Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) bu il üçün nəzərdə tutulan artım proqnozunu dəyişməz saxlayıb. “Asian Development Outlook” beynəlxalq informasiya təşkilatının məlumatına əsasən, adıçəkilən bank ilin sonunadək ölkəmizdə ÜDM-in artım tempinin 5 faiz təşkil edəcəyini bildirib.
“Asian Development Outlook” təşkilatının hesabatına əsasən, AİB Azərbaycan, Gürcüstan və Tacikistanda ÜDM-in artım proqnozlarını eyni səviyyədə saxlayıb. Hesabatın analitikləri hesab edirlər ki, Azərbaycanın neft istehsalı, tikinti, xidmətlər və kənd təsərrüfatı sahələrində bu ilin ikinci yarısında proqnozlaşdırılan artım əvvəlki artım proqnozunu saxlayacaq.
Bank ümumilikdə Azərbaycanın da daxil olduğu Mərkəzi Asiya regionu üzrə inkişaf proqnozunu 2015-ci ildə 6,5 faizdən 5,9 faizədək endirib. Bankın analitikləri bu azalmanı regionun 8 ölkəsindən 5-də - Ermənistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanda ÜDM-in daha az artım gözləntisi ilə əlaqələndirirlər. AİB, həmçinin bu il Azərbaycanda inflyasiya üzrə proqnozun 3,5 faiz səviyyəsində olacağını bildirib. Bank, eyni zamanda, Azərbaycanda ÜDM-ə nisbətdə cari əməliyyatların hesab profisiti üzrə proqnozu 15 faiz səviyyəsində saxlayıb.
AİB tərəfindən ölkəmiz üçün bu cür nikbin proqnozun verilməsi təsadüfi deyil. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən müasirləşmə strategiyası və uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanda yüksək iqtisadi artım dinamikası formalaşıb, dayanıqlı makroiqtisadi sabitlik şəraitində bu iqtisadi artımın sosial rifaha və yüksək həyat standartlarına sürətli transformasiyası baş verib. Nəticədə, hazırda respublikamız adambaşına düşən ümumi daxili məhsulun həcminə görə beynəlxalq miqyasda 100 pillə irəliləyərək qısa zaman ərzində orta gəlirli dövlətlər qrupuna daxil olub.
Bu gün ölkəmizdə daxili tələbin tədricən xarici tələblə əvəzlənməsi, ixracın şaxələndirilməsi strateji vəzifələrdəndir. Qeyri-neft sektorunda ixracyönümlü iqtisadi artımın təmin olması və bu artımın əsasən özəl daxili və xarici investisiyalarla dəstəklənməsi son nəticədə dövlət büdcəsinin və tədiyə balansının dayanıqlığının artırılmasına xidmət edir. Xatırladaq ki, ixracyönümlü inkişaf modeli ticari sektorun iqtisadi artım və məşğulluqda yüksək xüsusi çəkisinin formalaşmasını nəzərdə tutur.
Yuxarıda qeyd etdik ki, AİB bu il üçün Azərbaycanda inflyasiya üzrə proqnozun 3,5 faiz səviyyəsində olacağını bildirib. Bununla əlaqədar deyə bilərik ki, hazırda dövlət tərəfindən tənzimlənən tarif və qiymətlər, inflyasiyanın tələb amilləri, dünya bazarında qiymət dinamikası, habelə tərəfdaş ölkələrdə qiymətlərin səviyyəsi və valyuta məzənnələri inflyasiyaya təsir edən əsas amillərdir. Bu amillər, habelə pul siyasəti qərarlarının iqtisadiyyata ötürücülük qabiliyyəti nəzərə alınmaqla inflyasiya proqnozuna nail olmaq üçün Mərkəzi Bank hazırda hökumətlə birlikdə adekvat tənzimləmə tədbirləri həyata keçirir.
Regionlarda elektron bank xidmətlərinə çıxış imkanlarının daha da artırılması təşviq olunur. İnnovativ ödəniş alətlərindən istifadənin kütləvi hal alması, nağdsız və elektron hesablaşmaların həcminin artması üçün stimullaşdırma tədbirlər davam etdirilir. Elektron ödəniş xidmətləri sahəsində qanunvericilik bazasının formalaşdırılması işlərinə də başlanılıb.
Hazırda uğurla reallaşdırılan şaxələndirmə prosesi daxili tələblə yanaşı, qeyri-neft ixracının da iqtisadi artımda rolunun daha da güclənməsi üçün zəmin yaradır. Şaxələndirmə prosesinə dəstək olaraq Mərkəzi Bank makroiqtisadi və maliyyə sabitliyinin qorunmasını təmin edir. Bunun üçün adıçəkilən bank inflyasiyanın birrəqəmli səviyyədə tənzimlənməsinə dəstək məqsədilə müxtəlif tədbirlər həyata keçirir.
Azərbaycan son illərdə investisiya cəlb edən ölkədən investisiya yatıran və xüsusilə, strateji əhəmiyyətli layihələrdə nümunə göstərən regional güc mərkəzi kimi tanınıb. Respublikamız öz təbii ehtiyatlarından, coğrafi mövqeyindən uğurla faydalanıb və dünya iqtisadiyyatının fəal iştirakçısına çevrilib. Qarşıdakı aylarda və illərdə uğurlarımız daha böyük olacaq. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan yenə də özünü dünyaya müasir, dinamik inkişaf edən, güclü dövlət kimi təqdim edəcək.
Azərbaycan Prezidenti İlham Əliyev son illər ölkəmizin əldə etdiyi sosial-iqtisadi uğurları barədə deyib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə baxmayaraq, Azərbaycan sürətli iqtisadi inkişaf nümayiş etdirir. Son 12 il ərzində ölkəmiz dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata malik olub. Bu dövrdə iqtisadiyyat 3 dəfədən çox artıb. Bu, dünyada ən sürətli inkişaf göstəricisidir. Eyni zamanda, yoxsulluq demək olar ki, 10 dəfə azalıb. Çox sabit maliyyə sistemi mövcuddur. Azərbaycanın xarici borcu ümumi daxili məhsulun yalnız 8 faizini təşkil edir. Bu, dünyada ən yaxşı göstəricilərdən biridir. Valyuta ehtiyatlarımız ümumi daxili məhsulun 70 faizdən çoxunu təşkil edir. Bunun sayəsində Azərbaycanın sərmayə qoymaq və beynəlxalq bazarlarda kredit götürmək imkanı vardır.
Regionların üçüncü sosial-iqtisadi inkişafı Dövlət proqramına uyğun olaraq 2014-cü ilin yanvar ayından cari ilin iyul ayının 1-nə kimi ölkədə 187,9 min (153,1 mini daimi) yeni iş yeri, bu ilin altı ayında 60,6 min (48 mini daimi) yeni iş yeri açılmışdır. Bu müddətdə açılan yeni iş yerlərinin 75,1 faizi qeyri-dövlət sektoruna aiddir. Onların 68,8 faizi regionların, o cümlədən 19,8 faizi Aran, 14,3 faizi Gəncə-Qazax, 7,7 faizi Abşeron, 6,5 Lənkəran və digər iqtisadi rayonların payına düşür. Daimi iş yerlərinin 13,7 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 11,3 faizi isə mövcud müəssisə və təşkilatlarda yaradılmışdır.
Ölkəmizin kredit reytinqi “S&P”, “Moody’s” və “Fitch” kimi əsas reytinq agentlikləri tərəfindən yaxşılaşdırılıb. Azərbaycan xarici sərmayələri lazımi qaydada qoruyan ölkə kimi böyük nüfuza malikdir.
Gələcək üçün iqtisadi perspektivlər çox müsbətdir. Hazırda tikinti işləri respublikamızın bütün bölgələrini əhatə etməklə yanaşı, regional xarakter alıb. Belə ki, mühüm nəqliyyat və kommunikasiya xarakterli inşaat layihələri Azərbaycanla bərabər, digər qonşu dövlətlərin də ərazisini əhatə edir ki, bu da bölgədə çox nəhəng infrastruktur şəbəkəsinin yaradılması deməkdir. Qədim İpək Yolunun modernləşdirilməsi, Rusiya və İran istiqamətində tranzit marşrutlarının dünya səviyyəsində yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişinin sürətləndirilməsi çoxşaxəli regional infrastruktur sisteminin yaradılmasının əyani təzahürüdür.
Azərbaycanda neft strategiyasının uğurla davam etdirilməsi, ölkənin xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, “qara qızıl”dan əldə olunan gəlirlərin respublikada güclü insan kapitalının formalaşdırılmasına yönəldilməsi iqtisadi siyasətin əsas prioritetləri kimi diqqəti cəlb edir. Bunun nəticəsidir ki, ötən 12 ildə müstəqil Azərbaycan dövləti iqtisadi cəhətdən möhkəmlənərək qüdrətlənmiş və sosial-iqtisadi sahədə əldə edilmiş uğurlar, ilk növbədə, insanların gündəlik həyatında özünü daha qabarıq şəkildə büruzə vermişdir.
Azərbaycanın son illər makroiqtisadi inkişafda böyük uğurlar əldə etməsi Avropa Qonşuluq Siyasətinın Azərbaycanda tətbiqi ilə bağlı hesabatda da öz əksini tapıb. Sənəddə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi müsbət dəyərləndirilib. Bildirilib ki, qeyri-neft sektorunda artım və sosial sahədə makroiqtisadi mühit sabit qalıb.
Hesabatda Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi və enerji təchizatının diversifikasiyası istiqamətində Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında strateji enerji tərəfdaşlığı sahəsində mühüm irəliləyişin əldə olunması qeyd olunub.
Bu baxımdan sənəddə “Cənub” qaz dəhlizi layihəsinin Aİ-Azərbaycan dialoqu üçün çox vacib olduğu vurğulanıb. Yeri gəlmişkən, bu gün Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və Azərbaycanın xarici ticarətində Avropa ölkələrinin payı 42,4 faizdir. Son illər tərəflər arasında ticarət əlaqələri artıb, lakin əməkdaşlığı bundan sonra da genişləndirməyə ehtiyac duyulur. Hazırda Azərbaycanın idxalı və ixracında Aİ-nin payı müvafiq olaraq 48,3 faiz və 27,7 faizdir. Avropa ölkələri Azərbaycana əsasən maşınlar, nəqliyyat vasitələri ixrac edir və mineral yanacaqlar idxal edir. Onu da xatırladaq ki, Azərbaycan və Aİ arasında ikitərəfli əlaqə 1996-cı ildə imzalanmış və 1999-cu ildə qüvvəyə minmiş tərəfdaşlıq və əməkdaşlıq sazişi əsasında tənzimlənir. Avropa İttifaqı Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmaq səylərini fəal şəkildə dəstəkləyir.
Göründüyü kimi, təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi siyasətin uğurla həyata keçirilməsi nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik, davamlı və dayanıqlı iqtisadi inkişaf təmin olunub, əlverişli biznes və investisiya mühiti yaradılıb. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan Respublikası sosial-iqtisadi inkişaf tempinə görə dünyada öncül yerlərdədir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.