Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncam və fərmanlarda, təsdiq etdiyi digər sənədlərdə çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması kimi vəzifələr daim ön planda dayanır. “Azərbaycan Respublikasının məşğulluq strategiyası (2006-2015-ci illər)”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və digər vacib sənədləri buna misal kimi göstərmək olar.
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nda əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, yoxsul əhalinin sayının əhəmiyyətli dərəcədə azalmasına nail olunması, səmərəli sosial müdafiə sistemini inkişaf etdirməklə yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların sosial riskinin azaldılması, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirlərinin sistemli şəkildə davam etdirilməsi də əksini tapmışdır.
Həyata keçirilmiş sosial siyasət nəticəsində bu ilin ilk yarısında da əhalinin rifahının yüksəldilməsinə, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən çoxsaylı tədbirlər reallaşdırılmışdır. Azərbaycan Mərkəzi Bankının (AMB) bu günlərdə yaydığı məlumatda bildirilir ki, cari ilin birinci yarısında ölkədə iqtisadi artım davam etmiş, xarici iqtisadi mövqe əlverişli olmuşdur. Qeyri-neft sektorunun artım dinamikası daha da sürətlənmişdir. Dövlətin sosial-iqtisadi inkişafa və infrastruktura göstərdiyi fəal dəstək iqtisadi artıma mühüm töhfə vermişdir. Sözügedən dövrdə ölkənin strateji valyuta ehtiyatlarının artımı davam etmiş və kifayətlilik üzrə beynəlxalq normaları əhəmiyyətli dərəcədə üstələmişdir.
Mərkəzi Bankın məlumatında qeyd edilir ki, hesabat dövründə Azərbaycanda valyuta bazarının ümumi həcmi 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çox artmışdır. Valyuta bazarında əməliyyatların 89 faizi ABŞ dollarında, 11 faizi isə digər valyutalarda aparılmışdır.
Dövlət Statistika Komitəsinin məlumatında isə göstərilir ki, bu ilin yanvar-iyul aylarında ölkə əhalisinin gəlirləri 2014-cü ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq 23,6 milyard manata çatmışdır. Bunun hər nəfərə düşən həcmi isə orta hesabla 2484,1 manat və ya ayda 354,9 manat təşkil etmişdir. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 1,4 faiz bəndi üstələyərək 5,1 faiz olmuşdur.
Ötən dövr ərzində gəlirlərin 74,1 faizi son istehlak xərclərinin, 9,3 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 14 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilmişdir. Əhalinin sərəncamında qalan gəlirlər 21,4 milyard manat təşkil edərək keçən ilin eyni dövrünə nisbətən 6,5 faiz artmışdır.
Mərkəzi Bankın Pul Siyasəti İcmalının 2015-ci ilin 6 ayının yekunlarına həsr olunan növbəti nömrəsində xatırladılır ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 3,7 faiz artaraq 7,9 milyard manata çatmışdır.
Həmin sənəddə bildirilir ki, altı ayda ölkədə neft sektoruna 3,4 milyard manat, qeyri-neft sektoruna 4,5 milyard manat həcmində investisiyalar yönəldilmişdir. İnvestisiyaların həcmi ötən ilin müvafiq dövrünə nisbətən sənayedə 15,3 faiz, nəqliyyat və anbar təsərrüfatında 92,8 faiz, informasiya və rabitə sektorunda 2,5 dəfə, daşınmaz əmlakla əlaqədar əməliyyatlar üzrə 25,7 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşədə 8,1 dəfə, maliyyə və sığorta sektorunda 44,1 faiz artmışdır. Qeyri-neft sənayesinin inkişafı üçün ümumi qeyri-neft investisiyalarının 7,1 faizi istifadə edilmişdir.
Ekspertlər tərəfindən 2018-ci ilədək iqtisadiyyatımızın 23 faiz, yəni 12,6 milyard manat artacağı proqnozlaşdırılır. Bu müddət ərzində qeyri-neft sektoru 31,9 milyard manatdan 48,7 milyard manata qədər artacaq. Nəticədə ölkə iqtisadiyyatının neft amilindən asılılığı yaxın 4 ildə kifayət qədər azalacaq ki, bu da ölkəmizdə daha dayanıqlı maliyyə sisteminin formalaşmasını, işsizliyin və yoxsulluğun azalmasını, rəqabətlilik indeksinin artımını təmin edəcək.
Təbii ki, iqtisadi artım fonunda 2015-2017-ci illərdə əhalinin gəlirləri, orta aylıq əməkhaqları da artacaq. Nəticədə növbəti dörd ildə əhalinin gəlirləri orta hesabla illik 4-7 faiz artaraq 2017-ci ildə təxminən 56 milyard manata qədər yüksələcək. Bunu şərtləndirən əsas amil isə növbəti illərdə qeyri-neft sektorunun ölkə iqtisadiyyatında öz yerini möhkəmləndirməsi olacaq. Çünki neft sektorunda çalışanlarla müqayisədə qeyri-neft sektorunda məşğul əhalinin təxminən 40 dəfə artıq olması bu sahədəki inkişafın əhalinin daha böyük hissəsinin həyat şəraitinin yüksəlməsini və gəlirlərinin artmasını təmin edəcək. Bü müddət ərzində orta aylıq əməkhaqqının da təxminən 41 faiz artaraq 618 manata çatması ehtimal edilir.
Ümumilikdə növbəti illəri ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payının kəskin artacağı, rəqabətə davamlı yerli istehsal mühitinin təmin ediləcəyi, büdcədə neft gəlirlərinin payının azalacağı dövr kimi xarakterizə etmək olar. Həmçinin bu müddət ərzində əhalinin həyat şəraiti xeyli yüksələcək, iqtisadi dayanıqlılıq artacaq, daha çox real iqtisadiyyata söykənən büdcə formalaşacaq.
Azərbaycan iqtisadiyyatının əldə etdiyi uğurların son nəticədə sosial ədalət prinsiplərinin möhkəmləndirilməsinə xidmət etdiyini qeyd edən dövlət başçısı İlham Əliyev sosial sahədə həyata keçirilən ciddi proqramların mahiyyətini izah edərək demişdir: “...Əlbəttə, bizim bütün işlərimizin təməlində və mərkəzində insan amili dayanır. Hesab edirəm ki, bu, hər bir dövlət üçün ən vacib yanaşmadır. Çünki hər şey insan üçün edilir. Onun azadlığı, təhlükəsizliyi, sağlamlığı, işlə təmin edilməsi, rahat yaşaması dövlətin başlıca qayğısıdır. Hesab edirəm ki, bu istiqamətdə də böyük addımlar atılmış, uğurlar əldə edilmişdir. Azərbaycan vətəndaşları azad cəmiyyətdə yaşayırlar. Onlar bütün azadlıqlara malikdirlər və öz dövlətinin gücünü artırmaq üçün çalışırlar”.
Ölkə rəhbəri respublikamızın iqtisadi uğurlarından bəhrələnməklə ilk növbədə xalqın həyat səviyyəsini yüksəltməyə, onun güzəranını yaxşılaşdırmağa mühüm önəm verir, sosial məsələlərin həllinə böyük diqqət yetirir. Eyni zamanda, sosial ədalət prinsiplərini möhkəmləndirməyi qarşıya ciddi vəzifə kimi qoyur: “Dünyada gedən xoşagəlməz halların əsas səbəbi əslində sosial ədalətsizlikdir. İqtisadi islahatlar, eyni zamanda, güclü sosial siyasətlə tamamlanmalıdır. Əgər bu olmasa, köklü iqtisadi islahatlar insanlara əziyyət gətirə bilər. Biz ona nail ola bilmişik ki, sosial sahədə də çox ciddi proqramlarımız vardır və bu proqramlar icra edilir. İnsanların rifah halının yaxşılaşdırılması onu göstərir ki, bu sahədə də addımlar uğurlu istiqamətdə atılmışdır”. Bu baxımdan hazırda ölkə qarşısında duran bütün əsas vəzifələrin icra olunduğunu, iqtisadiyyatımızın davamlı inkişaf etdiyini vurğulayan Azərbaycan Prezidenti sosial sahədə işlərin bundan sonra da uğurla aparılacağını demişdir.
Xatırladaq ki, iqtisadi inkişaf potensialı müasir dövrdə hər bir dövlətin gücünü müəyyənləşdirən başlıca amildir. Ümumiyyətlə, hər bir ölkənin, xalqın problemlərinin ən səmərəli yolu məhz iqtisadi-sosial tərəqqidən keçir. Ona görə də respublikamızın iqtisadi siyasətinin sosialyönümlü xarakter daşıması təsadüfi deyil. Bu, bir tərəfdən insan amilinə yüksək həssaslıq nümunəsidirsə, digər tərəfdən bazar iqtisadiyyatı yolu ilə inkişaf etmiş bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanır. Dövlət başçısı İlham Əliyev də bu reallığı daim önə çəkir. Çünki insanların sosial şəraitinin yaxşılaşdırılması iqtisadi-sosial islahatların həyata keçirilməsinə, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etmyə müsbət təsir göstərir.
Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin əsas mahiyyəti əhalinin faydalı məşğulluğunun təmin edilməsindən, yeni iş yerlərinin açılmasından, sosial müdafiədə ünvanlılıq və səmərəlilik prinsipinə üstünlük verilməsindən, əlillərin, aztəminatlı, habelə şəhid ailələrinin, bu qəbildən olan digər şəxslərin həyat səviyyəsinin yüksəldilməsinə lazımi şərait yaradılmasından ibarətdir.
V.BİNYƏTOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.