Hər bir ölkə, xüsusilə Azərbaycan kimi belə gözəl yerlərə,
təbii sərvətlərə malik olan bir ölkə mütləq turizmi inkişaf etdirməlidir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan artıq dünyada turizm ölkəsi kimi
tanınmaqdadır. Cənab Prezident İlham Əliyev ölkəmizdə turizmin inkişafını vacib istiqamətlərdən biri kimi diqqətdə saxlayır. 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan olunması bu diqqətin ən bariz nümunəsi idi. Bu addım,
şübhəsiz ki, ölkəmizdə turizmin inkişafının yeni mərhələyə qalxmasına öz töhfəsini verdi.
Bu yaxınlarda ölkə rəhbəri “Qalaaltı Hotel & SPA” müalicə-istirahət kompleksinin açılışında iştirak etmiş və komplekslə yaxından tanış olmuşdur. Kompleksin kollektivi ilə görüşü zamanı cənab Prezident demişdir: “Hər bir ölkə, xüsusilə Azərbaycan kimi belə gözəl yerlərə, təbii sərvətlərə malik olan bir ölkə mütləq turizmi inkişaf etdirməlidir. Çünki bu, daimi gəlir mənbəyidir. Təbii sərvətlər, neft, qaz – bunlar tükənən sərvətlərdir. Ancaq ölkəmizin dayanıqlı inkişafı üçün daim gəlir gətirən sahələr mütləq inkişaf etməlidir. Onların içərisində turizm xüsusi yer tutur. Biz bəzi ölkələrin gəlirlərinə fikir versək görərik ki, ən çox gəlir gətirən sahə turizmdir.”
Azərbaycanın turizm sahəsi böyük perspektivlərə malikdir. Ölkəmizdə turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini və s.) inkişafı üçün geniş imkanlar mövcuddur. Son illərdə əldə olunmuş sürətli sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açıb.
Ölkəmizdə turizmin inkişafı üçün mühüm dövlət əhəmiyyətli layihələr həyata keçirilir. Qarşıya qoyulan əsas məqsədlər kifayət qədər genişdir: turizm ehtiyatlarının öyrənilməsi, genişləndirilməsi, turistlərin tələbatının ödənilməsi üçün zəruri xidmətlərin təşkili və müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurort imkanlarının genişləndirilməsi, mehmanxanaların və digər turizm obyektlərinin sayının artırılması, turizm marşrutlarının çoxaldılması və s. Başlıca hədəf turizmin ölkə iqtisadiyyatının ən dayanıqlı, effektiv və rəqabətədavamlı sahəsinə çevrilməsidir.
Son vaxtlar bu istiqamətlərdə müsbət dinamika güclənməkdədir. Hər il Azərbaycanda 25-50 yeni mehmanxana, hotel, motel və digər turist yerləşdirmə obyektinin təməli qoyulur. Bundan başqa, iş adamlarında turizm sahəsinə böyük maraq yaranıb.
Azərbaycanın turizm sahəsində rəqabət imkanları çox yüksəkdir. Ölkəmizin təbii sərvətləri, iqlimi, zəngin mədəniyyəti və tarixi irsi cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Azərbaycan turizm sənayesinin inkişafı üçün zəngin ehtiyatlara malikdir. Bu, hər şeydən əvvəl ölkəmizin çox əlverişli iqtisadi-coğrafi mövqeyə malik olması ilə bağlıdır. Azərbaycan iki dünya sivilizasiyasının qovuşuğunda – Trans-Qafqaz nəqliyyat dəhlizinin ortasında yerləşir. Bütün infrastruktur – Avropanı Qafqaz və Mərkəzi Asiya ölkələri ilə birləşdirən hava və dəniz daşımaları, magistral avtomobil və nəqliyyat yolları respublikamızın ərazisindən keçir.
Son 12 il ərzində Azərbaycanın turizm sektoru əsl investisiya “bum”u yaşayıb: mehmanxana potensialı xeyli artıb. Dövlətimizin qayğısı sayəsində turizm inkişafımızın prioritet istiqamətlərindən birinə çevrilmişdir. Bu sahədə qəbul edilmiş dövlət proqramları, davamlı olaraq həyata keçirilən tədbirlər bu inkişafı sərtləndirən əsas amillərdəndir. Turizmin inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi nəticəsində turizmin inkişafı üçün münbit şərait yaradılmış, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulmuş, milli turizm kompleksinin rəqabətədavamlılığı yüksəlmişdir.
Son illər turizm sahəsində normativ hüquqi baza və dövlət tənzimlənməsi mexanizmləri təkmilləşdirilmiş, turizm və rekreasiya zonalarında müvafiq infrastruktur yaradılmış, ölkənin turizm potensialından istifadə imkanları genişləndirilmiş, turizm sahəsinə yerli və xarici investisiyalar cəlb edilmiş, turizmin müxtəlif növləri inkişaf etdirilmiş, yeni turizm marşrutları yaradılmış, turizm sahəsi üçün kadr hazırlığı diqqət mərkəzində olmuşdur. Eyni zamanda, Azərbaycanın milli-tarixi, mədəni və mənəvi irsinin, milli adət-ənənələrin dünyada təbliği, ayrı-ayrı regionların və şəhərlərin tarixini əks etdirən materialların nəşr etdirilməsi və yayılması, müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi diqqət mərkəzində olmuşdur. Qeyd etməliyik ki, xarici ölkələrlə turizm əlaqələri qurulması istiqamətində aparılan işlərin miqyası da xeyli genişlənmişdir. İkitərəfli və çoxtərəfli əməkdaşlıq bu sahədə öz müsbət nəticələrini verməkdədir. Çoxtərəfli əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsinin turizm siyasətinin prioritet istiqamətlərindən biri olduğunu nəzərə alaraq Mədəniyyət və Turizm Nazirliyi Ümumdünya Turizm Təşkilatı (BMÜTT), Avropa Şurası, İslam Konfransı Təşkilatı (İKT), Müstəqil Dövlətlər Birliyi (MDB), GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və s. beynəlxalq təşkilatlar turizm sahəsində əməkdaşlığın təşkil edilməsi, mövcud proqramlara qoşulma, beynəlxalq tədbirlərdə fəal iştirakın təmin edilməsi, həmçinin yeni təklif və layihələrin hazırlanması, əməkdaşlığa dair sənədlərin imzalanması istiqamətində mühüm fəaliyyətini davam etdirmişdir.
Azərbaycanın turizm imkanlarının xarici ölkələrdə təbliği məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müxtəlif vaxtlarda İtaliyanın “Classis Assoiation”, “Italian Multimedia Group Sri” şirkətlərinin, Cənubi Koreyanın “Eduational Broadasting System” dövlət televiziya kanalının, Almaniyanın media nümayəndələrinin, Rusiyanın “Kommersant FM” radiosunun və Yaponiyanın “Turistlərin cəlb olunmasına dair GUAM-ın vahid turizm məhsulu” layihəsi çərçivəsində bu ölkənin kütləvi informasiya vasitələri nümayəndələrinin ölkəmizə press-turları təşkil edilmişdir. Azərbaycan nümayəndə heyəti tez-tez beynəlxalq turizm sərgilərində iştirak etmiş, bu sərgilərdə ölkəmizin turizm potensialını əks etdirən eksponatlar nümayiş olunmuşdur. Bakı şəhərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə ənənəvi olaraq “AITF” beynəlxalq turizm və səyahətlər sərgisi keçirilir.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın turizm imkanlarının daha səmərəli təbliğatını həyata keçirmək məqsədilə 2014-2016-cı illər üçün marketinq strategiyası hazırlanmışdır.
Qalaaltıdakı hotelin kollektivilə görüş zamanı cənab Prezident yeni istifadəyə verilmış turizm obyektləri barədə demişdir: “Son beş il ərzində “Şahdağ” Xizək Kompleksi yaradılıbdır. Orada artıq dörd gözəl otel fəaliyyət göstərir, bir otel tikilir. “Tufandağ” xizək mərkəzi yaradılıbdır. Onun ətrafında ona yaxın otel, beynəlxalq aeroport tikilibdir. Biz Naftalanın keçmiş şöhrətini bərpa edirik. Naftalan vaxtilə Ümumittifaq turizm mərkəzi idi. Bu gün biz bunu beynəlxalq turizm mərkəzinə çeviririk”.
Ölkəmizin əksər regionlarında yeni turizm obyektləri inşa olunur. Yeni müasir tipli mehmanxanalar tikilir.
Bu gün Azərbaycanın turizm marşrutları üzərində rayonlarda müxtəlif turist layihələri həyata keçirilir, həmin layihələr çərçivəsində bölgələrimiz beynəlxalq səviyyədə təbliğ olunur. Bu sırada “Böyük İpək yolu”, “Şərab yolu”, “Xalçaçılıq”, “Aleksandr Düma Qafqazda” və “Azərbaycanda alman məskənləri” layihələrini qeyd etmək olar. Sözügedən layihələr ölkəmizə gələn turistlərin sayının artırılmasına və çoxçeşidli turizm məhsulunun yaradılmasına xidmət edir.
Burada bir məsələni də vurğulamaq lazımdır. Belə ki, son vaxtlar ölkəmizdə bir-birinin ardınca keçirilən beynəlxalq tədbirlər Azərbaycana turist axınını xeyli artırmışdır. Bu yaxınlarda Azərbaycanda keçirilən I Avropa Oyunları turizmin inkişafına güclü stimul yaratmışdır.
Turizmin inkişafı üçün Azərbaycan zəngin potensiala malikdir. Bunu xarici olkələrin mütəxəssisləri də dəfələrlə qeyd etmişlər. İndi əsas məsələ bu potensialdan səmərəli istifadə edərək ölkə iqtisadiyyatında turizmin payını artırmaqdır.
M. MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.