Ölkədə kənd təsərrüfatı məhsullarının yığımı davam edir

Ərzaq təhlükəsizliyinin ən mühüm və strateji komponentlərindən biri taxılçılıqdır.  Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 28 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda aqrar bölmənin aparıcı sahəsi sayılan bitkiçiliyin və onun tərkib hissəsi olan taxılçılığın daha da inkişaf etdirilməsi vacib məsələ kimi qarşıya qoyulub. “Kənd təsərrüfatı ili” çərçivəsində bu sahəyə diqqət daha da artırılıb.

Taxılçılıqda  bu ilin bol məhsulu üçün  texniki və maliyyə dəstəyinin səmərəliliyinin artırılması, istehsalın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi, mütərəqqi metodların və yeni əkinçilik üsullarının tətbiqi, ümumilikdə, ölkədə həyata keçirilən aqrar siyasətlə bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən zəruri tədbirlər həyata keçirilib.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu məsələ ilə bağlı fikirlərini bildirib: “Hər bir məsələ, hər bir sahə ilə bağlı konkret fəaliyyət planı var - regionların inkişafı, işsizliyin aradan qaldırılması, sənayeləşmə, kənd təsərrüfatının inkişafı. Deyə bilərəm ki, kənd təsərrüfatının inkişafı üçün bu il çox önəmli addımlar atılmışdır. Bir neçə fərman imzalanmışdır ki, bu da kənd təsərrüfatının inkişafına xidmət göstərir. Məsələn, taxılçılıqda məhsuldarlıq böyük dərəcədə - təxminən 20 faiz artmışdır. Əvvəllər hektardan 22 sentner götürürdüksə, mənə verilən məlumata görə, indi 30 sentner götürmüşük. Dövlətin dəstəyi ilə iri fermer təsərrüfatları yaradılır, meliorasiya tədbirləri, bütün aqrotexniki tədbirlər görülür, strukturlaşma prosesi gedir və şəffaflıq təmin edilir. Əlbəttə, gələcəkdə daha da ciddi işlər aparılacaq ki, həm məhsuldarlıq artsın, həm də biz torpaq fondumuzdan maksimum dərəcədə istifadə edək”.

Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumatda bildirilir ki,  ötən mövsümlə müqayisədə bu il taxıl üzrə yüksək məhsuldarlıq qeydə alınıb. Dövlət Statistika Komitəsinin 10 avqust 2015-ci il tarixli məlumatına əsasən,  biçilməsi nəzərdə tutulan 915212 hektar payızlıq və yazlıq dənli və dənli paxlalıların (qarğıdalısız) məhsulunun vaxtında, mütəşəkkil və itkisiz yığılmasının yüksək səviyyədə təşkili üçün respublika üzrə saz vəziyyətdə olan 2241 kombayn biçinə cəlb edilib və biçin kampaniyasının uğurla başa çatdırılması təmin olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, sahələrin 913123 (99,8 faiz) hektarı biçilib, hər hektardan 30,5 sentner olmaqla, 2781834 ton taxıl götürülüb. Xatırladaq ki,  ötən mövsüm bu göstərici   hər hektardan   22,8  sentner təşkil edib. 

Yeri gəlmişkən, Bərdə (39,9 sentner), Saatlı (39,9), Ağcabədi (37,4), Sabirabad (37,1), İsmayıllı (36,6), Tərtər (35,8), Şəmkir (35), Ağsu (34,7), Hacıqabul (34,2), Füzuli (33,9), Xaçmaz (33) rayonlarının istehsalçıları xüsusilə fərqləniblər. Ümumilikdə, ölkə üzrə 24 rayonda əldə olunan məhsuldarlıq respublika üzrə orta göstəricidən yüksək  olub.

Bu il ölkənin kənd təsərrüfatının digər sahələrində də uğurlu göstəricilər əldə edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, avqustun 1-nə kimi yığım başlanandan sahələrdən 506,8 min ton və ya keçən ilin müvafiq dövründə olduğundan 40,7 min ton çox kartof, 765,4 min ton (47,6 min ton çox) tərəvəz, 356,4 min ton (31,3 min ton çox) bostan məhsulları, 179,7 min ton (3,1 min ton çox) meyvə və giləmeyvə, 3201 ton (27 ton çox) üzüm, 363,6 ton (47 ton çox) yaşıl çay yarpağı, 1495,8 ton (250 ton çox) tütün yığılıb.

Ötən dövrdə 256,9 min ton, yaxud 2014-cü ilin yanvar-iyul aylarına nisbətən 1,8 faiz çox diri çəkidə ət, 1144,8 min ton (3,7 faiz çox) süd, 898 milyon ədəd (1 faiz çox) yumurta, 15,6 min ton (1,8 faiz çox) yun istehsal olunub.

2014-cü ilin yanvar-iyul ayları ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 15,8 faiz, heyvandarlıq məhsulları istehsalı 2,4 faiz, kənd təsərrüfatının ümumi məhsulu 8,9 faiz artıb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə,   Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli sərəncamı kənd təsərrüfatı məhsulları istehsalçılarının dövlət tərəfindən dəstəklənməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biridir. 2007-ci ildən başlayaraq kənd təsərrüfatı məhsulları  istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilir. Dövlət başçısının sərəncamı ilə bu ildən istehsalçılara hər hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardım 25 faiz artırılıb. 

Respublika Komissiyası 60 rayon (şəhər) komissiyası üzrə 372234 istehsalçıya 1263947 hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə 63197350 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edib.

V. BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında