Bu ilin 8 ayında Azərbaycan dünyanın 135 ölkəsi ilə ticarət əməliyyatları aparmışdır
Qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlətin iqtisadi siyasətinin prioritet istiqamətidir. Məhz buna görə də son illər həyata keçirilən tədbirlər nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, regionların tərəqqisi sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, bank sisteminin etibarlılığı artırılmış, sahibkarlığa dövlət dəstəyi gücləndirilmişdir.
Prezident İlham Əliyev tərəfindən qeyri-neft sektorunun inkişafı daim diqqət mərkəzində saxlanılır, bu sahənin dinamik inkişafı üçün ardıcıl islahatlar reallaşdırılır. Dövlət başçımız bu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları ilə bağlı Nazirlər Kabinetinin iclasında demişdir: "Bu gün Azərbaycanda iqtisadi inkişafın istiqamətləri çoxşaxəlidir və bildiyiniz kimi, biz bu gün qeyri-neft sektorunun inkişafına üstünlük veririk. Bu, bizim prioritet məsələmizdir".
Azərbaycanda aparılan islahatların, xüsusilə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımların nəticəsidir ki, bu ilin birinci yarısında sözügedən sahədə 15,3 faiz artım təmin olunmuşdur. Bu, yuxarıda göstərdiyimiz kimi, qeyri-neft sektoruna göstərilən diqqət və qayğını əks etdirməklə yanaşı, eyni zamanda milli iqtisadiyyatın çoxşaxəli olduğunu, bütün sahələr üzrə inkişafın təmin edildiyini təsdiqləyir.
Ölkədə qeyri-neft sektorunun dinamik inkişafı təbii ki, xarici iqtisadi əlaqələrin genişlənməsinə də öz müsbət təsirini göstərir. Başqa sözlə, respublikada məhsul istehsalının artımı ticarət əməliyyatlarını intensivləşdirir, ixrac potensialını gücləndirir.
Dövlət Statistika Komitəsindən verilən məlumatda qeyd edilir ki, cari ilin yanvar-iyul aylarında Azərbaycan dünyanın 135 ölkəsi ilə ticarət əməliyyatları aparmışdır. Bu dövrdə xarici ticarət dövriyyəsinin həcmi 15516,2 milyon dollar, o cümlədən ixrac 12008,5 milyon dollar, idxal 3507,7 milyon dollar təşkil etmişdir. Ticarət əlaqələrinin 77,4 faizi ixracın, 22,6 faizi idxalın hesabına formalaşmış, 8500,8 milyon dollarlıq müsbət saldo yaranmışdır. Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi faktiki qiymətlərlə 48,7 faiz, o cümlədən ixrac 1,7 dəfə, idxal 6,6 faiz artmışdır. İdxal-ixrac əməliyyatlarında İtaliya, İsrail, Amerika Birləşmiş Ştatları, Fransa, Rusiya, Ukrayna, İndoneziya, Çin, Türkiyə, Malayziya, Xorvatiya, Hindistan, Almaniya və Gürcüstan əsas tərəfdaşlarımız olmuşlar.
Mal mübadiləsinin 91,1 faizi, o cümlədən ixracın 95 faizi və idxalın 77,6 faizi sərbəst dönərli valyuta sövdələşmələri yolu ilə həyata keçirilmişdir. Sərbəst dönərli valyuta sövdələşmələrinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 53,5 faiz artmışdır.
Ölkəmizə gətirilən məhsulların 25,7 faizini maşın və mexanizmlər, elektrotexnika avadanlığı, 18,7 faizini ərzaq malları, 15,3 faizini az qiymətli metallar və onlardan hazırlanan məmulatlar, 13,4 faizini quru, hava və su nəqliyyatı vasitələri, 6,5 faizini kimya sənayesi məhsulları və sairə təşkil etmişdir.
