(əvvəli linkdə)
Bəli, bu gün qardaş Türkiyənin İzmir bölgəsindəki Petkim yarımadasında, sözün həqiqi mənasında, xariqələr yaradılır. Hətta ən inkişaf etmiş dövlətlərin belə həsəd aparacağı neft-kimya sənayesi kompleksini “iki dövlət – bir millət” – Anadolu və Azərbaycan türkləri yaradırlar. “SOCAR – Türkiyə” şirkətinin nəzarətində olan bu müəssisələrin bir çoxu aparılan yenidənqurma və genişləndirmə işləri ilə yanaşı, istehsalı davam etdirir, məhsul verir, bəzi müəssisə, sex və obyektlərin gələn il, bəzilərinin isə 2018-ci ildə istifadəyə verilməsi, bütövlükdə burada bütün işlərin 2023-cü ilədək tamamlanması gözlənilir...
Bu sətirləri yazarkən Petkim yarımadasının 8 il sonrakı vəziyyətini təsəvvürümə gətirmək istədim. Bura ən müasir texnologiyalarla təchiz olunmuş müxtəlif profilli müəssisələrin cəmləşdiyi nəhəng sənaye şəhəridır. Bu müəssisələrdə istehsal olunmuş müxtəlif çeşidli məhsullar Petlim limanından hər biri 11 mindən çox konteyneri daşıyan iri okean gəmilərinə yüklənərək, dünyanın müxtəlif ünvanlarına yola salınır. İki qardaş ölkənin – Türkiyə və Azərbaycan iqtisadiyyatının nəbzi burada döyünür.
Səkkiz il öncəni görməkdə, deyəsən, bir qədər xəsislik etdim. Burada görülən işlərin tempi və miqyası daha çox şey vəd edir. Zənnimcə, Petkimdə başlanan iş 8-10 il bundan sonra da davam etdiriləcək, yarımadada elə bir möhtəşəm sənaye nəhəngi yaradılacaq ki, o, dünya iqtisadiyyatının nəbzinin necə vurmasına bilavasitə təsir göstərəcək. Amma...
Bəli, bu “amma”nı da hiss edib, duymamaq mümkün deyil. İstər Türkiyəni, istər Azərbaycanı, istərsə də bu iki türk dövlətinin qardaşlığını və birgə əməkdaşlığını gözü götürməyən, nəinki qısqanclıq, hətta açıq-aşkar düşmənçilik edən qüvvələr çoxdur. Onlar bu cür nəhəng layihələrin reallaşmasına hər vəchlə mane olmaq, aranı qarışdıraraq diqqəti bu məsələlərdən yayındırmaq, inkişafın qarşısını almaq üçün dəridən-qabıqdan çıxırlar. Bu gün Türkiyənin ətrafında baş verən xoşagəlməz olaylar – daxildə yaşanan siyasi böhran, PKK terror təşkilatının birdən-birə fəallaşması, ölkənin müxtəlif bölgələrində törətdiyi dəhşətli təxribatlar, o cümlədən Azərbaycandan gedən neft və qaz kəmərlərinin partladılması, bu azmış kimi, Yaxın Şərqi iflic vəziyyətinə salan, təhlükəli İŞİD terror qruplaşmasının rəsmi Ankaraya qarşı hədə-qorxusu və hücumları ... heç də təsadüfi deyil. Elə Azərbaycana qarşı da son vaxtlar müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən göstərilən təzyiqlər, sərgilənən ikili standartlar, cəbhə xəttində Ermənistan qoşun birləşmələrinin törətdikləri vəhşiliklərin artması, ölkə daxilində düşmən dəyirmanına su tökən “5-ci kolon” təmsilçilərinin fəallaşması və digər faktlar da belə düşünməyə əsas verir ki, bunlar hamısı böyük Türk xalqına qənim kəsilən dünyanın müxtəlif beyin və güc mərkəzləri tərəfindən idarə olunur və istiqamətləndirilir...
Dövlət rəhbərlərimizin həmin məsələlərə münasibətləri haqqında bir qədər sonra söhbət açacağıq. Bəs görəsən sadə türk vətəndaşı bu barədə nə düşünür?
Qaldığımız “Sheraton” otelində yatmazdan öncə bir qədər dəniz sahilində gəzintiyə çıxmağı qərara aldım. Xeyli gəzdikdən sonra boş oturacaqda əyləşib Egeyin bir-biri ilə bəhsə girən dalğalarını seyr etməyə başladım. Az sonra əlində təsbeh çevirən bir ağsaqqal da gəlib yanımda əyləşdi. Çeşmə qəsəbəsinin yerli sakini idi. Söhbətimiz alındı. O, Azərbaycandakı vəziyyətlə maraqlanır, mən isə Türkiyə barədə suallar verirdim. Cavablarından hiss edirdim ki, məlumatlı, həm də müdrik insandır. Öyrəndim ki, Orxan bəy ixtisasca müəllimdir, sinni yetmişi yenicə adlayıb. Türkiyənin mövcud durumundan, qarşılaşdığı çətinliklərdən danışarkən soruşdum:
– Orxan abi, türk xalqının niyə bu qədər düşməni var?
– Türkün daşı ağırdır, – dedi və dərhal soruşdu:
– Sizlərdə “daşı ağırdır” kəlməsi işlədilirmi?
– Dedim ki, “bəli”. Müsahibim sözünə davam etdi:
– Əvət, Osmanlı türkləri belə gözəl torpaqları almış, burada məskunlaşmış, ətrafdakı Orta Doğu, Ağ dəniz boyu, Şimali Afrika əraziləri ilə yanaşı, Avropanın böyük bir hissəsini ələ keçirmiş və uzun illər boyu onları idarə etmişlər. Amma onu da deyim ki, qeyri işğalçılardan fərqli olaraq, türklər ələ keçirdikləri məmləkətlərdə xalqların milli adət-ənənələrinə, dini inanclarına həmişə hörmətlə yanaşmış, onlara elm, mədəniyyət gətirmişlər. Amma, bayaq dediyim kimi, türkün daşı ağır olduğuna görə, bu nankorlar onu dəyərləndirməmişlər.
Digər tərəfdən, isə türk müsəlmandır. Ona görə də İslamı düşmən bilən digər səmavi dinlərin daşıyıcıları Türkiyəni İslamın alınmaz qalası hesab etdiklərinə görə bizə belə münasibət göstərirlər.
– Sizcə, indiki olayların sonu necə olacaq?
– Belə bir deyim var: Milçək bir şey deyil, amma könül bulandırmağı olmasa. “İslam dövləti” adlanan bu terrorçu qurumu ərsəyə gətirənlərin məqsədi, sizə də bəlli olduğu kimi, İslamı gözdən salmaq, içəridən dağıtmaq, güclü müsəlman dövlətlərini zəiflətmək, onların torpaqları hesabına idarəolunan, oyuncaq “xəlifəlik” yaratmaqdır. Vaxtilə “Əl-Qaidə” təşkilatını da bu amacla yaratmışdılar, sonradan özlərinə qənim kəsildi. İndi də İŞİD-çilər öz “sahib”lərinin üzünə ağ olduqlarına görə onların başlarına bomba yağdırırlar. PKK da onların əməlidir. Türkiyə torpaqları hesabına müstəqil kürd dövləti yaratmaq kimi sərsəm xəyala düşüblər. Amma burada bir məsələni qarışdırmaq olmaz: PKK-çılar kimi düşünməyən, Türkiyəni bölünməz vətən bilən kürd əsilli vətəndaşlırımız kifayət qədərdir. Lakin, təəssüf ki, terrorçulara rəğbət bəsləyənlər də az deyil.
Dəxli yoxdur. İstər İŞİD-i, istər PKK-nı yaradanlar, istərsə də Türkiyəyə qarşı ərazi iddiaları irəli sürür, qondarma “erməni soyqırımı” barədə bütün dünyada vay-şivən qoparan daşnaklar, eləcə də onları bu yola təhrik edənlər başa düşməlidirlər ki, türkdən bir qarış da torpaq almaq mümkün deyil. Türk ölər – torpağını verməz. Heç olmasa, onlar tarixdən ibrət götürsünlər. Gözlərinin qarşısına Türkiyənin üzərinə bütün Avropanın hücumunu təşkil edən səlib (xaç) yürüşlərini gətirsinlər. Roma papasının fətvası ilə 500 minlik nəhəng ordu bu torpaqlarda darmadağın edildi.
Yaxud, türkün böyük zəfər savaşı olan Çanaqqala döyüşlərini yada salsınlar. Dünyanın ən böyük dövlətlərinin birləşmiş ordusuna qarşı ulu öndər Mustafa Kamal paşanın komandanlığı altında qəhrəmancasına döyüşən və qalib gələn Türkiyə həmin savaşda 250 min şəhid verdi, amma bircə qarış da torpaq vermədi. Düşmən tərəfin həmin döyüşdə itkisi bizdən də çox olmuşdu. Yeri gəlmişkən, Çanaqqala savaşında Azərbaycan türkləri də Osmanlı qardaşları ilə çiyin-çiyinə vuruşmuşdular. Bunları deməkdə məqsədim odur ki, bu torpağa türk şəhidlərinin qanı hopmuşdur. Bizim üçün bu torpaq çox əzizdir. Odur ki, xam xəyallara düşməsinlər.
Sözün doğrusu, bu söhbətdən çox məmnun qaldım. Əslində, Orxan bəy çoxlarına, mənə də məlum olan faktlardan danışdı. Amma, ömrünün ahıl çağını yaşayan bir türk oğlunun belə mübariz əhva-ruhiyyədə olması, öz ölkəsinin gələcəyini işıqlı görməsi məni çox sevindirdi. Nədənsə, mənə elə gəldi ki, bütün türk xalqı belə düşünür – dövlət rəhbərindən sıravi vətəndaşınadək.
Türkiyə dövlətinin rəhbəri Rəcəb Tayyib Ərdoğanın bu barədə fikirləri isə belədir:
– Buradan bunu açıq şəkildə söyləmək istəyirəm: Azərbaycan və Türkiyə, regionda sülhdən, əmin-amanlıqdan, sabitlikdən və rifahdan başqa heç bir şey istəmirlər. Biz bölgədə düşmənçiliyin deyil, həmrəyliyin hakim olmasını istəyir və bunun üçün mübarizə aparırıq. Şimali Kipr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində, Qafqazda əmin-amanlığın bərqərar olmasında, terrorizmlə mübarizə məsələsində Azərbaycan ilə eyni tərəfə baxırıq, ortaq məqsəd və idealları paylaşırıq. Dağlıq Qarabağın işğalı azərbaycanlı qardaşlarımın ürəyini nə qədər ağrıdırsa, bilməlisiniz ki, Türkiyə Respublikasının hər bir vətəndaşının da ürəyini bir o qədər ağrıdır. Terror hücumları ilə şəhid olan hər bir gəncimizin acısı bizim ürəyimizə od saldığı kimi, inanıram ki, azərbaycanlı qardaşlarımızın ürəyinə də eyni dərəcədə od salır... Biz Azərbaycan ilə qurduğumuz bu qardaşlıq əlaqəsini əsasən regiondakı bütün ölkələrlə yaratmaq arzusundayıq. Azərbaycan və Türkiyə qardaşlıq şəraitində gələcəyə necə addım atır, necə inkişaf edirsə, istəyirik ki, regionun digər ölkələri ilə də bu şəkildə həmrəylik içində olaq. Bütün dünya artıq bunu anlamalıdır, regionumuzdakı bütün ölkələr bunu artıq dəqiq anlamalıdır ki, terrorizm bizim mühafizə orqanlarımızı, mülki vətəndaşlarımızı vurduğu kimi, insanlığın ortaq vicdanını da vurur. Terrorizm hər gülləni atarkən bizi hədəfə aldığı kimi, bu regionda sülhü, qardaşlığı, əmin-amanlıq və həmrəyliyi də hədəfə alır. Regionumuzdakı və dünyadakı hər bir ölkəni terrorizmə qarşı çox sərt etirazını bildirməyə, insanlığın ortaq problemi olan terrorizmlə ortaq mübarizəyə çağırırıq. Terrorizmə şərait yaradan hər bir ölkə göz yumduğu terrorizmin bir gün gəlib özünü də hədəfə alacağını artıq görməli və anlamalıdır...
Azərbaycan Prezidenti İlham Əliyev isə demişdir:
– Bu gün Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir. Biz beynəlxalq məsələlərdə daim bir-birimizi dəstəkləyirik. Biz bütün sahələrdə çox uğurlu əməkdaşlıq edirik. Region üçün, dünya üçün böyük əhəmiyyət kəsb edən layihələri birgə icra edirik. Birgə təşəbbüslər irəli sürürük və əslində, xariqələr yaradırıq... Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk ölkə Türkiyə olmuşdur... Yəni, müstəqil ölkə o zaman müstəqilliyini əldə edir ki, onu başqa ölkələr tanısın. Yəni, bizim dünya birliyi tərəfindən tanınmağımızda əsas rolu qardaş ölkəmiz oynamışdır və Azərbaycan xalqı bunu heç vaxt unutmayacaqdır. Ondan sonrakı dövrdə, Azərbaycanın ən çətin anlarında bizə ilk dəstək verən qardaş Türkiyə olmuşdur... Mən bir daha demək istəyirəm, Türkiyə bizim doğma vətənimizdir. Biz bir-birimizi bir-birimizdən ayırmırıq... Bu gün dünya xəritəsində Türkiyə kimi böyük bir güc vardır. Bu, bizi çox sevindirir. Bu, bizim də gücümüzü artırır. Mən Türkiyəni ürəkdən sevən insan kimi buna çox sevinirəm... Böyük Atatürk demişdir ki, Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir. Heydər Əliyev demişdir ki, Türkiyə-Azərbaycan bir millət, iki dövlətdir. Bu iki dahi kəlam həm Türkiyə, həm Azərbaycan xalqlarına yol göstərir. Biz bu yolda daim və əbədi, bərabər irəliyə gedəcəyik.
* * *
İyirmi bir il bundan əvvəl ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri sayəsində imzalanmış “Əsrin müqaviləsi” Azərbaycana çox böyük uğurlar gətirdi. Dünyanın aparıcı neft şirkətləri bir daha əmin oldular ki, Azərbaycan müstəqil dövlət və etibarlı tərəfdaşdır. Onunla işbirliyi qurmaq, bu ölkəyə sərmayə qoymaq olar. Təsadüfi deyildir ki, bu saziş imzalandıqdan sonra xarici şirkətlərlə 33 müqavilə bağlandı, onlarca layihə həyata vəsiqə aldı. Bu qeydlərimizdə belə nəhəng layihələrdən biri – hazırda Türkiyənin İzmir bölgəsindəki Petkim yarımadasında müvəffəqiyyətlə reallaşdırılan nəhəng neft-kimya sənayesi kompleksi barədə söhbət açdıq...
Beləliklə, qardaş Türkiyəyə dörd günlük səfərimiz başa çatdı. Son olaraq bu səfərin maraqlı alınması və cəlbedici olması üçün bizə bu gözəl anları yaşadan “SOCAR-Türkiyə” şirkətinin rəhbəri Kənan Yavuza, “Petkim Petrokimya Holdinq” şirkətinin baş direktoru Sadettin Korkuta, “SOCAR–Türkiyə” şirkətinin şöbə müdiri Mikayıl Yusifova, “Donelli” turizm şirkətinin rəhbəri Ərhan bəyə, “Xəzər” Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi Kəmalə Paşayevaya, köməyini əsirgəməyən digər insanlara dərin təşəkkürümü bildirmək istərdim.
Qüdrət PİRİYEV,
“Xalq qəzeti”
Bakı – İstanbul – İzmir – Bakı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.