“The Economist”: Bakı son 5 ildə həyat səviyyəsinin nəzərəçarpacaq dərəcədə yüksəldiyi 10 şəhərdən biridir

“The Economist” nəşrinin tədqiqat bölməsinin bu günlərdə yaydığı hesabatda Avstraliyanın Melburn şəhəri ikinci dəfə ən yüksək həyat səviyyəsinə malik şəhər adlandırılıb.

Mətbuatda verilən məlumata görə, adıçəkilən şəhər  2010-cu ildə birinci pilləni tutub. İkinci pillədə Vyana (Avstriya), üçüncüdə Vankuver (Kanada) yerləşib. İlk onluqda Avstraliyanın 4 şəhəri (Melburn, Sidney, Adelaida, Pert), Kanadanın 3 şəhəri (Vankuver, Toronto, Kalqari), həmçinin Avstriya, Finlandiya və Yeni Zelandiya ölkələrinin paytaxt şəhərləri yer alıb.

“The Economist” nəşri, həmçinin 2010-cu ildən etibarən həyat səviyyəsinin nəzərəçarpacaq dərəcədə yüksəldiyi 10 şəhərin də adını açıqlayıb: Harare (Zimbabve), Katmandu (Nepal), Dubay (BƏƏ), Varşava (Polşa), Əl-Küveyt (Küveyt), Qonolulu (ABŞ), Pekin (Çin), Bratislava (Slovakiya), Bakı (Azərbaycan), Nayrobi (Keniya).

Analitiklər ən yüksək həyat səviyyəsinə malik şəhərlərdən başqa, 5 il ərzində həyat səviyyəsinin ən çox aşağı düşdüyü şəhərlərin adını açıqlayıb. Dəməşq (Suriya), Kiyev (Ukrayna) və Tripoli (Liviya) şəhərlərində həyat səviyyəsi çox aşağı düşüb.

Hesabata əsasən, mülki iğtişaşlar, (Honkonq və ABŞ-da), terrorizm (Yaxın Şərqdə “İslam dövləti” və ya Afrikada “Boko-Haram”) və ya lokal münaqişələr (Ukraynanın cənub-şərqində) səbəbindən həyat səviyyəsi aşağı düşüb.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl İtaliyanın “Agoravox” portalında da müasir Bakının inkişafından bəhs edən məqalə yerləşdirilib. Məqalədə vurğulanır ki, Azərbaycanın paytaxtı və ən böyük şəhəri olan Bakı, eyni zamanda, Qafqazın önəmli mərkəzlərindən hesab edilir. Son illər tikinti “bumu”nun yaşandığı Bakı meqapolisə çevrilib. Buradakı inkişaf Dubayın tərəqqisini xatırladır.

Məqalədə diqqətə çatdırılır ki, Bakının yeni turizm mərkəzinə çevrilməsi üçün böyük potensialı var. Azərbaycan hökuməti turizmin inkişafına böyük diqqət ayırır. Bu xüsusda Avropanın bir sıra şəhərlərinə Bakıdan birbaşa uçuşların sayının artırılması müsbət məqamdır.

Məqalədə həmçinin bildirilir ki, Bakının bir tərəfində hündür və göz qamaşdıran göydələnlər, dünya brendi olan müasir mehmanxanalar, digər tərəfində isə İçərişəhər kimi tarixi məkan yerləşir. Əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycanda müxtəlif dinlərin nümayəndələri mehribanlıq şəraitində yaşayırlar.

Müəllif, həmçinin Bakının qədim və müasir memarlıq abidələri, o cümlədən “Alov qüllələri” kompleksi, qədim Qız qalası, Müasir İncəsənət Muzeyi və şəhərin simasına gözəllik qatan digər məkanlar barədə ətraflı məlumat verir.

Yuxarıda qeyd edilənlər təsadüfi deyil. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə son 12 ildə Bakıda şəhərsalma və memarlıq sahəsində böyük tikinti-quruculuq tədbirləri  həyata keçirilib. Bu dövrdə avtomobillərin sayının artması ilə əlaqədar Abşeron rayonu ərazisində magistral avtomobil yolları salınıb, Salyan şosesi, Heydər Əliyev prospekti, Böyükşor yolu və digər yollar genişləndirilib və həmin ərazilərdə abadlaşdırma işləri aparılıb.  Bakı şəhərinin ekoloji vəziyyətinə mənfi təsir edən bir sıra iri sənaye müəssisələri şəhər kənarına çıxarılıb  və bu proses hazırda da davam edir.  

Bəli, bu gün paytaxtın inkişafı, abadlaşdırılması, tarixi abidələrimizin bərpası ilə bağlı ciddi işlər aparılır. Təhsil və səhiyyə obyektlərinin çatışmazlığı problemləri demək olar ki, aradan qaldırılıb. Bütün bu işlər Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılıb. Son 12 ildə ölkəmizdə Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 400-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib.

Dövlətimizin başçısının tövsiyəsi ilə gələcəkdə şəhərin mərkəzi hissəsində yaşayış yerlərinin tikintisini məhdudlaşdırmaq, abadlaşdırma işlərini, xüsusilə də yaşıllaşdırmanı artırmaq və şəhərin zəruri infrastrukturunu inkişaf etdirmək nəzərdə tutulub. 

