Azərbaycanda bu il taxılçılıqda rekord orta məhsuldarlıq göstəricisinə nail olunmuşdur

Kənd təsərrüfatının inkişafını daha da sürətləndirmək,  modernləşdirmək, bu sahədə mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı reallaşdırmaq, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək  məqsədilə Prezident İlham Əliyevin 12 yanvar 2015-ci il tarixdə imzaladığı  sərəncamla  2015-ci il Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilmişdir. Həmin sərəncamda bildirilir ki, Azərbaycanda  həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün əsaslı zəmin yaradılmışdır.

Aqrar sektorda müsbət dəyişikliklər baş vermiş, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşmış, normativ hüquqi baza təkmilləşdirilmişdir. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir.

Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi və  yeni çağırışlara uyğun strateji hədəflərin, habelə  institusional dəyişikliklərin müəyyənləşdirilməsi də sözügedən sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin  təməlini qoymuşdur. Hazırda əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə ölkəmizdə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində bölgələrdə müasir infrastruktur qurulur, kəndlərarası avtomobil yollarının şəbəkəsi genişləndirilir.

Dövlət aqrar sahədə çalışanlar üçün bir sıra güzəştlər də müəyyən etmişdir. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilmişlər. Fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Eyni zamanda, əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün dövlət subsidiyalar verir.

Yeri gəlmişkən, bu günlərdə kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 50 manat yardım verilməsi, habelə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılan mineral gübrələrin dəyərinin orta hesabla 70 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilmişdir. Komissiyanın sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin mətbuata bildirdiyinə görə, Azərbaycan Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli sərəncamı kənd təsərrüfatı məhsulları istehsalçılarının dövlət tərəfindən dəstəklənməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biridir. 2007-ci ildən başlayaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilir. Dövlətimizin başçısının sərəncamı ilə bu ildən istehsalçılara hər hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardım 25 faiz artırılmışdır.

Respublika Komissiyasının iclasında kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 50 manat yardım verilməsi ilə bağlı 60 rayon (şəhər) komissiyasından daxil olmuş sənədlərə baxılmışdır. Komissiya 60 rayon (şəhər) komissiyası üzrə 372 min 234 istehsalçıya 1 milyon 263 min 947 hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə 63 milyon 197 min 350 manat məbləğində yardım ayrılması barədə qərar qəbul etmişdir.

Məhz həyata keçirilən belə tədbirlərin nəticəsidir ki,  respublika tarixində taxılçılıqda bu il rekord orta məhsuldarlıq göstəricisinə nail olunmuşdur. Ötən mövsümlə müqayisədə taxıl, o cümlədən buğda üzrə yüksək məhsuldarlıq qeydə alınmışdır. Biçilməsi nəzərdə tutulan 915 min 212 hektar payızlıq və yazlıq dənli və dənli paxlalıların (qarğıdalısız) məhsulunun vaxtında, mütəşəkkil və itkisiz yığılmasının yüksək səviyyədə təşkili üçün respublika üzrə saz vəziyyətdə olan 2 min 241 kombayn biçinə cəlb edilmiş və biçin kampaniyasının uğurla başa çatdırılması təmin olunmuşdur. Dövlət Statistika Komitəsinin son məlumatına əsasən, sahələrin 908 min 94 (99,2 faiz) hektarı biçilmiş,   hər hektardan 30,5 sentner olmaqla, 2 milyon 766 min ton taxıl götürülmüşdür. O cümlədən,  539 min 715 hektar buğda sahəsinin 536 min 809 hektarı (99,5 faiz) biçilərək, hektardan 31,3 sentner olmaqla, 1 milyon 679 min 297 ton məhsul yığılmışdır. Taxıl üzrə məhsuldarlıq ötən mövsümə nisbətən 33,8 faiz, o cümlədən buğda üzrə 30,4 faiz yüksəkdir. Bərdə (39,9 sentner), Saatlı (39,9), Ağcabədi (37,4), Sabirabad (37,1), İsmayıllı (36,6), Tərtər (35,8), Şəmkir (35), Ağsu (34,7), Hacıqabul (34,2), Füzuli (33,9), Xaçmaz (33) rayonlarının istehsalçıları xüsusilə fərqlənmişlər.

Kənd Təsərrüfatı Nazirliyindən bildirildiyinə görə,  dövlətin kənd təsərrüfatı məhsulları istehsalçılarına çoxşaxəli dəstəyi və əlverişli təbii iqlim şəraiti nəticəsində cari mövsüm respublika tarixində ilk olaraq taxılçılıqda rekord orta məhsuldarlıq göstəricisinə nail olunmuşdur. Müqayisə üçün deyək ki,  indiyə qədər ən yüksək məhsuldarlıq 2008-ci ildə (27,9 sentner) qeydə alınmışdır.

İndi isə aqrar sahədə əldə edilən müsbət göstəricilərə ayrı-ayrı rayonların timsalında diqqət yetirək. İsmayıllı rayonu tarixində rekord miqdarda - 102 min ton taxıl istehsal olunmuş, dəmyə şəraitində hər hektardan məhsuldarlıq 36,7 sentnerə çatmışdır. Yazlıq bitkilərin, o cümlədən meyvə-tərəvəz, bostan məhsullarının istehsalı da artmışdır. 

Taxıl biçini kampaniyası başa çatdıqdan sonra Zaqatala rayonunun təsərrüfatlarında payızlıq səpini üçün yay şumunun çıxarılmasına və təkrar əkinlərə başlanılmışdır.İndiyədək təsərrüfatlarda 1015 hektar sahədə şum aparılmışdır. Fermerlər, eyni zamanda, 84 hektar sahədə təkrar əkin həyata keçirmişlər. Təkrar əkin aparılan sahələr ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 dəfə artmışdır. 

Zaqatala rayonunun təsərrüfatlarında isə cari ildə  2 min 100 hektar sahədə tərəvəz bitkiləri əkilmişdir. Mövsümün əvvəlindən indiyədək 1728 hektar sahənin məhsulu yığılmış, 9 min tondan çox tərəvəz istehsal olunmuşdur. Hər hektardan orta məhsuldarlıq 52,1 sentner təşkil etmişdir.   Ötən ilin eyni dövrü ilə müqayisədə tərəvəz istehsalı 73 ton artmışdır.

Tovuz  rayonunun sahibkarları bu il 7 min 668 hektar sahədə bol kartof məhsulu yetişdirmişlər. Kartofçuluqla məşğul olan fermerlər artıq 4 min 587 hektar sahədən kartof çıxarmışlar. Sahələrdən 84 min 998 ton məhsul əldə edilmişdir ki,   bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 min 220 ton çoxdur. Hektardan orta məhsuldarlıq 185,3 sentner təşkil edir ki, bu da ötən ildəkindən 0,2 sentner çoxdur.

Ağstafalı fermerlər isə  608 hektar kartof sahəsindən 9 min 800 ton məhsul əldə etmişlər. Kartof sahələri əvvəlki illə müqayisədə 148 hektar artırılmış, eyni zamanda, ötən ilə nisbətən bu il 5 min 39 ton daha çox məhsul istehsal olunmuşdur.   Hər hektardan orta hesabla 161,29 sentner məhsul tədarük edilmişdir  ki, bu da keçən illə müqayisədə 57,7 sentner çoxdur.

Beləliklə, əminliklə söyləmək olar ki, dövlət başçısının respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı məqsədilə vaxtaşırı verdiyi tapşırıqlar, tövsiyələr, imzaladığı fərman və sərəncamlar, dövlət proqramları uğurla yerinə yetirilir. Bu isə  Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, etibarlı ərzaq təminatının ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtinə dönmədən əməl edilməsi deməkdir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında