Ölkənin iqtisadi qüdrətini, əhalinin yaşayış tərzini və mədəni səviyyəsini səciyyələndirən başlıca göstəricilərdən biri də elektroenergetika sənayesinin inkişafı, dövlətin enerji təhlükəsizliyidir. Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinin bütün aparıcı sahələri kimi, elektroenergetika sənayesinin də inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi rəhbər Heydər Əliyev ölkənin iqtisadi müstəqilliyinin təminatında sənayenin bu sahəsinin yerini və rolunu düzgün qiymətləndirərək zamanında energetikanın inkişafına təkan verə bilmişdir.
Prezident İlham Əliyevin qayğısı nəticəsində özünün elektroenergetika təhlükəsizliyini təmin edən ölkəmiz artıq qonşu dövlətlərə də elektrik enerjisi ixrac edən ölkəyə çevrilmişdir. Dünya energetika bazarında Azərbaycanın getdikcə artan rolu onun geosiyasi təsirini də artırmaqdadır.
Ölkə iqtisadiyyatının inkişafında elektroenergetika kompleksinin vacibliyini nəzərə alan dövlətimizin başçısı “Azərbaycan Respublikasında yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) Dövlət Proqramı”nı təsdiq etmişdir. Ötən müddət ərzində həyata keçirilən tədbirlər nəticəsində respublikanın elektrik enerjisi sistemində 2000 MVt-dan artıq əlavə generasiya gücü işə salınmış və ölkənin bütün elektrik stansiyalarının ümumi gücü 7000 MVt-ı ötmüşdür.
Azərbaycan Prezidenti cənab İlham Əliyev demişdir: “Bu gün biz nəinki özümüzü elektrik enerjisi ilə təmin edirik, böyük həcmdə ixrac da edirik. Azərbaycan bütün qonşu ölkələrə - Rusiyaya, İrana, Türkiyəyə, Gürcüstana elektrik enerjisi ixrac edir. Yəni belə imkanlar var və bu, onu göstərir ki, görülmüş işlər öz bəhrəsini verir. Azərbaycan neft-qaz və indi də elektrik enerjisinin ixracı ilə məşğuldur. Vaxt var idi bizim bölgələrimizə elektrik enerjisi fasilələrlə verilirdi. Artıq o dövr tarixdə qaldı. Biz yeni gücləri yaratdıq. Hazırda biz alternativ enerji mənbələrinin tikintisi ilə məşğuluq. Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadə xüsusi diqqət altındadır və artıq ilkin işlər başlanmışdır”.
Son illərdə elektroenergetika sisteminin inkişafı ilə bağlı Azərbaycanda həyata keçirilmiş silsilə tədbirlər nəticəsində elektroenergetikanın maddi-texniki bazası daha da möhkəmləndirilmiş, yeni müasir elektrik stansiyaları istifadəyə verilmişdir. Bununla da əhalinin elektrik enerjisi ilə təminatının gücləndirilməsi, ölkəmizin enerji təhlükəsizliyinin təmin olunması sahəsində ciddi nailiyyətlər qazanılmışdır.
Dövlətimizin başçısı bununla əlaqədar Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirmişdir ki, bu ilin əvvəlindən elektroenergetika sistemində ciddi islahatlara başlamışıq. “Azərişıq” qurumu yaradılmışdır. “Azərişıq” “Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin əsasında qurulmuşdur və əsas məqsəd rayonlarda elektrik enerjisi ilə təchizatı Bakının səviyyəsinə qaldırmaqdır. Bax, bu idi əsas məqsəd. Çünki son illər ərzində Bakı şəhərində “Bakıelektrikşəbəkə” təşkilatı çox uğurla fəaliyyət göstərirdi. Artıq “Barmek”in dövrü çoxlarının yadından çıxıb. “Barmek” Azərbaycanı nə günə salmışdı?! “Bakıelektirkşəbəkə” o təsərrüfatı öz üzərinə götürənə qədər “Barmek”in təsərrüfatı nə gündə idi?! O günlər çox yaxşı ki, hamının yadından çıxmışdır. Amma o qaranlıq gecələr hamımızın yadındadır. Yəni, gənc nəsil yəqin ki, bunu xatırlamır, heç xatırlamasa yaxşıdır.
Azərbaycan Prezidenti cənab İlham Əliyev daha sonra demişdir: “Rayonlarda hələ ki, görüləsi işlər çoxdur. Bilirsiniz ki, mən bölgələrdə tez-tez oluram, demək olar ki, hər ay. Elə rayonlar, şəhərlər var ki, orada 10 dəfədən çox olmuşam. Hər halda Azərbaycanda elə bir yer yoxdur ki, mən orada ən azı iki dəfə olmayım. Hər dəfə olanda həm maraqlanıram, həm başqa məlumat mənbələrim var ki, qaz, içməli su, elektrik enerjisi ilə təchizatla bağlı vəziyyəti öyrənirəm. Bəzi hallarda mənə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri çox müsbət mənzərə təqdim etməyə çalışırlar. Ancaq reallıq ondan ibarətdir ki, bölgələrdə elektrik enerjisi ilə bağlı vəziyyət istədiyimiz səviyyədə deyil. Düzdür, biz indi böyük enerji gücləri, elektrik stansiyaları yaratdıq. Son illər ərzində yaratdığımız enerji potensialı bütün sovet dövründə yaradılan potensialdan böyükdür, ondan çoxdur. Nə qədər elektrik stansiyaları yaradıldı. Onlar olmasaydı, indi bizim iqtisadi, sənaye inkişafımız mümkün olmazdı. Yəni, biz diqqəti bu sahəyə yönəltdik ki, generasiya güclərini yaradaq. Azərbaycanda həm alternativ su elektrik stansiyaları və əsas qaz elektrik stansiyaları tikilmişdir. Amma ötürücü xətlərdə hələ ki, vəziyyət o qədər də yaxşı deyil. Xüsusilə, rayonlarda, kənd yerlərində bir balaca külək əsən kimi dirəklər aşır, işıq verilməsi dayandırılır. Buna dözmək olmaz. Mən dəfələrlə məsələ qaldırmışdım, demişdim, göstəriş vermişdim ki, gedin bu sahəni düzəldin. Bölgələrdə insanlarla görüşlər əsnasında mən onların xahişlərini, problemlərini eşidirdim. Deyirdilər ki, tez-tez işıqlar sönür, tez-tez işıqsız qalırıq. Azərbaycan kimi ölkədə belə vəziyyət dözülməzdir. Ona görə görəndə ki, bu inzibati tədbirlər səmərə vermir, biz struktur islahatlarına keçdik. Əminəm ki, “Azərişıq" yaxın zamanlarda bütün şəhər və rayonlarımızda elektrik enerjisi ilə təminatı Bakının səviyyəsinə qaldıracaqdır. Bu, çox ağır, çətin işdir. İndi böyük səylər göstərilməlidir...”.
Məlum olduğu kimi, elektrik enerjisinin ötürülməsi sisteminin müasirləşdirilməsi və yenidən qurulması da vacib məsələdir. İndiyədək ölkədə ümumi gücü 2000 meqavoltamperə yaxın 500-dən çox yeni transformator quraşdırılmış və ümumi uzunluğu 30 min kilometrdən artıq elektrik verilişi xətləri istifadəyə verilmişdir. İqtisadiyyatı gündən-günə inkişaf edən və elektrik enerjisi sisteminin dayanıqlığı təmin olunan Azərbaycanda yeni generasiya güclərinin tikilib istifadəyə verilməsi nəticəsində respublikamız elektrik enerjisi idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişdir. Hazırda Azərbaycan qonşu dövlətlərin elektrik enerjisi təhlükəsizliyində mühüm rol oynayır.
Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında “Rusiya Federasiyasının vahid enerji sistemi və Azərbaycan Respublikasının enerji sisteminin paralel işinin təmin edilməsi üzrə tədbirlər haqqında Saziş” imzalanmışdır. Bu mühüm sənəd üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Rusiya Vahid Enerji Sistemi ilə Azərbaycan enerji sisteminin paralel işinin texnoloji xüsusiyyətindən irəli gələn texniki məsələləri tənzimləməklə yanaşı, tərəflərə öz enerji sistemlərinin etibarlılığını və dayanıqlığını yüksəltməyə imkan verəcəkdir. Rusiya-Azərbaycan-İran arasında dövlətlərarası yeni ötürücü elektrik veriliş xətlərinin quraşdırılması hesabına Rusiya-Azərbaycan istiqamətində 350 MVt, İran-Azərbaycan istiqamətində isə 700 MVt gücü artırmağa imkan vermişdir.
Elektrik enerjisinin ixracı üzrə regionda həyata keçirilən ən əsas layihələrdən biri Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü layihəsidir. Bu layihə çərçivəsində 500 kV-luq “Samux-Qardabani” elektrik verilişi xəttinin tikintisi Azərbaycan tərəfindən 2013-cü ilin ortalarında başa çatdırılmışdır. Adıçəkilən layihənin tərkib hissəsi olan “Qara dəniz ötürmə şəbəkəsi layihəsi” çərçivəsində Gürcüstan tərəfindən 500/400/220 kV-luq yarımstansiya və Gürcüstanı Türkiyə ilə birləşdirən yüksək gərginlikli 400 kV-luq EVX-nin tikintisi başa çatdırılmış və istismara buraxılmışdır. Bu layihə Azərbaycanın Gürcüstan və Türkiyə, gələcəkdə isə Avropa elektrik enerjisi bazarına inteqrasiya olunmasını və bu istiqamətdə elektrik enerjisinin ixracını təmin edəcəkdir.
Yeni generasiya güclərinin yaradılması, sistem əhəmiyyətli elektrik verilişi xətlərinin və yarımstansiyaların quraşdırılması energetika sahəsində yeni mərhələnin başlanğıcını qoymaqla, sənaye mərkəzlərinin enerji təchizatında hökm sürən disproporsiyanı hiss ediləcək qədər aradan qaldırdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hazırda elektroenergetika sahəsində sahibkarlar üçün yaratdığı əlverişli şərait dövlət və özəl elektrik stansiyalarının birgə və sərbəst fəaliyyətinə geniş imkan yaradır. Hazırda “Muğan”, “Şəki” SES-ləri və “Azərsun” İES müstəqil fəaliyyət göstərir. Alternativ enerji mənbələrindən istifadə üzrə yeni yaradılan müstəqil generasiya mənbələri də nəzərə alınarsa, mövcud şərait energetika sahəsində sərbəst rəqabət mühitinin formalaşdırılması və son nəticədə elektrik enerjisinin istehsalında xərclərin azaldılması və xidmət keyfiyyətinin yüksəldilməsi üçün islahatların aparılması üzrə yeni qanunların tətbiqini zəruri edir.
Qeyri-neft sektorunun aparıcı sahələrindən olan elektroenergetika sisteminin inkişafında əsas məqsəd ölkədə enerji potensialına tələbatın daim qabaqlanması və bunun üçün gələcəkdə elektrik stansiyalarının tikilməsi, elektrik təsərrüfatının yeniləşməsidir. Ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə yaradılan möhkəm potensial əsasında Azərbaycanın müstəqil enerji sistemi formalaşmışdır. Bu strateji xətt indi də böyük uğurla davam etdirilir, Azərbaycanın elektrik enerjisi sistemində geniş miqyaslı quruculuq işləri həyata keçirilir. Ölkə Prezidenti cənab İlham Əliyev demişdir:" Azərbaycanın dünyadakı rolu artır və yeri möhkəmlənir. Bu, ölkəmizin gücünü artıracaqdır. Çünki biz enerji siyasətimizi uğurla aparırıq və bu siyasət bəhrəsini verməkdədir. Biz bu siyasətdən əldə edilmiş gəlirləri bütün başqa sahələrə yönəldirik”.
Bütün bunlar onu ğöstərir ki, hazırda Azərbacan iqtisadiyyatı yeni neft strategiyası üzərində hərtərəfli və sürətli inkişaf ını davam etdirir. Ölkə iqtisadiyyatındakı dinamik proseslər daha böyük vüsət alır və güclü sənaye potensialı formalaşdırır. Öz milli sərvətlərinin sahibi olan Azərbaycan hazırda təkcə Cənubi Qafqazda deyil, dünyada yüksək sürətlə inkişaf edən demokratik dövlət imici qazanmışdır.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.