Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar dərin elmi əsaslara malikdir

Azərbaycanda uzunmüddətli davamlı iqtisadi inkişafı təmin etmək, “bilik iqtisadiyyatı”nı formalaşdırmaq, elmtutumlu texnologiya, məhsul (işlər, xidmətlər) yaradılmasını sürətləndirmək məqsədi ilə innovasiya fəaliyyətinin genişləndirilməsi əsas istiqamətlərdən birini təşkil edir. Bununla əlaqədar olaraq, elmin inkişafına yerli xüsusiyyətlər və qlobal meyllər nəzərə alınmaqla prioritet vəzifə kimi yanaşılır və mütərəqqi dünya elminə səmərəli inteqrasiya prosesinə xüsusi diqqət yetirilir.  Elmi infrastruktur təkmilləşdiriir, elmin maddi-texniki bazası müasirləşdirilir  və bu sahədə informasiya təminatı sistemlərinin elektron formaya keçirilməsi təmin edilir.

Xatırladaq ki, ölkədə  hazırda elmin maliyyələşdirilməsinə dövlət büdcəsi resursları ilə yanaşı, digər mənbələrin də cəlb olunması stimullaşdırılır ki,  bu da son nəticədə elmi fəaliyyətlə məşğul olan işçilərin, o cümlədən gənclərin sosial müdafiəsini gücləndirir   və “beyin axını”nın qarşısını alır.

Azərbaycanda  innovativ iqtisadiyyatın yaradılması məqsədi ilə elm və istehsal arasındakı əlaqələr gücləndirilir,   tətbiqi elmi araşdırmaların bazarın tələbatına müvafiq aparılması üçün zəruri mexanizmlər yaradılır.  Bununla yanaşı,  innovasiya fəallığının yüksəldilməsi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalının stimullaşdırılması, innovasiya fəaliyyətinin həyata keçirilməsi üçün zəruri mexanizmlərin qurulması, innovasiya potensialının səmərəli istifadəsi və inkişafının təmin edilməsi məqsədi ilə dövlət dəstəyi tədbirləri reallaşdırılır  və müvafiq qanunvericilik bazası yaradılır. 

İnnovativ sahibkarlığın inkişaf etdirilməsi və yeni fəaliyyət növlərinin  inkişafı üçün əlverişli mühit yaradılması ilə yanaşı, qabaqcıl texnologiyaların transferi, habelə   mənimsənilməsi istiqamətində tədbirlərin gücləndirilməsi, elmtutumlu məhsulların, texnologiyaların işlənilməsi, tətbiqi üçün texnoparkların və innovasiya zonalarının təşkili də diqqət mərkəzində saxlanılır.  

Azərbaycanı regionun ticarət mərkəzinə çevirmək məqsədi ilə ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit və nəqliyyat xidmətlərinin inkişafı, respublikanın bölgələrində logistika mərkəzlərinin yaradılması mühüm vəzifə kimi qarşıya qoyulmuşdur. Bütün bunlar, eyni zamanda, istehsal və investisiya mərkəzi kimi də Azərbaycanın cəlbediciliyinin artmasına, yeni biznes və məşğulluq imkanlarının yaranmasına yol açacaqdır. 

Hazırda ölkədə yerli və beynəlxalq daşımaların idarə olunması mexanizmi təkmilləşdirilir,  respublikanın nəqliyyat sektorunun beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası genişləndirilir,   əhaliyə göstərilən nəqliyyat xidmətlərinin keyfiyyəti artırılır, sərnişindaşıma sahəsində gediş haqqının ödənilməsi ilə bağlı müasir texnologiyaların tətbiqi reallaşdırılır.   Bununla əlaqədar avtomobil, dəmir yolu, su, hava nəqliyyatı və yeraltı nəqliyyat (metro) sahəsində vahid strateji yanaşmanı əks etdirən ümumiləşdirilmiş tədbirlər   həyata keçirilir.

Azərbaycanın rəqabət qabiliyyətinin artırılması məqsədi ilə ölkə ərazisində Avropa-Qafqaz-Asiya və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində daşıma xərclərinin azaldılması, idxal-ixrac əməliyyatları və tranzit daşımaları üçün sərf edilən vaxtın qısaldılması və sərhəd-keçid prosedurlarının sadələşdirilməsi üçün tədbirlər görülür.

Yaxın illərdə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi tamamlanacaq, dəniz donanması tamamilə  yeniləşdiriləcək, nəqliyyat-logistika mərkəzləri yaradılacaq, Bakı-Böyük Kəsik, Bakı-Astara və Bakı-Yalama dəmir yolu xətləri yenidən qurulacaq və modernləşdiriləcək, dəmir yolu şəbəkəsinin diversifikasiyası siyasətinə uyğun olaraq Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə veriləcəkdir. Eyni zamanda, dəmir yolu nəqliyyatının baş yollarında zəruri yenidənqurma işləri aparılacaq, daşıma parkı yenilənəcək, bütün yollarda dəyişən cərəyanlı dartı sisteminə keçid təmin olunacaq, işarəvermə və siqnalizasiya sistemi müasirləşdiriləcəkdir.

Hazırda Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində avtomobil magistrallarının genişləndirilməsi, beynəlxalq əhəmiyyətli yolların yenidən qurulması və tikintisi layihələrinin başa çatdırılması ilə ölkənin yol-nəqliyyat infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılması davam edir.

Bu gün respublikamızda yol nəqliyyatı infrastrukturunun yenidən qurulmasına xüsusi önəm verilir. Bununla bağlı ilk növbədə  çınqıl örtüklü yollar tədricən bərk örtüklü avtomobil yolları ilə əvəzlənir, respublika və yerli əhəmiyyətli yolların, o cümlədən şəhər, qəsəbə və kənd yollarının təzələnməsi  və genişləndirilməsi davam etdirilir, yüksək ekoloji standartlara keçid təmin olunur,   yol qovşaqları, körpülər tikilr, köhnələr  təmir edilir   və digər modernləşdirmə işləri aparılır.

Yeni yolların salınması əhalinin təhlükəsizliyinin təmin olunması prinsipi və əsasən birinci dərəcəli yolların tikilməsi ilə həyata keçirilir,  şəhərdaxili və şəhərdənkənar yük terminallarının tikintisi sürətləndirilir,   müvafiq infrastrukturun təkmilləşdirilməsi ilə yanaşı, böyük şəhərlərdə və ümumən ölkənin bütün ərazisində nəqliyyatın intellektual idarə olunması sisteminin tətbiqi reallaşdırılır. Paytaxtın, habelə digər şəhərlərin, rayon və kəndlərin ictimai nəqliyyat sistemi əsaslı surətdə inkişaf etdirilir.

Ölkənin dəmir yolu şəbəkəsi və hava nəqliyyatı da getdikcə təkmilləşdirilir və bu, bölgələrin tarazlı inkişafı və turizmin şaxəli irəliləyişi üçün zəmin yaradır. Burada ən mühüm məsələlərdən bir odur ki, hazırda  paytaxtın əsas nəqliyyat vasitəsi olan Bakı Metropoliteni sürətlə inkişaf etdirilir   və genişləndirilir, yeni stansiyalar tikilir   və vaqon parkı yeniləşdirilir.

Regional inkişaf prioritetləri nəzərə alınmaqla, bölgələrdə dövlətin infrastruktur və investisiya siyasəti ilə biznesin investisiya strategiyaları əlaqələndirilir  və əsasən iqtisadi səmərəlilik baxımından prioritetləşdirilir. Bununla da həyat səviyyəsinə, adambaşına düşən məhsul buraxılışına və investisiyaların həcminə görə ölkəmizin iqtisadi rayonları arasında mövcud olan fərqlər azaldılır.

Məlumdur ki, hazırda respublikamızda müasir yanaşma çərçivəsində iqtisadi qərarların qəbul olunmasında yerli özünüidarəetmə orqanlarının çevikliyi artırılır. Bununla əlaqədar kənd yerlərinin inkişafı istiqamətində xüsusi layihələr həyata keçirilir, infrastrukturun və sosial xidmətlərin yaxşılaşdırılması tədbirləri davam etdirilir. Bölgələrdə, o cümlədən kəndlərdə də yol problemi daim diqqətdə saxlanılır  və nəqliyyat sektorunda tələbatın ödənilməsi məqsədi ilə müvafiq addımlar atılır.

Ölkənin bölgələrində infrastruktur təminatının yaxşılaşdırılması, informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, turizm zonalarının, iqtisadiyyatın prioritet sahələri üzrə ərazi-istehsal klasterlərinin, hər bir bölgənin rəqabət üstünlükləri nəzərə alınmaqla, yeni regional inkişaf mərkəzlərinin yaradılması regionların sosial-iqtisadi inkişafını sürətləndirir. Regional inkişaf mərkəzləri bölgələrdə tarazlı sosial-iqtisadi inkişafın təmin edilməsini stimullaşdırır, bu isə regional bərabərsizliyin azaldılmasına, əmtəə dövriyyəsinin iqtisadi rayonlar üzrə strukturunda kəskin fərqlərin aradan qalxmasına, iqtisadi resursların, əsasən, mərkəzi şəhərlərdə təmərküzləşməsinin səngiməsinə gətirib çıxarır.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında