Dünya bazarlarında neftin qiymətinin ucuzlaşması bəzi “həvəskar” yazarların qol-qanadını açıb. Baş verən proseslərin mahiyyətini yetərincə dərk edə bilməyənlər vəziyyəti “mütəxəssis” kimi şərh etməyə meyillənirlər. Biz Azərbaycan iqtisadiyyatında neft amili ilə bağlı söylənilən yalanları konkret faktlarla nə qədər ifşa etsək də, bu yalanları tirajlayanlar öz əməllərindən əl çəkmək fikrində deyillər.
Bu adamların işi-gücü kol dibində gizlənib yoldan keçən avtomobilə daş atan uşaqlar kimi hərdən mətbuata çıxıb beləcə “daş atmaq”dan ibarətdir. Amma gərək unutmasınlar ki, hansı yalanları uydurmalarından, cəmiyyətə hansı çaşdırıcı xəbəri ötürmələrindən asılı olmayaraq, biz bütün bunları ifşa etməkdə və kimin hara qədər iqtisadçı olduğunu göstərməkdə davam edəcəyik. Vətənimizi sevirik, dövlətimizə sarsılmaz tellələrlə bağlıyıq, ölkəmizin qısa zaman ərzində böyük iqtisadi inkişaf yolu keçərək regionda ən qüdrətli dövlətə çevrilməsindən qürur duyuruq. Kim bu nailiyyətlərə kölgə salmağa, görülən bənzərsiz işlərə qara yaxmağa, özündən rəqəmlər uydurub insanlarımıza doğru olmayan bilgilər verməyə çalışacaqsa, bunun cavabını dərhal alacaq. Bu adamlar əmin olsunlar ki, biz - “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyi olaraq dünyada gedən iqtisadi prosesləri yaxından izləməklə yanaşı, Azərbaycanın sosial-iqtisadi özəlliklərini dərindən təhlil edib ölkələr arasında paralellər aparmaq yolu ilə reallığı olduğu kimi təqdim edəcəyik. Özünün siyasi maraqlarından çıxış edən, eləcə də müxtəlif xarici dairələrdən gələn göstərişləri yerinə yetirmək həvəsinə düşənlərin cızma-qaraları, iqtisadiyyat adına uyğun gəlməyən “təhlilləri” nəzərimizdən yayınmır. İqtisadi sahəyə aid bütün xəbər və açıqlamaları diqqətlə izləyir, iqtisadçı qiyafəsində zühur edənlərin dilə gətirdiyi rəqəmləri qeydə alırıq. İstənilən uyğunsuzluq və ölkənin iqtisadi göstəricilərinin təhrif olunması kimi hallar müşahidə olunarsa, biz bütün bunlara obyektivlik prinsipinə uyğun reaksiya verəcəyik.
Son 10 ildən bir qədər artıq vaxt ərzində Azərbaycanın inqilabi sıçrayışla əldə etdiyi iqtisadi nailiyyətlərdən beynəlxalq maliyyə qurumlarının hesabatlarında açıq və aydın şəkildə bəhs olunur. Xarici təşkilatların hesabatlarına istinad etməyi sevənlər buyurub həmin sənədlərə nəzər sala bilərlər. Əslində bu adamlar Azərbaycanın haradan hara gəldiyini hamıdan yaxşı görürlər. Yəqin Heydər Əliyev hakimiyyətinə qəpiyə möhtac bir büdcə qoyub getdiklərini də unutmayıblar. Sadəcə bir missiyaları var ki, onu yerinə yetirmək xatirinə istənilən yalanın altında imza atmağa hazırdırlar. Bu missiya hər şeyi qara rəngdə təqdim etmək, görülən işlərə kölgə salmaq, insanlara həqiqətə uyğun olmayan informasiyalar ötürmək və ölkəni guya fəlakətlər gözlədiyinə dair təsəvvür yaratmaqdan ibarətdir. Belə bir missiyaya “könül verən”lər öz çirkin niyyətlərini nə yolla olursa olsun, reallaşdırmağa çalışırlar. Lakin anlamırlar ki, tutduqları yol əslində onların özlərini bataqlığın dərinliklərinə aparır. “Neftin qiymətləri düşür və bu səbəbdən Azərbaycan iqtisadiyyatı çökəcək, onun maliyyə bank sistemi tam iflasa uğrayacaq” kimi heç bir məntiqə və ağıla sığmayan çağrışlar da göstərir ki, bu adamlar adi riyazi hesablamaları belə düzgün apara bilmirlər. Ortada konkret rəqəmlər var və onları təkzib etmək, gizlətmək mümkün deyil.
