Ölkəmiz əsaslı yeniləşmə, sürətli inkişaf yolundadır. Son illər iqtisadiyyatın yüksək inkişaf tempinə görə Azərbaycan regionun lider dövlətinə çevrilib. Əldə olunan möhtəşəm nailiyyətlərin, xüsusən də uğurlu iqtisadiyyatın təməlində ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliklə işləyib hazırladığı və mərhələ-mərhələ reallaşdırdığı ümumi inkişaf konsepsiyası dayanır.
Hər bir dövlətin iqtisadi potensialı, gücü və qüdrəti onun malik olduğu nəqliyyat-kommunikasiya kompleksinin, o cümlədən dəmir yolu sisteminin inkişaf səviyyəsi ilə ölçülür. Bu reallığı yüksək qiymətləndirən ümummilli liderimiz digər sahələrlə paralel olaraq iqtisadiyyatın və əhalinin daşımalara olan tələbatının daha dolğun ödənilməsi, idarəetmənin təkmilləşdirilməsi və görülən işlərin səmərəliliyinin daha da artırılması məqsədi ilə dəmir yolunun tərəqqisinə də xüsusi diqqət və qayğı göstərirdi.
Ulu öndərin siyasi xəttinin layiqli davamçısı dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildə Prezident seçildikdən sonra dəmir yolu sistemində də ardıcıl tədbirlər həyata keçirilməyə başlanıldı. Ölkə Prezidentinin rəhbərliyi ilə “Azərbaycan Dəmir Yolları”nın beynəlxalq standartlara uyğun qurulması istiqamətində reallaşdırılan bir sıra mühüm tədbirlər dəmir yolu infrastrukturunun inkişafını sürətləndirdi.
Bu gün inamla deyə bilərik ki, Prezident İlham Əliyev tərəfindən göstərilən xüsusi diqqət və qayğı dəmir yolu sektorunun dinamik inkişafı üçün böyük imkanlar yaradıb. Dövlətimizin başçısının respublikamıza rəhbərlik etdiyi 12 il ərzində bu sahədə baş vermiş dəyişikliklərlə yanaşı, mühüm uğurlar da əldə olunub.
Yeni Azərbaycan Partiyası “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti üzrə təşkilatının sədri Xeyrulla Hümbətov söhbət zamanı dedi:
– Respublika nəqliyyat sisteminin əsas sahələrindən biri olan dəmir yolunun perspektiv inkişafı möhtərəm Prezidentimiz İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısının müvafiq sərəncamı ilə bir müddət bundan əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyində dəyişiklik edilməsi, Cavid Qurbanovun sədr təyin olunması isə bu sahədə islahatların daha da sürətlənməsinə, habelə dəmir yolu nəqliyyatında mövcud infrastrukturun və dəmir yolu nəqliyyatı vasitələrinin müasirləşdirilməsinə öz müsbət təsirini göstərib.
Hazırda beynəlxalq maliyyə qurumları ilə QSC arasında əlaqələr daha da intensivləşib. İslahatların aparılması sürətlənib. QSC-nin vaqon parkının yenilənməsi istiqamətində mühüm addımlar atılıb. Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılması üçün texniki vasitələrin yeniləşdirilməsi diqqət mərkəzində saxlanılıb. Bütün bunlar isə əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına yönəldilməsi ilə nəticələnib.
Bu gün QSC rəhbərliyi tərəfindən qurumun yeniləşdirilməsinə, tabe təşkilatların fəaliyyətinin müasir standartlara uyğunlaşdırılmasına mühüm önəm verilir.
Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətnin rəhbərliyi ilə keçirilən görüşdə dəmir yolunun Bakı-Böyük Kəsik sahəsinin 600 kilometr hissəsinin maddi-texniki təchizatının yaxşılaşdırılması və əsaslı təmirinin reallaşdırılması barədə saziş imzalanıb. Səhmdar cəmiyyətin sədri Cavid Qurbanovun Rusiya Federasiyasının F. Dzerjinski adına “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyasının baş direktoru Oleq Sienko ilə görüşündə isə adı çəkilən müəssisədən 2900 müxtəlif təmayüllü yük vaqonunun alınması ilə bağlı razılığa gəlinib. Artıq sifarişi nəzərdə tutulan yeni yük vaqonlarından 899-u ölkəmizə gətirilib.
Burada bir faktı da xatırlatmaq istərdim. Bir müddət bundan əvvəl “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda istehsal olunmuş “KİSS” markalı üç ədəd ikimərtəbəli elektrik qatarı Bakıya gətirilib. Bu il iyunun 3-də Azərbaycan Prezidenti cənab İlham Əliyev həmin qatarlarla tanış olub. Yeri gəlmişkən, elektrik qatarları Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində hərəkətdə olacaqdır.
Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında sərnişinlərin yüksək keyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes-sinfinə aiddir.
Son vaxtlar QSC rəhbərliyi Qazaxıstan, Özbəkistan, Türkmənistan, Rusiya, Türkiyə, Gürcüstan dəmir yolu rəhbərləri və regionun nüfuzlu logistika şirkətləri ilə görüşlər keçirib. Həmin görüşlərdə Azərbaycan dəmir yolu dəhlizinin fəaliyyəti alternativ koridorla müqayisə olunub və daha səmərəli təşkili üçün bir sıra mühüm qərarlar qəbul edilib. Belə ki, yükdaşıma xidmətinin təşkilində səmərəliliyi artırmaq, beynəlxalq standartlara uyğun yeni xidmətlərin təşkili (qapıdan-qapıya) və eləcə də sağlam rəqabətin yaradılması üçün regionda nüfuza sahib olan 2 əlavə ekspeditor şirkəti ilə birbaşa ekspedisiya müqaviləsi imzalanıb. Bundan başqa, bütün növ tranzit və idxal-ixrac konteyner daşımalarını stimullaşdırmaq məqsədi ilə mövcud tariflər aşağı salınıb. Verilmiş güzəştlər hazırda vaqon daşımalarında 35 faizə qədər, konteyner daşımalarinda isə 50 faizə qədərdir.
