Dünya iqtisadiyyatının qeyri-stabilliyi və enerji resurslarının qiymətinin aşağı düşməsi fonunda beynəlxalq aləmdə iqtisadiyyatın diversifikasiyası bir nömrəli məqsədə çevrilmişdir. Bu məsələ Azərbaycanda da aktual məsələlərdəndir. İKT sektoru ölkəmizin yaxın gələcək inkişafında neft gəlirlərindən asılılığını aradan qaldıra biləcək sahə kimi qəbul olunur.
Dövlət İKT sektorunun inkişafı üçün əlverişli mühit yaratmaq üçün məqsədyönlü addımlar atır. Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli fərmanı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı (YTP) ölkədə İT biznesinin inkişafı üçün təməl olmaqla, Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən inkişafın prioritet istiqaməti olaraq müəyyən olunub. YTP-nin tikilməsi üçün Bakının Pirallahı rayonunda 50 hektar torpaq sahəsi ayrılıb. “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası ölkə həyatının bütün sahələrində, o cümlədən informasiya-kommunikasiya texnologiyaları sahəsində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edir. Eyni zamanda, Azərbaycanda “qara qızılın” insan kapitalına çevrilməsi istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Bu baxımdan, YTP-nin əsas məqsədi İKT sektoru üzrə elm və istehsal sahələri arasında bir körpü yaratmaqdır.
YTP-də fəaliyyət göstərən rezidentlər 7 il ərzində əlavə dəyər, gəlir, torpaq və əmlak vergisindən azad olunublar. Həmçinin, İKT sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri xaricdən idxal olunan texnika və avadanlıqlara görə dövlət gömrük rüsumundan tam azaddır.
YTP-nin filial şəbəkəsinin bütün ölkə daxilində formalaşdırılması nəzərdə tutulur. Ölkənin bir çox iri müəssisə və zavodları, həmçinin aparıcı ali məktəblərdə yaradılması nəzərdə tutulan texnoparklar YTP-nin bir növ filialları vəzifəsini yerinə yetirəcəkdir. Azərbaycan Respublikası Prezidentinin 26 fevral 2015-ci il tarixli fərmanı ilə YTP-nin Mingəçevir şəhərində istifadədə olan 1,3 hektar torpaq sahəsində Mingəçevir Yüksək Texnologiyalar Parkı (Mingəçevir YTP) yaradılmışdır. Artıq Mingəçevir YTP-nin rezidenti olan hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən gömrük rüsumlarından azad olunmaqla, idxal edilən qurğuların, hissə və ləvazimatların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası təsdiq edilib. Beləliklə, nomenklaturada qeyd edilən və ölkəyə idxal edilən qurğular, hissə və ləvazimatlar gömrük rüsumlarından 7 il müddətinə azad olunacaq.
Mingəçevirdə fəaliyyət göstərən “Kür” kompüter avadanlığı və Gəncədəki “Billur” zavodları YTP-nin bölmələri kimi nəzərdə tutulur. Mingəçevir YTP müasir elmi və texnoloji nailiyyətlərə əsaslanaraq iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması və davamlı inkişafını təmin etmək, innovativ və yüksək texnologiya sahələrini genişləndirmək məqsədilə yaradılmışdır. Mingəçevir YTP elmi tədqiqat və hazırlıq məqsədilə təcrübə işlərinin həyata keçirilməsi, innovativ məhsul və yüksək texnologiyanın hazırlanması və təkmilləşdirilməsi, sənaye, xidmət və digər sahələrdə onların nəticələrinin tətbiqi (kommersiyalaşdırma) üçün zəruri infrastrukturu, maddi-texniki bazanı və idarəetmə strukturlarını əhatə edəcək. Artıq bu il üçün nəzərdə tutulan yüksək texnologiya məhsullarının istehsalı üçün Mingəçevir YTP istehsal gücündən istifadəsi nəzərdə tutulur. Onların arasında təxminən 10 milyon manat investisiyanın nəzərdə tutulduğu “Acer” kompüterlərinin istehsalı var.
Burada kompüter və digər yüksək texnologiyalı məhsulların istehsalı ilə yanaşı, həmçinin, proqram təminatı bazarının inkişafı da nəzərdə tutulur. Hazırda bir çox inkişaf etmiş ölkələr məhz intellektual məhsulların satışından gəlir əldə edirlər. İKT sahəsində dövlət siyasətinin həyata keçirilməsinə yardım etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 15 mart 2012-ci il tarixli sərəncamı ilə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu (İKT Fond) yaradılmışdır. Fondun əsas məqsədi sahibkarlıq fəaliyyətini dəstəkləmək, innovasiya və elmi-tədqiqat layihələrini stimullaşdırmaq, müasir infrastrukturun inkişafına təkan vermək, kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək, bu sahəyə yerli və xarici investisiyaları cəlb etməkdən ibarətdir.
Fondun yaradılması İKT sahəsində fəaliyyətin stimullaşdırılmasına, innovasiyaların tətbiqinə, habelə tətbiqi elmi-tədqiqat işlərinin genişləndirilməsinə, istehsal yönümlü fəaliyyətin dəstəklənməsinə, bu sahəyə yerli və xarici investisiyaların cəlb olunmasına xidmət edir.
Fond mütərəqqi proqram təminatının və innovativ İKT məhsulları nümunələrinin hazırlanması, həmçinin innovativ infrastrukturun inkişafı, müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması, İKT xidmətlərinin genişləndirilməsi, o cümlədən internet xidmətlərinin inkişafı layihələrinin inkişaf etdirilməsi və onların kommersiyalaşdırılmasına maliyyə dəstəyi göstərir. Fond İKT sahəsində sahibkarlığı inkişaf etdirmək məqsədilə yeni yaranan “start-up” şirkətlərə və kiçik sahibkarlıq subyektlərinə qrantlar şəklində maliyyə dəstəyini həyata keçirməyə başlayıb. Artıq fond tərəfindən 50 dən çox “start-up” maliyyələşdirilmişdir. Dövlət maliyyə dəstəyi almış layihələr arasında artıq real biznesə çevrilmiş, maraqlı layihələr var. Söhbət təhsil, iqtisadiyyat, səhiyyə, turizm və digər sahələrlə bağlı innovativ layihələrdən gedir. İnnovativ layihələrin mövcudluğu ölkənin inkişafının aydın göstəricisidir. Məqsəd Azərbaycanın İKT sektorunda inkişaf etmiş ölkələr siyahısına daxil ola bilməsi üçün onların sayını çoxaltmaqdır.
Həmçinin, fond İKT sahəsində elmi-tədqiqat işlərinin genişlənməsi, innovativ fəaliyyətin stimullaşması və istehsal yönümlü fəaliyyətin dəstəklənməsi kimi vacib məqsədlərə xidmət edəcək və bu məqsədlərə nail olmaq üçün maliyyə resurslarının cəlb edilməsi, bundan səmərəli istifadə olunmasını həyata keçirəcəkdir.
Fondun fəaliyyətinin əsas istiqamətlərindən biri də İKT sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kreditlərin verilməsidir. Fondun kreditlərindən istifadə etməklə sahibkarlar daha iri həcmli İKT layihələrini həyata keçirməyə nail olacaqlar. Kreditlərin qaytarılmasında güzəşt müddətinin olması, həmçinin faiz dərəcəsinin 5 faizə qədər müəyyənləşdirilməsi bu maliyyə alətini sahibkarlar üçün əlçatan edir.
Bundan əlavə, fond İKT sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin fəaliyyətində payçı və ya səhmdar kimi iştirak edərək, investisiya maliyyələşdirilməsini həyata keçirir. İnvestisiya maliyyələşdirilməsi hüquqi şəxsin nizamnamə kapitalının bir hissəsinin İKT Fondun maliyyə vəsaiti hesabına formalaşdırılması və ya artırılması yolu ilə həyata keçirilir. İKT fond, Əsasnaməsinə uyğun olaraq, özü investisiya subyekti kimi çıxış etməkdən əlavə, birgə layihələrə cəlb olunan xarici investisiyaların qorunmasına təminat verərək, ölkənin İKT sektoruna xarici investisiyaları cəlb etməyə şərait yaradır.
Azərbaycanda istehsal sahəsinin inkişafı üç istiqamət üzrə aparılır. Birincisi - “Hardware” bazarıdır (hazır İT məhsulları). Sözsüz ki, qısa müddətdə bu sahədə uğur əldə etmək çətindir və Azərbaycanda dünya miqyaslı şirkətlərin (İBM, Apple, HP və s. kimi) yaradılması mümkün deyil. Buna baxmayaraq, dövlət yerli şirkətlərin dünya səviyyəli inkişafına nail olmaqda maraqlıdır və onların ölkə xaricinə çıxması məqsədilə yerli istehsalçıları dəstəkləyir. İkinci istiqamət, artıq dövlət dəstəyi alan proqram təminatı bazarıdır. Söhbət İKT-nin İnkişaf Fondu səviyyəsində “start-up” hərəkatının dəstəklənməsindən gedir. Üçüncü istiqamət - İT xidmətləri sahəsidir. Həmçinin, yerli şirkətlərin ixrac potensialının gücləndirilməsi üçün də işlər aparılır. Bu gün Azərbaycanın yüksək texnologiyalar sahəsində ixrac potensialı çox azdır və bu, təxminən 52 milyon dollar təşkil edir.
Azərbaycan dövləti yerli şirkətlərin fəallığını artırmaq məqsədilə özəl sektorun inkişafı üçün böyük maliyyə resursları yönəltmək fikrindədir. Bunun üçün əsas məqsədlərdən biri yerli şirkətlərin dünya vendorları ilə birgə fəaliyyətini təşkil etməkdir. Nəticədə Azərbaycan şirkətlərinin digər xarici bazarlara çıxışı reallaşacaqdır. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun Azərbaycan alimlərinin I qurultayındakı çıxışında Azərbaycanda aparılan innovativ inkişaf siyasəti “qızıl üçbucaq” adlandırılan üç sütun üzərində qurulduğunu qeyd etmişdir. Onlar insan resurslarının inkişafı, əlverişli biznes mühitinin yaradılması və kapitaldır.
Bütün sadalanan istiqamətlər üzrə lazımi addımlar artıq atılır. Məsələn, kapitalın qoyuluşuna gəldikdə, burada əsas vəzifə dövlət büdcəsindən maliyyələşən fondların üzərinə düşür. Fondların əsas məqsədi sahibkarlara təqdim olunan maliyyə resurslarını əlverişli şərtlərlə təqdim etməkdir.
Əlverişli biznes mühitinin yaradılmasına gəldikdə isə, bu gün vergi və gömrük rüsumlarının tətbiqi, investisiyaların qorunması, müəllif hüquqlarının qorunması sahəsində hüquqi baza formalaşdırılır, insan resurslarının inkişafı üçün isə böyük qlobal şirkətlərlə əməkdaşlıq edilir.
Təəssüf ki, bu gün elm və biznes arasında əlaqə aşağı səviyyədədir, bu da ölkənin innovativ inkişafında ən böyük maneədir. İndi dünyanın 500 aparıcı transmilli şirkəti qlobal məhsul və xidmət istehsalının 46,2 faizini verir.
Azərbaycanda innovativ sahibkarlığın stimullaşdırılması və inkişafı üçün ilk növbədə innovasiya prosesinin və milli innovasiya sisteminin hüquqi bazası formalaşmalıdır. İnnovativ sahibkarlığın müasir zamanda fəaliyyətinin tənzimlənməsi üçün “Vençur fondları haqqında” və “İntellektual mülkiyyət haqqında” qanunlar qəbul edilməlidir.
Azərbaycan üçün mühəndislik və tətbiqi elmlərin inkişafı üçün imkanların yaradılması əsasdır, bu isə innovativ inkişafda böyük əhəmiyyət kəsb edir. Bu işdə əsas sahibkarlığın dəstəklənməsi və bizneslə elmi fəaliyyətin koordinasiyasıdır. Ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsi, rəqabətqabiliyyətli mütəxəssis hazırlığının təmin olunması, xüsusən də mühəndislik və digər texnoloji ixtisaslara həvəsin artırılması, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrların hazırlanması, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında innovasiyaların yaradılması məqsədilə İKT-nin İnkişaf Fondu ilə “Sabah” layihəsi arasında memorandum imzalanmışdır. Belə ki, “Sabah” layihəsi çərçivəsində ali məktəblərdə innovasiya yönümlü iqtisadiyyat, mühəndislik və digər texnoloji ixtisaslar üzrə təhsil alan gənclər üçün biznes-inkubatorların yaradılması, tələbələrin təhsil, elmi-innovativ layihələrə cəlb edilməsi, ölkədə gənc menecer və sahibkarların yetişdirilməsi və tələbə startaplara öz bizneslərini qurmaqda tədris-metodiki, maddi-texniki, psixoloji və maliyyə dəstəyi göstərilməsi nəzərdə tutulmuşdur. Artıq Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Memarlıq və İnşaat Universitetində biznes inkubatorlarının yaradılması ilə bağlı görüşlər keçirilmiş, təşkilati işlər tamamlanmışdır. Bütün görülən işlər İKT sənayesinin təşəkkül tapacağı, innovativ “start-up”ların, həmçinin sahə üzrə iri layihələr həyata keçirəcək sahibkarlıq subyektlərinin ölkədə “bilik iqtisadiyyatı”nın qurulmasına böyük töhfə verəcəyi şübhəsizdir.
Anar CƏFƏROV,
İnformasiya Texnologiyalarının İnkişafı
Dövlət Fondunun aparıcı məsləhətçisi,
Azərbaycan Dövlət İqtisad Universitetinin doktorantı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.