2004-cü ildən başlayaraq son 11 il ərzində Azərbaycan dünya miqyasında iqtisadi və sosial baxımdan ən sürətlə inkişaf edən ölkə hesab olunur. Bu müddət ərzində onun Ümumi Daxili Məhsulu 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, valyuta ehtiyatları 28 dəfəyə qədər artmışdır. Göstərilən dövrdə ölkədə orta aylıq əmək haqqı 5,7 dəfə, orta aylıq pensiya 9,2 dəfə artmışdır. Bu illər ərzində 2900 məktəb binası, 560 tibb ocağı tikilib və əsaslı təmir edilib. 41 olimpiya idman mərkəzi, 30 gənclər mərkəzi yaradılıb. 11 il ərzində yüzlərlə yeni istehsal və emal müəssisələri açılmış, 1 milyon 300 mindən artıq yeni iş yerləri yaradılmışdır ki, bunun da 1 milyona qədəri daimi iş yerləridir.
2014-cü ilin yekunlarına görə, Azərbaycanın qeyri-neft sektorundan ixracın həcmi 1,8 milyard ABŞ dollarına yaxın olmuşdur. Bəli, bu rəqəm bizim ümumi ixracımızın 8 faizinə bərabərdir və elə bu səbəbdən də ilk baxışda az görünür . Lakin son 10 ildən artıq bir vaxt ərzində hökumətin ölkədə qeyri-neft sektorunu inkişaf etdirməklə bağlı atdığı kardinal addımlar – Regionların sosial-iqtisadi inkişafına dair iki dövlət proqramının uğurla reallaşması, keçən ilin sənaye, cari ilin kənd təsərrüfatı ili elan edilməsi, sahibkarlığın inkişafına dövlət dəstəyinin artması və bütün bunların nəticəsi olaraq yerlərdə sürətlə sənaye məhəllələrinin yaradılması, aqroparkların qurulması, sonda qeyri-neft sektorundan ixracın həcminin böyük sürətlə artmasına gerçək zəmin yarada bilmişdir. Son 5 il ərzində Ümumi Daxili Məhsulun tərkibində qeyri-neft sektorunun payı 20 faizə qədər artaraq ümumilikdə 70 faizə yaxınlaşmışdır. Elə bunun nəticəsidir ki, son 5 ildə qeyri-neft sektorundan ixracın həcmi 65 faiz artmışdır ki, bu da orta illik 13 faiz artım deməkdir. Qeyri neft-sektorunun qısa zaman çərçivəsində belə sürətli inkişafı təcrübəsinə heç yerdə rast gəlinməyib. Bax, budur Azərbaycan iqtisadiyyatının bugünkü real durumu. Bu faktları, bu həqiqətləri heç kim təkzib edə bilməz. Bunu təkcə biz deyil, bütün dünya görür və etiraf edir. Unutmayaq ki, Azərbaycan bütün bu nailiyyətləri Ermənistanla müharibə şəraitində olduğu bir dövrdə əldə edib. Bəli, neftin qiymətləri dünya bazarlarında indi iki dəfəyə qədər aşağı düşüb və heç bir şübhə yoxdur ki, bu prosesi idarə edən nəhəng güclər qiymətləri bir qədər də aşağı sala və lazım bildikləri səviyyəyə endirə bilərlər. Lakin qiymətlərin aşağı düşməsi Ümumi Daxili Məhsulda qeyri- neft sektorunun payı artıq 70 faizə yaxın olan və bu kursu xüsusi dövlət proqramları çərçivəsində aparan bir ölkə üçün hansısa “qorxulu perspektivlər” yarada bilməz. Neftin qiymətlərinin aşağı düşməsi gəlirlərimizi azaldacaq, ancaq bu, heç bir halda fəlakət sayıla bilməz. Biz artıq neft gəlirlərini kifayət qədər səmərəli istifadə etməklə qeyri-neft sektorunun inkişafında yüksək nəticələr əldə edə bilmişik. Azərbaycan hökuməti son 11 il ərzində neft gəlirlərinin bir qismini bu məqsədə istifadə etməklə ölkə iqtisadiyyatının diversifikasiya edilməsi üçün elə bir möhkəm bünövrə yarada bilib ki, bundan sonra iqtisadiyyatın neftdən asılılığı getdikcə minimuma enəcək.
Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru,
professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.