Ölkə rəhbərliyi tərəfindən bu gün dəmiryolçular qarşısında qoyulan ən mühüm tapşırıq yük daşımalarının, xüsusi ilə tranzit yük daşımalarının həcminin artırılmasıdır. Bu məqsədə isə daşımaların sürətini artırmaqla, daşınan yüklərin təhlükəsizliyini təmin etməklə, çevik tarif siyasətini, irimiqyaslı logistika və marketinq işini canlandırmaqla çatmaq mümkündür. Yuxarıda xatırlatdığımız kimi, hazırda QSC-də bu istiqamətdə önəmli tədbirlər reallaşdırılır, tranzit yüklərin ölkə ərazisindən keçirilməsi nəticəsində əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına cəlb olunmasına xüsusi diqqət yetirilir. Məhz elə bunun nəticəsidir ki, bu ilin yanvar-iyul aylarında dəmir yolu nəqliyyatı ilə yük daşınması 10,3 milyon ton təşkil edib. Orta hesabla sutkada 470 vaqon yüklənib və 448 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 19,2 min ton, Qərb istiqaməti üzrə 5,3 min ton və Cənub istiqaməti üzrə isə 2,5 min ton yüklənmə işi yerinə yetirilib.
Azərbaycan üçün mühüm önəm daşıyan “Şimal-Cənub” beynəlxalq dəmir yolu layihəsi ilə bağlı da bir neçə kəlmə demək istərdim. Bu beynəlxalq nəqliyyat dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 2000-ci il sentyabr 12-də Sankt-Peterburqda bağlanıb. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra Razılaşma 2002-ci il mayın 21-dən qüvvəyə minib. 2005-ci ilin sentyabrında Azərbaycan Respublikasının Qanunu ilə ölkəmiz “Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında” Sazişə qoşulub.
“Şimal-Cənub” dəmir yolu Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə adıçəkilən beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmin dəhliz Avropa-Cənubi Asiya - Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək.
Səhmdar cəmiyyətdə yeni daxili daşıma siyasətinin tətbiq edilməsinə də xüsusi diqqət yetirilir. Bu baxımdan Bakı-Sumqayıt-Bakı dəmir yolunda sürətlə həyata keçirilən və artıq yekunlaşan yenidənqurma işləri diqqət çəkir.
Sumqayıt sərnişin stansiyası binasının sökülməsinə başlanılıb. Stansiyada yaşayan 40 məcburi köçkün ailə köçürülüb. Sökülən binanın yerində müasir standartlara uyğun ikimərtəbəli sərnişin stansiyası tikiləcək.
Xatırladım ki, Bakı-Biləcəri-Sumqayıt xəttində elektrik qatarları əvvəllər mənzil başına 1 saat 22 dəqiqəyə çatırdısa, yenidənqurma işlərindən sonra bu vaxt 40 dəqiqə olacaq. Bakı-Zabrat-Sumqayıt xətti üzrə isə hazırda qatarlar mənzil başına 1 saat 29 dəqiqəyə çatır. Lakin yenidənqurmadan sonra vaxt fərqi 52 dəqiqəyə enəcək.
Dairəvi dəmir yolu üzərində 23 stansiya və dayanacaq olacaq. Yolun Bakı-Biləcəri-Sumqayıt hissəsində Keşlə, Biləcəri, Xırdalan və Bakı-Zabrat-Sumqayıt hissəsində isə “Koroğlu”, Bakıxanov, Sabunçu, Zabrat, Pirşağı dayanacaqlarının olması nəzərdə tutulur.
“Azərbaycan Dəmir Yolları” QSC-nin son vaxtlar həyata keçirdiyi tədbirlər sırasında Bakı şəhəri-Heydər Əliyev Beynəlxalq Aeroportu dəmir yolu xəttinin layihəsinin reallaşdırılması da mühüm önəm daşıyır. Uzunluğu 25 kilometr olacaq bu dəmir yolu xətti şəhərdə sərnişin sıxlığının aradan qaldırılmasına müsbət təsir göstərəcək.
Paytaxtımızın giriş qapısı sayılan Bakı Sərnişin Vağzalının yüksək səviyyədə, müasir dövrün tələblərinə cavab verməsi üçün hazırda burada sürətlə yenidənqurma işləri aparılır. Vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə, yenidən qurulacaq, vağzal binasının daxilində tam yenidənqurma işləri görüləcək. Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunacaq, eskalatorlar yenisi ilə əvəzlənəcək.
Yuxarıda deyilənlərdən bir daha aydın olur ki, respublika iqtisadiyyatının inkişafında çox mühüm rol oynayan Azərbaycan dəmir yolu beynəlxalq və regional layihələrdə iştirak etməklə öz infrastrukturunu qoruyub saxlayır, əhalinin, dövlət strukturlarının daşımalara olan tələbatının ödənilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir. Ümumiyyətlə, regiona sabitlik, əmin-amanlıq və iqtisadi səmərə gətirə biləcək hər hansı layihənin reallaşmasında Azərbaycanın iştirak etməsi istənilən prizmadan yanaşanda çox gərəklidir.
Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.