HACIQABUL: dinamik inkişaf həyatın bütün sahələrini əhatə edir

Dövlət başçısnın regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət ayırması son illər Hacıqabulun inkişafında sıçrayışa səbəb olub, desəm, yəqin ki, bu haqq sözə görə heç kim məni qınamaz. Bəli, doğrudan da, Hacıqabul özünün əsl  inkişaf  mərhələsini yaşayır, uğur-uğur dalınca qazanılır, rayonun siması günbəgün gözəlləşir, yeniləşir.

2015-ci ilin birinci yarısı da Hacıqabul üçün bütün mənalarda düşərli və uğurlu olmuşdur. Rayonun iqtisadi göstəricləri daha da yaxşılaşmışdır. Rayon üzrə ümumi məhsul istehsalının  həcmi 106,8 milyon manat olmuş, sənayedə məhsul istehsalı 2,2 milyon manat, kənd təsərrüfatında məhsul istehsalı 60  milyon manat, tikinti-quraşdırma işlərinin həcmi 13,7 milyon manat, ticarətdə 29,2 milyon manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışının həcmində sənaye üzrə 2,8, kənd təsərrüfatı üzrə  11, ticarət üzrə 10,8  faiz artım müşahidə edilmişdir.

Bu müddətdə rabitə xidmətinin həcmi də əvvəlki ilin eyni dövrü ilə müqayisədə 29 min manat və ya 11,4 faiz artaraq 282,5 min manata, avtomobil nəqliyyatı ilə yük daşınmanın həcmi 6 min ton və ya 5,6 faiz artaraq 114 min tona, sərnişin daşınmalarının həcmi isə 140 min sərnişin və ya 5,6 faiz artaraq 2514 min nəfərə çatmışdır.

2015-ci ilin birinci yarısında Hacıqabulda iqtisadiyyatın bütün sahələrinə 14424,7 min manat kapital yönəldilmişdir.

Hacıqabul əsasən kənd təsərrüfatı rayonudur. Uğurlu aqrar islahatlar burada  kənd təsərrüfatının dinamik inkişafına möhkəm zəmin yaratmışdır. Prezident İlham Əliyevin 2015-ci ili “Kənd təsərrüfatı ili”  elan etməsi, mineral gübrələrə tətbiq olunan güzəşti 50 faizdən  70 faizə qaldırması, əkin sahələrinin hər hektarına verilən subsidiyanın məbləğini 25 faiz artırması və həyata keçirilən digər tədbirlər məhsul bolluğuna zəmin yaratmışdır.  Qeyd edək ki, 2015-ci ilin məhsulu üçün əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 330 hektar artıq -12869 hektar taxıl əkilmişdir. Taxıl əkininin 6475 hektarını buğda, 6394 hektarını isə arpa əkini təşkil edir. Sahələrdən 43981 ton, yəni ötən ilə nisbətən  6559 ton (17,5 faiz) çox məhsul yığılmışdır. Məhsuldarlıq  da hər hektara görə 4,4 sentner artaraq 34,2 sentnerə çatmışdır.

Həmçinin əvvəlki ilə nisbətən 8 ton çox- 5278 ton tərəvəz,  2 ton çox -2098 ton meyvə,  10 ton çox- 428 ton kartof istehsal olunmuşdur.

Heyvandarlıq məhsullarının istehsalı da nəzərəçarpacaq dərəcədə artmışdır. Ötən ilin 6 ayı ilə müqayisədə süd istehsalında 28 ton və ya 0,3, ət istehsalında 166 ton və ya 3,9, yun istehsalında 1 ton və ya 0,5 faiz artım qeydə alınmışdır. Yumurta istehsalı 0,6 faiz artaraq 150306 min ədəd olmuşdur.

İribuynuzlu mal-qaranın sayı 329 baş artaraq 37727-yə, xırda buynuzluların sayı isə 1168 baş artaraq 134478-ə çatmışdır.

“Aqrolizinq” vasitəsilə güzəştli qiymətlərlə 249,85 ton mineral gübrə satılmış, məhsul istehsalçılarına 2015-ci il üçün 128602,4 manat dövlət yardımı edilmişdir.

Bu gün kənd təsərrüfatının inkişafını suvarmasız təsəvvür etmək qeyri-mümkündür. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən Muğan, Padar qəsəbələrində və Qarasu kəndində torpaq sahələrinin suvarılmasını təmin etmək məqsədilə 2007-ci ildə tikintisinə başlanılmış,  uzunluğu 53,95 kilometr və saniyədə su tutumu 6 kubmetr olan Hacıqabul magistral kanalının tikintisi davam etdirilmişdir. Yeri gəlmişkən, hazırda kanalın 28,1 kilometrinin və buradan Padar kəndinə ayrılan  12,5 kilometrlik qolun  tikintisi tamamlanmışdır.

Hazırda 2000 hektara yaxın həyətyanı və əkin sahəsi bu kanal vasitəsilə suvarılır. Nazirlər Kabinetinin 3 aprel 2013-cü il tarixli  sərəncamına əsasən Hacıqabulda yaradılmış 1625 hektarlıq özəl taxılçılıq təsərrüfatı da bu kanal vasitəsilə suvarılmalıdır.

Rayon suvarma sistemləri idarəsi cari ilin birinci yarısında 235 kilometr kanalın lildən təmizlənməsini və “Şirvan-4” nasos stansiyasında təzyiq hovuzunun və “M” kanalında akvedukun əsaslı təmirdən sonra istismara verilməsini təmin etmişdir.

Baş Şirvan Kollektorunun İstismarı İdarəsi kollektor-drenaj şəbəkələrinin 16100  metr hissəsində 42940 kubmetr lil təmizləmişdır. Kolanı kəndində qrunt sularının səviyyəsini təhlükəsiz həddə saxlamaq üçün 2 ədəd 16 NDN markalı nasos aqreqatı quraşdırılmış və nasos stansiyası istismara verilmişdir.

Prezident İlham Əliyevin ekoloji məsələləri həmişə diqqət mərkəzində saxlaması, yeni yaşıllıqların salınmasına və qorunmasına xüsusi önəm verməsi hamıya məlumdur. Dövlət başçısının bu diqqəti hacıqabulluları da  yeni yaşıllıqların salınmasına ruhlandırır. Məhz bunun nəticəsidir ki,  rayon mərkəzində, qəsəbə və kəndlərdə geniş vüsət alan yaşıllaşdırma kampaniyası 2015-ci ilin birinci yarısında da davam etdirilmiş, təkcə şəhərdə təxminən 6000 ədəd ağac əkilmişdir.Bu ağaclara aqrotexniki  qulluq hazırda yüksək səviyyədə davam etdirilir.

İlin birinci yarısında M.F.Axundov, H.Həmidov, Ə.Vahid, H.Aslanov, İ.Qayıbov küçələri 2223 kubmetr qum-çınqıl qarışığı ilə hamarlanaraq asfaltlanmış, 2 saylı məktəbin yanındakı stadionun giriş yoluna 126 kubmetr qum-çınqıl qarışığı verilərək 1364 kvadratmetr, Padar qəsəbəsinə 670 kubmetr qum-çınqıl qarışığından hamarlayıcı qat verilməklə 1877 kvadratmetr asfalt örtük çəkilmiş, Navahı kəndinin giriş yoluna 630 kubmetr qum-çınqıl qarışığından hamarlayıcı qat verilmiş, ikimərtəbəli yaşayış binalarının ərazisində yola 960 kubmetr qum-çınqıl qarışığı döşənmişdir.

H.Həmidov küçəsinə 14 ədəd metal işıq dirəyi qoyulmuş, 855 metr elektrik kabeli çəkilmiş, səkiyə 80 kubmetr, M.Əsədov küçəsinə isə  72,6 kubmetr qum-çınqıl qarışığı  verilmiş, səkilərdə 363 kvadratmetr asfalt-beton işləri görülmüş, dağüstü massivdə 14,78 kvadratmetr divar dağın yamac hissəsindən sökülərək, 153,1 kvadratmetr yeni divar hörülmüş, 141 kvadratmetr divar mozaika daşı ilə, 52,8 kvadratmetr divar aqlay daşı ilə üzlənmiş, İ.Qayıbov küçəsində 26 kvadratmetr səkiyə  asfalt-beton örtük salınmışdır.

Kənd Təsərrüfatı Nazirliyinin laboratoriya binasının  və Heydər Əliyev Fondu hesabına tikilən 100 yerlik uşaq bağçasının tikintisi başa çatmaq üzrədir. Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Hacıqabul Rayon Mühafizə İdarəsinin inzibati binasının  tikintisi isə davam etdirilir.

Yeri gəlmişkən, qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Qarabağ əlilləri və şəhid ailələri üçün 4 fərdi yaşayış evinin tikintisinə başlanmışdır.

Ötən dövrdə Hacıqabulda müasir tipli 18 ədəd transformator quraşdırılmış, 3230 metr yararsız naqil yenisi ilə əvəzlənmiş, 45 ədəd dayaq basdırılmış və 8080 metr sip kabel çəkilmişdir.

Rayonun bütün yaşayış məntəqələrinin, o cümlədən, 101 mənzildən ibarət qaçqın şəhərciyinin təbii qazla təminatı başa çatdırılmışdır.

2015-ci ilin birinci yarısında  rayon üzrə 628 359 manatlıq su satılmışdır.

Hacıqabul şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması layihəsinə əsasən 105.535 metr kanalizasiya xəttinin 26156 metri çəkilmişdir. Polietilen boru ilə  116 min metr su xətti çəkilmiş, bununla da Hacıqabul şəhərinin su təchizatı tam başa çatdırılmışdır. Nəzərdə tutulan 5100 ədəd smart tipli sayğaclardan artıq 4871 ədədi quraşdırılmışdır.

2015-ci ilin ötən dövründə  rayon üzrə telefon çəkilişi 236 ədəd artaraq 6299- a, internet istifadəçilərinin sayı isə 300 ədəd artaraq 2515-ə çatdırılmışdır.

Rayonun təhsil müəssisələrində məktəblilərin hərbi vətənpərvərlik hisslərinin yüksəldilməsi sahəsində, eləcə də istedadlı gənclərlə aparılan məqsədyönlü işlərin nəticəsidir ki, 8 saylı məktəb-liseyin “Şahin” komandası Füzuli rayonunda keçirilən zona turunda birinci yeri tutaraq yarışların respublika turuna vəsiqə qazanmışdır. 

Ümummilli lider Heydər Əliyevin  92-ci ildönümü ilə bağlı “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda rəsm və inşa müsabiqələri və digər silsilə tədbirlər keçirilmişdir.

Gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi məqsədilə hərbi-vətənpərvərlik həftəsi elan edilmiş, 20-27 fevralda şeir və mahnı müsabiqələri, kitab müzakirələri, milli qəhrəmanlarımız haqqında söhbətlər aparılmış, hərbi-vətənpərvərlik mövzusunda bülletenlər buraxılmış, rayon şəhidlərinin doğum və ölüm günləri qeyd edilmişdir.

Eyni zamanda, təhsil müəssisələrinin maddi-texniki bazası da gücləndirilmişdir.

Dövlət başçısının tapşırığı ilə əhalinin tibbi proflaktik müayinələrdən keçirilməsi ilə əlaqədar olaraq 2015-ci il fevralın 1-dən mayın 1-nə kimi davam edən aksiya zamanı 50137 nəfər hacıqabullu  tibbi müayinələrdən keçirilmişdir. 

Cari ilin birinci yarısında rayonun mədəniyyət müəssisələrində  “Şəhidlər ölmür”, “Xocalı haraya çağırır”, “8 Mart – Beynəlxalq Qadınlar Günü”, “Novruz şənlikləri”, “31 Mart tarixin qan yaddaşı” mövzularında silsilə tədbirlər keçirilmiş, Tofiq Quliyevin və Qara Qarayevin yubileyləri ilə bağlı bəstəkarların əsərlərindən ibarət geniş konsert proqramı təşkil olunmuşdur. Ümummilli lider Heydər Əliyev  irsinin, Prezident İlham Əliyevin daxili və xarici siyasət kursunun öyrənilməsi məqsədi ilə mühazirələr oxunmuşdur.

Ötən yarım ildə gənclərlə bağlı 22 tədbir, idmanla bağlı isə 11 tədbir həyata keçirilmiş, bu tədbirlərə 3326 nəfər yeniyetmə və gənc cəlb olunmuşdur.

Bir az da rayonun iqtisadi mənzərəsi barədə təəssürat yaradan rəqəmlərlə  tanış olaq.

Birinci yarımildə orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 manat artaraq 285,4 manata çatmışdır.

Altı ayda 458 ailəyə ünvanlı sosial yardım təyin olunmuşdur.

Birinci yarımildə rayon əhalisinin ümumi pul gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 4642,1 min manat və ya 3,5 faiz  artaraq 137 274,1 min manata çatmışdır.

Yarımildə rayon məşğulluq mərkəzinin xətti ilə 206 nəfər işlə təmin olunmuş, 31 nəfərə işsizliyə görə müavinət verilmişdir.

6 ayda rayonun idarə və müəssisələrində 325-i daimi iş yeri olmaqla (keçən ilin müvafiq dövrü ilə müqayisədə 114 iş yeri çoxdur) 394 yeni iş yeri açılmışdır.

Ötən dövr ərzində rayon icra hakimiyyəti müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə qayğı ilə yanaşmış, xüsusilə onlara göstərilən səhiyyə xidməti gücləndirilmişdir. Onların pulsuz dərmanlarla təmin olunmasına ciddi nəzarət edilmişdir.

İlin birinci yarısında  rayon icra  hakimiyyətinin xətti ilə 417 nəfərə qırx min  manata yaxın yardım edilmişdir.

Rayon icra hakimiyyəti aparatı hesabat dövründə vətəndaşlardan daxil olmuş ərizə və şikayətlərin baxılmasına, onların qəbulunun təşkilinə xüsusi diqqət yetirmişdir. Rayon rəhbərliyi vətəndaşların qayğılarına, problemlərinə, həmişə olduğu kimi, bu ilin birinci yarısında da həssaslıqla yanaşmışdır.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında