Azərbaycanın sosial-iqtisadi inkişaf konsepsiyası uğurla reallaşdırılır

Azərbaycanda yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, müasir müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi vəzifəsini irəli sürən regional  dövlət proqramları neft gəlirlərindən səmərəli şəkildə istifadə olunmaqla ölkəmizin uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasını reallaşdırmışdır. Regional  proqramlar respublikamızın inkişafında yeni mərhələnin başlanğıcını qoymuş, bölgələrin tərəqqisini dövlət siyasətinin prioritet istiqamətlərindən biri səviyyəsinə qaldırmışdır. Böyük uzaqgörənliklə müəyyənləşdirilmiş bu strategiyanın düzgünlüyü son illərdə öz bariz təsdiqini tapmış, respublikamızın şəhər və kəndlərinin siması köklü şəkildə dəyişmiş, əhalinin paytaxta axını səngiyərək əks proses başlanmış, rayonlarda işləməyə və yaşamağa üstünlük verənlərin sayı  artmışdır. Hazırda hər bir ailə, hər bir vətəndaş sözügedən dövlət proqramlarının real nəticələrini öz gündəlik həyatında hiss etməkdədir.

Həyata keçirilən aqrar siyasəti və ərzaq təhlükəsizliyi proqramı nəticəsində də hazırda regionlarda iri quşçuluq, heyvandarlıq, taxılçılıq, üzümçülük təsərrüfatları, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması, emalı və satışı kompleksləri yaradılmış, bir sıra ərzaq məhsulları üzrə daxili istehsal artmışdır.

Son illərdə regionlarda inşa edilmiş və ya əsaslı təmir olunmuş yüzlərlə su anbarı, hidroqovşaqlar, kanallar, drenaj şəbəkələri, subartezian quyuları aqrar sektorun, sahibkarlığın inkişafını sürətləndirmiş, yeni torpaqların dövriyyəyə cəlb edilməsinə, içməli su və enerji təchizatının daha da yaxşılaşdırılmasına imkan yaratmışdır.

Regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının uğurlu icrası həm də yerlərdə sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə, infrastruktur layihələrinin həyata keçirilməsinə, beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına səbəb olmuşdur. Əvvəlki dövlət proqramlarının məntiqi davamı olan “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ölkə iqtisadiyyatının, xüsusilə regionların inkişafında mühüm əhəmiyyətə malikdir. Bu proqramda müəyyənləşdirilmiş vəzifələr hazırda uğurla icra olunur.

Azərbaycan Prezidenti İlham Əliyev regionların inkişafı ilə bağlı demişdir: “Regionlarda demək olar ki, işsizlik böyük dərəcədə aradan qaldırılmışdır, çox aşağı səviyyədədir. Ancaq onu nəzərə almalıyıq ki, bizim uğurlu iqtisadi və siyasi addımlar nəticəsində Azərbaycanda, - bu da çox sevindirici bir haldır, - əhali sürətlə artır. İldən-ilə artan əhali hökuməti də, əlbəttə ki, daha da fəal olmağa çağırmalıdır. Eyni zamanda, bu, onu deməyə əsas verir ki, yeni iş yerlərinin açılması daimi proses olmalıdır. Sənayeləşmə, kənd təsərrüfatı, yüksək texnologiyalar, digər sahələr sürətlə inkişaf etməlidir ki, biz insanlarımızı gələcəkdə də iş yerləri ilə təmin edə bilək”.

Dövlət başçısının avqustun 8-də Şabran rayonunun ərazisində yerləşən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin açılışında iştirakı da regionların inkişafına diqqətin bariz ifadəsinə çevrilmişdir. Bu, eyni zamanda, Azərbaycanın bu gün dünyada həm də turizm ölkəsi kimi tanınmasının məntiqi nəticəsidir. Xatırladaq ki, respublikada turizmin  inkişafı ümummilli liderimiz  Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə bu sahəyə xüsusi önəm vermiş, Azərbaycanın turizm potensialından səmərəli istifadə edilməsi  işinə qayğı və diqqət göstərmişdir. Bununla bağlı bir fakta diqqət yetirək. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyən Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Xəzər dənizinin Azərbaycan sahillərində ümumittifaq əhəmiyyətli kurort zonasının yaradılması barədə müvafiq qərar qəbul edilmiş,  respublikamızda 2000-ci ilədək turizmin inkişaf sxemi qurulmuşdur. Lakin  Azərbaycanda məlum hadisələr baş verdikdən sonra sözügedən sahə diqqətdən kənar qalmış, respublikamıza turistlərin axını azalmışdı.

Ulu öndər xalqımızın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra turizmin inkişafına xüsusi əhəmiyyət verildi. Turizmin hüquqi bazasının yaradılmasına başlanıldı. 1999-cu ildə Milli Məclisdə “Turizm haqqında” Qanun qəbul edildi. Həmin il iyul ayının 27-də ulu öndər Heydər Əliyev “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” fərman imzaladı. Bundan əlavə, Azərbaycan Prezidentinin 2002-ci il 27 avqust tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair” Dövlət Proqramı təsdiq olundu.

Ölkə Prezidenti İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində isə  turizm sahəsi dinamik inkişaf yolu keçmişdir. “2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı” respublikamızda  turizm-kurort sahələrinin sürətli inkişafına zəmin yaratmışdır. Vətənimizin hər guşəsində yol infrastrukturunun yenidən qurulması, turizm-istirahət mərkəzlərinin yaradılması, dünya standartlarına cavab verən ən müasir mehmanxana və otellərin inşa olunması, yay turizmi ilə yanaşı, qış turizminin də sürətlə inkişaf etdirilməsi Azərbaycanın dünya turizm mərkəzlərindən birinə çevrilməsinə güclü zəmin yaratmışdır.

Ümumiyyətlə, son illərdə turizmin inkişafı ölkəmizin əsas prioritetlərindən birinə çevrilmişdir. Qəbul edilən müvafiq dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, həyata keçirilən islahatlar  Azərbaycan dövlətinin bu sahəyə diqqət və qayğısını bir daha sübut edir. “2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair” Dövlət Proqramının, turizmin inkişafı ilə əlaqədar geniş Tədbirlər Planının uğurla icra olunması nəticəsində respublikamızda turizm sənayesi yeni mərhələyə qədəm qoymuşdur.

Hazırda ölkəmizin təbii sərvətləri, rəngarəng iqlimi, zəngin tarixi-mədəni irsi, bölgələrin inkişafı, infrastrukturun yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlər hesabına Azərbaycan nəinki regionda, hətta MDB-də turizmin sürətlə inkişaf etdiyi ölkələrdən biri kimi tanınır. Məhz bunun nəticəsidir ki, BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) XX Baş Assambleyasında Azərbaycan qurumun İcraiyyə Şurasına üzv qəbul olunmuşdur. Şübhəsiz, bu uğur Azərbaycanın turizm ölkəsi kimi dünyada nüfuzunun təsdiqi, respublikamızın  bu sahədə beynəlxalq əlaqələrinin, Dünya Turizm Təşkilatı, habelə bir çox tərəfdaş dövlətlərlə ardıcıl, səmərəli işgüzar əməkdaşlığının yüksək göstəricisidir.

Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin sözləri ilə desək, Azərbaycan turizm sahəsində parlayan  ulduzdur. Azərbaycanda istər turizmin, istərsə də digər sahələrin inkişafı üçün mükəmməl imkanlar mövcuddur və bu gün bu imkanlardan kifayət qədər istifadə edilir.

“Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin açılış mərasimində çıxış edən  Prezident İlham Əliyev Azərbaycanda  turizmin inkişafı ilə bağlı  demişdir: “Bu mərkəzin açılışında bizim siyasətimiz də öz əksini tapır. Çünki regionların inkişafı, qeyri-neft sektorunun, turizm sektorunun inkişafı bizim üçün prioritet sahədir. Regionların inkişafı ilk növbədə infrastruktur layihələrindən başlamışdır, yollar çəkilməli idi. Əgər yol olmasaydı, burada heç kim vəsait qoyub bu mərkəzi yaratmazdı. Həm Bakı-Quba-Rusiya sərhədi magistral yolu, eyni zamanda, Siyəzən şəhərindən çəkilən yol və digər infrastruktur layihələri ki, bu gün bütün bölgələrdə bu layihələr icra edilir. İçməli su, elektrik enerjisinin təchizatı, kənd yolları, qazlaşdırma və digər infrastruktur layihələri ölkəmizdə uğurla icra edilir. Regionların inkişafı, o cümlədən turizmin inkişafı ilə bağlıdır, xüsusilə nəzərə alsaq ki, bizim çox gözəl təbiətimiz var. Biz çox xoşbəxt insanlarıq ki, belə gözəl ölkədə yaşayırıq. Xəzər dənizi, dağlar, çaylar, bulaqlar, göllər, meşələr - bütün bunlar bizdə var. Belə olan halda, turizmin inkişafı bir neçə il bundan əvvəl prioritet istiqamət kimi müəyyən edilmişdir və hazırda ölkəmizin müxtəlif yerlərində dünya səviyyəli turizm mərkəzləri və kurortlar fəaliyyət göstərir”.

Azərbaycan Prezident İlham Əliyev çıxışında daha sonra turizmin inkişafının zəruriliyi məsələsinə toxunmuşdur. Bildirmişdir ki, hər bir ölkə, xüsusilə Azərbaycan kimi belə gözəl yerlərə, təbii sərvətlərə malik olan bir ölkə mütləq turizmi inkişaf etdirməlidir. Çünki bu, daimi gəlir mənbəyidir. Təbii sərvətlər, neft, qaz - bunlar tükənən sərvətlərdir. Ancaq ölkəmizin dayanıqlı inkişafı üçün daim gəlir gətirən sahələr mütləq inkişaf etməlidir. Onların içərisində turizm xüsusi yer tutur. Biz bəzi ölkələrin gəlirlərinə fikir versək görərik ki, ən çox gəlir gətirən sahə turizmdir. Bəs turizmin inkişafı üçün nə lazımdır? İlk növbədə gərək səni tanısınlar. Biz ölkəmizi tanıtdırırıq, dünya miqyasında, xarici ölkələrdə təqdimatlar, mədəniyyətimizlə, inkişafımızla bağlı tədbirlər keçiririk. Eyni zamanda, Azərbaycanda mötəbər beynəlxalq yarışlar, mədəni tədbirlər, festivallar, müsabiqələr təşkil olunur. Avropa Oyunları başa çatdı, gələn il “Formula-1”  yarışı, iki ildən sonra İslam Həmrəylik Oyunları keçiriləcək. Bütün bunlar qonaqları cəlb edir və ondan sonra qonaqlar da vətənlərinə qayıdaraq öz fikirlərini bölüşürlər. Misal üçün, dünən mən Beynəlxalq İdman Atıcılıq Federasiyasının prezidenti ilə görüşmüşəm, - dünən Qəbələdə dünya kubokunun yarışları başlamışdır, - o, mənə dedi ki, Avropa Oyunlarının açılışında iştirak edərkən, Bakı ilə tanış olarkən şəhərimiz çox xoşuna gəldi və bu dəfə öz ailəsi ilə Bakıya gəldi. Bax, budur bizim imkanlarımız. Biz beynəlxalq tədbirlər keçiririk ki, bizi daha çox tanısınlar. Bu, birinci şərtdir.

Turizmin inkişafı üçün ikinci şərt infrastrukturun mövcudluğudur. Bizim Heydər Əliyev Beynəlxalq Aeroportumuz dünya miqyasında ən birinci yerlərdədir. Avtomobil yolları, infrastruktur, xidmət sahəsi və əlbəttə, insanlarımızın qonaqpərvərliyi ki, bu da həmişə var. Bu, bizim bəlkə də ən böyük sərvətimizdir. Ona görə bax, bütün bu amilləri nəzərə alaraq biz görürük ki, Azərbaycanda turizmin inkişafı üçün çox gözəl imkanlar var. Biz bu imkanlardan maksimum dərəcədə istifadə etməliyik”.

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Siyəzən-Məşrif avtomobil yolunun açılışında da  iştirak etmişdir. Dövlət başçısına məlumat verilmişdir ki,   Siyəzən rayonunun bir neçə kəndini birləşdirən və hərəkətin intensiv olduğu bu yol uzun müddət təmir edilmədiyindən bərbad vəziyyətə düşmüşdü. Dövlət başçısının  2012-ci il 11 iyun tarixli sərəncamına əsasən, yolun tikintisinə ilkin olaraq 7 milyon manat, daha sonra 5,7 milyon manat vəsait ayrılmışdır.   2012-ci ilin oktyabrında başlamış tikinti işləri bu ilin mayında yekunlaşmışdır. Eni 5, bəzi yerlərdə isə 7 metr olan 3-cü və 4-cü dərəcəli yola 10-11 santimetr qalınlığında asfalt döşənmişdir.

Yol üzərindəki mühəndis-texniki qurğular müasir səviyyədə qurulmuşdur. Rayonun 20 yaşayış məntəqəsini birləşdirən və 37,1 kilometr uzunluğunda olan bu rahat və abad yoldan ümumilikdə 4700-dək sakin istifadə edəcəkdir.

Siyəzən-Məşrif avtomobil yolunun istifadəyə verilməsi bir daha göstərir ki, son illər yeni yolların çəkilməsi, köhnə yol-nəqliyyat strukturunun  müasir tələblərə uyğun yenidən qurulması da diqqət mərkəzində saxlanılır. Çünki hansı bölgəyə, şəhər və qəsəbəyə yol çəkilirsə, həmin ərazidə yeni infrastruktur yaradılır, investisiya cəlb olunur, bir sözlə, bu, bölgədə həyatın, sözün əsl mənasında, canlanmasına gətirib çıxarır. Nahaq yerə demirlər ki, müasir yol dövlətin iqtisadi qüdrətini nümayiş etdirməklə yanaşı, həm də yeni həyatın başlanğıcıdır.

Yuxarıda qeyd etdik ki, Azərbaycanda regional  dövlət proqramları neft gəlirlərindən səmərəli şəkildə istifadə olunmaqla ölkəmizin uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasını reallaşdırmışdır. Regional  proqramlar respublikamızın inkişafında yeni mərhələnin başlanğıcını qoymuş, bölgələrin tərəqqisini dövlət siyasətinin prioritet istiqamətlərindən biri səviyyəsinə qaldırmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 11-də Cəlilabad rayonuna səfəri də bunun bariz ifadəsi olmuşdur. Xatırladaq ki, səfər çərçivəsində dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoymuş, abidənin ucaldığı Heydər Əliyev adına parkla tanış olmuş, “Avanqard” MMC-nin rayondakı taxılçılıq təsərrüfatına getmiş, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş körpələr evi-uşaq bağçasının,  Göytəpə şəhərində Heydər Əliyev adına park-bulvarın, Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun açılış mərasimlərində iştirak etmişdir. Cənab İlham Əliyev Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun açılışı mərasimində demişdir: “Bu il Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilmişdir və şadam ki, bol məhsul götürülmüşdür. Bu il kənd təsərrüfatı 7 faizdən çox artmışdır. Hər bir ölkə üçün ərzaq təhlükəsizliyi ən vacib məsələlərdən biridir. Biz Azərbaycanda bu məsələləri həll edirik. Çalışırıq ki, Azərbaycan öz ərzaq tələbatını 100 faiz səviyyəsində özü təmin etsin. Buna nail olmaq üçün bütün imkanlar var - torpaqlar, texnika, ondan sonra dövlət tərəfindən ayrılan vəsait. Subsidiyalar, gübrələr, yanacaq verilir. Eyni zamanda, “Aqrolizinq” xətti ilə texnika təmin edilir. Yəni, dövlət öz üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Fermerlər də bu imkanlardan səmərəli şəkildə istifadə etsinlər ki, kənd təsərrüfatı daha da sürətlə inkişaf etsin”.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışında, eyni zamanda, dünyada nəzərə çarpan böhran fonunda respublikamızda qeyri-neft sektorunun dinamik inkişafını da diqqətə çatdırmışdır. Bildirmişdir ki, iqtisadiyyatımız hələ ki, birinci yarımildə təxminən 6 faiz artmışdır. Dünya miqyasında bu, bəlkə də indiki dövrdə ən yüksək göstəricidir. Qeyri-neft sektorumuz 9 faizdən çox artmışdır. Bu da ən yüksək göstəricidir. Baxmayaraq ki, bizim iqtisadiyyatımızın bir hissəsi neftlə, qazla bağlıdır və qiymətlər kəskin şəkildə aşağı düşmüşdür və bu,  hələ  davam edir, biz heç bir sosial layihəni ixtisar etməmişik, əksinə, sosial-iqtisadi infrastruktur layihələri reallaşdırılır. Bax, bugünkü layihə bunun bariz nümunəsidir. Bu layihələr bütün ölkə üzrə aparılır. Kənd yollarının tikintisi ölkə üzrə geniş vüsət almışdır, çünki buna böyük ehtiyac var. Bu sosial məsələdir, ilk növbədə, insanların rahatlığıdır və iqtisadi məsələdir, çünki kənd yolu olanda iş yeri də açılar, müəssisə də yaradılar, eyni zamanda, biz bir çox məsələləri də həll etmiş olarıq.

Vaqif BAYRAMOV
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında