Son beş il ərzində dövlət quruculuğunun möhkəmləndirilməsində, sosial-iqtisadi həyatın əsas istiqamətlərinin, o cümlədən qeyri-neft sektorunun dirçəlməsində, regionlarda iqtisadi fəallığın və təşəbbüskarlığın artmasında, yeni iş yerlərinin açılmasında, əhalinin məşğulluğunun artırılmasında, yoxsulluğun səviyyəsinin azaldılmasında böyük uğurlar əldə edilmişdir.
Hazırkı mərhələdə başlıca vəzifə iqtisadiyyatın həm sahəvi, həm də regional baxımdan tarazlı inkişafının təmin edilməsindən, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasından ibarətdir. Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlara uyğun olaraq həyata keçirilən sosial-iqtisadi tədbirlər məhz bu vəzifələrin yerinə yetirilməsinə istiqamətlənmişdir.
Qeyri-neft sahələrinin inkişafı, neft sektorundan əldə edilən gəlirlərin səmərəli istifadəsi diqqət mərkəzində saxlanılan ən mühüm məsələlərdən biridir. Ölkə Prezidentinin fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası məqsədilə idarəetmə orqanlarının, yerli və xarici investorların diqqəti regionların inkişafına yönəldilmiş, regional problemlərin həlli ön plana çəkilmişdir. Məhz elə buna görə də hazırda yerlərdə infrastruktur təminatının yaxşılaşdırılması, sosial obyektlərin inşasının sürətləndirilməsi ilə əlaqədar nəzərdə tutulan layihələr uğurla reallaşdırılır.
Xatırladaq ki, ölkə Prezidentinin rəhbərliyi və daimi diqqəti altında özünün sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş Azərbaycanın büdcə siyasətində də mühüm uğurlar əldə edilmişdir. Belə ki, büdcədə tətbiq edilən makroiqtisadi göstəricilər mövcud maliyyə-kredit siyasətinin daha sürətlə davam etdirilməsini, iqtisadiyyatın idarə olunmasında büdcənin iştirakını, istehsalın həcminin və səmərəliliyinin artırılmasını, inflyasiyanın sabit saxlanılmasını, maliyyə intizamının gücləndirilməsini və xərclərin şəffaflığının təmin edilməsini özündə əks etdirir.
Ölkənin sosial-iqtisadi inkişafında dövlət büdcəsinin nə dərəcədə ciddi rol oynadığının əlavə şərhinə ehtiyac yoxdur. Son illər büdcə sisteminin formalaşması və inkişafı istiqamətində xeyli müsbət dəyişikliklər baş vermişdir. Maliyyə Nazirliyi tərəfindən büdcə siyasətinin təkmilləşməsi, zəruri ehtiyaclar üçün maliyyə mənbələrinin səfərbər edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Bununla bərabər yeni vəzifələr maliyyə sistemi qarşısında da müvafiq tələblər qoyur.
Onu da qeyd edək ki, bu gün ölkədə effektiv maliyyə sektoru mövcuddur. Təbii ki, bu da maliyyə bazarının genişlənməsi, uğurlu büdcə siyasəti ilə bağlıdır. Belə halda vətəndaşlar maddi resurslardan səmərəli istifadə edə bilirlər. Bu zaman maddi resurslar siyasi məqsədlərdən çox, iş adamlarının əlində cəmləşdirilir, ya da sərmayə layihələrinə istiqamətləndirilir.
Azərbaycanda maliyyə bazarının təkmilləşdirilməsi də uğurla davam etdirilir. Burada əsas diqqət maddi resursların iş adamlarının əlində cəmləşməsinə yönəldilir. Bu isə özünü daha çox özəl bölmənin, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək üçün bir sıra mühüm tədbirlərin həyata keçirilməsində göstərir. Prezident İlham Əliyev bununla əlaqədar demişdir: "...Məqsəd ondan ibarətdir ki, bir neçə ildən sonra iqtisadi imkanlarımızın neft amilindən asılılığını tamamilə aradan qaldıraq. Belə imkanlar var və əminəm ki, qeyri-neft sektorunun inkişafı həm dövlət tərəfindən verilən dəstək hesabına, həm də özəl sektorun fəaliyyəti nəticəsində daha da genişlənəcəkdir... Biz bir neçə il ərzində sahibkarlara kreditlər veririk, bu kreditlər də yaxşı işləyir. Bu kreditlərin hesabına yeni müəssisələr - fabriklər, emal müəssisələri yaradılır, özəl biznes inkişaf edir. İqtisadiyyatımızın ümumi çəkisində özəl biznesin kifayət qədər böyük yeri var. Azərbaycan iqtisadiyyatı 80 faizdən yuxarı özəl sektorun əsasında qurulubdur".
Maddi resursların investisiya layihələrinə istiqamətləndirilməsi baxımından Azərbaycan dünyada və MDB məkanında üstün mövqeyə malikdir. Belə ki, bu, son illər dövlət büdcə xərclərinin bir neçə dəfə artması hesabına iqtisadiyyata sərmayələrin qoyulmasına diqqətin artırılmasında özünü qabarıq büruzə verir. Məsələn, 2003-cü ilə nisbətən bu il dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşuna 20 dəfədən çox vəsait yönəldilmişdir. Bu artım hesabına ölkəmizin prioritet sosial yönümlü infrastrukturunun yaradılması və yenidən qurulması ilə bərabər, fiziki infrastruktur, mədəniyyət, idman təyinatlı layihələrin maliyyələşdirilməsi mümkün olmuşdur.
Ölkəmizdə sahibkarlığın təkmilləşdirilməsi əmtəə və xidmətlərin səviyyəsinə müsbət təsir göstərir. Bu da öz növbəsində məhsuldarlığın, ölkənin rəqabətə davamlılığının artmasına təsir edir. Sahibkarlığın təkmilləşdirilməsi ölkədə sahibkarlar şəbəkəsinin güclənməsinə, ayrı-ayrı sahibkarların səmərəli fəaliyyət göstərməsinə əlverişli şərait yaradır. Məhz bu amilə görə də Azərbaycan dünya ölkələri arasında öncül yer tutur.
Son illər Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən radikal iqtisadi islahatların əsas istiqaməti olan bazar iqtisadiyyatının formalaşmasının əsasında da sahibkarlıq bölməsinin inkişafı əsas amil kimi durur. Buna görə də Azərbaycan Respublikası XX I əsrə bazar iqtisadiyyatının formalaşdırılması və sahibkarlığın inkişafı sahəsində böyük irəliləyişlərlə qədəm qoymuşdur.
Sahibkarlara güzəştli kreditlər verilməsi də diqqət mərkəzində saxlanılır. Artıq xeyli vaxtdır ki, ayrı-ayrı bölgələrdə bu ənənə uğurla davam etdirilir. Goranboyda keçirilən kredit yarmarkası da mühüm əhəmiyyəti ilə yadda qalmışdır. Tədbirdə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 200-ə yaxın sahibkar iştirak etmişdir.
Əvvəlcə tədbir iştirakçıları Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kredit almış Goranboy rayonundakı tikinti materiallarının (gips) istehsalı ilə məşğul olan "Goranboy Gips" ASC-nin fəaliyyətinə baxış keçirmişlər. Sonra "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri keçirilmişdir. Tədbirdə son illər regionların sürətlə inkişaf etdiyi, dövlət başçısının regionların inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində Goranboyda yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığı, sahibkarlıq fəaliyyətinin genişləndiyi, məşğulluğun səviyyəsinin artdığı bildirilmişdir.
Tədbir iştirakçıları Azərbaycan Respublikası Prezidentinin düşünülmüş, çevik iqtisadi siyasət nəticəsində qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olunduğunu qeyd etmiş, sahibkarlığın inkişafına dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsi nəticəsində iqtisadiyyatda özəl bölmənin rolunun daha da artdığını vurğulamışlar. Çıxış edənlər "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın uğurlu icrasından bəhs edərək, yeni müəssisələrin və iş yerlərinin yaradılmasında, istehsalın həcminin artmasında sahibkarlığın inkişafının əhəmiyyətini diqqətə çatdırmışlar. Natiqlər sahibkarlığın inkişafına dövlət dəstəyinin vacib komponentlərindən biri kimi maarifləndirmənin əhəmiyyətini vurğulamış, sahibkarlara və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərə zənruri nəzəri biliklərin, praktiki bacarıqların, beynəlxalq təcrübənin aşılanması, onlara tədris-metodiki, innovansiya və konsaltinq xidmətlərinin göstərilməsi sahəsində İqtisadi İnkişaf Nazirliyinin həyata keçirdiyi tədbirlər barədə məlumat vermişlər.
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən həyata keçirilən layihələr barədə də məlumat verilmişdir. Qeyd edilmişdir ki, fond iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən intensiv bağçılığın və tingçiliyin inkişafı, həmçinin, müasir standartlara cavab verən çörək istehsalı müəssisəsinin yaradılması və ya müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən təkliflərin qəbulunu davam etdirir. Tədbirdə sahibkarlar bu layihələrdə fəal iştiraka dəvət edilmişlər.
Tədbir çərçivəsində sahibkarlar üçün treninq keçirilmişdir. Treninqdə biznes ideyalarının formalaşdırılması, investisiya layihələrinin hazırlanması və təqdim edilməsi qaydaları barədə ətraflı məlumat verilmiş, güzəştli kreditlərin əldə olunması proseduru, sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin tərtib edilməsinə dair minimal tələblər və müvəkkil kredit təşkilatları barədə məlumatları əks etdirən broşürlər, investisiya layihələrinin (biznes-planların) hazırlanmasına dair tövsiyə xarakterli materiallar təqdim edilmişdir.
Tədbir çərçivəsində həmçinin, müvəkkil kredit təşkilatları vasitəsilə Goranboy və ətraf rayonlarda fəaliyyət göstərən 24 sahibkarlıq subyektinə 295 min manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 45 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Bundan əlavə, "2009- 2013-cü illərdə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq tədbirdə Goranboy rayonunun iqtisadi potensialından daha səmərəli istifadə edilməsi məqsədilə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla məsləhətləşmələr aparılmış, güzəştli şərtlərlə maliyyələşdirilməsi daha məqsədəuyğun hesab olunan sahələr müəyyənləşdirilmişdir.
Tədbirdə çıxış edən sahibkarlar ölkədə özəl bölmənin inkişafına yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.