Prezident İlham Əliyevin imzaladığı "Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında", "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" və başqa fərman, sərəncamlar ölkəmizdə sahibkarlığın inkişafına təkan vermiş, qeyri-neft sektorunun inkişafını stimullaşdırmışdır. Bunun nəticəsidir ki, ilin əvvəlindən ölkə üzrə istehsal olunan sənaye məhsullarının 82 faizi qeyri-dövlət sektorunun payına düşür. Bu, keçən ilin müvafiq dövrünün göstəricisindən 2,4 faiz çoxdur. Elə xarici ölkələrə göndərilən mineral məhsulların 1,7 dəfə, kimya sənayesi məhsullarının 2,5 dəfə, plastik kütlə, kauçuk, rezin və onlardan hazırlanan məmulatların 40,9 faiz, toxuculuq materialları və məmulatlarının 3,3 faiz, az qiymətli metallar və onlardan hazırlanan məmulatların 24,8 faiz, maşın və mexanizmlərin, elektrotexnika avadanlığının 28,3 faiz artımında da özəl sektora aid müəssisələrin rolu böyükdür.
Son illər dövlət tərəfindən aqrar sektora göstərilən qayğı da ixraca təsirini göstərir. Belə ki, təkcə cari ilin 9 ayı ərzində ölkəmizdən xaricə göndərilən ərzaq məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 26,6 faiz artıb.
Yeri gəlmişkən qeyd edək ki, hesabat dövründə xarici ticarət dövriyyəsinin 13283,2 milyon dolları və ya 85,6 faizi, o cümlədən ixracın 90,5, idxalın 68,7 faizi uzaq xarici dövlətlərin payına düşmüşdür. Keçən ilin eyni dövrü ilə müqayisədə bu ölkələrlə ticarət əlaqələrinin həcmi faktiki qiymətlərlə 47,7 faiz, o cümlədən ixrac 1,6 dəfə, idxal olunan malların həcmi isə 4,7 faiz artmışdır. Uzaq xarici dövlətlərlə əlaqələrin 81,9 faizini ixrac, 18,1 faizini idxal olunan məhsullar təşkil etmiş, 8463,8 milyon dollarlıq müsbət xarici ticarət saldosu yaranmışdır.
Ölkəmizin Müstəqil Dövlətlər Birliyi ilə də ticarət əlaqələri uğurla davam edir. Hesabat dövrü ərzində MDB-yə üzv olan ölkələrlə ticarət dövriyyəsinin ümumi həcmi 2233 milyon dollar, o cümlədən ixrac 1135 milyon dollar, idxal 1098 milyon dollar olmuş, bu ölkələrlə ticarət əlaqələrində 37 milyon dollarlıq müsbət saldo yaranmışdır. Ötən ilin yanvar-iyul aylarına nisbətən MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi dəyər ifadəsində 55 faiz, o cümlədən ixrac 2,5 dəfə, idxal olunan məhsulların həcmi 11,2 faiz artmışdır.
Xarici ticarət dövriyyəsinin genişlənməsinə təsir göstərən bir məqama da diqqət yetirək. Avropa İttifaqı ilə imzalanmış "Yeni qonşuluq" siyasəti çərçivəsində əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq Avropa İttifaqına ixrac olunan bir sıra məhsulların ixrac mexanizmlərinin tənzimlənməsinə, onların keyfiyyətinə nəzarətin həyata keçirilməsinə və digər məsələlərə dair normativ sənədlər hazırlanmışdır. Eyni zamanda, Avropa İttifaqının texniki yardım proqramları çərçivəsində bir sıra layihələrin reallaşdırılması davam etdirilmişdir. Bununla yanaşı, BMT-nin ixtisaslaşmış qurumları ilə də əməkdaşlıq prioritet istiqamətlərdən biri olmuş, bir sıra layihələr və birgə strategiyalar üzrə işlər aparılmış, müvafiq sənədlər imzalanmışdır.
Beynəlxalq qurumlarla əməkdaşlığın bu cür yüksək səviyyədə qurulması xarici ticarətin inkişafına, əmtəə bazarının təkmilləşməsinə müsbət təsir göstərir. Başqa sözlə, bu cür bazarın mövcudluğu Azərbaycanda əmtəənin səmərəli şəkildə reallaşmasını sürətləndirir. Bu, eyni zamanda respublikamızın xarici ticarət əlaqələrinin inkişafına da müsbət təsir göstərir.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.