Azərbaycan Respublikası əvvəlki dövrlərdə olduğu kimi, 2015-ci ilin ilk yarısında da yüksək nailiyyətlərə imza atmış, sosial-iqtisadi inkişaf sahəsində uğurlu göstəricilər əldə etmişdir. Bu da təsadüfi deyil. Çünki özünün daxili imkanlarına, zəngin təbii sərvətlərinə əsaslanan Azərbaycan artıq 22 ildir ki, müstəqil iqtisadi siyasət yürüdür, bir sıra qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış edir. Bu isə ölkəmizi regionda və dünyada mühüm tərəfdaşa və nüfuz sahibinə çevirir.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məqsədyönlü iqtisadi strategiyanın uğurla davam etdirilməsi, qlobal enerji layihələrinin reallaşdırılması nəticəsində Azərbaycan dünya maliyyə böhranının yaratdığı çətinliklərə baxmayaraq, sosial-iqtisadi inkişaf tempini qoruyub saxlaya bilmişdir. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2015-ci ilin ilk yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev bu məqama xüsusi diqqət yetirərək demişdir: “Azərbaycan hətta böhranlı illərdə sürətlə inkişaf edir. Çünki bizim düşünülmüş siyasətimiz var. Bizim proqramlarımız reallıq üzərində qurulubdur. Hər bir məsələ, hər bir sahə ilə bağlı çox konkret fəaliyyət planı var... Bizim uğurlarımız, doğrudan da, tarixi xarakter daşıyır. Altı ay ərzində iqtisadiyyatımız inkişaf edib, baxmayaraq ki, neftin qiyməti aşağı səviyyədədir. Baxmayaraq ki, qonşuluqda iqtisadi vəziyyət hələ ki, o qədər də müsbətə doğru dəyişməyib”.
Ötən illər ərzində Azərbaycanın karbohidrogen ehtiyatlarından əldə etdiyi gəlirlər ölkə iqtisadiyyatının şaxələndirilməsinə geniş imkanlar yaratmışdır. Elə bunun nəticəsidir ki, son illər ölkəmizin qeyri-neft sektorunda yüksək inkişaf və tərəqqi meyilləri müşahidə olunur. Təkcə onu demək kifayətdir ki, cari ilin birinci yarısında Azərbaycanda qeyri-neft sektoru 9,2 faiz artmışdır ki, bu da son illər ölkə iqtisadiyyatının şaxələndirilməsi məqsədilə həyata keçirilən məqsədyönlü tədbirlərin bəhrəsidir.
Artıq keçid iqtisadiyyatı dövrünü uğurla başa çatdıran Azərbaycanın qarşıya qoyduğu əsas hədəflərdən biri ölkədə son dərəcə mühüm və iri infrastruktur layihələrinin reallaşdırılmasından ibarətdir. Həmin layihələrin siyahısının kifayət qədər geniş olmasına baxmayaraq, onların öhdəsindən gəlmək üçün Azərbaycanda zəngin təcrübə, siyasi iradə, ən başlıcası isə güclü maliyyə dayaqları mövcuddur. Qeyd etdiyimiz kimi, artıq özünün iqtisadi inkişafını təmin etmiş Azərbaycan Respublikası bütün diqqəti vacib infrastruktur layihələrinin reallaşdırılmasına yönəltmişdir. Məhz bunun nəticəsidir ki, 2015-ci ilin ilk yarısında ölkəmizdə bir sıra vacib sosial və infrastruktur layihələrinin icrası sahəsində yüksək nailiyyətlər əldə edilmişdir. Bu iş ilin sonunadək daha intensiv şəkildə davam etdiriləcək və həm sosial sferada nəzərə çarpan problemlər aradan qaldırılacaq, həm də ölkənin iqtisadi inkişafına təkan verən yeni-yeni infrastruktur obyektləri yaradılacaq. Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı proqram xarakterli yekun nitqində Prezident İlham Əliyev cari ilin sonunadək əsas prioritetləri müəyyənləşdirərkən infrastruktur layihələrinin icrasına xüsusi diqqət yetiriləcəyini bildirərək demişdir: “Biz iqtisadi artımın yüksək templərini ilin sonuna qədər saxlamalıyıq. Əminəm ki, biz buna nail olacağıq. Çünki birinci altı ayda göstəricilər çox müsbətdir. Gələn altı ay ərzində elə işləməliyik ki, ili gözəl nəticələrlə başa vuraq. Əminəm ki, makroiqtisadi sabitlik də təmin olunacaq. İlin sonuna qədər bütün lazımi infrastruktur layihələrinin icrası davam etdirilməlidir və yeni layihələr icra edilməlidir”.
Məlum olduğu kimi, son illər Azərbaycanın sosial-iqtisadi tərəqqisini sürətləndirmək, əhalinin həyat səviyyəsini daha da yaxşılaşdırmaq məqsədilə ölkədə son dərəcə uğurlu investisiya siyasəti həyata keçirilir. Prezident İlham Əliyev tərəfindən qəbul olunmuş olduqca aydın, özündə konkret hədəfləri ehtiva edən, ölkə qarşısında duran əsas məsələlərin həlli üçün mühüm vasitə sayılan məqsədyönlü Dövlət İnvestisiya Proqramı uğurla icra edilir. Adıçəkilən proqramda ölkənin iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafını təmin etməklə yeni iş yerlərinin yaradılması kimi mühüm məsələlərin həlli ilə yanaşı, bir sıra infrastruktur layihələrinin həyata keçirilməsi də nəzərdə tutulur. Bu baxımdan ölkə əhalisinin firavan həyatının təminatına hesablanmış sosial layihələr diqqəti daha çox cəlb edir. Son illər ölkəmizdə yol infrastrukturunun yenidən qurulması sahəsində misilsiz layihələr həyata keçirilir. Dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində ölkəmizdə magistral yollar artıq dünya standartları səviyyəsində yenidən qurulmuş, paytaxt Bakıda müasir yollar, yeni körpü və yol ötürücüləri, yeraltı və yerüstü piyada keçidləri inşa olunmuşdur. Artıq ölkə rəhbərinin xüsusi göstərişi və bu məqsədlə Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına kənd yollarının yenidən qurulması işləri sürətlə davam etdirilir. Hökumətin məlum iclasında diqqəti yenidən bu vacib məsələyə yönəldən Prezident İlham Əliyev demişdir: “Bu yaxınlarda müxtəlif bölgələrdə kənd yollarının tikintisi ilə əlaqədar müvafiq sərəncamlar imzalanmışdır və yeni sərəncamlar da imzalanacaq. Kənd yollarının tikintisi üçün həm dövlət büdcəsindən, eyni zamanda, Prezidentin Ehtiyat Fondundan əlavə vəsait ayrılmalıdır ki, ilin sonuna qədər bu proses sürətlə davam etsin. Deyə bilərəm ki, son illər ərzində bu sahəyə çox böyük diqqət göstərilmişdir və bu diqqət hesabına bir çox kəndlərdə yeni yollar salınmışdır. Amma hələ elə kəndlər var ki, orada yollar bərbad vəziyyətdədir. Bizdə bütün informasiyalar var. Mən bölgələrdə olarkən yerli icra orqanlarının nümayəndələri ilə bu məsələləri müzakirə edirəm, göstərişlər verirəm. Onlar təkliflər verir və sonra bu təkliflər nəzərə alınır, məsələlər həllini tapır”.
Ölkə ərazisinin qazlaşdırılması tədbirləri də sürətlə davam etdirlir. Son illər, demək olar ki, hər ay bir neçə kənd qazlaşdırılır. Ölkə Prezidentinin bu işlərin daha da sürətlə aparılmalısı barədə verdiyi konkret göstəriş isə onu deməyə əsas verir ki, ilin sonunadək bu proses daha da sürətləndiriləcək və yaxın illərdə bütün kəndlərimizdəki mənzillərdə “mavi yanacaq” şölələnəcək.
Azərbaycanda elektrik enerjisi ilə təminat sahəsində ciddi problemlər müşahidə olunmasa da, sözügedən sahənin işinin daim təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılır. Təsadüfi deyil ki, dövlət başçısının müfvafiq sərəncamı ilə bir qədər əvvəl yaradılmış “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin qarşısında bölgələrin elektrik enerjisi ilə təchizatının Bakıdakı kimi yüksək səviyyədə təşkil olunması kimi konkret vəzifə qoyulmuşdur. Bu məqsədlə bölgələrdə köhnəlmiş infrastruktur yenidən qurulmalı, ötürücü xətlər çəkilməli, transformatorlar quraşdırlmalıdır. Bununla yanaşı, elektrik təsərrüfatı sahəsində işlər Bakı şəhərində də davam etdiriləcək. Bu da təsadüfi deyil. Çünki paytaxtımız günbəgün böyüyür, əhali artır, yeni sənaye obyektləri, ictimai obyektlər, idman qurğuları yaradılır. Paytaxtın elektrik enerjisinə artmaqda olan tələbatının ödənilməsi məqsədilə yeni generasiya güclərinin yaradılması tələb olunur. Dövlət başçısının tövsiyəsinə əsasən, bu sahədə işlər müntəzəm olaraq həyata keçirilməlidir ki, generasiya gücü mövcud tələbatı xeyli üstələsin.
Son illər ölkəmizdə reallaşdırılan Dövlət İnvestisiya Proqramında içməli su və kanalizasiya layihələri mühüm yer tutur. Ötən dövr ərzində həyata keçirilmiş tədbirlər nəticəsində Bakı şəhərində əhalinin 78 faizi keyfiyyətli içməli su ilə fasiləsiz təmin olunmuşdur. Dövlət başçısının xüsusi göstərişinə əsasən, yaxın zamanlarda bu göstəricinin 100 faizə çatdırılması nəzərdə tutulur. Bunun üçün isə kifayət qədər investisiyalar ayrılır, mürəkkəb texniki məsələlər öz həllini tapır. Bununla yanaşı, artıq 4 ildən çoxdur ki, regionların da içməli su təchizatı sistemlərinin yenidən qurulması, kanalizasiya şəbəkələrinin yaradılması sahəsində mühüm layihələr həyata keçirilir. Hazırda “Azərsu” ASC-nin sifarişi ilə ölkəmizin 29 şəhərində su və kanalizasiya sistemləri yenidən qurulur. Həmin şəhərlərin 11-də işlər dövlət büdcəsi vəsaiti, 18-də isə beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına reallaşdırılır. Yeri gəlmişkən, cari ilin Dövlət İnvestisiya Proqramında da bu məqsədlər üçün kifayət qədər vəsait nəzərdə tutulub. Bununla belə, dövlət başçısının göstərişinə əsasən, ilin sonuna qədər əlavə vəsait ayrılacaq.
Eyni zamanda, ötən dövrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ölkənin ayrı-ayrı yerlərində sutəmizləyici qurğular quraşdırılıb, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə subartezian quyuları qazılıb əhalinin istifadəsinə verilib. Ölkədə sosial infrastrukturun yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev bütün bu işləri yüksək qiymətləndirərək demişdir: “Azərsu” ilə bərabər, ekologiya və meliorasiya qurumları 1 milyon 160 min insanı təmiz içməli su ilə təmin ediblər. Bu, çox ciddi sosial məsələdir. İlk növbədə, sosial məsələdir, yəni buna ayrılan vəsait heç vaxt dövlət büdcəsinə qayıtmayacaq. Çünki bizdə suyun qiyməti çox aşağıdır. Ancaq biz bunu insanların sağlamlığı, normal yaşaması üçün edirik və etməliyik".
Son illər ölkəmizdə suvarma ilə bağlı layihələrin reallaşdırılması da intensiv xarakter alıb. Artıq Şəmkirçay, Taxtakörpü və Tovuzçay su anbarları tikilib istifadəyə verilib. Hazırda isə yeni kanalların tikintisi gedir və bu məqsədlər üçün də ilin sonuna qədər büdcədən əlavə vəsait ayrılması nəzərdə tutulur. Bu sahədə ilin sonuna olan əsas hədəflərdən biri Şəmkirçay dəryaçasından əkin sahələrinə gedən kanalların tikintisinin sürətləndirilməsi ilə bağlıdır. Bundan məqsəd əkin sahələrinin suvarılmasının yaxşılaşdırılmasına nail olmaqdan ibarətdir. Suvarılmanın yüksək səviyyədə təşkili isə ölkədə kənd təsərrüfatının sürətli inkişafını təmin edən başlıca amillərdəndir. Qarşıda duran əsas hədəflərdən biri də mövcud potensialdan maksimum yararlanaraq əhalini ərzaq məhsulları ilə təminatının 100 faiz səviyyəsinə çatdırmaqdan ibarətdir. Bununla bərabər, Azərbaycan yaxın illərdə istehsal etdiyi ərzaq məhsullarının bir hissəsini ixraca yönəltməyi planlaşdırır. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin iyulun 13-də keçirilmiş iclasında Prezident İlham Əliyev bu barədə demişdir: “Əgər bizdə ixrac bazarlarına böyük çıxışlar olmasa, gələcəkdə bu, kənd təsərrüfatının inkişafını məhdudlaşdıra bilər. Çünki biz öz daxili tələbatımızı ödəyəndən sonra əgər ixrac bazarlarına çıxmasaq, artıq məhsul istehsal edə bilməyəcəyik. İxrac bazarlarına çıxmaq üçün, ilk növbədə, məhsul rəqabətqabiliyyətli olmalıdır”.
Azərbaycanda güclü sənaye potensilaı mövcuddur. Son zamanlar ölkədə gedən uğurlu sənayeləşmə prosesi nəticəsində qeyri-neft sənayemiz 14 faiz artmışdır. Dövlət başçısının konkret tapşırığına əsasən, yaxın illərdə ölkənin hər bir rayonunda sənaye zonalarının və sənaye parklarının yaradılması nəzərdə tutulur ki, bu da öz növbəsində daha yüksək nailiyyətlərə yol açır.
Nazirlər Kabinetinin iclasında dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən biri də ölkənin tikinti materiallarına olan tələbatın yerli istehsal hesabına təmin edilməsi, həmçinin bu növ məhsulların müəyyən hissəsinin ixraca yönəldilməsi ilə bağlı oldu. Xatırladaq ki, tikinti materiallarının ixracı üçün yeni bazarların aşkar edilməsi son dərəcə vacib məsələ olduğundan bu istiqamətdə işlər xeyli intensivləşdirilməlidir.
İlin qalan dövrü üçün ölkədə yeni iş yerlərinin yaradılması da diqqət mərkəzində saxlanılacaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bəzi başqa ölkələrdən fərqli olaraq Azərbaycanda demoqrafik vəziyyət çox müsbətdir, əhali artır. Ölkəmizdə hər il əhali orta hesabla təxminən 100 min nəfər artır. Yəni, bu, gələcəkdə 100 min iş yerinin açılması deməkdir. Azərbaycanda özəl bölmənin, sahibkarlığın inkişafına dövlət qayğısı ilbəil artır. İş adamlarına bir sıra güzəştlər edilr, fermerlərə subsidiyalar, güzəştli şərtlərlə yanacaq və gübrə verilir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlər verilir. Nazirlər Kabinetinin iclasında dövlət başçısı faiz dərəcələrinin bir qədər də aşağı salınması ilə bağlı təklifləri dəstəklədiyini bəyan etməklə yanaşı, hər bir sahibkarın da üzərinə xüsusi məsuliyyət düşdüyünü vurğuladı. Bu sifariş isə dövlətin xəzinəsinə olan vergilərin vaxtlı-vaxtında ödənilməsindən ibarətdir.
Ölkə başçısının müəyyən etdiyi hədəflərdən biri də ilin sonuna qədər sosial infrastrukturun yaradılmasının davam etdirilməsi, məktəblərin, uşaq bağçalarının və tibb ocaqlarının tikintisinə əlavə vəsait ayrılmasının təmin edilməsi ilə bağlıdır. Bununla yanaşı, ilin qalan dövrü ərzində ölkədə köçkünlərin problemlərinin həlli də diqqət mərkəzində saxlanılacaq.
Azərbaycanda ekologiyanın qorunması, ətraf mühitin yaxşılaşdırılması məsələləri də öz aktuallığını qoruyub saxlayır. Dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində paytaxt Bakının ekoloji vəziyyəti ilbəil yaxşılaşır. Bu baxımdan Böyükşor gölünün təmizlənərək ətrafının xüsusi zövqlə abadlaşdırılması, birinci Avropa Oyunlarının keçirilməsinə hazırlıq işləri çərçivəsində burada yaraşıqlı bulvarın salınması diqqət çəkir. Növbəti mərhələdə isə gölün ikinci hissəsinin təmizlənməsi davam etdiriləcək, burada yaradılmış bənd gələcəkdə əlavə bir yol arteriyası kimi fəaliyyət göstərəcək. Ekoloji layihələrin davamlı olaraq həyata keçirilməsini qarşıya mühüm vəzifə kimi qoyan ölkə Prezidenti Zığ gölünün təmizlənməsi prosesinə də bu yaxınlarda başlamağın zəruriliyini bəyan etdi. Eyni zamanda, bu il Bakıda Ağ Şəhər bulvarının istifadəyə verilməsi yaxınlıqda yerləşən neftayırma zavodunun köçürülməsi məsələsini gündəmə gətirib. Dövlət başçısının qeyd etdiyi kimi, bu, həm ekoloji cəhətdən lazımdır, həm də bunu işin daha da səmərəli şəkildə qurulması tələb edir.
Əlverişli iqlim şəraiti və misilsiz təbii gözəllikləri ilə diqqəti cəlb edən Azərbaycanın turizm potensialı olduqca yüksəkdir. Eyni zamanda, iqtisadiyyatın ən gəlirli sahələrdən biri sayılan turizmin inkişaf etdirilməsi ölkədə əlavə iş yerlərinin yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır. Məhz buna görə də son illər Azərbaycanın turizm potensialının hərəkətə gətirlməsi sahəsində xeyli iş görülmüş, ölkəmizdə ən müasir turizm obyektləri tikilib istifadəyə verilmişdir. Bununla belə, ölkəmizə turist marağının daha da artırılması üçün hələ çox iş görülməlidir. Həmin işlərin, həlli vacib məsələrin dəqiq siyahısını isə Nazirlər Kabinetinin məlum iclasında Prezident İlham Əliyev səsləndirdi. Dövlət başçısı qeyd etdi ki, Azərbaycanın turizm baxımından cəlbediciliyini artırmaq üçün, ilk növbədə, viza məsələsi həllini tapmalıdır, bu məsələ ölkəmizə turist, qonaq kimi gəlmək istəyənin qarşısında maneəyə çevrilməməlidir. İkinci vacib məsələ otellərin qiymətlərinə yenidən baxılması ilə bağlıdır. Xüsusən bölgələrdə otellərin qiyməti xüsusi narahatlıq doğurur. Narahatlıq yaradan üçüncü məsələ isə aviabiletlərin həddən artıq bahalığıdır. Məhz buna görə də Prezident İlham Əliyev hər üç məsələyə yenidən baxılmasını əlaqədar təşkilatlara, eləcə də sahibkarlara tövsiyə etdi.
Göründüyü kimi, ilin qalan dövrü ərzində Azərbaycanda reallaşdırılacaq infrastruktur layihələri, dövlət başçısı tərəfindən irəli sürülən mühüm təşəbbüslər ölkəmizin sosial-iqtisadi tərəqqisini xeyli sürətləndirəcək, əhalinin həyat səviyyəsinin bir qədər də yaxşılaşmasına səbəb olacaq.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.