Prezident İlham Əliyev Şabran rayonunun ərazisində yerləşən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin açılışında demişdir: “Şamaxıda, Naftalanda, Qalaaltıda, cənub zonasında da hotellər inşa olunub. Budur bizim siyasətimiz və inkişafımız və biz bunu dünyada yaşanan maliyyə və iqtisadi böhran dövründə əldə edirik.
Bu gün elə bir ölkə tapmaq çətindir ki, bu böhran ona təsir etməsin - hansısa ölkələrə daha çox, hansısa ölkələrə daha az. Amma Azərbaycan böhranlı illərdə inkişaf edir... İnfrastruktur layihələri icra edilir, neftin qiyməti keçən ilə nisbətən iki dəfədən çox aşağı düşdü. Əlbəttə ki, bu, bizim gəlirlərimizə mənfi təsir göstərir, az pul qazanırıq, amma bununla bərabər, iqtisadiyyatımızın şaxələndirilməsi hesabına yaradılan potensial imkan verir ki, Azərbaycan vətəndaşı bunu hiss etməsin. Dayanıqlı inkişaf bu istiqamətdə gedəcək. Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə, unutmalıyıq. Gün gələcək neft qiymətləri bizim üçün heç bir əhəmiyyət daşımayacaq...”.
Dövlət başçısının bu fikri ilə bağlı İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisad elmləri namizədi Vüqar Bayramov dedi:
– Azərbaycanda 2010-cu ildə ümumi daxili məhsulda (ÜDM) qeyri-neft sektorunun payı 49 faiz idisə, 4 il sonra həmin göstərici 68 faizədək yüksəlib. Bu, onu göstərir ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı hədəflər müəyyənləşdirilməklə yanaşı, iqtisadi diversifikasiya da hər zaman dövlət başçısının diqqət mərkəzində olub. Cənab İlham Əliyevin Şabran rayonunun ərazisində yerləşən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin açılışında neftsiz iqtisadiyyatın formalaşdırılması və inkişaf etdirilməsi ilə bağlı çıxışı isə mövcud siyasi iradəni bir daha nümayiş etdirməklə yanaşı, iqtisadiyyatın şaxələnməsində yeni bir mərhələnin əsasının qoyacaq. Ölkə Prezidentinin “biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə unutmalıyıq. Gün gələcək neft qiymətləri bizim üçün heç bir əhəmiyyət daşımayacaq. Çünki sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları - Azərbaycanda bu sahələr inkişaf edir və daha da sürətlə inkişaf etməlidir” fikirləri Azərbaycanın dayanıqlı inkişafını özündə birləşdirən strateji hədəflərin əsasını formalaşdırdı. Qeyri-neft sektorunda mövcud artım tempinin qorunub saxlanması, reallaşdırılan iqtisadi islahatlar yaxın zamanlarda Azərbaycanda neftsiz və dayanıqlı inkişaf edən şaxələnmiş iqtisadiyyatın formalaşmasına imkan verəcək. Bununla da neft ölkəsi olan Azərbaycan qeyri-neft sektorunun dominat olduğu iqtisadiyyatı formalaşdırmağa imkan verəcək.
Son 3 ildə qeyri-neft sektorunun iqtisadiyyatdakı payında ciddi artımlar müşahidə edilməkdədir. Məsələn, cari il qeyri-neft sektorunun büdcədəki payında əvvəlki ilə nisbətən artım müşahidə ediləcəyi gözlənilir. Belə ki, əgər 2013-cü ildə qeyri- neft sektorunun payı 26 faiz, 2014-cü ildə 34 faiz olmuşdursa, gələn il həmin göstəricinin 35 faizə çatdırılması proqnozlaşdırılır. Bu, o deməkdir ki, son 2 ildə dövlət büdcəsində qeyri-neft sektorunun payı təxminən 10 faiz bənd artıb. Büdcə gəlirlərinin formalaşmasında enerji sektorundan asılılığın aradan qaldırılması baxımdan bu, kifayət qədər əhəmiyyətli faktdır. 2015-ci ilin gəlirlərinin strukturunda vergi daxilolmaların həcmi də artacaq. Vergi daxilomaların 68 faizə yaxını qeyri-neft sektorunun payına düşəcək. Bu da gəlirlərin strukturunun şaxələndirilməsi baxımından əhəmiyyətlidir.
Cari il qeyri-neft daxiolmaların həcminin 512 milyon manat və ya proqnoz göstəriciləri ilə müqayisədə 11,9 faiz artacağı gözlənilir. Bu, ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 1 milyard 48 milyon manat və ya 27,8 faiz çoxdur. Büdcə gəlirlərinin diversifikasiyası, eyni zamanda, özünü ümumi daxili məhsulda (ÜDM) qeyri-neft sektorunun payının artmasında göstərir. Konkret desək, gələn il qeyri-neft sektorunun ÜDM-də payının 65,1 faizədək yüksələcəyi proqnozlaşdırılır ki, bu da 2014-cü ilin göstəriciləri ilə müqayisədə 5,5 faiz-bənd, 2013-cü ilin faktiki göstəriciləri ilə müqayisədə isə 8,5 faiz- bənd çoxdur. Buna paralel olaraq, özəl sektorun ÜDM-də payının 83 faizədək yüksələcəyi gözlənilir. ÜDM-nin strukturunda həm sənaye, həm də qeyri-neft sənayesinin payında artımlar proqnozlaşdırılır.
Azərbaycan Prezidentinin son açıqlaması 4,7 milyon nəfər məşğul əhalinin təxminən 4,6 milyonu, o cümlədən muzdla işləyən 1 milyon 366,9 min işçinin 1 milyon 330 mini çalışdığı qeyri-neft sektorunun iqtisadiyyatda payının artırılması və neftdən kənar iqtisadi inkişafı əhatə etməklə daxili tələbatın ödənilməsində idxaldan asılılığı azaldacaq, idxal infilyasiyasını məhdudlaşdıracaq, qeyri-neft bölməsini dövlət büdcəsinin gəlirlərinin əsas qaynaqlarından birinə çevirəcək, ölkənin rəqabətqabiliyyətini daha da artıracaq və iqtisadiyyatın neftdən asılılığının tamamilə aradan qaldırılmasına imkan yaradacaq.
Aydındır ki, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində, əhalinin gündəlik tələbat mallarına olan ehtiyacının ödənilməsində idxal məhsullarından asılılığın azaldılması, maliyyə sektorunun idxal infilyasiyasından qorunması mühüm rol oynayır və bu məsələdə qeyri-neft sektorunun rolu əvəzsizdir. Dövlət büdcəsinin gəlirlərinin formalaşdırılmasında da qeyri-neft sektoru müstəsna əhəmiyyət daşıyır. Baxmayaraq ki, son illərdə büdcədə neftdən daxilolmaların həcmi çoxdur, perspektiv üçün dövlət büdcəsinin maliyyə qaynağı iqtisadiyyatın neftdən kənar sektorları hesab edilir.
Azərbaycan iqtisadiyyatında hələlik neftin payının nisbətən yüksək olması tamamilə iqtisadi qanunauyğunluqdur. Azərbaycan neft ölkəsidir və enerji resurslarının ixracatı ölkəmizdə rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasına imkan verib. Bu baxımdan Azərbaycan Prezidentinin siyasi iradəsi ilə formalaşdırılmaqda olan şaxələnmiş iqtisadiyyat məhz inkişaf etmiş infrastruktur əsasında priortitet sektorların ixrac qabiliyyətinin yüksəlməsinə imkan yaradacaq. Neft gəlirləri əsasında formalaşdırılan mövcud infrastruktur məhz neftsiz iqtisadiyyatımız üçün iqtisadi zəmin formalaşdırılacaq.
Söhbəti qələmə aldı:
V.BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.