Azərbaycanın xarici ölkələrlə ticarət əlaqələri genişlənir

Cari ilin ilk yarısında ölkəmiz dünyanın 138 dövləti ilə idxal-ixrac əməliyyatları aparmışdır

Ölkəmizdə baş verən dinamik sosial-iqtisadi inkişaf əksər dünya dövlətlərinin, həmçinin beynəlxalq nüfuzlu təşkilatların diqqətini getdikcə daha çox cəlb edir. Bunun nəticəsidir ki, son illər Azərbaycan Respublikasının adı müxtəlif reytinq sıralamalarında, bir qayda olaraq, öncül yerlərdə göstərilir. Təkcə onu qeyd etmək kifayətdir ki, Ümumdünya Davos İqtisadi Forumunun 2014-cü ilin yekun hesabatlarında Azərbaycan iqtisadiyyatı rəqbət qabiliyyətliliyinə görə 38-ci yerdə qərarlaşmışdır.  Bu isə ölkəmiz üçün yüksək tarixi nailiyyət hesab edilməlidir.

Göründüyü kimi,  beynəlxalq maliyyə qurumları ilə səmərəli əməkdaşlıq edən Azərbaycanda aparılan islahatlar, sosial siyasət, həyata keçirilən infrastruktur layihələri və digər zəruri tədbirlər düzgün, düşünülmüş strategiyaya əsaslanır, ölkənin davamlı inkişafına və həyat səviyyəsinin yaxşılaşdırılmasına  yönəldilir. Ölkəmizdə mövcud iqtisadi sərbəstlik, özəl bölmənin inkişafı üçün yaradılmış münbit şərait, ən başlıcası isə respublikamızın yerləşdiyi əlverişli coğrafi şərait nəticəsində xarici ticarət əlaqələrinin  həcmi və miqyası getdikcə artır.  Bunun nəticəsidir ki, son illər özünü bütün dünyaya etibarlı tərəfdaş kimi tanıtmağa müvəffəq olmuş Azərbaycanla iqtisadi əlaqələr qurmağa can atan ölkələrin sırası getdikcə genişlənir. Yeri gəlmişkən, xarici ticarət dövriyyəsi, idxal-ixrac əməliyyatları ölkələrarası münasibətlərin, iqtisadi əlaqələrin inkişafında mühüm amillərdəndir. Məhz buna görədir ki, son illər dövlət başçıları, eləcə də nümayəndə heyətləri arasında keçirilən görüşlərin, danışıqların əsas mövzularından birini də məhz xarici ticarət dövriyyəsinin artırılması təşkil edir.

Qeyd etdiyimiz kimi, ölkəmizin iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun getdikcə  artması isə öz növbəsində xarici ticarət əlaqələrinin genişlənməsinə təkan verir. Elə Azərbaycanın xarici dövlətlərlə ticarət əlaqələrinin 1995-ci ilin səviyyəsini dəfələrlə ötməsi də bunu təsdiqləyir. Bu da, heç şübhəsiz, xarici ölkələrlə, beynəlxalq maliyyə təsisatları ilə iş birliyinin getdikcə genişlənməsi və idxal-ixrac əməliyyatlarının ilbəil artmasının nəticəsidir. Bundan əlavə, azad sahibkarlığa və təşəbbüskarlığa geniş meydan verilməsi ölkədə yeni, müasir texnologiyalar əsasında rəqabət qabiliyyətli məhsulların istehsalına səbəb olur. Təsadüfi deyil ki, hazırda Azərbaycanda istehsal olunan məhsullara dünya bazarında maraq artır və bu malları alan ölkələrin sırası getdikcə genişlənir. Bunun nəticəsidir ki, son illər ticarət dövriyyəsinin strukturunda mühüm dəyişikliklər baş verir. Bu baxımdan 2011-ci ildə də uğurlu nəticələr əldə edilmişdir.

 Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ilin birinci yarısında Azərbaycan Respublikası dünyanın 138 ölkəsi ilə iqtisadi sahədə uğurlu əməkdaşlıq etmişdir. Hesabat dövründə Azərbaycandan 88 ölkəyə əmtəə ixrac olunmuş, 123 ölkədən isə müxtəlif məhsullar alınmışdır. Daha dəqiq desək, cari ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər həmin ölkələrdəki tərəfdaşları ilə 10 milyard 930,1 ABŞ dolları məbləğində ticarət əməliyyatları aparmışlar. Xarici ticarət dövriyyəsinin 6 milyard 235,1 milyon dolları ixracın, 4 milyard 698,6 milyon dolları isə idxalın payına düşmüşdür. Göründüyü kimi, xarici ticarət əməliyyatlarında ixracın həcminin getdikcə artması nəticəsində cari ilin ilk yarısında 1 milyard 532,9 milyon dollarlıq müsbət saldo yaranmışdır. Yeri gəlmişkən, ötən ilin müvafiq dövrünə nisbətən əmtəə mübadiləsinin dəyəri müqayisəli qiymətlərlə 4,1 faiz artmışdır.

Bu ilin altı ayında həyata keçirilmiş idxal-ixrac əməliyyatlarının  11,7 faizi və ya 1 milyard 277,7 milyon dolları MDB üzvü olan ölkələrin payına düşmüşdür. Bütövlükdə isə hesabat dövründə sözügedən ölkələrlə həyata keçirilmiş ticarət dövriyyəsinin fiziki həcmi 7,2 faiz artmışdır.  Xarici ticarət dövriyyəsinin 88,3 faizi və ya 9 milyard 652,4 milyon dolları isə Azərbaycanın əməkdaşlıq etdiyi digər dünya ölkələri ilə aparılmışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası hazırda bir sıra dünya və Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Bu da ölkəmizi beynəlxalq iqtisadi məkana daha da yaxınlaşdırır. Əvvəlki dövrlərdə olduğu kimi, 2015-ci ilin altı ayında da həyata keçirilmiş idxal-ixrac əməliyyatlarının xeyli hissəsi Avropa iqtisadi məkanına  daxil olan ölkələrin payına düşmüşdür. Daha dəqiq desək, hesabat dövründə xarici ticarət dövriyyəsinin əksər hissəsi İtaliya, Almaniya, Rusiya, Türkiyə, Fransa, İsrail, Avstriya, Çexiya,  Gürcüstan, Birləşmiş Krallıq, Portuqaliya, Ukrayna və İspaniya dövlətlərinin hesabına formalaşmışdır. Bununla yanaşı, ilin ötən dövründə Amerika Birləşmiş Ştatları, İndoneziya, Yaponiya, Hindistan, Çin, Tunis, Tailand  və digər uzaq xarici ölkələr də Azərbaycanın fəal ticarət partnyorlarından olmuşlar. İdxal-ixrac əməliyyatlarının qalan mühüm hissəsi isə digər uzaq xarici dövlətlərin payına düşmüşdür. Mal mübadiləsinin 85,1 faizi, o cümlədən ixracın 91,4 faizi, idxalın isə 76,8 faizi sərbəst dönərli valyuta ilə hesablaşmalar əməliyyat növü üzrə həyata keçirilmişdir.

İlin ilk altı ayında ölkəmizə idxal olunmuş malların ümumi həcminin 16,5 faizi Rusiyanın, 12,8 faizi Türkiyənin, 12,6 faizi Amerika Birləşmiş Ştatlarının, 8,2 faizi Almaniyanın, 6,3 faiz Yaponiyanın, 5,5 faizi Çinin, 4,9 faizi İtaliyanın, 4,2 faizi Birləşmiş Krallığın, 3,2 faizi Ukraynanın, 2,6 faizi Fransanın, 1,9 faizi Sinqapurun, 1,6 faizi Koreyanın, hər birində 1 faiz olmaqla Avstriya, Norveç, Qazaxıstan və Braziliyanın, 15,7 faizi isə digər ölkələrin payına düşür.

İdxal olunmuş malların ümumi dəyərinin 11,2 faizini yeyinti məhsulları təşkil etmişdir. Əvvəlki ilin müvafiq dövrünə nisbətən ölkəmizə gətirilən mühüm növ ərzaq mallarından sayılan  iribuynuzlu heyvan əti, kartof, təzə tərəvəz,  təzə meyvə və buğdanın idxalında artım qeydə alınmışdır. Bununla yanaşı, hesabat dövründə xaricdən ölkəmizə quş əti və əlavə ət məhsulları, kərə yağı, digər süd yağları və pastaları,  çay, bitki yağları, xam şəkər və şəkərin idxalında azalma müşahidə olunmuşdur. İlin altı ayında idxalın 3,3 faizini tütün və tütün məmulatları, 0,4 faizini sement, 1,4 faizini neft məhsulları, hər birində 2,8 faiz olmaqla əczaçılıq məhsulları, oduncaq və ondan hazırlanan məmulatlar, 2,2 faizini plastmas və ondan hazırlanan məmulatlar, 21,5 faizini maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri, 20 faizini nəqliyyat vasitələri və onların hissələri, 1,3 faizini mebel və onun hissələri, 15,8 faizini digər mallar təşkil etmişdir. Hesabat dövründə ölkəmizə sement klinkerləri və sementin, mineral gübrələrin, polietilenin, polad prokatının, qara metallardan künclüklərin, həmçinin məişət soyuducularının, paltaryuyan maşınların və yük avtomobillərinin idxalı azalmışdır. Bundan fərqli olaraq rezin şinlər, qara metallardan çubuqlar və armaturlar, qara metallardan borular, məişət kondisionerləri, hesablama maşınları, blok və qurğuları, avtobuslar və s. idxalında isə artım baş vermişdir. Bütövlükdə isə 2015-ci ilin birinci yarısında ölkəmizə 5480 çeşiddə mal idxal olunmuşdur. İdxalın ümumi həcminin 60,5 faizinin avtomobil, 26 faizini dəmir yolu, 10 faizini hava, 3,4 faizini dəniz nəqliyyatı, 0,1 faizini isə stasionar nəqletmə vasitələri ilə gətirilmiş malların dəyəri təşkil etmişdir. 

Cari ilin ilk yarısında Azərbaycandan xaricə göndərilmiş malların 21,2 faizi İtaliyanın, 12,4 faizi Almaniyanın, 6,6 faizi Fransanın, 6,2 faizi İsrailin, 4,7 faizi Avstriyanın, hər birində 4,6 faiz olmaqla İndoneziya və Çexiyanın, 3,6 faizi Gürcüstanın, 3,3 faizi ABŞ-ın, 3,2 faizi Rusiyanın, 3 faizi Tunisin, 2,7 faizi Tailandın, hər birində 2,6 faiz olmaqla Portuqliya və Hindistanın, 2,4 faizi Türkiyənin, 2,1 faizi İspaniyanın, 1,6 faizi İraqın, hər birində 1,5 faiz olmaqla Yunanıstan və Niderlandın, qalan 9,6 faizi isə digər ölkələrin payına düşmüşdür. Yeri gəlmişkən, Azərbaycanın neft-qaz sektorunun inkişafı ilə yanaşı, qeyr-neft bölməsinin bir sıra  sahələrində də  rəqabət qabiliyyətli məhsul istehsalının genişləndirilməsi ölkəmizin ixrac imkanlarının xeyli artmasına səbəb olmuşdur. Bu da bir çox dövlətlərlə aparılan ticarət əməliyyatları zamanı müsbət saldo əldə edilməsinə imkan yaratmışdır. 2015-ci ilin altı ayında ixracın həcminin  bir qədər də artması həmin ölkələrin siyahısını xeyli genişləndirmişdir. Hesabat dövründə İtaliya, Almaniya, Fransa, İsrail, Avstiya, Çexiya, İndoneziya, Gürcüstan, Tunis, Tailand, Hindistan, Portuqaliya, İspaniya, Niderland, İraq, Yunanıstan, İsveçrə və s. ölkələrlə aparılan idxal-ixrac əməliyyatları zamanı müsbət saldo yaranmışdır.

 Ölkəmizdə keçid iqtisadiyyatının başa çatması, əlverişli investisiya mühiti, sahibkarlığın stimullaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər qeyri-dövlət bölməsinin inkişafına  böyük təkan vermişdir. Elə real iqtisadiyyatda özəl bölmənin xüsusi çəkisinin hazırda 80 faizi ötməsi də bunu təsdiqləyir. Eyni zamanda, özəl bölmənin inkişafı ölkəmizin xarici dövlətlərlə apardığı ticarət dövriyyəsinin də həcminin genişləndirilməsinə imkan yaradır. Belə ki, hazırda Azərbaycanın  özəl sektorunda istehsal olunan rəqabət qabiliyyətli mallar xarici bazarda özünə getdikcə daha çox yer tapmaqdadır. Ölkəmizdə istehsalın quruluşu, investisiya qoyuluşunun istiqamətlərinin müəyyənləşdirilməsi, xarici və daxili tələbatın öyrənilməsi iqtisadi artımın sürətlənməsinə müsbət təsir göstərməklə yanaşı, idxaldan asılılığın da azaldılması üçün geniş imkanlar yaradır.

Dövlət Statistika Komitəsinin Azərbaycanın 2015-ci ilin yanvar-iyun aylarının sosial-iqtisadi inkişafına dair hesabatına əsasən, ölkəmizdən xaricə göndərilən mühüm növ məhsulların siyahısı artmışdır. Hesabat dövründə ixracın strukturunda yeyinti məhsullarından sayılan təzə tərəvəz, təzə meyvə, bitki yağları, marqarin, digər qida üçün yararlı qarışıqlar, şəkər, pambıq lifi və pambıq parçalar, qızıl, emal olunmuş alüminium və s. üstünlük təşkil etmişdir. Xaricə ixrac olunmuş malların böyük əksəriyyətini isə mineral məhsullar, o cümlədən  xam neft və neft emalı məhsulları, təbii qaz təşkil etmişdir. Belə ki, hesabat dövründə Azərbaycan çoxvariantlı ixrac marşrutları vasitəsilə dünya bazarına 17 milyon 721,8 min ton “qara qızıl” ixrac etmişdir. Həmçinin ölkəmizdən xaricə 4 milyard 406,1 milyon kubmetr təbii qaz, 1 milyon 21,5 min ton qazoyl, 20,9 min ton maye qaz, 114,1 min ton aviasiya və digər məqsədlər üçün ağ neft, 126,9 min ton neft koksu və s. göndərilmişdir. Əvvəlki illərdə Azərbaycan bir sıra mühüm ərzaq mallarını xarici ölkələrdən alırdısa, son zamanlar ölkəmiz bu növ məhsullara olan tələbatı əsasən yerli istehsal hesabına ödəyir. Hətta həmin malların xeyli hissəsi ixraca da yönəldilir. Bu ilin altı ayında Azərbaycandan ixrac olunmuş malların siyahısında kartof, meyvə, tərəvəz, çay, şəkər s. ərzaq məhsullarının üstünlük təşkil etməsi də bunu təsdiqləyir. Yeri gəlmişkən, 1995-ci ildə ölkəyə gətirilən ərzaq mallarının xüsusi çəkisi xarici ticarət dövriyyəsində 41,6 faiz təşkil etdiyi halda, hazırda bu göstərici təqribən 2 faiz təşkil edir. Bu da təsadüfi deyil. Çünki son illər ölkədə bu sahədə xüsusi tədbirlər həyata keçirilir, mühüm dövlət proqramları qəbul edilir. Bu baxımdan ölkə Prezidenti İlham Əliyevin 2008-ci il avqustun 25-də təsdiq etdiyi “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın xarici ticarət-iqtisadi əlaqələrində diqqətçəkən mühüm məqamlardan biri də ixracın strukturunda qeyri-neft məhsullarının, o cümlədən ərzaq mallarının çəkisinin artması ilə bağlıdır. Məlumat üçün bildiririk ki, son illər ölkəmizdə qeyri-neft sektorunun davamlı inkişafı ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində bu səhədə rəqabət qabiliyyətli məhsulların istehsalı xeyli artmışdır. Artıq həmin məhsullara dünya bazarlarında maraq getdikcə artır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və  qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: “Dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, əgər bizdə ixrac bazarlarına böyük çıxışlar olmasa, gələcəkdə bu, kənd təsərrüfatının inkişafını məhdudlaşdıra bilər. Çünki biz öz daxili tələbatımızı ödəyəndən sonra əgər ixrac bazarlarına çıxmasaq, artıq məhsul istehsal edə bilməyəcəyik. İxrac bazarlarına çıxmaq üçün, ilk növbədə, məhsul rəqabətqabiliyyətli olmalıdır. Digər tərəfdən, o bazarlarda bizim logistik imkanlarımız olmalıdır. Eyni zamanda, onu da qeyd etməliyəm, dost ölkələrlə əlaqələr yüksək səviyyədə olmalıdır. Çünki indi ölkələr öz daxili bazarlarını qoruyur və demək olar ki, inkişafda olan ölkələr daxili istehsalla ciddi məşğuldurlar. Bu da təbiidir. Necə ki, biz məşğuluq, başqaları da məşğuldur. Ona görə, gələcəkdə bazarlara çıxış problemi əsas problem ola bilər. Biz buna hazır olmalıyıq”.

Yeri gəlmişkən, son illər rəqabət indeksi göstəricisini ilbəil yaxşılaşdıran Azərbaycan Respublikasında xarici ticarət dövriyyəsinin tərkibində mühüm dəyişikliklər baş vermişdir. Belə ki, ölkəmizdə yeni istehsal sahələrində buraxılan məhsullar daxili bazarda satılan  analoji xarici  malları tədricən sıxışdırıb çıxarmış, hətta bəzi hallarda ixraca da yönəldilmişdir. Bu da son nəticədə daxili bazarın idxaldan asılılığının azaldılmasına imkan yaradır. Azərbaycanın yeni neft strategiyası çərçivəsində neft və qaz hasilatının getdikcə artması adıçəkilən məhsulların ixracının xeyli çoxalmasına gətirib çıxarmışdır. Müqayisə üçün deyək ki, 1993-cü ildə xarici bazara çıxarılan mineral məhsullar - xam neft və təbii qaz ümumi ixracın 27,3 faizi qədər olduğu halda, hazırda bu göstərici təqribən 90  faiz  təşkil edir. Son illər ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən bir sıra zəruri tədbirlər, strateji məhsulların idxalında və ixracında  bütün fiziki və hüquqi şəxslərin bərabər hüquqlarının təmin olunması və inhisarçılığın qarşısının alınması istiqamətində görülən işlər, daxili  bazarın marketinqinin düzgün müəyyən edilməsi, gömrük əlaqələrinin sadələşdirilməsi, xarici ticarətin liberallaşdırılması, eləcə də əlverişli investisiya mühitinin yaradılması və s. məsələlər, heç şübhəsiz, xarici iqtisadi əlaqələrin həcminin və coğrafiyasının bir qədər də genişlənməsinə səbəb olacaqdır.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında