Trans-Anadolu qaz boru kəməri - layihəsi üzrə tikinti işləri fasiləsiz davam etdirilir

İndiyədək  Azərbaycan ilə Türkiyə tərəfindən  bir sıra möhtəşəm layihələrə imza atılıb. Respublikamızın zəngin təbii ehtiyatlarının dünya bazarlarına çıxarılmasında önəmli rola malik olan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz ixrac boru kəmərləri, hazırda yekunlaşmaqda olan və “Dəmir İpək yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi belə transmilli layihələrdəndir. 2012-ci il iyunun 26-da isə Azərbaycan ilə Türkiyə arasında daha yeni iri layihənin - Trans-Anadolu təbii qaz boru kəmərinin (TANAP) reallaşdırılması üçün təşkilati məsələlərə dair ilk razılaşma və hökumətlərarası sazişin imzalanması qardaş ölkələrin  gələcəyə doğru birgə addımladığını göstərdi.

Təxminən 10 milyard dollar dəyərində olan TANAP layihəsi üzrə tikinti işləri hazırda fasiləsiz davam etdirilir. Türkiyənin Qars vilayətinin Səlim bələdiyyəsinin sədri  Coşkun Altun mətbuata açıqlamasında   bildirib ki, təməli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Qarsda qoyulan və Azərbaycanın təbii qazını Türkiyədən keçməklə Avropaya çatdıracaq TANAP-ın Səlim mahalındakı tikinti sahələrində işlər sürətlə aparılır.

Hazırda layihə çərçivəsində boru kəmərinin 56 düymlük hissəsinin keçəcəyi ərazilərdə torpaqlar düzləşdirilir,   təxminən 10 ton ağırlığı və 12 metr uzunluğu olan polad borular sahələrə daşınır.  Həmçinin, boruların saxlanıldığı yerlərdə qaynaq işləri  aparılır.

TANAP-ın beynəlxalq  layihə  olduğunu vurğulayan Coşkun Altun, eyni zamanda,  xatırladıb ki, bu, Azərbaycan-Gürcüstan-Türkiyədən keçən dəhlizlə Yunanıstan və Avropa ölkələrinə nəql ediləcək təbii qaz boru kəməridir. Bələdiyyə sədri, həmçinin qeyd edib ki, TANAP həm iqtisadi, həm də geosiyasi baxımdan Türkiyə üçün çox mühüm layihədir. Bu layihə Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. Bu gün əsas tikinti sahələri Səlimdə qurulub. Layihə   uğurla və problemsiz reallaşdırılır. 

Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan TANAP-ın 2018-ci ildə istismara verilməsi nəzərdə tutulur. TANAP ilə Avropaya 10 milyard kubmetr, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin ötürücülük qabiliyyətinin 2023-cü ildə 23 milyard kubmetrə, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.

Burada Azərbaycan Prezidenti cənab İlham Əliyevin  “Şahdəniz-2” layihəsi ilə bağlı fikirlərini də xatırlatmaq yerinə düşər: “Şahdəniz-2” layihəsi enerji təhlükəsizliyi layihəsidir. Hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyindən ayrılmazdır. Enerji təhlükəsizliyinin əsas elementlərindən biri təbii qazdır. Hazırda vəziyyət belədir və zənnimcə, növbəti illərdə heç bir dəyişiklik baş verməyəcəkdir. Bu səbəbdən enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi Azərbaycan kimi istehsalçı ölkə, həmçinin tranzit və istehlakçı ölkələr üçün eyni dərəcədə vacibdir. Əminəm ki, biz istehsalçı, tranzit və istehlakçı ölkələrin maraqlarının düzgün balansına birlikdə nail ola biləcəyik. Hamımız üçün faydalı əməkdaşlıq formatı yaradılacaqdır...".

Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən bir ölkəyə çevrilib.   “Şahdəniz-2" enerji layihəsinin reallaşdırılması isə birbaşa xarici sərmayə baxımından ən böyük layihə olacaq. Bu, Azərbaycanda əlavə 10 min iş yerinin açılması deməkdir. Qürurverici haldır ki, bütün zəruri infrastruktur Azərbaycanda inşa ediləcək. bp isə öz növbəsində, Azərbaycanın enerji və hasilat bacarığının artırılmasına öz töhfəsini verəcək. Azərbaycandan kənarda daha 20 min yeni iş yeri açılacaq.

İlkin hesablamalara əsasən, Azərbaycanın “Şahdəniz” yatağının birinci və ikinci fazasının işlənməsindən əldə edəcəyi gəlirin həcmi 200 milyard dollara yaxın olacaq. Bu isə dövlətin və eləcə də ölkə əhalisinin iqtisadi gəlirlərinin kəskin artması baxımından ciddi maliyyə mənbəyidir. Digər tərəfdən, “Şahdəniz” yatağının ikinci fazası Azərbaycanın enerji resurslarının satışından əldə etdiyi gəlirlərinin stabil olaraq tənzimlənməsinə imkan verəcək və  Hasliatın Pay Bölgüsü Sazişi üzrə neft ixracının mərhələli aşağı düşməsinin iqtisadiyyata hər hansı mənfi təsirini aradan qaldıracaq.  Başqa sözlə, bu anlaşma mərhələli olaraq Azərbaycanın neft dövrünün uzunmüddətli qaz dövrü ilə əvəzlənməsi deməkdir.

“Cənub” qaz dəhlizinin ən uzun hissəsini təşkil edən TANAP Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən “Trans-Adriatik” (TAP) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub” qaz dəhlizi" Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, BOTAŞ - 30 faiz və bp şirkəti - 12 faiz.

Xatırladaq ki, bu il martın 17-də Türkiyənin Qars vilayətinin Səlim rayonunda TANAP-ın təməli qoyulub. Mərasimdə üç ölkənin rəhbərləri - Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili iştirak ediblər. Çünki 3500 kilometr məsafə qət edəcək “Cənub” qaz dəhlizinin yolu bu üç ölkənin ərazisi boyu uzanır. Başqa sözlə, dəhlizin birinci mühüm seqmenti CQBK öz çıxış məntəqəsində - Türkiyənin şərq sərhədində TANAP-a bağlanacaq. Sonra isə bu xətt Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi ərazisində “Cənub” qaz dəhlizinin üçüncü mühüm hissəsinə - TAP-a qovuşacaq.

TANAP üzrə Hökumətlərarası Saziş 2012-ci ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyənin o vaxt baş naziri, indi isə Prezidenti olan Rəcəb Tayyib Ərdoğan tərəfindən İstanbulda imzalanıb. Bu, Azərbaycanın və Türkiyənin  birgə səyi nəticəsində gerçəkliyə çevrilən bir layihədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun bu il iyulun 22-də birgə mətbuat konfransında da TANAP layihəsi üzrə tikinti işlərinin  fasiləsiz davam etdirilməsi barədə ətraflı söhbət gedib. Prezident İlham Əliyev bəyanatında bildirib ki, keçən ilin sentyabr ayında Bakıda icrasına start verilən “Cənub” qaz dəhlizi layihəsi artıq sürətlə icra olunur. Azərbaycan bu layihənin təşəbbüskarı olub və layihəni vaxtında icra etmək üçün tərəfdaşlarla, qonşu ölkələrlə və sərmayədarlarla fəal şəkildə işləyir. Azərbaycanın nəhəng qaz ehtiyatları var. Təsdiqlənmiş qaz ehtiyatları təxminən 2,6 trilyon kubmetrdir. “Cənub” qaz dəhlizi üçün hələlik yeganə resurs bazası olan “Şahdəniz” yatağında 1 trilyon kubmetrdən çox qaz var. Beləliklə, bizim ehtiyatlarımız Avropa istehlakçılarını onilliklər boyu təbii qazla təchiz etmək üçün kifayət edəcəkdir. Dövlətimizin başçısı daha sonra demişdir: “Cənub” qaz dəhlizi layihəsi ölkələri birləşdirən, istehsalçılara, tranzit tərəflərinə və istehlakçılara fayda verən bir layihədir. Düşünürəm ki, biz bu enerji layihəsinin üç seqmenti arasında düzgün balansı tapa bilmişik. Bu da Bakıda fevral ayında “Cənub” Qaz Dəhlizi Məşvərət Şurasının birinci iclasında qəbul olunan bəyannamədə öz əksini tapıb".

Sözügedən mətbuat konfransında həmçinin qeyd edilib ki, bu ilin mart ayında “Cənub” qaz dəhlizi layihəsinin bir hissəsi olan TANAP layihəsinin tikintisinə start verilib. Beləliklə də işlər cədvəl üzrə gedir. Bu, enerji təhlükəsizliyi layihəsidir. İndi enerji təhlükəsizliyini ölkələrin milli təhlükəsizliyindən ayırmaq olmaz. Bu, enerji şaxələndirilməsi layihəsidir. Çünki “Cənub” qaz dəhlizi təkcə təchizat marşrutlarının şaxələndirilməsi deyil, ondan daha önəmli olan təchizat mənbələrinin şaxələndirilməsidir. Azərbaycan öz resursları, infrastrukturu, enerji layihələrinin həyata keçirilməsi təcrübəsi ilə öz fəal rolunu oynayır. 

Xatırladaq ki, TANAP beynəlxalq aləmdə  dəstəklənən bir layihədir. Bununla bağlı bir məqama diqqət yetirək. Hazırda  Azərbaycanda ən iri neft-qaz və ixrac layihələrinin, o cümlədən “Şahdəniz”in operatoru olan bp şirkətinin yaydığı açıqlamada deyilir: “TANAP dünyada ən mühüm strateji kəmərlərdən biridir. Onun şərq ucunda dünyanın ən iri qaz yataqları var – Azərbaycan və Yaxın Şərq, onun qərb ucunda isə dünyanın ən iri bazarlarından biri var – Avropa. TANAP bu ikisini birləşdirən mühüm bir layihədir və ona görə də bp və digər şirkətlər bu layihəni və onun operatoru olan ARDNŞ-in planlarını dəstəkləyirlər”.

Azərbaycanın neft-qaz marşrutlarını diqqətdə saxlayan ölkələrdən biri də İrandır. Adı çəkilən dövlət böyük neft-qaz ehtiyatlarına malikdir və onları dünya bazarına çıxarmağa çalışır. İran neft ixracını Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə həyata keçirə bilər. Gələcəkdə isə Trans-Anadolu (TANAP) qaz kəmərinin istifadəçiləri sırasına qoşulmaqla İran təbii qazının Avropaya nəql edilməsinə nail olar.

Hazırda İran gündə 100 milyon kubmetr qaz hasil edir. Yaxın gələcəkdə bu ölkənin qaz hasilatının həcmi 700 milyon kubmetrə çatacaq. İranın milli qaz ixracı şirkətinin rəhbəri Əlirza Kamali bildirib ki, istehsal olunan qazın ixracı üçün Azərbaycan ilə əməkdaşlıq nəzərdən keçirilir. Bu məsələ iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin bu il avqustun 3-də Tehrana səfəri zamanı İranın neft naziri Bijən Zəngənə ilə görüşündə də müzakirə edilib. Müzakirələrin nəticəsində mütəxəssislərdən ibarət işçi qrupunun yaradılması qərara alınıb.

İranın TANAP layihəsinə qoşularaq təbii qazının Azərbaycan ərazisindən keçməklə Avropaya nəqli məsələsi də hazırda  müzakirə olunur. İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib ki, bu istiqamətdə SOCAR ilə danışıqlar davam etdirilir. TANAP layihəsinin 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. Bu vaxta qədər isə tərəflərin razılığa gələcəyini ehtimal etmək olar. Adıçəkilən layihələrdə iştirak etmək İran üçün o baxımdan sərfəlidir ki, sanksiyalar ləğv edildikdə İran enerji resurslarını dünya bazarlarına çıxarmaq imkanı qazanacaq. Azərbaycanın kəmərlərindən istifadə olunacağı təqdirdə milyardlarla xərc çəkib yeni nəqliyyat infrastrukturu yaratmağa ehtiyac qalmayacaq. Uzun illər qadağalar altında qalaraq ixrac potensialını gerçəkləşdirə bilməyən İranın maliyyə imkanının məhdudluğunu da nəzərə alsaq, onda belə qərara gələ bilərik ki, optimal şərtlərlə rəsmi Tehran BTC və TANAP layihələrindən istifadə edəcək. Bu işin Azərbaycan üçün faydası ondan ibarətdir ki, dövlət büdcəsinə neft və qazın tranzitindən ildə təxminən 50 milyon dollar gəlir gələcək.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında