Qeyri-neft sektoru Azərbaycanın gələcək iqtisadi inkişafının prioritet istiqamətidir

Ötən ilin sonlarından etibarən dünya bazarında neftin qiymətinin sürətlə ucuzlaşması, maliyyə böhranının dərinləşməsinə baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik qorunmuş, nəzərdə tutulmuş bütün sosial proqramlar uğurla icra edilmişdir.

Azərbaycanın davamlı inkişafının təmin olunmasında Prezident İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi siyasət, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rol oynamışdır. Məhz bunun nəticəsidir ki, son beş ildə iqtisadiyyatın artımı, əsasən, qeyri-neft sektorunun inkişafı hesabına təmin olunmuş, ümumi daxili məhsulda bu sektorun xüsusi çəkisi 69,9 faizə çatmışdır. Bütövlükdə isə rəsmi statistika və makroiqtisadi göstəricilərə əsasən,  son on iki ildə ölkədə qeyri-neft sektorunda 2,5 dəfədən çox artım qeydə alınmışdır. Heç şübhəsiz, qeyri-neft sektorunun inkişafında neft gəlirləri hesabına iqtisadiyyatın şaxələndirilməsi istiqamətində reallaşdırılan tədbirlərin mühüm rolu olmuşdur. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına zəmin yaratmaq üçün dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamlar və təsdiq etdiyi inkişaf proqramları əsasında kiçik və orta sahibkarlığın dəstəklənməsinə, bu fəaliyyətlə məşğul olanlara güzəştli kreditlərin ayrılmasına, kənd təsərrüfatına  subsidiyaların yönəldilməsinə, ölkə ərazisində nəqliyyat-kommunikasiya infrastrukturunun yenidən qurulmasına milyardlarla dollar həcmində vəsait xərclənmişdir. Bütün bunlar iqtisadiyyatın qeyri-neft sektorunda böyük canlanmaya səbəb olmuşdur. Hazırda Azərbaycanda istehsal edilən qeyri-neft məhsulları, o cümlədən elektrik maşınları və avadanlıqları, onların hissələri, kimya sənayesi məhsulları, tikinti materialları, hazır toxuculuq məmulatları və s. müxtəlif bölgələrə ixrac edilir. Göründüyü kimi,  keçid iqtisadiyyatını uğurla başa çatdıran Azərbaycan öz təbii resurslarından məqsədli şəkildə istifadə edərək iqtisadiyyatını uğurla şaxələndirə və onun neftdən asılılığını minimuma endirə bilmişdir. Bu strategiya nəticəsində ölkədə tikinti, turizm, kənd təsərrüfatı, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları sektorlarında davamlı artım tendensiyası davam edir. Məhz bu tendensiyanın nəticəsidir ki,  son on iki ildə ölkəmizdə 1 milyon 400 min iş yeri yaradılmışdır ki,  bunun da böyük əksəriyyəti qeyri-neft sektorunun payına düşür.

Ölkə iqtisadiyyatının şaxələndirilməsinin uğurlu nəticələrindən sayılan qeyri-neft sektorunun dinamik inkişafını müsbət amil kimi dəyərləndirən Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: “Bizim uğurlarımız, doğrudan da, tarixi xarakter daşıyır. Altı ay ərzində iqtisadiyyatımız inkişaf edib, baxmayaraq ki, neftin qiyməti aşağı səviyyədədir. Baxmayaraq ki, qonşuluqda iqtisadi vəziyyət hələ ki, o qədər də müsbətə doğru dəyişməyib, Azərbaycan iqtisadiyyatı inkişaf edir. Bax, indi gətirəcəyim rəqəmlər bunu göstərəcək və sübut edəcək ki, bu, doğrudan da tarixi nailiyyətdir. Beləliklə, 6 ayda iqtisadiyyat 5,7 faiz artmışdır. Bu, çox gözəl göstəricidir, ölkəmizin dinamik inkişafını sübut edir. Bundan da gözəl göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da biz 9,2 faiz artımı görürük”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 26 milyard 265,1 milyon manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bunun da 17 milyard 568,1 milyon manatı qeyri-neft sahələrinin payına düşür. Qeyd etdiyimiz kimi, son illər neftdən əldə edilən gəlirlər hesabına iqtisadiyyatın  şaxələndirilməsi ölkədə qeyri-neft sektorunun bütün sahələrində inkişafa səbəb olmuşdur. Məhz bunun nəticəsidir ki, bu ilin birinci yarısında qeyri-neft sektorunun mühüm növ məhsullarının istehsalında əhəmiyyətli artım qeydə alınmışdır.

Prezident İlham Əliyev tərəfindən 2014-cü ilin “Sənaye ili” elan edilməsi və bununla bağlı təsdiq edilmiş tədbirlər planının icrası qeyri-neft sənayesinin inkişafına yeni impuls vermişdir. Artıq “Sənaye ili” çərçivəsində həyata keçirilmiş tədbirlər müsbət nəticələri açıq-aydın hiss olunur. 2015-ci ilin birinci yarısında Azərbaycanda 13 milyard 276,5 milyon manatlıq sənaye məhsulu istehsal olunmuşdur ki, bu da əvvəlki ilin eyni dövründəkindən 3,8 faiz çoxdur. Ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirlmiş ardıcıl və məqsədyönlü tədbirlər qeyri-neft sənayesinin də sürətli inkişafına səbəb olmuşdur. Təkcə onu qeyd etmək kifayətdir ki, cari ilin altı ayında Azərbaycanda 3 milyard 669,4 milyon manatlıq qeyri-sənaye malları istehsal olunmuşdur. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 14,1 faiz çoxdur. Bütün bunlar, heç şübhəsiz, ölkədə son illərdə sənayeləşmə, yeni sənaye zonalarının yaradılması ilə bağlı görülmüş işlərin, məqsədyönlü  tədbirlərin nəticəsidir.

Hazırda ölkənin regionlarında qeyri-neft sənayesinin inkişaf etdirilməsi üçün güclü potensial yaradılır. Yanvarın 27-də regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda ölkə Prezidenti İlham Əliyev bu barədə demişdir: “Keçən il Azərbaycanda “Sənaye ili” elan edilmişdir. Bu, bizim siyasətimizi göstərir. Çünki sənayeləşmə Azərbaycanda uğurla aparılır. Sənayeləşmə aparılmasaydı, biz həmişə neft amilindən asılı vəziyyətdə olacaqdıq. Mənim göstərişimlə indi hər bir rayonda sənaye zonası yaradılmalıdır. Artıq yaxın zamanlarda bu proses də başlayacaq”.

Yeri gəlmişkən, ötən ilin sonlarında  Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”, heç şübhəsiz, qarşıdakı illərdə qeyri-neft sənayesinin sürətli  inkişafına təkan verəcəkdir.

Hazırda Azərbaycanda kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələr hesab edilir. Beynəlxalq maliyyə institutları Azərbaycanda kənd təsərrüfatı və turizmin əhəmiyyətini xüsusi qeyd edirlər. Hazırda ölkənin məşğul əhalisinin 44 faizə yaxını məhz kənd təsərrüfatında çalışır. Bu səbəbdən Azərbaycanda kənd təsərrüfatının inkişafına yönələn ardıcıl dövlət proqramların icrası, bir sıra islahatların və yeni texnologiyaların cəlb edilməsi sürətlənir. Təsadüfi deyil ki, üçüncü regional inkişaf proqramının icrasının ilk ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev demişdir: “...Kənd təsərrüfatının inkişafı prioritet məsələdir. Bu, sosial, iqtisadi sahədir, qeyri-neft sektorunun inkişafı üçün dəstəkdir”.

Son üç ildə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun artım tempi orta hesabla 2,5 faiz təşkil etmişdir. İndi ölkə iqtisadiyyatının vacib sahəsi sayılan kənd təsərrüfatının inkişaf etdirilməsi üçün konkret işlər görülür, mühüm dövlət proqramları qəbul edilərək icraya yönəldilir. Məhz bunun nəticəsidir ki, 2015-ci ilin ilk yarısında  ölkənin aqrar bölməsində 2 milyard 648,6 milyon manat məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,3 faiz çoxdur. Bununla belə, Azərbaycanda kənd təsərrüfatının potensialı olduqca yüksəkdir və bu imkanlardan istifadə edilməsi istiqamətində dövlət tərəfindən təsirli tədbirlər görülür. Təkcə onu qeyd etmək kifayətdir ki, bu ilin ötən dövründə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi işi davam etdirilməklə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası üçün 25 milyon manat vəsait yönəldilib. Eyni zamanda, dövlət başçısı İlham Əliyevin bu il yanvarın 12-də imzaladığı sərəncamla 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunması da bu məqsədə xidmət edir. Artıq ölkəmizdə aqrar bölmənin sürətli inkişafını təmin etmək məqsədilə bir sıra təsirli tədbirlər görülür. İqtisadiyyatın mühüm sahələrindən sayılan  kənd təsərrüfatı sahəsində mövcud potensialın hərəkətə gətirilməsi istiqamətində həyata keçiriləcək mühüm işlər isə son nəticədə ölkəmizin qeyri-neft sektorunun  inkişafına təkan verəcək. 

Azərbaycanda qeyri-neft sektorunun prioritet sahələrindən biri də turizmdir. Adıçəkilən sahə gəlir gətirmək baxımından olduqca cəlbedicidir. Məhz buna görədir ki, son illər ölkəmizin mövcud turizm potensialının tam hərəkətə gətirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir, Bakıda, eləcə də regionlarda müasir turizm obyektləri tikilib istifadəyə verilir, bu sahədə xidmətlərin səviyyəsi getdikcə yaxşılaşdırılır. Ölkənin turizm imkanlarından tam istifadə ümumi daxili məhsulda qeyri-neft neft sektorunun payının artmasına gətirib çıxaracaq. Belə ki, Azərbaycanın zəngin turizm potensialına malik olması və ölkədə turizm infrastrukturunun son illər sürətli inkişafı qeyri-neft sektorunun bu istiqaməti üzrə ölkəyə böyük gəlirlər vəd edir. Cari ilin ilk yarısında həmçinin nəqliyyat, informasiya və rabitə sahələrində də əhəmiyyətli dərəcədə artım baş vermişdir ki, bu da qeyri-neft sektorunun inkişafına dəyərli töhfə hesab edilməlidir.

Son illər Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişaf etdirilməsi sahəsində də əhəmiyyətli tədbirlər həyata keçirilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin  altı ay ərzində informasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara 771,8 milyon manatlıq xidmət göstərmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 10,7 faiz artmış, xidmətlərin 72,5 faizi əhaliyə göstərilmiş və əldə edilmiş gəlirin 80 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.

Azərbaycanın gələcək iqtisadi tərəqqisi, xüsusən də qeyri-neft sektorunun inkişafı  özəl bölmənin fəaliyyətindən çox asılıdır. Son illər Azərbaycanda yaradılmış əlverişli biznes mühiti, özəl sektora dövlət dəstəyinin getdikcə artırılması ölkədə sahibkarlığın sürətli inkişafına səbəb olub. “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Prezident fərmanına uyğun olaraq ötən il ölkədə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, o cümlədən prosedurların sadələşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, əsassız müdaxilələrin qarşısının alınması və digər istiqamətlər üzrə işlər davam etdirilib. Bu ilin altı ayında sahibkarlığın inkişafına dəstək olaraq Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə  iqtisadiyyatın müxtəlif sahələri üzrə 2972 sahibkara 96 milyon manat həcmində güzəştli kreditlər verilib. Bütövlükdə isə fond tərəfindən maliyyələşdirilmiş güzəştli kreditlər hesabına ölkədə çoxsaylı  iri istehsal, emal və infrastruktur müəssisələri istifadəyə verilib.

 

Məlum olduğu kimi, ölkəmizin davamlı sosial-iqtisadi inkişafının təmin olunmasında, makroiqtisadi sabitliyin qorunmasında, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin prioritet istiqamətlərindən olan regionların inkişafı strategiyasının müstəsna əhəmiyyəti var. 2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına səbəb olmuşdur. Bu baxımdan cari ilin otən dövründə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində mühüm işlər görülmüş, bir sıra uğurlu layihələr həyata keçirilmiş, regionların inkişafına  bütün mənbələr hesabına kifayət qədər vəsait yönəldilmişdir.

Göründüyü kimi, Azərbaycanın qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlətimizin iqtisadi siyasətinin prioritet istiqaməti kimi getdikcə aktuallıq kəsb edir. Ölkəmizin sosial-iqtisadi inkişafı fonunda adıçəkilən bölmənin ÜDM-də xüsusi çəkisinin artması 2015-ci ilin ötən dövründə də davam etmişdir. Yeri gəlmişkən, iqtisadçı ekspertlərin proqnozlarına görə,  dövlətin iqtisadi siyasətinin aparıcı trendinə müvafiq olaraq bu il ÜDM-in artımı onun tərkibində neft sektorunun payının mütləq və nisbi mənada azalması və müvafiq olaraq qeyri-neft sektorunun istehsal həcminin artması şəraitində baş verəcək. Cari ildə qeyri-neft sektorunun artım sürətinin 10 faizdən artıq olacağı gözlənilir. Bu inkişaf tendensiyası növbəti illərdə də davam edəcək. Belə ki, qeyri-neft sektorunun ÜDM-də payı 2012-ci ildəki 52,7 faizdən 2017-ci ildə 72,4 faizə yüksələcək. Bu dövr ərzində dövlət büdcəsinin gəlirlərinin formalaşmasında neft sektorunun payı nəzərəçarpacaq dərəcədə aşağı enəcək ki, bu da iqtisadiyyatımızın neftdən asılılığının ildən-ilə azaldığını göstərməklə iqtisadiyyatın şaxələndirilməsi hesabına qeyri-neft sektorunun dinamik inkisaf etdirilməsi sahəsində həyata keçirilən genişmiqyaslı fəaliyyətin nəticəsi kimi qiymətləndirilə bilər.

Son on illər ixracda neft və neft məhsullarının  yüksək paya malik olması Azərbaycan iqtisadiyyatının formalaşmış ənənəvi strukturu ilə bağlıdır. Bununla belə, ixracın strukturunda neft sektorunun payının  getdikcə azalması müşahidə olunur. Müqayisə üçün qeyd edək ki, 2011-ci ldə ixracda neft sektorunun payı  95,3 faiz, 2012-ci ilə 94,1 2013-cü ildə 92,4 faiz olmuşdusa, ötən il bu göstərici 90,1 faiz təşkil etmişdir. İqtisadçı ekspertlərin qənaətinə görə, bu tendensiya qarşıdakı illərdə də davam edərək 2017-ci ildə 81 faiz həcmində olacaq. Əvəzində isə ölkəmizdən dünya bazarlarına çıxarılacaq qeyri-neft məhsullarının həcmi artacaq. Bu da Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinin məntiqi nəticəsi olan qeyri-neft sektorunun inkişafı hesabına  mümkün olacaq.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında