Mərkəzi Bank faiz dərəcələrinin aşağı düşməsini stimullaşdırmaq məqsədilə yeni qərarlar qəbul edib

Qlobal iqtisadiyyat və bölgədə baş verən son proseslər fonunda Azərbaycan Respublikası Mərkəzi Bankı ölkədə makroiqtisadi sabitliyin qorunması ilə yanaşı, iqtisadi artımın və milli iqtisadiyyatın şaxələnməsi proseslərinin dəstəklənməsi istiqamətində məqsədyönlü fəaliyyətini davam etdirir.

Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, iqtisadi subyektlərin maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, məsuliyyətli kreditləşmə, kredit faizlərinin azaldılması istiqamətində tədbirlər davam etdirilməkdədir.

Bankın İdarə Heyətinin iclasında bankların əməliyyat xərclərinin optimallaşmasına dəstək vermək və maliyyə resurslarının maya dəyərinin azaldılması ilə faiz dərəcələrinin aşağı düşməsini stimullaşdırmaq məqsədilə bir sıra yeni qərarlar qəbul edilib. Mərkəzi Bank, eyni zamanda, kredit təşkilatlarında korporativ sosial məsuliyyətin artırılması, istehlakçıların maliyyə vəziyyətinə, ehtiyac və məqsədlərinə uyğun məhsulların təqdim edilməsinin təşviqinə yönəldilmiş qərarlar da qəbul edib.

Mərkəzi Bankın İdarə Heyətinin qərarına əsasən, AZİPS (Real vaxt rejimində banklararası hesablaşmalar sistemi) sistemi vasitəsilə aparılan banklararası ödənişlər üzrə xidmət haqları iki dəfə azaldılıb. Bununla yanaşı, nağd pulun məxarici üzrə tariflərə dəyişikliklər edilib. İri nominallı əskinazlara (50 və 100 manat) tətbiq olunan 0,15 faiz tarif ləğv edilib, nağd pulun gün ərzində ikinci və daha sonrakı mədaxili və məxarici üzrə tariflər 0,05 faiz müəyyən edilib.

Bank xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi, kredit məhsullarının dəyərinin şəffaflığının təmin edilməsi istiqamətində həyata keçirilən növbəti tədbirlərdən biri kimi Mərkəzi Bankın İdarə Heyətinin digər qərarı ilə “Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında Metodoloji Rəhbərlik” təsdiq edilib. Qeyd olunan rəhbərlikdə kredit təşkilatlarına istehlakçıların aylıq borc yükünün onların gəlirlərinə uyğunluğunun müəyyənləşdirilməsi, eləcə də kredit şərtlərinin istehlakçıların ehtiyac və məqsədlərinə uyğunluğunun qiymətləndirilməsi üzrə tövsiyələr verilib. Bütövlükdə, Metodoloji Rəhbərliyin tətbiqi kredit təşkilatlarında məsuliyyətli kreditləşmə, istehlakçılarda isə məsuliyyətli borclanma vərdişlərini inkişaf etdirməklə əhalinin izafi borclanmasının qarşısının alınmasına xidmət edəcək. Metodoloji Rəhbərliyin qəbulu istehlak kreditləşməsi sahəsində vahid yanaşmanın tətbiqi istiqamətində mühüm addımdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında