Azərbaycanın maliyyə imkanları genişləndikcə xarici investisiyaların, qabaqcıl texnologiyaların, idarəetmə təcrübəsinin cəlb olunması da geniş vüsət alır. Ölkədə bərqərar olmuş siyasi və makroiqtisadi sabitlik, investorların hüquqlarının etibarlı qorunması, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevirmişdir. Bu günədək Azərbaycan Respublikası hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında 50-dən çox saziş imzalanmışdır.
Azərbaycan Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin altı ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı proqram xarakterli nitqində demişdir: “...Son illərdə biz görürdük ki, daxili investisiyalar üstünlük təşkil edir. Bu ilin 6 ayında isə xarici sərmayə üstünlük təşkil edir. Bu da müsbət haldır, çünki vəziyyət yenə də göstərir ki, Azərbaycan investisiyalar üçün çox cəlbedici ölkədir və xarici sərmayə burada lazımi səviyyədə qorunur”.
Respublikamızın xarici dövlətlərlə münasibətlərinin inkişafında investisiya əməliyyatları mühüm rol oynayır. Bununla bağlı əvvəlcə Azərbaycan iqtisadiyyatına investisiya yatıran xarici ölkələrin fəaliyyətinə qısa nəzər salaq. Azərbaycana investisiya qoyuluşunda Avropa ölkələri üstünlük təşkil edir. Son 12 ildə respublikamızda əsas kapitala yönəlmiş xarici investisiyaların 51 faizi, qeyri-neft sektoruna qoyulmuş xarici investisiyaların isə 36 faizi bu ölkələrin payına düşür. Sənaye, ticarət, kənd təsərrüfatı, nəqliyyat, bank işi və digər sahələrdə 1000-dən çox Avropa şirkəti Azərbaycanda qeydiyyatdan keçmişdir.
Yeri gəlmişkən, bir çox infrastruktur layihələrinin həyata keçirilməsində də Azərbaycan nüfuzlu beynəlxalq maliyyə təşkilatları ilə, o cümlədən Asiya İnkişaf Bankı ilə sıx əməkdaşlıq edir. Bu günə kimi adı çəkilən bank tərəfindən Azərbaycana 12 layihə üzrə 1,64 milyard ABŞ dolları məbləğində ayrılmış kreditlər avtomobil yolları, su təchizatı və kanalizasiya, enerji təchizatı, irriqasiya sektorlarındakı layihələrin maliyyələşdirilməsinə yönəldilmişdir. Eyni zamanda, həmin bank texniki əməkdaşlıq çərçivəsində 7 layihənin maliyyələşdirilməsinə təxminən 10 milyon ABŞ dolları məbləğində qrant vəsaiti ayırmışdır. Bankın ölkəmizin özəl sektorundakı fəaliyyəti 2006-cı ildən başlamışdır və bu günədək özəl sektora ayrılmış kreditlərin məbləği 163 milyon dollar təşkil etmişdir.
Ümumilikdə, görülən işlər nəticəsində hazırkı vaxtadək iqtisadiyyata 200 milyard dollar investisiya qoyulmuşdur ki, bunun yarısı xarici investisiyalardır. Təkcə 2014-cü ildə investisiya qoyuluşunun həcmi 27,7 milyard dollar olmuşdur ki, onun da 11,5 milyard dolları xarici investisiyalardır.
Azərbaycanın xarici ticarət əlaqələrinə gəldikdə isə qeyd edə bilərik ki, son 12 ildə ticarət coğrafiyası genişlənmiş və 150-dən çox ölkə ilə ticarət əlaqələri qurulmuş, ticarətin əmtəə strukturu təkmilləşmiş, ixrac potensialı əhəmiyyətli dərəcədə güclənmişdir. Bu müddət ərzində xarici ticarət dövriyyəsi 4,3 dəfə, ixrac 6 dəfə, o cümlədən qeyri-neft ixracı 2,6 dəfə artmışdır.
Davamlı iqtisadi inkişaf, maliyyə imkanlarının artması, özəl sektorun inkişafı Azərbaycanı, eyni zamanda, investisiya ixracatçısına çevirmiş, Türkiyə, Gürcüstan, Rusiya, Monteneqro, Serbiya, İsveçrə və digər ölkələrə əhəmiyyətli həcmlərdə investisiya yatırılmışdır. Azərbaycan şirkətlərinin potensialı və peşəkarlığı xeyli artmış, bir sıra ölkələrdə, o cümlədən Avropada mühüm infrastruktur layihələrinin icrasında özəl şirkətlərimiz fəal fəaliyyət göstərməyə başlamışdır.
Ölkəmizin beynəlxalq arenada formalaşmış müsbət imicinin digər göstəricisi də son dövrlər xarici dövlətlərin özəlləşdirmə və investisiya layihələrində Azərbaycanın iştirakına dair dəvətlərin, eləcə də xarici dövlətlər tərəfindən respublikamıza bu məqsədlə həyata keçirilən səfərlərin sayının artmasıdır.
Əldə edilən bu uğurlarla kifayətlənməyən Azərbaycan hökuməti ölkəmizdə xarici investisiyaların qoyuluşunun daha da artırılması məqsədilə bir sıra tədbirlər reallaşdırmağı nəzərdə tutur. Belə ki, hökumət ölkənin qeyri-neft sektoruna xarici investisiyaların qoyuluşunu daha da artırmaq məqsədilə xarici investorlar üçün stimullaşdırıcı mexanizmlər üzrə təkliflər hazırlamağı nəzərdə tutur. Bu, Nazirlər Kabineti, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2014-2015-ci illər üçün imzalanan Baş Kollektiv Sazişdə öz ifadəsini tapmışdır.
Sənəddə həmçinin bildirilir ki, xarici bazarlarda ölkənin yerli istehsalçılarının mənafelərini müdafiə edən, istehsal olunmuş hazır məhsulun dünya bazarlarına ixracını stimullaşdıran tədbirlər sistemi gücləndirilməlidir.
Azərbaycan beynəlxalq aləmdə həm də etibarlı tərəfdaş kimi nüfuz qazanmışdır. Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri vasitəsilə Xəzər dənizinin enerji resursları region ölkələrinə və Avropaya nəql edilir. Transanadolu və Transadriatik qaz kəmərləri isə enerji əməkdaşlığımızı genişləndirərək Azərbaycanı Avropanın böyük təbii qaz təchizatçılarından birinə çevirəcəkdir.
Hazırda tikinti işləri respublikamızın bütün bölgələrini əhatə etməklə yanaşı, regional xarakter almışdır. Belə ki, mühüm nəqliyyat və kommunikasiya xarakterli inşaat layihələri Azərbaycanla bərabər, digər qonşu dövlətlərin də ərazisini əhatə edir ki, bu da bölgədə çox nəhəng infrastruktur şəbəkəsinin yaradılması deməkdir. Qədim İpək Yolunun modernləşdirilməsi, Rusiya və İran istiqamətində tranzit marşrutlarının dünya səviyyəsində yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişinin sürətləndirilməsi çoxşaxəli regional infrastruktur sisteminin yaradılmasının əyani təzahürüdür.
Azərbaycan hökuməti daxili investisiyaların reallaşdırılmasına da xüsusi önəm verir. Nazirlər Kabinetinin yuxarıda sözügedən iclasında bildirilmişdir ki, cari ilin altı ayında dövlət büdcəsinin vəsaiti hesabına investisiya xərcləri 3 milyard 102 milyon manat təşkil etmişdir. Həmin vəsaitin 1 milyard 656 milyon manatı elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin, o cümlədən Bakıda Avropa Oyunlarının keçirilməsi, 1 milyard 150 milyon manatı ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisi və yenidən qurulması üçün istifadə olunmuşdur. Eyni zamanda, iclasda vurğulanmışdır ki, dövlət büdcəsindən ayrılmış əsaslı xərclərlə yanaşı, ölkəmizdə yol, su təchizatı və meliorasiya, kənd təsərrüfatı, sosial və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün Azərbaycan hökuməti tərəfindən xaricdən cəlb olunmuş kreditlər hesabına 264 milyon manat, Dövlət Neft Fondunun vəsaiti hesabına 467 milyon manat investisiya qoyulmuşdur.
Hesabat dövründə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan həlli vacib hesab edilən bir sıra sosial və infrastruktur layihələrinin həyata keçirilməsi, şəhər, rayon və qəsəbələrdə abadlıq və quruculuq işlərinin davam etdirilməsi, kənd təsərrüfatının dəstəklənməsi, kəndlərarası yolların tikintisi üçün üst-üstə 74 milyon manat vəsaitin ayrılmasına dair sərəncamlar imzalanmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Bizim düşünülmüş siyasətimiz, eyni zamanda, planlı addımlarımız məhz ona hesablanıb ki, bütün infrastruktur layihələri uğurla başa çatsın. Bu layihələrin icra edilməsi nəticəsində biz bütün infrastrukturumuzu yeniləşdirəcəyik”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasını təsdiq etməsi əhəmiyyətli tarixi hadisələr sırasındadır. Müasir Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni inkişaf xüsusiyyətlərindən, məqsədli dövlət proqramları vasitəsilə yeni yüksəliş mərhələlərinə keçidin zərurətlərindən, ən nəhayət, gələcəyin strateji hədəflərinin müəyyənləşdirilməsindən irəli gələn bu mühüm sənəd dövlətimizin davamlı inkişafının təmin olunmasında, Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyətinin artırılmasında, Avropa məkanına inteqrasiya prosesinin sürətləndirilməsində, əhalinin sosial rifahının yüksəldilməsində, cəmiyyətin bütün istiqamətlərdə tərəqqiyə nail olunmasında, keyfiyyətcə mükəmməl inkişaf modelinin formalaşdırılmasında müstəsna rol oynayacaqdır. Sözügedən konsepsiya çoxşaxəli olmaqla yanaşı, qarşıdakı illər üçün yeni prioritetləri, hədəfləri əhatə edir.
Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində 2020-ci ilədək ölkədə adambaşına düşən ÜDM-in həcminin iki dəfədən çox artaraq 13 min ABŞ dollarına çatdırılacağı gözlənilir. Həmin dövrədək Azərbaycanın Dünya Bankının adambaşına düşən ümumi milli gəlir təsnifatına görə “yuxarı orta gəlirli ölkələr”, habelə BMT İnkişaf Proqramının insan inkişafı ilə bağlı təsnifatına görə “yüksək insan inkişafı ölkələri” qrupunda üstün mövqelərə yüksəlməsi hədəflənir.
Respublikanın beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabət qabiliyyətinə malik ölkəyə çevrilməsi də qarşıya qoyulmuş əsas vəzifələrdən biridir. Bu məqsədlə respublikanın regionun ticarət mərkəzinə çevrilməsi, qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac həcminin 1000 ABŞ dollarına çatdırılması proqnozlaşdırılır.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.