Azərbaycan dövlətinin qeyri-neft sektoruna diqqət artırmasının mahiyyətində davamlı iqtisadi inkişafı təmin etmək istəyinin dayanması hamıya məlumdur. Uzun illərdir iqtisadiyyatın hərtərəfli inkişafı üçün ciddi mənbə rolunu oynayan neft və qazın tükənən sərvətlər olması dövlətimizi qeyri-neft sektorunun aparıcı qüvvəyə çevrilməsi istiqamətində fəaliyyətini daha da gücləndirməyə sövq edir. Belə ki, yeni artım mənbəyi kimi informasiya-kommunikasiya texnologiyalarının (İKT), turizm və kənd təsərrüfatı sahələrinin inkişafına diqqət ayrılması nəticəsində müasir şəraitdə səmərəli iqtisadi münasibətlərin formalaşması üçün güclü zəmin yaranmış və yeni iqtisadiyyatın əsasını təşkil edən bilik iqtisadiyyatının güclənməsinə təkan vermişdir.
Ümumiyyətlə, “bilik iqtisadiyyatı” və ya “biliyə əsaslanan iqtisadiyyat” terminləri ötən əsrin 90-cı illərindən elmdə geniş istifadə olunmağa başlanmışdı. Bu yeni növ iqtisadiyyatı fərqləndirən əsas amil də bilik və insan kapitalına söykənməsidir. Hazırda inkişaf etmiş ölkələrdə iqtisadi artım tempinin əsas mənbəyinin də məhz bilik istehsalının olması heç kimə sirr deyil. Dinamik inkişaf edən dünyada iqtisadiyyatın rəqabət qabiliyyəti və sosial-iqtisadi inkişaf tempinin təmin edilməsinin iqtisadi subyektlərin müasir İKT-in, yeni bazarların öyrənilməsi və tətbiqindən, biliklərin artırılması və onun əqli kapitala çevrlməsindən asılı olduğu da məlumdur. Qeyd etmək vacibdir ki, hər hansı bir ölkənin iqtisadi artımı həm dövlət, həm də cəmiyyət tərəfindən uzunmüddətli cəhdlər göstərilməsini tələb edir. Bu cəhdlərin də əsasında elm və innovasiyalar sahəsində təsirli dövlət siyasəti dayanır. Dünyanın qabaqcıl ölkələrində innovasiyalar sahəsində həyata keçirilən siyasət dövlətin iqtisadi siyasətinin vacib tərkib hissəsindən biridir və yeni məqsədlər nəzərə alınaraq, hər 5-10 ildən bir yenidən formalaşdırılır. Məsələn, elm, İKT və innovasiyalar sahəsində uzun illərdir liderliyini qoruyan ABŞ-ın son 30 il ərzində elm və innovasiyalar sahəsindəki siyasəti dəfələrlə dəyişikliklərə məruz qalmışdır. Avropa Birliyi, Yaponiya və yeni sənaye ölkələri də innovasiya siyasətinin formalaşmasına böyük diqqət ayırır. Keçid iqtisadiyyatı dövrünü yaşayan ölkələrdə də elm və innovasiyalar sahəsində dövlət siyasətinin formalaşması birinci dərəcəli əhəmiyyət kəsb edir.
Azərbaycan da “bilik istehsal edən” ölkələr sırasında layiqli yerini tutur . Prezident İlham Əliyev bununla bağlı çıxışlarında qeyd etmişdir ki, “qara qızıl”ın insan kapitalına çevrilməsi Azərbaycanda real vəziyyətdir. Buna görə də, təsadüfi deyil ki, qeyri-neft sektorunun inkişafında böyük rol oynayan İKT və innovativ fəaliyyəti dəstəkləyən dövlət milli iqtisadiyyatımızın modern relslər üzərində irəliləməsi üçün strateji istiqamətlər müəyyənləşdirmişdir. Belə istiqamətlərdən biri innovativ inkişafdır və bu inkişaf Azərbaycanda fəaliyyət göstərən şirkətlərin müasir İKT-in mənimsənilməsini, rəqabətqabiliyyətli məhsulların istehsalını və ixracat bazarlarının genişləndirilməsini əhatə edir. Dinamik inkişaf edən bazarların gücləndirilməsi və rəqabəti təmin edən fəaliyyətin dəstəklənməsi də mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə fəaliyyətini günün tələbləri səviyyəsində quran Azərbaycan dövləti investisiyaların cəlb olunması üçün ölkəmizin cəlbediciliyini artırır. Növbəti vacib istiqamət kimi yeni İKT-in tətbiqi ilə istehsalatın genişləndirilməsini göstərmək olar. Daha ətraflı qeyd etsək, bu istiqamətdə yeni texnologiyaların tətbiqi ilə istehsalatın genişləndirilməsi milli iqtisadiyyatın sonrakı mərhələlərində iqtiadiyyatın dirçəlməsi, bilik iqtisadiyyatı və sənayedə rəqabət qabiliyyətinin artması güman olunur. İnsan kapitalının inkişafı və iqtisadi artımı təmin edən yeni mənbələrin yaradılmasını da mühüm istiqamətlər kimi qeyd etmək mümkündür.
Bu gün artıq şühbə doğurmur ki, müasir dövrdə mühüm məsələlərdən biri dünya ölkələrinin inkişaf prosesindən geri qalmamaq, iqtisadiyyarın səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq və onun innovasiya əsaslı irəliləyişini təmin etməkdir. Yəni ənənəvi iqtisadiyyatdan bilik iqtisadiyyatına keçidi təmin etmək strateji məqsəd kimi dövlət qarşısında dayanmışdır. Belə bir vacib tapşırığın yerinə yetirilməsi üçün də yeni iqtisadi modelin formalaşdırılması zərurət kimi ortaya çıxır. Təhsil sistemində yeniliklərin tətbiqini və İKT-nin, həmçinin elmin inkişafını özündə ehtiva edən bu yeni iqtisadi modeldən də istifadə sağlam rəqabəti təmin edən səmərəli dövlət tənzimlənməsinin və sosial-iqtisadi inkişafa kompleks yanaşılmasının vacib prinsiplər kimi rəhbər tutulmasını və iqtisadiyyatın innovasiya inkişafının əsas götürülməsini zəruri edir. Buna görə də, strateji məqsədə nail olmaq istiqamətində atılmış addımlar nəticəsində bu gün Azərbaycanda real imkanlar yaranmış və ölkəmiz innovasiyaların və texnologiyaların keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuş, ölkəmiz yeni texnologiyalar sahəsində tərəqqiyə nail olmuşdur. Prezident İlham Əliyevin dediyi kimi , yeni texnologiyaların, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi Azərbaycanda geniş vüsət almışdır: “Biz bu sahədə bölgədə birinci yerlərdəyik. Ümumiyyətlə, dünya miqyasında reytinq siyahılarında qabaqcıl yerlərdəyik”.
Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən “2014-cü il qlobal innovasiya indeksi: innovasiyada insan amili” adlı hesabatda da Azərbaycanın sözügedən sahədə uğur əldə etdiyi bildirilir. İnstitutlar, insan kapitalı və tədqiqat, infrastruktur, bazarın və biznesin mükəmməlliyi, bilik və texnologiya səmərəliliyi, yaradıcı səmərəlilik kimi qlobal innovasiya indeksi meyarlarına görə Azərbaycanın nəzərəçarpacaq dərəcədə irəliləyişə nail olunduğu qeyd edilir. Ölkəmizin biznesin qurulmasının asanlığı (13-cü yer), bazarın mükəmməlliyi (26-cı yer), mikromaliyyələşdirmə kreditləri (15-ci yer), sərmayə (10-cu yer), sərmayədarların qorunmasının asanlığı (21-ci yer), qeyri-kənd təsərrüfatı sahəsində bazara giriş tarifi (9-cu yer), birbaşa investisiyaların xaricə axını (8-ci yer), informasiya-kommunikasiya texnologiyaları və təşkilatı modelin yaradılması (23-cü yer) göstəriciləri üzrə öncül sıralarda yer alması dövlətin qeyri-neft sektorunun inkişafına verdiyi yüksək qiymətin nəticəsi kimi qəbul etmək olar.
Bundan başqa, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təsis edilməsi və uğurla fəaliyyət göstərməsi Prezident İlham Əliyevin innovasiyalar məsələsinə önəm verdiyini bir daha təsdiqləyir. Vətəndaşlara dövlət qurumları tərəfindən göstərilən xidmətlərin müasir innovasiyaları tətbiq etməklə daha keyfiyyətli və rahat şəkildə həyata keçirilməsi artıq günün reallığına çevrilmişdir. Qeyd etmək vacibdir ki, bütün bunların reallaşdırılması dövlət idarəçiliyində yeni mərhələdir və yüksək peşə vərdişlərinə yiyələnmiş gənc kadrların yetişməsinə də böyük təkan verəcəkdir. Bu da etiraf olunmalıdır ki, İKT sahəsində əldə olunan nailiyyətlər sayəsində belə yeni imkanlar yaratmaq mümkün olmuşdur. Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, İKT sahəsində Azərbaycan son illər ərzində böyük uğurlar əldə editmişdir: “Bu, həm biznes, həm zəka, intellekt sahəsidir. Eyni zamanda, innovasiya və şəffaflığa təkan verən, xidmət göstərən bir sahədir. Biz bu imkanlardan daha da geniş şəkildə istifadə etməliyik. Elektron xidmətlərin sayı artmalıdır və bu sahədə görülən işlər davam etdiriləcəkdir”.
Beləliklə, dinamik inkişaf mərhələsində olan Azərbaycanda çoxşaxəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, şaxələndirilməsi, əhalinin rifahının beynəlxalq standartlara çatdırılması elmin, mədəniyyətin, bir sözlə, ictimai həyatın bütün sahələrində yeni nailiyyətlərin əldə olunmasına imkanlar yaradır. Bilik iqtisadiyyatının güclü inkişafına nail olmaq üçün Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası da innovasiya yönümlü institutların yaradılması və müasir modelin formalaşdırılması, sosial infrastrukturun təkmilləşdirilməsi üçün geniş imkanlar açır. Vacib məqsədlərə nail olmaq üçün ilk növbədə təbii resurslardan asılılığın azaldılması və qeyri-neft sektorunun inkşaf etdirilməsi ilə yanaşı, elmtutumlu istehsal sahələrinə, innovasiyalara diqqətin artırılması nəzərdə tutulmuşdur. Bu istiqamətlərdə real nəticələr əldə etmək üçün biliklərə əsaslanan iqtisadiyyatın formalaşması, İKT-dən səmərəli istifadə edilməsi, iqtisadi inkişafda yüksək rentabelliyə nail olmaq üçün yeni təfəkkürlü, yaradıcı gəncliyin formalaşması məsələlərini ön plana çıxarmışdır. Konsepsiyanın əsas strateji baxışı- mövcud imkanları və ehtiyatları nəzərə alaraq Azərbaycanda sabit iqtisadi artımın, ölkənin ictimai həyatında vətəndaş cəmiyyətinin aktiv statusunun üstünlüyünün tam təminatı ilə xarakterizə olunan inkişaf mərhələsinə nail olmaqdır. Bu baxımdan demək olar ki, həyata keçirilən sosial-iqtisadi siyasət Azərbaycanda hər bir vətəndaş üçün geniş imkanlar yaradır.
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.