Azərbaycan Cənubi Qafqazın ən sabit və dinamik inkişaf edən ölkəsidir

“Azərbaycan daxili və xarici siyasətindəki sabitliyə, iqtisadiyyatının gücünə, dinamik inkişafına  və ekstremizm meyillərinə qarşı durmaq bacarığına görə Cənubi Qafqazın ən sabit ölkəsidir”. Bu fikir Rusiyanın “Minçenko” konsaltinq şirkəti tərəfindən dərc edilən hesabatda öz ifadəsini tapıb. Həmin hesabatda SSRİ-nin dağılmasından sonra Qafqazda 6 silahlı münaqişənin baş verdiyi və əksəriyyətinin hələ də həllini tapmadığı bildirilir: “Postsovet məkanında yeganə yer Qafqazdır ki, burada dövlətlərdən bəzilərinin bir-biri ilə diplomatik münasibətləri yoxdur. Belə ki, Azərbaycan və Ermənistan, Gürcüstan və Rusiya, Ermənistan və Türkiyə arasında diplomatik əlaqələr mövcud deyil”.   

Daxili və xarici siyasət, iqtisadiyyatın dinamik inkişafı  və ekstremizm meyillərinə qarşı durmaq xüsusiyyətlərinə görə qiymətləndirilən  Cənubi Qafqazın 3 ölkəsi arasında Azərbaycan ən sabit ölkə olaraq vurğulanıb. Azərbaycanın ilk yeri tutması ölkənin monolit siyasi sistemi və güclü iqtisadiyyatının mövcudluğu ilə izah olunub. 

Ermənistan isə Qafqaz respublikaları arasında ən yüksək riskə malik olan ölkə kimi göstərilib. Siyasi və iqtisadi təcrid, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması, güclənən sosial etirazlar, iqtisadiyyatdakı xroniki problemlər və Rusiya ilə Qərb arasındakı manevrlərdən yarana  biləcək çətinliklər   Ermənistanda sabitliyə əsas risklər sırasında qeyd edilib.  

Hesabata əsasən, Cənubi Qafqaz regionunun təhlükəsizliyinə həllini tapmamış münaqişələrlə yanaşı, Ermənistan-Azərbaycan sərhədində mövcud vəziyyət, Gürcüstanın avroatlantik cəhdlərinin artması, İŞİD təhlükəsi, labüd devalvasiyanın ölkələrin sosial-iqtisadi sabitliyinə təhdid törətməsi də təsir göstərir.

Azərbaycanın bu gün  Cənubi Qafqazın ən sabit və dinamik inkişaf edən ölkəsi olması faktını təhlil edən xarici ekspertlər bunun səbəbini  Prezident  İlham Əliyevin son 12 ildə ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar şəraitində yaradıcı şəkildə məharətlə inkişaf və  davam etdirməsi ilə əlaqələndirirlər. Bildirirlər ki, ölkə rəhbərinin həyata keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarıb.

Müasir dünyada dövləti lazımi səviyyədə idarə etmək, geosiyasi təlatümlərdən, iqtisadi böhranlardan çıxarmaq üçün çox yüksək səriştə və siyasi iradə lazımdır. Azərbaycan xalqı üçün tarixi bir şansdır ki, bu gün ölkəmizə İlham Əliyev kimi dərin zəkaya, analitik təfəkkür tərzinə malik olan, dünyada gedən siyasi və iqtisadi prosesləri yaxşı bilən siyasətçi və dövlət xadimi rəhbərlik edir. Dövlət başçısı  İlham Əliyev öz vətənini,  xalqını sevən, azərbaycançılıq amalını qəlbində daşıyan bir rəhbərdir.

Prezident İlham Əliyevin  rəhbərliyi ilə son 12 ildə Azərbaycanda əldə edilən sosial-iqtisadi  uğurların əsasında dahi Heydər Əliyevin siyasi kursu dayanır. Dövlət başçımız ölkəyə rəhbərliyə başladığı 2003-cü ilin oktyabrından daim ulu öndərin siyasi kursuna sədaqətini nümayiş etdirib, xalqın etimadını əməli fəaliyyəti ilə doğruldub. Xalqımız və müstəqil dövlətimiz üçün alternativsiz olan bu siyasi kurs dövlət başçısının uğurlu fəaliyyətinin başlıca amili sayılır.

Xatırlatmaq yerinə düşər ki, möhtərəm İlham Əliyev hakimiyyət sükanı arxasına keçərkən bu siyasəti dönmədən davam etdirəcəyini də  bəyan etmişdi: “Azərbaycan xalqına vəd etmişəm ki, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm, çünki o, yeganə düzgün siyasətdir. Bu siyasət ona gətirib çıxartdı ki, Azərbaycan xaos, hərc-mərclik, vətəndaş müharibəsi vəziyyətindən quruculuq və tərəqqi, sülh və sabitlik mərhələsinə keçdi. Mən ondan çox şeyi öyrənmişəm və onun təcrübəsini, məsələlərə baxışını öyrənməklə hələ çox şeyi əxz edəcəyəm. Hər hansı bir qərar qəbul etməzdən əvvəl düşünürəm ki, bu vəziyyətdə Heydər Əliyev necə hərəkət edərdi. Çalışıram ki, mənə inanan, mənə səs verən adamlar məndən razı qalsınlar. Prezident üçün ən yüksək mükafat onun ideyalarına inamdır, bunsuz işləmək çox çətindir, ona görə də mən çalışacağam ki, Heydər Əliyevin bütün prinsipləri həyatda öz təcəssümünü tapmaqda davam etsin”.

Ümummilli liderimizin yaratdığı təməl və qoyduğu prinsiplər əsasında Prezident İlham Əliyev ötən müddət ərzində Azərbaycanı sürətli və davamlı inkişaf yoluna çıxarıb, dahi öndərimizin siyasi kursunun ən layiqli davamçısı olduğunu bütün dünyaya nümayiş etdirib. Qənaətimizi faklarla əsaslandırmaq istərdik.

Ötən 12 il ərzində regionlarda infrastrukturun yenidən qurulması və inkişafı, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilib. Bu, Azərbaycanın öz iqtisadiyyatını sadəcə neft amili üzərində qurmadığını, əldə olunmuş uğurlu nəticələrdə qeyri-neft sektorunun da mühüm paya malik olduğunu təsdiqləyib. İqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində ölkəmizdə qeyri-neft sektorunun dinamik inkişafı davam edib. Prezident İlham Əliyev bununla bağlı bildirib: “Bu gün Azərbaycan iqtisadiyyatı artıq çoxşaxəlidir. Məhz buna görə iki-üç il bundan əvvəl dünyada neftin qiymətləri kəskin şəkildə aşağı düşəndə biz böyük çətinliklərlə üzləşməmişdik. Hətta o illərdə ki dünyada neftin qiyməti 4-5 dəfə aşağı düşmüşdü, Azərbaycan iqtisadiyyatı 8-9 dəfə artmışdı. Nəyin hesabına, - məhz qeyri-neft sektorunun inkişafı hesabına. Bu, bizim siyasətimizdir və gələcək illərdə çalışacağıq ki, qeyri-neft sektorunun inkişafına daha da güclü təkan verək. Deyə bilərəm ki, bunu etmək üçün dövlət proqramları həlledici rol oynayır. 2004-cü ildən bugünə qədər artıq üçüncü dövlət proqramı icra edilir. Eyni zamanda, xarici investorların Azərbaycana olan marağı və qoyulan investisiyalar da az rol oynamır”.

Qeyri-neft sektorunun sürətli yüksəlişi həm də daxili investisiyaların həcminin artımında özünü göstərir. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir.

Qeyri-neft sektorunun dinamik inkişafını daim diqqət mərkəzində saxlayan  Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib: “Sənayeləşmə prosesi uğurla gedir. Hesabat dövründə  qeyri-neft sənayesi 14 faiz artıb. Mən xatırlamıram ki, nə vaxtsa qeyri-neft sənayesi bu qədər artsın. Bu, doğrudan da rekord göstəricidir. Sənaye artımı əvvəllər də olub, amma daha çox neft hasilatı hesabına. O illərdə sürətli hasilatda artım olub.   Amma qeyri-neft sənayesi 14 faiz artıb. Bu, doğrudan da görülən işlərlə bağlıdır. Hər bir rayonda sənaye zonaları yaradılacaq, eyni zamanda, sənaye parkları. Məndə olan məlumata görə, Sumqayıt Kimya Sənaye Parkında 4 rezident tərəfindən 700 milyon manat investisiya nəzərdə tutulur. Bu da çox gözəl göstəricidir və bir daha onu göstərir ki, bu sənaye parklarının yaradılması çox düzgün və vaxtında atılmış addım idi”.

Son 12 il ərzində dövlət başçımızın reallaşdırdığı müasir infrastrukturun qurulması, iqtisadiyyatın şaxələndirilməsi və sürətlə yeni iş yerlərinin açılması siyasəti nəticəsində Azərbaycanda işsizlik səviyyəsi MDB məkanında ən aşağı səviyyəyə - 5 faizə endiyi halda, bir çox Avropa ölkələrində hazırda  bu göstərici yüksəlməkdədir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına əsasən, bu ilin may ayında işsizlik səviyyəsi Avropa İttifaqında 9,6 faiz olub. Bununla belə, son 6 ay ərzində ölkəmizdə fəal məşğulluq tədbirləri davam etdirilib. Bu müddətdə məşğulluq xidməti orqanlarına müraciət edən 27,7 min nəfərdən 13,7 min nəfəri münasib işlə təmin olunub. Eyni zamanda,  1800 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub. “Əmək birjaları” tərəfindən 1480 nəfər, respublikanın 11 şəhər və rayonunda təşkil olunan əmək yarmarkalarında isə 650 nəfər işlə təmin edilib.

Xatırladaq ki, Azərbaycanda  son 12 il ərzində 1 milyon 400 min iş yeri açılıb ki, onlardan 1 milyonu daimi iş yeridir. Bunun hesabına respublikada işsizlik keçən ilin yekunlarına görə,  5 faiz səviyyəsində olub. 

Ölkədə işsizlik səviyyəsinin getdikcə enməsinə, yoxsulluğun  azalmasına “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” da öz müsbət təsirini göstərib. Son illərdə səmərəli sosial müdafiə sistemini inkişaf etdirməklə yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların sosial riskinin azaldılması, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması  sözügedən proqramın uğurla həyata keçirilməsinin  nəticəsidir. 

Həyata keçirilən sosial siyasət nəticəsində bu ilin ilk yarısında da əhalinin rifahının yüksəldilməsinə, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən çoxsaylı tədbirlər reallaşdırılıb. Sözügedən dövrdə ölkədə iqtisadi artım davam edib,   xarici iqtisadi mövqe əlverişli olub.  Qeyri-neft sektorunun artım dinamikası  sürətlənib.   Dövlətin sosial-iqtisadi inkişafa və infrastruktura göstərdiyi fəal  dəstək iqtisadi artıma mühüm töhfə verib.

Azərbaycanda valyuta bazarının ümumi həcmi ilin birinci yarısında keçən  ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çox artıb. Valyuta bazarında əməliyyatların 89 faizi ABŞ dollarında, 11 faizi isə digər valyutalarda aparılıb.  

Dövlət Statistika Komitəsinin məlumatında, həmçinin,   göstərilir ki, bu ilin yanvar-iyul aylarında ölkə əhalisinin gəlirləri 2014-cü ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq 23,6 milyard manata çatıb. Bunun hər nəfərə düşən həcmi isə orta hesabla 2484,1 manat və ya ayda 354,9 manat təşkil edib. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 1,4 faiz bəndi üstələyərək 5,1 faiz olub. 

Ölkə rəhbəri cənab İlham Əliyev Azərbaycanın xarici iqtisadi-ticarət əlaqələrinin inkişafına mühüm önəm verir.  Respublikamızın xarici ölkələrlə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində son illər bir sıra mühüm   tədbirlər həyata keçirməsi bunun bariz ifadəsidir. 

İqtisadiyyat və Sənaye Nazirliyi və digər dövlət qurumları ilə əlaqəli şəkildə Azərbaycanın xarici iqtisadi əlaqələrinin inkişaf etdirilməsi, iqtisadi potensialın xaricdə təşviq olunması, qeyri-neft sektorunun şaxələndirilməsi, ixracın genişləndirilməsi, daxili məhsulların və xidmətlərin yeni bazarlara çıxarılması, eyni zamanda, xarici texnologiyaların ölkəmizə gətirilməsi ikitərəfli əməkdaşlıqda əsas istiqamətlərdən olub. Təkcə ötən il ərzində Azərbaycan Respublikasının xarici ölkələrlə ticarət-iqtisadi əlaqələrinin inkişaf etdirilməsi məqsədilə 18 birgə hökumətlərarası iqtisadi komissiyanın və 2 işçi qrupun iclası keçirilib. İclaslarda Azərbaycanın bu ölkələrlə ticarət-iqtisadi, sənaye, enerji, nəqliyyat, informasiya və telekommunikasiya texnologiyaları, kənd təsərrüfatı və aqrar sənayesi, turizm və elmi-texniki sahələrdə əməkdaşlığın genişləndirilməsi məqsədilə konkret razılaşmalar əldə olunub və gələcək əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib. Bununla yanaşı, Azərbaycanın bir sıra mühüm ölkələrlə keçirdiyi hökumətlərarası iqtisadi komissiya və işçi qruplarının iclasları zamanı qəbul olunmuş sənədlərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və işğal altında olan digər ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyətin qarşısının alınması məqsədilə respublikamızın həmin ölkələrlə birgə səylərinin aparılması üzrə razılıqlar əldə edilib. Respublikamızın xarici dövlətlərlə münasibətlərinin inkişafında investisiya  əməliyyatları mühüm rol oynayır. Bununla bağlı əvvəlcə Azərbaycan iqtisadiyyatına investisiya yatıran xarici ölkələrin fəaliyyətinə qısa nəzər salaq. Azərbaycana investisiya qoyuluşunda Avropa ölkələri üstünlük təşkil edir. Son 12 ildə respublikamızda əsas kapitala yönəlmiş xarici investisiyaların 51 faizi, qeyri-neft sektoruna qoyulmuş xarici investisiyaların isə 36 faizi bu  ölkələrin payına düşür. Sənaye, ticarət, kənd təsərrüfatı, nəqliyyat, bank işi və digər sahələrdə 1000-dən çox Avropa şirkəti Azərbaycanda qeydiyyatdan keçib. 

Yeri gəlmişkən, bir çox infrastruktur layihələrinin həyata keçirilməsində də Azərbaycan nüfuzlu beynəlxalq maliyyə təşkilatları ilə, o cümlədən Asiya İnkişaf Bankı ilə sıx əməkdaşlıq edir. Bu günə kimi adı çəkilən bank tərəfindən Azərbaycana 12 layihə üzrə 1,64 milyard ABŞ dolları məbləğində ayrılan  kreditlər avtomobil yolları, su təchizatı və kanalizasiya, enerji təchizatı, irriqasiya sektorlarındakı layihələrin maliyyələşdirilməsinə yönəldilib. Eyni zamanda, həmin  bank texniki əməkdaşlıq çərçivəsində 7 layihənin maliyyələşdirilməsinə təxminən 10 milyon ABŞ dolları məbləğində qrant vəsaiti ayırıb. Bankın ölkəmizin özəl sektorundakı fəaliyyəti 2006-cı ildən başlayıb   və bu günədək özəl sektora ayrılmış kreditlərin məbləği 163 milyon dollar təşkil edib.

Ümumilikdə, görülən işlər nəticəsində hazırkı vaxtadək iqtisadiyyata 100 milyard dollar həcmində  xarici investisiya yönəldilib. Təkcə 2014-cü ildə xarici  investisiya qoyuluşunun həcmi 11,5 milyard dollar təşkil edib.

Azərbaycanın xarici ticarət əlaqələrinə gəldikdə isə qeyd edə bilərik ki,  son 12 ildə ticarət coğrafiyası genişlənib  və 150-dən çox ölkə ilə ticarət əlaqələri qurulub, ticarətin əmtəə strukturu təkmilləşib,   ixrac potensialı əhəmiyyətli dərəcədə güclənib.   Bu müddət ərzində xarici ticarət dövriyyəsi 4,3 dəfə, ixrac 6 dəfə, o cümlədən qeyri-neft ixracı 2,6 dəfə artıb. 

Elektrik enerjisinə artan tələbin ödənilməsi məqsədilə təkcə son 6 ildə Azərbaycanda 10-dan çox  elektrik stansiyası tikilib. Eyni zamanda, elektrik enerjisi istehsalında da müasir texnologiyaların tətbiqinin, alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsinin genişləndirilməsi istiqamətində  əhəmiyyətli işlər görülüb. Artıq respublikamızda Eksperimental Poliqon istifadəyə verilib  və hibrid tipli müasir günəş və külək elektrik stansiyası quraşdırılıb. Bütövlükdə elektrik enerjisinə olan tələbatın yerli istehsal hesabına ödənilməsinə nail olunmaqla, ölkəmiz enerji ixracatçısına çevrilib.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri də infrastrukturun inkişaf etdirilməsi olub. Ölkədə nəqliyyat infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılaraq müasirləşdirilməsi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri tərkibində avtomobil magistrallarının tikintisi və genişləndirilməsi, regionlarda avtomobil yol şəbəkəsinin bərpası və yenilənməsi, sərhəd-keçid məntəqələrinin yenidən qurulması, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, müasir gəmiqayırma müəssisəsinin tikintisi, Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında yeni Aerovağzal Kompleksinin inşası, habelə regionlarda hava limanlarının, uçuş-enmə zolağının yenidənqurulması və genişləndirilməsi kimi layihələrin icra olunması ölkəmizin nəqliyyat potensialının reallaşdırılması üçün geniş imkanlar yaradır.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən, müəyyənləşdirilən prioritet istiqamətlərə uyğun olaraq, artıq yüzlərlə azərbaycanlı gənc dünyanın qabaqcıl ölkələrinin aparıcı təhsil müəssisələrində təhsil alır. Bununla yanaşı, Azərbaycanın ali təhsil müəssisələrində də təhsil alan xaricilərin sayı artıb və “Qlobal innovasiya indeksi”nə əsasən, təhsil alan xarici tələbələrin xüsusi çəkisinə görə, Azərbaycan dünya ölkələri arasında 37-ci, MDB ölkələri arasında 2-ci yerdədir.

Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası Avratlantik məkana inteqrasiya kursunu uğurla davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin lokomotivinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan respublikamızın bütün sahələrdə dinamik inkişaf etdiyini təsdiqlədi. Hesabat dövründə   makroiqtisadi sabitliyin qorunub saxlanılması, qeyri-neft sektorunun nəzərəçarpacaq dərəcədə artması, inflyasiyanın optimal həddə saxlanılması hökumətin həyata keçirdiyi inkişaf kursunun səmərəliliyinin əyani göstəricisidir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında