT Park”) yaradılması haqqında fərman vermişdi. “YT Park” hazırda İKT, telekommunikasiya və kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatlar aparılması, yeni və yüksək texnologiyaların hazırlanması üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir. Sumqayıt şəhərində daha bir texnopark fəaliyyət göstərir. 2011-ci ildə imzalanmış fərmana uyğun olaraq Sumqayıtda Kimya Sənaye Parkı yaradılmışdır. Məqsədi ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaqdan ibarət olan Sumqayıt Kimya Sənaye Parkının ərazisi 295,62 hektardır. Baş Plana əsasən, Parkın Sənaye Zonası 186 hektar təşkil edəcək. Burada aqro və tibb kimyası, məişət kimyası, tikinti sənayesi kimyası, elektronika və avtomobil sənayesi kimyası, polimerlər və sənaye avadanlıqlarının istehsalı üçün nəzərdə tutulmuş müəssisələr yerləşəcək.
Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il noyabrın 29-da “Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı verdiyi tarixi sərəncam ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoymasının başlanğıcı olmuşdur. Bu İnkişaf Konsepsiyası ölkə həyatının bütün sahələrində, o cümlədən İKT sahəsində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edir. “Qara qızılın” insan kapitalına çevrilməsi istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir və bu baxımdan Yüksək Texnologiyalar Parkının təsis edilməsi İKT sektoru üzrə elm və istehsal sahələri arasında mühüm körpü yaradılması nöqteyi-nəzərdən böyük əhəmiyyət daşıyır. Bu park da innovasiyalı iqtisadiyyatın inkişafına, biliklərə əsaslanan iqtisadiyyatın qurulmasına, intellektual biznesin dəstəklənməsinə, iqtisadiyyatımızın və xüsusilə, İKT sektorunun rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə, milli məhsulların dünya bazarlarında layiqli yer tutmasına, idxal olunan məhsulların yerli istehsal hesabına təmin olunması və ixracın təşviq edilməsinə, xarici investisiyaların cəlb edilməsinə, menecment bazasının yaradılmasına və insan resurslarının inkişafına öz töhfəsini verir.
Bakı şəhərində Balaxanı Sənaye Parkının və Yüksək Texnologiyalar Parkının, həmçinin, Mingəçevir Sənaye Parkının yaradılması iqtisadiyyatımızın davamlı inkişafının və rəqabət qabiliyyətinin artırılmasında, elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiyalar sahələrinin genişləndirilməsində, elmi tədqiqatların aparılmasında, yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasında, yüksək dünya standartlarına cavab verən ixracyönümlü məhsulların çeşidinin artırılmasında əhəmiyyətli rol oynayacaq. Balaxanı Sənaye Parkının yaradılmasında başlıca məqsəd təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şəraitin yaradılmasıdır. Park ərazisində mexaniki emal və istehsal qurğuları üçün zəruri şərait və lazımi dəstək dövlət tərəfindən təmin edilir. Sənaye Parkının Balaxanı poliqonuna və tullantıların yandırılması zavoduna, o cümlədən əsas nəqliyyat qovşağına yaxınlığı xammal və enerji təchizatı və əldə edilmiş xam material və ya istehsal edilmiş məhsulun asanlıqla satış bazarına çıxmasına əlverişli imkan yaradır.
Beləliklə, texnoparklar qeyri-neft sektorunun inkişafında və insan kapitalının reallaşdırılmasında mühüm funksiyaları yerinə yetirir. Bu qurumun tərkibindəki müxtəlif fəaliyyət sahələri intellektual məhsulların real həyata yolunu açır. Daha ətraflı desək, elm və innovativ ideyalar laboratoriyalarda, texniki mərkəzlərdə, sınaq komplekslərində, istehsal qurğularında, çox sayda mürəkkəb funksiyaları özündə birləşdirən yüksək texnoloji avadanlıqlar vasitəsilə istehsalata tətbiq olunur, sənaye üsullu məhsula çevrilir, yekunda yerli istehlak bazarında yüksək rəqabətqabiliyyətli məhsul olmaqla bərabər, ixrac potensialını da artırır. Qeyri-neft sektorunun inkişafı istiqamətində atılan bu mühüm addımlar milli iqtisadiyyatımızın davamlı güclənməsinə şərait yaradır və Prezident İlham Əliyevin dediyi kimi, “qara qızıl”ın insan kapitalına çevrilməsi bizim təcrübəmizdə, sadəcə, şüar deyil, real vəziyyətdir”. Təhlillər də göstərir ki, inkişafın lokomotivi kimi texnoparkların yaradılması Azərbaycan iqtisadiyyatının daha sürətlə inkişaf etməsinə təkan verəcək və xarici ticarət əlaqələrimizin genişlənməsinə şərait yaradacaq.
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.