Bakı şəhərinin hazırda  nümunəvi meqapolisə çevrilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Belə ki, paytaxtın   özündə tarixən formalaşmış mərkəzi hissənin maksimum qorunub saxlanması, eyni zamanda, sosial-iqtisadi və ekoloji sağlamlaşdırma tədbirləri nəzərdə tutulub.

Burada mühüm bir məqamı da xatırlatmaq yerinə düşərdi.  Prezident İlham Əliyevin əhali ilə mütəmadi görüşləri, insanların problemləri ilə yaxından tanış olub yerindəcə həll edilməsi ilə bağlı müvafiq qurumlara tapşırıq və tövsiyələr verməsi də Bakı şəhərinin sosial-iqtisadi inkişafına öz müsbət təsirini göstərib. Məsələn, belə bir fakta diqqət yetirək. Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən park, Suraxanı, Sabunçu, Xəzər, Qaradağ və digər rayonlarda, qəsəbələrdə salınmış yeni yollar, Zeynalabdin Tağıyevin Mərdəkan qəsəbəsində tikdirdiyi məktəbin binasının bərpası, bir sıra yeni məktəb korpusları, idman zalları, Nəsimi və Səbail rayonlarında dünya standartlarına cavab verən parkinqlər, parklar məhz cənab dövlət başçısının yerli sakinlərlə görüşü zamanı onların xahişi nəzərə alınaraq inşa olunub. 

Prezident İlham Əliyev bir qayda olaraq Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrasını daim diqqət mərkəzində saxlayıb və hər bir sahə üzrə verdiyi tapşırıq və tövsiyələr  proqramın uğurlu icrasına, Bakı qəsəbələrinin inkişafının sürətlənməsinə,   əhalinin həyat səviyyəsinin daha da yüksəlməsinə müsbət təsir göstərib. Ölkə Prezidentinin müəyyən etdiyi iqtisadi strategiyaya və prioritet vəzifələrə uyğun olaraq, yol-nəqliyyat, qaz, enerji, su-kanalizasiya, istilik təchizatı, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə layihələr nəzərdə tutulan vaxtda həyata keçirilib. Cənab İlham Əliyevin görülən işlərlə yerindəcə tanış olması,   qarşıya çıxan problemlərin ən qısa zamanda həlli üçün verdiyi göstərişlər, layihələrin icrasına şəxsi nəzarəti əhali tərəfindən çox yüksək qiymətləndirilib.

Aparılan sənayeləşmə siyasəti şəhərin və ətraf qəsəbələrin dinamik inkişafına ciddi təkan verib, Bakı gəmiqayırma, müasir tikinti materialları, metal konstruksiyalar, gəmi təmiri, təcrübə-sınaq, sement zavodları və digər sənaye müəssisələri tikilib, bir sıra istehsal və emal müəssisələrinin tikintisi isə  davam etdirilir.

Bakıətrafı qəsəbələrdə aqrar sahənin inkişafına dəstək vermək məqsədilə Abşeron magistral kanalında yenidənqurma işləri görülüb, Xəzər, Sabunçu, Suraxanı və Abşeron rayonlarında əkin və həyətyanı sahələrin su təminatı yaxşılaşdırılıb.

Cənab İlham Əliyevin “Ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır” prinsipinizə uyğun olaraq, ölkəmizdə sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilib. Son illərdə Bakı qəsəbələrində sahibkarlığın inkişafına mühüm önəm verilib, sahibkarlara layihələrin seçilməsi, biznes planların hazırlanması, kreditlərin ayrılması ilə bağlı  yardım göstərilib.

Azərbaycanda  insan amilinə xidmət edən sosial siyasətə uyğun olaraq, yeni və müasir tibb müəssisələrinin açılması, mövcud müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində paytaxtda  xəstəxana, poliklinika, sanatoriya və digər tibb müəssisələri tikilib və ya təmir edilərək müasir avadanlıqla təchiz olunub. Bundan əlavə, ixtisaslaşdırılmış ruhi-əsəb internat evində əsaslı yenidənqurma işləri görülüb, Bilgəh qəsəbəsində əlillər üçün pansionatın yeni korpusu tikilib.

Son illərdə paytaxtda   mədəniyyət və turizm sahələrinin inkişafı istiqamətində bir sıra əhəmiyyətli layihələr həyata keçirilib, milli-mədəni irsimizin qorunması, inkişaf etdirilməsi istiqamətində ciddi nəticələrə nail olunub. 

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qayğısı nəticəsində respublikamızın digər bölgələrində olduğu kimi, Bakıda, şəhərətrafı qəsəbə və kəndlərdə milli və mədəni irsimizin qorunması, mədəniyyətin, təhsilin, səhiyyənin, idmanın və digər sahələrin inkişafı ilə bağlı mühüm tədbirlər reallaşdırılıb. Əhalinin, xüsusilə gənc nəslin hərtərəfli inkişafına xidmət edən bədən tərbiyəsi və idman infrastrukturunun inkişafı istiqamətində  uğurlu nəticələr əldə edilib. 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında