Azərbaycan Prezidenti cənab İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən mənsub olduğu xalqa, lideri olduğu cəmiyyətə daim diqqətlə, böyük qayğıkeşliklə, həssaslıqla yanaşır. Məhz buna görə də əhalinin həyat səviyyəsinin yüksələn xətt üzrə inkişafı, yoxsulluq probleminin birdəfəlik həlli istiqamətində mühüm tədbirlərin reallaşdırılması prioritet vəzifədir.
Həyata keçirilən islahatlar hər bir vətəndaşın, hər bir ailənin həyatında öz müsbət əksini tapır. Əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəlməsi, insanların maddi gəlirlərinin mütəmadi artması beynəlxalq miqyasda da açıq etiraf olunur. Göstərilən sosial və digər xidmətlər müsbət istiqamətdə əsaslı kəmiyyət və keyfiyyət dəyişikliyinə səbəb olur. Burada bir neçə rəqəmə nəzər salmaqla fikrimizi təsdiq edə bilərik: son 12 il ərzində dövlət başçımızın reallaşdırdığı müasir infrastrukturun qurulması, iqtisadiyyatın şaxələndirilməsi və sürətlə yeni iş yerlərinin açılması siyasəti nəticəsində Azərbaycanda işsizlik səviyyəsi MDB məkanında ən aşağı səviyyəyə - 5 faizə endiyi halda, bir çox Avropa ölkələrində bu göstərici yüksəlməkdədir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına əsasən, 2015-ci ilin may ayında işsizlik səviyyəsi Avropa İttifaqında 9,6 faiz olub. Bununla belə, son 6 ay ərzində ölkəmizdə aktiv məşğulluq tədbirləri davam etdirilib. Bu müddətdə məşğulluq xidməti orqanlarına müraciət edən 27,7 min nəfərdən 13,7 min nəfəri münasib işlə təmin olunub. Eyni zamanda, 2120 nəfərə işsiz statusu verilib, 2320 nəfərə işsizlik müavinəti təyin edilib, 1800 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub. “Əmək birjaları” tərəfindən 1480 nəfər, respublikanın 11 şəhər və rayonunda təşkil olunan əmək yarmarkalarında isə 650 nəfər işlə təmin edilib.
Bu gün Azərbaycan gənclər arasında aşağı işsizlik həddi olan dövlətlərdən biridir. Ölkəmizdə 15-24 yaş arasındakı gənclər üzrə işsizlik səviyyəsi 13,5 faiz olduğu halda, Avropa İttifaqında bu, 20,6 faizdir. Təsadüfi deyildir ki, Azərbaycan dünya miqyasında gənclərin məşğulluğu üzrə BMT-nin elan etdiyi on lider ölkə sırasına, habelə cari ildə Beynəlxalq Əmək Təşkilatının rəsmi saytında gənclərin səmərəli məşğulluğunun təmin olunması sahəsində dolğun hüquqi bazası, praktik iş təcrübəsi olan 41 ölkə sırasına daxil edilib.
Burada bir həqiqəti də unutmayaq: Azərbaycan Prezidentinin son 12 ildə həyata keçirdiyi sosial-iqtisadi siyasət milli maraqların qorunmasını təmin edir, xalqın mənafeyilə tam uzlaşır. Bəli, indi ölkəmizdə iqtidar və xalq arasında sarsılmaz birlik, monolitlik mövcuddur. Başqa sözlə, xalq-iqtidar birliyinin möhkəm zəminə söykənməsi, əsaslı bazis üzərində qurulması ölkəmizin dinamik inkişafı, tərəqqisi ilə nəticələnib.
Azərbaycan Prezidenti əhalini daha çox düşündürən və narahat edən məsələləri daim diqqət mərkəzində saxlayır, rayon mərkəzləri və kəndlərin, Bakı şəhərinin qazla təchizatının daha da yaxşılaşdırılması, paytaxtətrafı qəsəbələrin inkişaf proqramının başa çatdırılması, yolların tikintisinə diqqət yetirilməsi, qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə daha çox vəsait ayrılması, əhalinin rahatlığı üçün “ASAN xidmət” qurumunun fəaliyyətinin genişləndirilməsi, etibarlı ərzaq təhlükəsizliyinin təmin edilməsi, əhalinin sağlamlığını yaxşılaşdırmaq məqsədilə yeni idman obyektlərinin istifadəyə verilməsi kimi məsələlərin həllinə mühüm önəm verir, icrasını diqqət mərkəzində saxlayır.
Azərbaycan iqtisadiyyatının əldə etdiyi uğurların son nəticədə sosial ədalət prinsiplərinin möhkəmləndirilməsinə xidmət etdiyini qeyd edən dövlət başçısı İlham Əliyev sosial sahədə həyata keçirilən ciddi proqramların mahiyyətini izah edərək demişdir: “...Əlbəttə, bizim bütün işlərimizin təməlində və mərkəzində insan amili dayanır. Hesab edirəm ki, bu, hər bir dövlət üçün ən vacib yanaşmadır. Çünki hər şey insan üçün edilir. Onun azadlığı, təhlükəsizliyi, sağlamlığı, işlə təmin edilməsi, rahat yaşaması dövlətin başlıca qayğısıdır. Hesab edirəm ki, bu istiqamətdə də böyük addımlar atılmış, uğurlar əldə edilmişdir. Azərbaycan vətəndaşları azad cəmiyyətdə yaşayırlar. Onlar bütün azadlıqlara malikdirlər və öz dövlətinin gücünü artırmaq üçün çalışırlar”.
Yuxarıda qeyd edilənlərlə bağlı Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da ətraflı danışılmışdır. Bildirilmişdir ki, hesabat dövründə sosialyönümlü tədbirlərin həyata keçirilməsi, onların maliyyə təminatı üzrə dövlətin siyasətinin prioritetliyi təmin edilmiş, həmin məqsədə dövlət büdcəsi xərclərinin 23,6 faizi və yaxud 2 milyard 25 milyon manatı yönəldilmişdir.
Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün cari ilin altı ayında icmal və dövlət büdcələrindən üst-üstə 201 milyon manat, o cümlədən dövlət büdcəsinin cari və əsaslı xərclərindən 111 milyon manat, Dövlət Neft Fondunun büdcəsindən 90 milyon manat vəsait ayrılmışdır.
Cari ilin altı ayında dövlət büdcəsinin vəsaiti hesabına investisiya xərcləri 3 milyard 102 milyon manat təşkil etmişdir. Həmin vəsaitin 1 milyard 656 milyon manatı elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin, o cümlədən Bakıda Avropa Oyunlarının keçirilməsi, 1 milyard 150 milyon manatı ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisi və yenidən qurulması üçün istifadə olunmuşdur.
Dövlət büdcəsindən ayrılmış əsaslı xərclərlə yanaşı, ölkəmizdə yol, su təchizatı və meliorasiya, kənd təsərrüfatı, sosial və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün Azərbaycan hökuməti tərəfindən xaricdən cəlb olunmuş kreditlər hesabına 264 milyon manat, Dövlət Neft Fondunun vəsaiti hesabına 467 milyon manat investisiya qoyulmuşdur.
Xatırladaq ki, iqtisadi inkişaf potensialı müasir dövrdə hər bir dövlətin gücünü müəyyənləşdirən başlıca amildir. Ümumiyyətlə, hər bir ölkənin problemlərinin ən səmərəli yolu məhz iqtisadi-sosial tərəqqidən keçir. Ona görə də respublikamızın iqtisadi siyasətinin sosialyönümlü xarakter daşıması təsadüfi deyil. Bu, bir tərəfdən insan amilinə yüksək həssaslıq nümunəsidirsə, digər tərəfdən bazar iqtisadiyyatı yolu ilə inkişaf etmiş bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanılmasıdır. Dövlət başçısı İlham Əliyev də bu reallığı daim önə çəkir. Çünki insanların sosial şəraitinin yaxşılaşdırılması iqtisadi-sosial islahatların həyata keçirilməsinə, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etmyə müsbət təsir göstərir.
Azərbaycanda bu gün ulu öndər Heydər Əliyevin sosialyönümlü siyasəti insan amilinə hörmətin formalaşmasına, ümumilikdə ictimai rifahın, siyasi sabitlik və sosial sülhün bərqərar olmasına etibarlı zəmin yaradan konseptual inkişaf yoluna çevrilmişdir. Bu siyasət Azərbaycan vətəndaşının həyati tələbatlarının ödənilməsini təmin edən əlverişli sosial-mənəvi iqlimin və həmrəylik şəraitinin, ümumilikdə ölkədə etibarlı sosial müdafiə sisteminin yaradılmasını təmin etmişdir. Həmin sistem vətəndaşların sağlam mühitdə yaşamaq, istirahət, mənzil, təhsil və digər hüquqlarının da etibarlı müdafiəsinə mükəmməl institusional-qanunverici təminat mexanizmləri formalaşdırmışdır.
Hazırda Azərbaycanda və bütün dünyada müasir, modern iqtisadiyyatın ən mühüm sosial-mədəni amilinə çevrilən insan kapitalının formalaşmasına, möhkəmlənməsinə və inkişafına xüsusi diqqət göstərilir. Bu mənada ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar hər bir Azərbaycan vətəndaşının rifahının yüksəldilməsinə yönəldilmişdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, insan amili, ölkə vətəndaşlarının sosial-iqtisadi rifahının yaxşılaşdırılması, respublikamızın yüksək inkişaf etmiş ölkələr sırasına daxil olması həyata keçirilən çoxşaxəli islahatların başlıca hədəfidir.
V. BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.