Azərbaycanın yeni neft strategiyasının reallaşdırılmasının əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanmasından 21 ilə yaxın vaxt ötür. Xatırladaq ki, ölkəmizin iqtisadi müstəqilliyinin təməlini qoymuş bu tarixi sazişin həyata keçirilməsi istiqamətində görülən işlər, yeni neft strategiyası çərçivəsində reallaşdırılan ardıcıl tədbirlər, mühüm infrastruktur layihələri ölkəmizin dinamik sosial-iqtisadi inkişafı üçün möhkəm zəmin yaratmışdır.
Ötən illərdə özünün zəngin karbohidrogen ehtiyatlarından düzgün, səmərəli şəkildə istifadə edən Azərbaycan Respublikası regionun ən sabit və dinamik inkişaf edən ölkəsinə çevrilmişdir.
Artıq uzun illərdir ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verir. Eyni zamanda, neft və qaz ixracından əldə edilən gəlirlər hesabına Azərbaycanın iqtisadi imkanları xeyli artmış, ölkəmiz bir sıra regional layihələrin təşəbbüskarı və əsas iştirakçısına çevrilmişdir. “Əsrin müqaviləsi”nin uğurla reallaşdırılması ilə əsası qoyulmuş Azərbaycanın yeni neft strategiyası iqtisadiyyatın şaxələndirilməsi, xüsusən də qeyri-neft sektorunun inkişafı üçün də əlverişli imkan yaratmışdır. Bu da, öz növbəsində, ölkənin neftdən asılılığının azalmasına və yeni iş yerlərinin yaradılmasına səbəb olur. Bununla belə, ölkəmizdə neft-qaz sektoru hələ uzun illər iqtisadiyyatın aparıcı sahəsi olaraq qalacaqdır. Prezident İlham Əliyev bununla bağlı demişdir: “Neft-qaz sektorunda işlər yaxşı gedir. Həm ölkə daxilində, həm xarici tərəfdaşlar burada investisiyaları artırırlar. Yeni tikilən platformalar, qazılan quyular bizim enerji potensialımızı artırır”.
Ölkəmizin neft sənayesinə böyük həcmli investisiyaların qoyulması və müasir texnologiyaların tətbiqi nəticəsində bu sahədə böyük nailiyyətlər əldə olunmuşdur. “Əsrin müqaviləsi” çərçivəsində yaradılmış mühüm infrastruktur obyektləri, dünyanın neftçıxarma sənayesində tətbiq olunan ən son texnolgiyalar, unikallığı ilə diqqəti cəlb edən çoxsaylı platformalar, Səngəçal sahil terminalı, sualtı boru xətləri, geniş imkanlara malik ixrac boru kəmərləri və s. Azərbaycanın yeni neft erasının misilsiz nailiyyətləri kimi diqqəti cəlb edir.
Xatırladaq ki, “Əsrin müqaviləsi” nin imzalanmasından cəmi üç il sonra Xəzərin Azərbaycan sektorunda neft hasilatına başlanılmış və illər ötdükcə “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində həyata keçirilmiş misilsiz tikinti-quraşdırma işləri nəticəsində hasilat tədricən artmışdır. Bütövlükdə isə artıq 18 ilə yaxındır ki, “Azəri-Çıraq-Günəşli” nefti dünya bazarlarına axaraq ölkəmizin iqtisadi inkişafına və beynəlxalq nüfuzunun artmasına mühüm töhfələr verir.
Əvvəlki dövrlərdə olduğu kimi, 2015-ci ilin ilk yarısında da “Əsrin müqaviləsi” çərçivəsində mühüm tədbirlər həyata keçirilmiş, neft hasilatı uğurla davam etdirilmişdir. bp-nin biznes əməliyyatlarına dair hesabatına əsasən, cari ilin yanvar-iyun aylarında “Azəri-Çıraq-Günəşli” layihəsinin əməliyyat tədbirlərinə 359 milyon dollar, əsaslı məsrəflərinə isə 949 milyon dollar xərclənmişdir. İlin əvvəlindən “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində gündəlik neft hasilat 641 min barrel təşkil etmişdir. Hesabat dövründə müqavilə sahəsində istismar edilən 6 platformadan ümumilikdə 116 milyon barrel və ya 16 milyon ton neft hasil olunmuşdur. Bunun da 55 min barreli, “Çıraq”, 157 min barreli “Mərkəzi Azəri”, 107 min barreli “Qərbi Azəri”, 71 min barreli “Şərqi Azəri”, 145 min barreli “Dərinsulu Günəşli”, 106 min barreli isə “Qərbi Çıraq” platformalarının payına düşür. Hazırda konsorsium iştirakçıları tərəfindən müqavilə sahəsində 87 quyudan neft hasilat olunur. Daha 40 quyudan isə texniki məqsədlər üçün istifadə edilir. “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsindəki istismar quyularından ayda təqribən 2,8 milyon tona qədər neft və 1,2 milyard kubmetr səmt qazı hasil olunur. İşlənmənin əvvəlindən isə “Azəri-Çıraq-Günəşli” yatağından təqribən 385 milyon ton neft çıxarılmışdır.
“Azəri-Çıraq-Günəşli” layihəsinin illik iş proqramının bir hissəsi olaraq may ayında “Qərbi Azəri” platformasının planlaşdırılmış dayandırılması proqramı həyata keçirilib. Plana əsasən, nəzərdə tutlmuş profilaktik, təftiş və layihə işlərinin səmərəli şəkildə aparılmasını təmin etmək məqsədilə platformadan hasilat təxminən 22 gün ərzində dayandırılıb. Bütövlükdə isə platformanın uzun müddət təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan istismar qabiliyyətini davam etdirməsi üçün nəzərdə tutulmiş həmin işlər tam təhlükəsiz şəkildə başa çatdırılıb.
Cari ilin əvvəlindən “Dərinsulu Günəşli” platformasından hasil edilən səmt qazının 28 düyməlik sualtı qaz kəməri vasitəsilə birbaşa Səngəçal terminalına göndərilməsi davam etdirilmişdir. İlin əvvəlindən “Azəri” yatağındakı üç platformadan səmt qazı yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə “Mərkəzi Azəri” kompressor və suvurma platformasına göndərilmiş, oradan qazın bir hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuş, qalan hissəsi isə Səngəçal terminalına nəql edilərək ölkənin daxili istifadəsi üçün “Azəriqaz” İstehsalat Birliyinə təhvil verilmişdir. Bundan əlavə, ötən il istismara verilmiş “Qərbi Çıraq” platformasından hasil edilən səmt qazının da bir hissəsi Səngəçal terminalına göndərilmişdir. “Çıraq” platformasında hasil edilən səmt qazının müəyyən hissəsi isə mövcud 16 düyməlik sualtı qaz boru kəməri vasitəsilə ARDNŞ-in “Neft Daşları”ndakı kompressor stansiyasına göndərilmişdir. Bütövlükdə isə bu ilin birinci yarısında “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları” vasitəsilə gündə orta hesabla 11,4 milyon kubmetr, ümumilkdə isə 2,1 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.
“Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neftin sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi də uğurla davam etdirilmişdir. Məlumat üçün bildiririk ki, terminalın texniki emal sistemlərinin gücü gün ərzində 1,2 milyon barrel nefti qəbul edib ixraca yönəltməyə imkan verir. 2015-ci ilin birinci yarısında Səngəçal terminalından 154 milyon barrel net ixrac olunmuşdur. Xam neftin 135 milyon barreli Bakı-Tbilisi-Ceyhan və 16,3 milyon barreli Qərb ixrac boru kəmərləri, 2,2 milyon barreli isə dəmir yolu vasitəsilə daşınmışdır. Bundan əlavə, ilin ilk altı ayında buradan 0,9 milyon barrel kondensat ixrac kəməri vasitəsilə dünya bazarına göndərilmişdir.
Yeri gəlmişkən, Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasında xüsusi yer tutan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin istismara verilməsindən doqquz ildən artıq vaxt ötür. Əvvəlki dövrlərdə olduğu kimi, bu ilin ilk yarısında da uğurlu fəaliyyətini davam etdirən kəmərlə bağlı əməliyyat xərclərinə 73 milyon dollar, əsaslı xərclərə isə 15 milyon dollar vəsait sərf olunmuşdur. Hazırda kəmərin gündəlik ötürmə gücü 1,2 milyon barrel təşkil edir. Bu ilin yanvar-iyun ayları ərzində kəmərlə təqribən 18 milyon ton (135 milyon barel) xam neft ixrac olunaraq Türkiyənin Ceyhan limanından 188 tanker vasitəsilə dünya bazarlarına çıxarılmışdır. Bütövlükdə isə ümumi uzunluğu 1768 kilometr təşkil edən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə ötən illər ərzində 2,23 milyard barrel və ya 298 milyon ton xam neft nəql olunmuşdur. Həmin neft həcmləri Ceyhan limanında 2940 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir. Hazırda BTC boru kəməri Azərbaycandan, əsasən, “Azəri-Çıraq-Günəşli” neftini və “Şahdəniz” kondensatını daşıyır. Bundan əlavə, kəmər vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.
Yeri gəlmişkən, artıq 15 ildən çoxdur ki, “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları “mənfəət nefti”ndən gəlir əldə edirlər. 1999-cu ilin dekabrından isə Azərbaycan öz payına düşən “mənfəət nefti”ni dünya bazarlarına çıxarır. Ötən illər ərzində “mənfəət nefti”ndən əldə edilən gəlirlər hesabına ölkə iqtisadiyyatının şaxələndirlməsi və bir sıra infrastruktur layihələrinin reallaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Məlumat üçün bildiririk ki, 2015-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcə gəlirləri 4 milyard 54 milyon manat, büdcə xərcləri isə 4 milyard 42,1 milyon manat təşkil etmişdir. Hesabat dövrü ərzində Neft Fondunun 2015-ci il büdcəsinin icrası çərçivəsində 3 milyard 561,6 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Yanvar-iyun aylarında qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 89,8 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına isə 46,5 milyon manat vəsait ayrılmışdır. Bundan əlavə, ilin birinci yarısında Dövlət Neft Fondundan Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 17,2 milyon manat, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 5,9 milyon manat və “Cənub” qaz dəhlizi layihəsinə 307,4 milyon manat vəsaitin ayrılması təmin olnumuşdur. 2015-ci ilin yanvar-iyun ayları ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri isə 13,7 milyon manat təşkil etmişdir.
Göründüyü kimi, son illər neftdən əldə edilən gəlirlər hesabına ölkə iqtisadiyyatının şaxələndirilməsi, bir sıra sosial və infrastruktur layihələrinin reallaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bütün bunlar isə ölkəmizin iqtisadi qüdrətinin daha da artmasına və xalqımızın həyat səviyyəsinin yaxşılaşmasına geniş imkanlar yaradır.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.