Azərbaycanın tikinti standartlarının avrokodlara uyğunlaşdırılmasının yolları və mərhələləri

1975-ci ildə Avropa Komissiyası qitənin tikinti bazarında malların və xidmətlərin göstərilməsində və mübadiləsində ortaya çıxan maneələrin aradan qaldırılması məqsədi ilə regional tikinti standartlarının işlənilməsini qərara almışdır. Bu standartlar “avrokodlar” adlandırılmışdır. Birinci Avrokod Standartları ötən əsrin 80-ci illərində çapdan çıxmışdır.

1989-cu ildə Avropa Komissiyasının qərarı ilə standartların tətbiqi hüququ Standartlaşdırma üzrə Avropa Komitəsinə (CEN) verilmişdir. Avrokodların işlənilməsi üçün katibliyi Britaniya Standartlar İnstitutu (BSİ) bazasında fəaliyyət göstərən CEN/TC 250 texniki komitə yaradılmışdır. Avrokodlar 1997-ci ildən eyniləşdirilmiş (harmoniyalaşdırılmış) Avropa standartları (hEN) statusunu almışdır.

Avrokodlar hazırda 10 standartdan ibarətdir və bu standartlar isə 58 hissədən təşkil olunmuşdur. Avrokodların əhəmiyyəti ondan ibarətdir ki, onlar Avropa İttifaqına üzv dövlətlər üçün vahid texniki norma təyin edir. Bu normalar tikinti obyektlərinin yükdaşıyan konstruksiyalarının layihələndirilməsində vahid yanaşma tələb edir, layihə xidmətlərinin göstərilməsində yarana bilən maneələrin aradan qaldırılmasına şərait yaradır. Avrokodların qəbul edilməsi qabaqcıl texnologiya və innovasiyaların istifadəsinə, həmçinin, investisiya layihələrinin yerinə yetirilməsində ölkə ərazisində yarana biləcək texniki maneələrin aradan qaldırılmasına xidmət edir.

Avrokodlar konstruksiyaların layihələndirmə sahələrini (yüklər, yanğından mühafizə, zəlzələyədavamlı bina və qurğuların layihələndirilməsi, müxtəlif növ dəmir-beton, polad, ağac və daş konstruksiyalar və s.) və əsas tikinti materiallarını (beton, daş, ağac, kərpic və alüminium) əhatə edir. Xüsusi yanaşma tərzi tələb edilən atom elektrik stansiyalarının, bəndlərin və bu kimi digər qurğuların layihələndirilməsində avrokodlardan istifadə olunmur.

Avrokodlar Avropa İttifaqına üzv dövlətlərin standartlaşdırma üzrə milli təşkilatlarının kollektiv əməyinin bəhrəsidir və onlar hər hansı bir dövlətin ərazisində yerli şəraitə uyğunlaşdırılmadan birbaşa tətbiq edilə bilməz. Avrokodların tətbiqi üçün onların yerli şəraitə uyğunlaşdırılması lazımdır. Hansı ölkədə avrokodların tətbiqi nəzərdə tutulursa, orada avrokodlara milli əlavələr işlənilməlidir. Hər bir ölkənin milli əlavələrində 1500 dm-dən çox yerli parametrlər təyin olunur ki, bu da ölkənin təbii-iqlim, seysmoloji, mühəndis-geoloji şəraitini və texniki inkişaf səviyyəsini özündə əks etdirir. Milli əlavələr işləndikdən sonra yerli şəraitə uyğunlaşdırılmış avrokodlar həmin ölkənin milli standartlarına çevrilir və bu standartların işarələnməsində milli təşkilatın özünəməxsus işarəsi əlavə edilir. Məsələn, Böyük Britaniyada BC EN, Almaniyada DİN EN, Fransada AN FOR EN, Qazaxıstanda CH RK EN, Belarusda TKP EN və s. işarələnmələrdən istifadə olunur.

Dünyanın inkişaf etmiş və etməkdə olan ölkələri tikinti sahəsində Avropa Birliyi norma və standartlarını öz normativ bazalarına uyğunlaşdırmağa (eyniləşdirməyə) çalışır. Bu onunla bağlıdır ki, obyektlərin layihələndirilməsində dövlətlər bir-birinin ərazisində sərbəst işlər apara bilərlər və avrokodlar bina və qurğuların bütün növ materiallardan inşa edilən konstruksiyaları əhatə edir.

Onu da qeyd etmək lazımdır ki, avrokodların yerli şəraitə uyğunlaşdırılması prosesi bir sıra problemlərin həll edilməsini tələb edir. Bu problemlər aşağıdakılardır:

– dövlət səviyyəsində avrokodlara keçilməsi ilə bağlı qanunların və qərarların qəbul edilməsi ilə hüquqi bazanın yaradılması;

– Standartlaşdırma üzrə Avropa Komitəsi ilə əlaqələrin gücləndirilməsi və müvafiq müqavilələrin bağlanması.

Avrokodların Azərbaycan Respublikasının tikinti norma və standartlarına uyğunlaşdırılması (eyniləşdirilməsi) kimi aktual məsələnin həyata keçirilməsində MDB ölkələrinin təcrübəsindən istifadə olunması məqsədəuyğun sayılır. MDB ölkələrindən Rusiya, Belarus, Qazaxstan və Ukrayna Respublikalarında ötən əsrin son illərindən başlayaraq texniki norma və standartlar sisteminin təkmilləşdirilməsi və Avropa standartlarına keçilməsi üçün dövlət səviyyəsində qanun və qərarlar işlənilib hazırlanmışdır.

Belarus Respublikasında 1 avqust 2010-cu ildə “Bina və qurğular, tikinti materialları və məmulatları, təhlükəsizlik”, Qazaxstan Respublikasında “Qazaxstan Respublikasının, arxitektura, şəhərsalma və tikinti fəaliyyəti” haqqında qanunlar qəbul edilmişdir. Tikintidə texniki nizamlama sferasında fəaliyyət Ukraynanın 9 qanunu və Nazirlər Kabinetinin 14 normativ-hüquqi aktı ilə həyata keçirilir. Rusiya Federasiyası, Belarus, Qazaxıstan və Ukrayna respublikaları norma və standartların avrokodlara uyğunlaşdırılması (eyniləşdirilməsi) istiqamətində dövlət proqramları qəbul edilmişdir. Yeni qanunlar və normativ direktivlər qəbul etməklə bu ölkələrdə Avropa norma və standartların yerli normalara uyğunlaşdırılmasının (eyniləşdirilməsinin) hüquqi bazası yaradılmışdır.

Rusiya, Belarus, Qazaxıstan və Ukraynada Avropa standartlarına keçid birbaşa həyata keçirilmir və bu proses mərhələli aparılır. Qeyd etmək lazımdır ki, keçid mərhələləri bu ölkələrdə demək olar ki, eynidir. Avropa standartlarına keçilməsi üçün I mərhələdə hazırlıq işləri görülür və II mərhələdə CEN ilə, müqaviləyə uyğun olaraq, Avropa standartlarının yerli şəraitə uyğunlaşdırılmış dövrü ölkədə qüvvədə olan tikinti norma və qaydaları ilə birgə həyata keçirilir. III mərhələdə təkmilləşdirilmiş Avropa standartları əsas qəbul edilib digər normalar qüvvədən salınır.

Yuxarıda qeyd olunanları nəzərə alaraq Avropa standartlarının Azərbaycan normalarına uyğunlaşdırılmasının (eyniləşdirilməsi) mərhələli aparılması məqsədəuyğun olardı. Bu proses qəbul ediləcək müvafiq Dövlət Proqramı əsasında yerinə yetirilməlidir. Dövlət Proqramı isə digər MDB ölkələrinin təcrübəsi nəzərə alınmaqla mərhələli həyata keçirilməlidir: hazırlıq; mövcud və yeni normaların birgə qüvvədə olması və yeni normativ bazanın tam qüvvəyə minməsi mərhələləri. Bu mərhələlərin müddəti Azərbaycan hökuməti tərəfindən təyin edilməlidir.

Ölkəmizdə Avropa standartlarının qəbulunun aşağıdakı ardıcıllıqla həyata keçirilməsi məqsədəuyğun sayılır:

– Azərbaycan və Standartlaşdırma üzrə Avropa Komitəsi (CEN) arasında daimi əlaqələrin qurulması, tikinti sahəsində yerli norma və standartların avrokodlarla uyğunlaşdırılması (eyniləşdirilməsi) üçün hüquqi bazanın yaradılması;

– binaların və qurğuların təhlükəsizliyini tənzimləyən hüquqi və normativ aktların qəbul edilməsi;

– tikintidə təhlükəsizliyə dair dövlət sənədləri üzrə tələb olunan normativ sənədlərin və standartların siyahısının hazırlanması;

– təsdiq edilmiş siyahı əsasında normativ sənədlərin və standartların avrokodla uyğunlaşdırılması planının hazırlanması və həyata keçirilməsi;

– avrokodların əsasında işlənmiş normativ sənədlərə və standartlara milli əlavələrin işlənməsi planının hazırlanması və yerinə yetirilməsi;

– keçid dövründə yeni normaların istifadə olunmasına aid göstərişlərin işlənməsi;

– Avropa standartları əsasında layihələndirilən inşaat konstruksiyaları üzrə terminoloji lüğətin hazırlanması;

– əsas avrokodlara aid sorğu vəsaitlərinin hazırlanması.

Yuxarıda göstərilən işlər ilə yanaşı, Avropa standartlarının mənimsənilməsi və praktikada işlənməsi üçün bir neçə istiqamətdə hazırlıq işləri görülməsi tələb olunur. Respublikada bina və qurğuların, onların konstruksiyalarının avrokodlar əsasında hazırlanması və layihələndirilməsi üçün proqram təminatının yaradılması vacibdir. Bu kompleks hesablama proqramlarının siyahısı müəyyən edilməli və qəbul ediməlidir. Bundan başqa, tikinti sahəsində ölkədə köhnə və qeyri-səmərəli texniki-normativ bazanın reforması aparılmalıdır. Mövcud norma və standartların avrokodlarla müqayisəli təhlili aparılaraq bir-biriləri ilə uyğun gəlmədikləri halda isə əksi olan norma və qaydalar eyniləşdirilməlidir.

Digər hazırlıq istiqamətlərindən biri bu sahədə çalışan mütəxəssislərin ixtisasının artırılmasıdır. Mütəxəssislərin hazırlanması və yeni norma və standartlar üzrə təhsilin yenidən qurulması da vacib məsələlərdəndir. Mövcud normativ bazanın yeni Avropa standartları ilə əvəz olunması böyük maliyyə vəsaiti tələb edir. Yalnız onu demək kifayətdir ki, Qazaxıstan yeni normativ bazanın yaradılması üçün 20 milyon ABŞ dolları xərcləmişdir.

Müşahidələr göstərir ki, bir normallaşdırma və standartlaşdırma metodları ilə yaradılmış sistemin digər sistemə uyğunlaşdırılması, normativ bazanın reforması və yeniləşdirilməsi uzun müddət tələb edir. Bir sıra hallarda avrokod dedikdə mütəxəssislər belə hesab edirlər ki, Avropa Birliyinə daxil olan ölkələrin ərazilərində bu norma və standartlar qüvvədədir. Lakin, bu heç də belə deyildir. Məsələn, Böyük Britaniya, Fransa avrokodları, demək olar ki, tam həcmdə qəbul etmişdir. Almaniya, İtaliya, İspaniya və s. ölkələr isə avrokodlara keçməyə tələsmirlər. Nümunə üçün qeyd edək ki, bu ölkələr zəlzələyədavamlı qurğuların layihələndirilməsi üzrə Avropa standartlarını qəbul etməmişlər.

Standartlaşdırma üzrə Avropa Komitəsinin (CEN) əsas tələblərindən biri budur ki, Avropa standartlarını qəbul edən ölkə mövcud digər tikinti norma və qaydalar sistemindən imtina etməlidir. Göründüyü kimi, bir sistemdən digərinə keçid heç də asan deyil və böyük dəyişikliklər tələb edir. Buna görə də Avropa standartlarına keçilməsi prosesində tələskənliyə yol verilməməlidir. Bu gərəkli və zəruri proses ölkənin siyasi qərarı və hüquqi bazası ilə tənzimləməlidir.

Abdı QARAYEV,
Azərbaycan İnşaat
və Memarlıq Elmi- Tədqiqat
İnstitutunun direktoru, texnika
üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında