Kənd təsərrüfatının inkişafına dövlət dəstəyi artırır

Son illər Azərbaycanda neft gəlirlərindən səmərəli istifadə edilməsi iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorunun inkişafına səbəb olmuşdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektorunda 9 faiz artım baş vermişdir ki, bu da ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir.

İqtisadiyyatın şaxələndirilməsi bütün digər sahələr kimi aqrar bölmənin də inkişaf etdirilməsi üçün əlverişli imkanlar yaratmışdır. Xatırladaq ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan aqrar siyasət ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məlum olduğu kimi, dövlət başçısı kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədilə bu il yanvar ayının 12-də imzaladığı sərəncamla 2015-ci ili Azərbaycanda “Kənd təsərrüfatı ili” elan etmişdir.

Hazırda əhalisinin təqribən yarısı bölgələrdə yaşayan Azərbaycanda aqrar sahənin böhrandan çıxarılması, daxili bazarın mühüm kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi mühüm əhəmiyyət kəsb edir. Məhz bunun nəticəsidir ki, son illər kənd təsərrüfatı ölkə iqtisadiyyatının prioritet sahələrindən birinə  çevrilmişdir. Bu baxımdan  Prezident İlham Əliyev tərəfindən 2008-ci ilin avqust ayında qəbul olunmuş ərzaq təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı müstəsna əhəmiyyət kəsb etmişdir. Ötən müddətdə proqramın icrası ilə bağlı həyata keçirilmiş mühüm tədbirlər nəticəsində kənd təsərrüfatında əhəmiyyətli artım baş vermiş, yerli istehsal hesabına daxili bazarda məhsul  bolluğu müşahidə olunmuşdur.

Bununla belə, ölkəmizdə aqrar sahənin inkişafına dövlət dəstəyi getdikcə artır, bu sahədə bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilir. Təkcə onu qeyd etmək kifayətdir ki, artıq uzun illərdir ki, Azərbaycanda fermerlərə güzəştli kreditlər ayrılır, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən gətirilən texnikalar əlverişli şərtlərlə sahibkarlara icarəyə verilir. Bundan əlavə, aqrar sahədə istehsalçı marağını artırmaq məqsədilə gübrələr və  yanacaq da son dərəcə əlverişli şərtlər əsasında paylanılır. Ən başlıcası isə, uzun illərdir ki, fermerlər torpaq vergisi istisna olmaqla bütün digər vergilərdən azaddırlar. Əlbəttə, dövlət başçımızın təbirincə desək, dünyada ikinci belə ölkə tapılmaz ki, fermerlərə bu qədər şərait yaratsın, onlara belə güzəştlər etsin. Bütün bunlar isə, heç şübhəsiz, ölkədə kənd təsərrüfatının daha da inkişaf etdirilməsinə, aqrar sahədə sahibkarlıq hissinin gücləndirilməsinə, daxili bazarda məhsul bolluğunun təmin edilməsinə hesablanmış addımlardır. Hətta yaxın illərdə Azərbaycanın kənd təsərrüfatı məhsulları ixrac edən ölkəyə çevrilməsi də başlıca hədəf olaraq seçilmişdir. Bu məqsədə çatmaq üçün isə ölkəmizdə hər cür imkan, ən başlıcası isə dövlət dəstəyi mövcuddur.

Yeri gəlmişkən, 2005-ci ildən fəaliyyət göstərən  “Aqrolizinq” ASC-nin  xətti ilə son səkkiz ildə 310 milyon manatdan artıq  kənd təsərrüfatı texnikası alınaraq ölkəmizə gətirilmişdir. Xatırladaq ki, kənd təsərrüfatı məhsulları istehsalçılarının zəruri texnika ilə təchizatı yüksək rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsalında mühüm rol oynadığından bu məsələ dövlət başçısı İlham Əliyevin daim diqqət mərkəzindədir.  Məhz bunun nəticəsidir ki, cari ilin əvvəllərindən etibarən kənd təsərrüfatının texnika ilə təchizatının daha da yaxşılaşdırılması məqsədilə ölkədə mühüm işlər görülmüşdür. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ilin birinci yarısında “Aqrolizinq” ASC-nin  xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 35,6 milyon manat dəyərində 576 ədəd müxtəlif növ traktor, 386 ədəd kotan, 163 ədəd otbiçən, 127 ədəd taxılyığan kombayn, 71 ədəd gübrəsəpən maşın, 60 ədəd çiləyici və tozlayıcı, 56 ədəd səpici aqreqat, eyni sayda ot-küləş presləyicisi, 28 ədəd traktor yedəyi, 24 ədəd kultivator, 21 ədəd mala, 11 ədəd taxıl-toxum təmizləyən, 11 ədəd yumşaldıcı, həmçinin  digər maşın və aqreqatlar verilmişdir. Bütün bunlar isə son nəticədə aqrar sektorda istehsalçı marağının bir qədər də artmasına, daxili bazarda məhsul bolluğunun yaranmasına səbəb olmuşdur.

2015-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 3 milyard 497 milyon manatlıq  kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,9 faiz  artım deməkdir. Bu ilin ötən dövründə ölkədə 2 milyon 768,5  min ton dənli bitki (qarğıdalı istisna olmaqla) istehsal olunub. Hər hektardan orta hesabla 30,5  sentner dənli bitki yığılıb. Toplanan qarğıdalı da nəzərə alınmaqla 2015-ci ilin yanvar-iyul aylarında ölkə üzrə dənli bitki istehsalı 2 milyon 783,3 min ton təşkil edib. Hesabat dövründə təsərrüfatlarda 506,8 min ton kartof, 765,4 min ton tərəvəz, 356,4 min ton bostan məhsulu, 179,7 min ton meyvə və giləmeyvə, 3201 ton üzüm, 363,6 ton yaşıl çay yarpağı və 1496 ton tütün yarpağı istehsal olunub. Bütövlükdə isə yanvar-iyul aylarında Azərbaycanda bitkiçilik məhsullarının istehsalı 15,8 faiz artıb. Hesabat dövrü üçün ölkənin əkin sahələrinin ümumi sahəsi 1 milyon 585 min hektar təşkil edib ki, bunun da 951,6 min hektarı dənli və paxlalı bitkilərin, 38,8 min hektarı texniki bitkilərin, 166 min hektarı  kartof, tərəvəz və bostan məhsullarının, 428,6 min hektarı isə yem bitkilərinin payına düşüb.

Kənd təsərrüfatının ikinci mühüm sahəsi sayılan heyvandarlığın inkişaf etdirilməsi üçün də bir sıra təxirəsalınmaz işlər görülür. Bu ilin ötən dövrü ərzində sürünün cins tərkibinin yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər  heyvanların məhsuldarlığının yüksəlməsinə və mal-qaranın baş sayının, eləcə də bu sahədə məhsul istehsalının artmasına səbəb olmuşdur. Belə ki, cari ilin yanvar-iyul aylarında ölkəmizdə 256,9 min ton diri çəkidə mal-qara və quş əti, 1 milyon 144,8 min ton süd, 898 milyon ədəd yumurta və 15,6 min ton yun istehsal edilmişdir. İlin ötən yeddi ayında ət istehsalı 1,8 faiz, süd istehsalı 3,7 faiz, yumurta istehsalı 1 faiz, yun istehsalı isə 1,8 faiz artmışdır. Bütövlükdə isə Azərbaycanda heyvandarlıq sahəsində məhsul istehsalı əvvəlki ilin müvafiq dövründəkindən 2,4 faiz çox olmuşdur. Qeyd etdiyimiz kimi, Azərbaycanda kənd təsərrüfatının prioritet sahələrindən sayılan heyvandarlığın inkişaf etdirilməsinə diqqət və qayğı ildən-ilə artırılır. Elə dövlət başçısı İlham Əliyevin 2015-ci il avqust ayının 19-da imzaladığı “Heyvandarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi haqqında” sərəncamı da bu məqsədə xidmət edir. Xatırladaq ki, adıçəkilən sərəncam Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlər çərçivəsində heyvan mənşəli məhsulların istehsalının daha da artırılması və cins iribuynuzlu damazlıq heyvanlara olan tələbatın ödənilməsi  məqsədi daşıyır. Sərəncamın birinci bəndinə əsasən, ölkəyə iribuynuzlu damazlıq heyvanların idxalının və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satışının həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 15 milyon manat vəsait ayrılmışdır.  Prezident İlham Əliyevin həmin tarixdə imzaladığı “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” digər sərəncamı da bu baxımdan mühüm əhəmiyyətli dövlət sənədi kimi diqqət çəkir. Belə ki, sərəncamda əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiya müəyyən edilmişdir.

“Heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında” 2015-ci il avqust ayının 21-də imzalanmış Prezident sərəncamı da ölkəmizdə aqrar sektorun ümumi inkişafını sürətləndirmək baxımından olduqca əhəmiyyətli bir sənəddir. Sözügedən səərəncamda Azərbaycan Respublikasında heyvan mənşəli məhsulların istehsalının artırılması, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, süni mayalanma tədbirlərinin həyata keçirilməsinin sürətləndirilməsi və yerli at cinslərinin damazlıq özəyini qorumaq üçün seleksiya-damazlıq işlərinin elmi əsaslarla aparılmasının daha da təkmilləşdirməsi nəzərdə tutulur. Bu məqsədilə  Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,8 milyon manat, o cümlədən Respublika Süni Mayalanma Mərkəzinin müasir tələblərə uyğun yenidən qurulması üzrə işlərin başa çatdırılması və mərkəzin zəruri avadanlıqlarla təchiz edilməsi üçün 2,8 milyon manat, Qarabağ atı cinsinin inkişaf etdirilməsi üzrə həyata keçirilən tədbirlərin yekunlaşdırılması üçün 1,5 milyon manat və Dilbaz atı cinsinin inkişaf etdirilməsi ilə bağlı tədbirlərin görülməsi üçün 1,5 milyon manat ayrılmışdır. Yeri gəlmişkən, ölkəmizdə “Kənd təsərrüfatı ili” elan olunmuş 2015-ci ildə imzalanmış bu mühüm dövlət sənədləri aqrar sahədə növbəti stimullaşdırıcı addım kimi müstəsna əhəmiyyət daşımaqla yanaşı, heyvandarlığa marağın xeyli artmasına, son nəticədə isə bu vacib ərzaq məhsullarının istehsalına səbəb olacaqdır.

Fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Gələcəkdə bu yardımların daha da  artırılması və onların verilmə mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulur. Artıq ölkəmizdə  iri fermer təsərrüfatlarının yaradılması prosesinə başlanılıb və bu məqsədilə xüsusi yerlər müəyyən edilmişdir. Ötən il bu istiqamətdə ilkin təcrübə olaraq beş min hektarlıq sahədə yaradılmış iri fermer təsərrüfatı uğurlu nəticələr əldə etmişdir. Hazırda iri fermer təsərrüfatlarının təşkili istiqamətində işlərin intensivləşdirilməsi məqsədilə ölkə üzrə 30 min hektar torpaqda 19 iri fermer təsərrüfatının yaradılması prosesi gedir. Yeni təsərrüfatların ən müasir texnologiya, texnika və gübrələrlə tam təchiz edilməsi və onlara lazımı aqroxidmətlərin göstərilməsi nəzərdə tutulur.

Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev ölkə iqtisadiyyatının mühüm sahəsi sayılan kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdən, bu sahədə sahibkarlıq hissinin gücləndirilməsinin vacibliyindən söhbət açarkən demişdir: “...Sahibkarlığın inkişafı Azərbaycanda daim diqqət mərkəzində olmalıdır. Bildiyiniz kimi, biz güzəştlər edirik, fermerlərə subsidiyalar, güzəştli şərtlərlə yanacaq və gübrə verilir. Təkrar əkin üçün indi yeni şərait yaradılır. Digər məsələlər öz həllini tapır. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlər verilir. İndi təkliflər var ki, faiz dərəcələrini bir az da aşağı salaq. Mən bunu dəstəkləyirəm ki, fermerlər, iş adamları daha da rahat işləsinlər, daha da böyük gəlir əldə etsinlər. Yəni, dövlət çalışır ki, bu məsələ daim diqqət mərkəzində qalsın”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ilin yanvar-iyul aylarında xarici ölkələrə ixrac olunmuş təzə tərəvəz 15,7 faiz, təzə meyvə isə 37 faiz artmışdır. 

Göründüyü kimi, Azərbaycan iqtisadiyyatının prioritet sahələrindən biri olan kənd təsərrüfatının inkişaf etdirilməsinə dövlət tərəfindən göstərilən diqqət və qayğı ildən-ilə artır. Elə ölkəmizdə “Kənd təsərrüfatı ili” elan olunmuş 2015-ci ildə də bu istiqamətdə mühüm tədbirlərin həyata keçirilməsi, aqrar sahədə bir sıra layihələrin gerçəkləşdirilməsi davam edir. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycanın 2015-ci ilin dövlət büdcəsində kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsinə 596 milyon 152 min manatdan artıq vəsait ayrlmışdır ki, bunun da 568 milyon 688 min 675 manatı bilavasitə kənd təsərrüfatı xərclərinə aiddir. Kənd təsərrüfatı xərclərinin dövlət büdcəsindəki xüsusi çəkisinin ilbəil artırılması isə onu deməyə əsas verir ki, Azərbaycan yaxın illərdə özünü vacib ərzaq məhsulları ilə təmin etməklə yanaşı, həm də bu sahədə regionun əsas ixracatçı ölkəsinə çevriləcəkdir.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında