Azərbaycan 2020-ci ilə qədər biznes mühiti və iqtisadiyyatın rəqabətqabiliyyətliliyi göstəricisi üzrə 30 ən qabaqcıl ölkələr sırasına daxil olacaq, qeyri-neft ixracı adambaşına 1000 ABŞ dollarına çatdırılacaq.
Bu, İqtisadiyyat və Sənaye Nazirliyinin təsisçisi olduğu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) ictimai müzakirəyə çıxardığı “Xarici investisiyalar və qeyri-neft ixracının təşviqi strategiyası (2015-2020)” layihəsində əksini tapıb.
Adıçəkilən strategiyanın reallaşdırılması nəticəsində Azərbaycan biznes mühiti və iqtisadiyyatın rəqabətqabiliyyətliliyi göstəricisi üzrə 30 ən qabaqcıl ölkələr sırasına daxil olacaq, ölkənin qeyri-neft sektoruna yerli və xarici investisiyaların cəlb edilməsinin intensivləşdirilməsi məqsədilə stimullaşdırıcı mexanizmlər tətbiq olunacaq, qeyri-neft sektorunun inkişafına xidmət edən və müasir tələblərə cavab verən istehsal infrastrukturunun genişləndirilməsi üçün birbaşa xarici investisiyalar cəlb ediləcək, qeyri-neft ixracı adambaşına 1000 ABŞ dollarına çatdırılacaqdır.
Strategiyanın 2015-2017 və 2018-2020-ci illər olmaqla iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Sənəddə nəzərdə tutulan tədbirlərin reallaşdırılması üçün hər mərhələ üzrə fəaliyyət planı hazırlanacaq. Bu işə yerli mütəxəssislərlə yanaşı, beynəlxalq ekspertlər də cəlb olunacaq. Fəaliyyət planı seçilmiş prioritetləri, qəbulu zəruri olan dövlət proqramlarını və normativ-hüquqi aktları, icraya məsul və tərəfdaş qurumları, hədəfləri və icra dövrünü müəyyən edir.
“Xarici investisiyalar və qeyri-neft ixracının təşviqi strategiyası (2015-2020)” layihəsi zərurətini ortaya çıxaran əsas amillər sırasında son illərdə Azərbaycanın iqtisadi qüdrətinin artması, həyata keçirilən diversifikasiya siyasəti, müasir texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən yüzlərlə müəssisənin fəaliyyətə başlamasıdır. Xatırladaq ki, bütün bu sadalananlar təbii ki, ölkənin xarici ticarətində də müsbət meyillərə təkan verib. Belə ki, xarici ticarətin coğrafiyası genişlənmiş, onun əmtəə strukturu təkmilləşib. Son 12 ildə ölkəmizin xarici ticarət dövriyyəsi 6,6 dəfə, ixrac 9,3 dəfə, o cümlədən qeyri-neft ixracı 4,7 dəfə, idxal isə 4,1 dəfə artıb.
Həyata keçirilən iqtisadi siyasətin ən mühüm istiqamətlərindən biri xarici investisiyaların, qabaqcıl texnologiyaların, idarəetmə təcrübəsinin cəlb olunmasıdır. Ölkədə bərqərar olmuş siyasi və makroiqtisadi sabitlik, investorların hüquqlarının etibarlı qorunması, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevirib. Bu günədək Azərbaycan Respublikası hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında 50-dən çox saziş imzalanıb. Məhz bunun nəticəsidir ki, təkcə ötən il ölkə iqtisadiyyatına 10,5 milyard dollar məbləğində xarici investisiya qoyulub. Bu investisiyaların yarıdan çoxu qeyri-neft sektoruna yönəldilib.
Azərbaycanda hazırda dinamik inkişaf təmin edilir və sevindirici hal ondan ibarətdir ki, bu ilin yanvar-iyul ayları ərzində qeyri-neft sektoru 9 faiz artıb. Bu da son illər ərzində aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində mümkün olub. Dövlətimizin başçısı cənab İlham Əliyev bununla bağlı deyib: “Uzun illər Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafı imkan verir ki, iqtisadiyyat dayanıqlı surətdə inkişaf etsin, bir sektordan - neft-qaz sektorundan asılı olmasın. Hətta dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi Azərbaycanın ümumi iqtisadi inkişafına təsir etməmişdir. Budur, Azərbaycanın iqtisadi modelinin unikallığı və bu göstəricilər bizim seçdiyimiz yolun nə qədər düzgün olmasını bir daha göstərir...”.
Ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində, əhalinin gündəlik tələbat mallarına olan ehtiyacının ödənilməsində, idxal məhsullarından asılılığın azaldılması və maliyyə bölməsinin idxal inflyasiyasından qorunmasında neft-qaz sektorunun əvəzsiz rol oynaması xüsusi vurğulanmalıdır. Son illərdə bu sektorun daim diqqət mərkəzində saxlanılmasını vurğulayan Prezident İlham Əliyev bildirib: “Bu gün bizim təcrübəmiz, vəsaiti iqtisadiyyatın real sektoruna yönəltmək, investisiyaları cəlb etmək və infrastruktur layihələrini icra etmək siyasətimiz hesab edirəm ki, dünya miqyasında artıq bir nümunə kimi qəbul edilir və bu da Azərbaycanda uğurla reallaşdırılan iqtisadi siyasətin daha böyük nəticələr verəcəyi əminliyini ifadə edir”.
Bu gün Azərbaycanda sosial-iqtisadi inkişafı sürətləndirən mühüm amillərdən biri qarşıya qoyulan hər bir hədəfin reallaşdırılması üçün konkret fəaliyyət proqramlarının işlənib hazırlanmasıdır. Bu baxımdan ölkə regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasının əhəmiyyətini xüsusi qiymətləndirmək lazımdır. Çünki keçid dövrünə xas bir sıra köklü problemlərin həlli prosesinə dövlət başçısının imzaladığı müvafiq fərmanlarla start verilib, nəticədə qısa zaman ərzində ölkə iqtisadiyyatında mütərəqqi inkişaf meyilləri nəzərə çarpıb. Bu çərçivədə atılan ardıcıl addımlar Azərbaycanda işsizlik probleminin aradan qaldırılması, regionların tarazlı inkişafı, qeyri-neft sektoruna diqqətin artırılması, sahibkarlığın inkişafı, yeni iş yerlərinin açılması istiqamətində konkret nəticələrlə müşayiət olunub.
Onu da qeyd edək ki, son illərdə ölkəmizdə qeyri-neft sektorunun inkişafında mühüm rol oynayan xarici investisiyalar üçün də münbit şərait yaradılıb. Çünki Azərbaycanda ümumi daxili məhsulun və xarici ticarət dövriyyəsinin daimi artımı, ixtisaslı əmək ehtiyatlarının çoxluğu, ölkənin beynəlxalq ticarət təşəbbüslərində fəal iştirakı, ən əsası isə respublikamızın coğrafi mövqeyinin Avropa və Asiya bazarlarına səmərəli çıxış imkanı verməsi münbit xarici investisiya mühitinin formalaşmasında başlıca rol oynayır.
Azərbaycanda davamlı iqtisadi inkişafı təmin edən ən mühüm şərtlərdən biri sahibkarlığın inkişaf etdirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılmasıdır. Sahibkarlığın inkişaf etdirilməsi Azərbaycan hökumətinin prioritetlərindən biridir.Bu məqsədlə mütərəqqi qanunvericilik bazası yaradılıb, bu sahəyə səmərəli dövlət dəstəyi mexanizmləri formalaşdırılıb, beynəlxalq təcrübədə uğurla sınaqdan çıxmış təşkilati-hüquqi modellərin, o cümlədən sənaye parklarının və məhəllələrin, aqroparkların, biznes inkubabatorların və digərlərinin yaradılmasına başlanılıb. Bununla yanaşı, dövlət idarəetmə sistemində, məhkəmə və hüquq, korrupsiyaya qarşı mübarizə sahələrində ciddi institusional islahatlar aparılır. Eyni zamanda, investorların hüquqları etibarlı şəkildə qorunur, inzibati prosedurlar sadələşdirilir və şəffaf mexanizmlər tətbiq edilir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.