Azərbaycanın polad magistralı islahat yollarında

Azərbaycanın nəqliyyat sisteminin əsas qollarından olan dəmir yolu nəqliyyatı indi özünün sürətli inkişaf mərhələsindədir. Bütün sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da irihəcmli layihələr reallaşdırılır, beynəlxalq aləmə inteqrasiya sürətləndirilir.

Bu nəhəng işlər, şübhəsiz ki, böyük siyasi xadim, ümummilli lider Heydər Əliyevin uğurlu iqtisadi siyasəti, dəmir yoluna daim qayğısı sayəsində mümkün olmuşdur.  Ölkəyə rəhbərlik etdiyi bütün zamanlarda onun rəhbərliyi altında  həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar, uğurlu daxili və xarici siyasət, demokratikləşmə Azərbaycanın sosial-iqtisadi inkişafının sürətlənməsini reallaşdırdı.

Ulu öndər Heydər Əliyevin gərgin əməyi sayəsində təməli qoyulan və ölkə başçısı İlham Əliyev tərəfindən uğurla  davam etdirilən müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirmiş, ölkə iqtisadiyyatının sürətli inkişafını təmin etmişdir.

Ümummilli liderin rəhbərliyi ilə yaradılmış nəqliyyat infra-  strukturunun inkişaf etdirilməsi konsepsiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən intensiv şəkildə reallaşdırılmaqdadır. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti müxtəlif beynələxalq layihələrin fəal iştirakçısı olmaqla, onların həyata keçirilməsində də mühüm işlər görür.

Bu baxımdan, XXI əsrin əsas tikintilərindən olan Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsinin reallaşması istiqamətində işlər sürətlə davam edir. Layihəni iqtisadi və siyasi cəhətdən əhəmiyyətli edən Azərbaycan, Gürcüstan və Türkiyə arasında dəmir yolu nəqliyyatı ilə yük və sərnişin daşımalarının asanlaşdırılması, Mərkəzi və Şərqi Asiyadan Avropaya və əks istiqamətdə nəqliyyat dəhlizi rolunu oynamasıdır. İlkin mərhələdə Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttilə yük dövriyyəsinin 5 milyon ton, sonradan 15 milyon tona çatdırılması planlaşdırılır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti bağlantısının  2015-ci ilin sonunda istismara verilməsi nəzərdə tutulur.

Son illər ərzində ölkə nəqliyyat sisteminin əsas sahələrindən biri olan dəmir yolunun perspektiv inkişafı üçün ölkə rəhbərliyi tərəfindən mühüm qərarlar qəbul olunub, sərəncamlar imzalanmışdır. Bununla da dəmir yolunun tarixində yeni bir dönəm başlamışdır. Görülən işlərin məntiqi nəticəsi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam bu sahənin inkişafını təmin edəcək ən mühüm sənəddir. Hazırda Dövlət Proqramının icrası davam edir.

Son vaxtlar dəmir yolunun həyatında bir canlanma hiss olunur. Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunması ilə bu qurumun tarixində yeni era başlayıb. Qeyd edək ki, son dövrlər beynəlxalq maliyyə qurumları ilə daha da intensivləşən ikitərəfli və çoxtərəfli əlaqələr dəmir yolunda  islahatların aparılmasına öz müsbət təsirini göstərəcəkdir. Çünki   dəmir yolunun yenidən qurulmasını həyata keçirmək üçün beynəlxalq maliyyə qurumları ilə danışıqlar prosesi özünün yeni mərhələsinə qədəm qoyub

 “Azərbaycan Dəmir Yolları” QSC-də Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətinin rəhbərliyi ilə ikitərəfli görüş keçirilmişdir. Görüşdə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 kilometrlik hissəsinin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanmışdır.

Son vaxtlar daha bir neçə iri layihə icra olunmaqdadır. Məlum olduğu kimi,  ölkə başçısı İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan Respublikasında yüksək inkişafa nail olunmuş, həyata keçirilən islahatlar və genişmiqyaslı infrastruktur layihələri sosial-iqtisadi həyatın davamlı inkişafı üçün şərait yaratmışdır. Bu da, paytaxtımıza xarici ölkələrdən gələn vətəndaşların günbəgün artmasına səbəb olmuşdur.

Paytaxtımızın giriş qapısı sayılan Bakı sərnişin vağzalının yüksək səviyyədə, müasir dövrün  tələblərinə cavab verməsi üçün burada  yenidənqurma işlərinin görülməsinə ehtiyac yaranmışdır. Artıq Bakı sərnişin vağzalında yenidənqurma işlərinə start verilib.  Vağzalın  əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə, yenidən qurulacaq, vağzal binasının daxilində tam yenidənqurma işləri görüləcəkdir. Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunacaq, eskalatorlar yenisi ilə əvəzlənəcək. Hazırda təmir işləri sürətlə davam edir.

Eyni zamanda 3 mart 2015-ci ildə Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 kilometr uzunluğunda baş yolların əsaslı təmirinə start verilmişdir. Bu günə kimi 56 kilometr yol əsaslı təmir olunmuşdur. Layihə çərçivəsində Bakı sərnişin, Keşlə, Xırdalan, Sumqayıt sərnişin stansiyalarının stansiya yollarının və yoldəyişənlərin yenilənməsi prosesi davam edir. Sumqayıt sərnişin stansiyasının  yenidənqurulması da layihə çərçivəsində həyata keçiriləcək. Eyni zamanda Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 kilometr uzunluğunda yeni birləşdirici yolun tikintisi də nəzərdə tutulur. Əsaslı təmir işləri başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaqdır.

 “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda istehsal olunmuş KİSS markalı iki ədəd ikimərtəbəli elektrik  qatarı ölkəmizə gətirilmişdir. İyunun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıya gətirilən yeni ikimərtəbəli elektrik qatarı ilə tanış olmuşdur. Bu elektrik qatarları Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində hərəkətdə olacaqdır.

Dəmir yolu rəhbərliyinin yenilikçi düşüncəsi polad magis- tralın bütün sahələrinin yeniləşdirilməsində özünü büruzə verir. “Azərbaycan Dəmir Yolları” QSC-nin vaqon parkının yenilənməsi istiqamətində mühüm addımlar atılır. Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılması üçün texniki vasitələrin yeniləşdirilməsi zamanın tələbidir. Bu həm də əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına yönəldilməsi deməkdir.

Məlum olduğu kimi, bu ilin mart ayında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Rusiya Federasiyasının F. Dzerjinski adına “Uralvaqonzavod”  Elmi-İstehsal Korporasiyasının baş direktoru Oleq Sienko ilə görüşü zamanı adıçəkilən müəssi-    sədən  müxtəlif təmayüllü 2900 yük vaqonunun alınması ilə bağlı müqavilə imzalanmışdır.

25 aprel 2015-ci ildən etibarən “Azərbaycan Dəmir Yolları”nın sifariş etdiyi yük vaqonları ölkəmizə gətirilməkdədir. İndiyədək 800-dən çox yük vaqonu gətirilmişdir.

Ölkə polad magistralının yeniləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bütün bu işlərdə Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi (MHİRK) Cəmiyyət rəhbərliyi ilə birgə fəaliyyət göstərir. MHİRK “Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu və Əmək Məcəlləsində müəyyən edilmiş vəzifə və səlahiyyətlərdən geniş istifadə edir, həmkarlar ittifaqı üzvlərinin sosial-iqtisadi mənafelərinin və əmək hüquqlarının  müdafiəsi, onların maddi rifah halının yaxşılaşdırılmasını həmişə ön plana çəkir. “Azərbaycan Dəmir Yolları” QSC ilə MHİRK arasında imzalanmış Saziş məhz bu ali məqsədlərə xidmət edir. Sazişin yerinə yetirilməsi həm Cəmiyyətin  rəhbərliyi, həm də MHİRK tərəfindən ciddi nəzarətdə saxlanılır.

Dəmir yolunda çalışan əməkçilərin sosial problemlərinin həlli, əmək kollektivlərində  sosial gərginliyin azalması,  əmək şəraitinin yaxşılaşdırılmasını təmin  etmək məqsədi ilə MHİRK tərəfindən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tabeçiliyində olan departament, xidmət, idarə və müəssisələrdə, mütəmadi olaraq,  təhlillər aparılır və yoxlamalar keçirilir. Komitənin Rəyasət Heyətinin iclaslarında yoxlamaların nəticələri müzakirə olunur, əmək haqqı və digər müavinətlərin ödənilməsi, məzuniyyətlərin təqdim olunması, əməyin mühafizəsi və təhlükəsizlik texnikasına riayət  olunmasında aşkar olunan nöqsanların  aradan qaldırılması üçün  lazımi tədbirlərin  görülməsi üçün müvafiq  rəhbər işçilərə  tövsiyələr verilir.

Son aylarda maddi yardımın verilməsi haqqında dəmiryolçuların  Həmkarlar İttifaqına olan müraciətlərin sayı artmışdır. Təkcə 2015-ci ilin 6 ayı ərzində dəmiryolçu qaçqınlara, xəstələrə, əlillərə, təqaüdçülərə və maddi vəziyyəti ağır olan 1500 nəfərə       62 000 manat həcmində həmkarlar tərəfindən  maddi yardım göstərilmişdir.  Bundan başqa, Respublika Komitəsi tərəfindən istehsalatda yüksək nailiyyətlər əldə edən 250 nəfər qabaqcıl dəmiryolçu  MHİRK-in “Fəxri fərmanı” ilə təltif edilmiş və onlara  mükafatlar verilmişdir.

İctimaiyyətə məlumdur ki, 1 avqust 2008-ci ildən etibarən  Xaçmaz rayonunun Nabran qəsəbəsində “Lokomotiv” istirahət mərkəzi dəmiryolçuların istifadəsinə verilmişdir. Hər il yay mövsümündə “Lokomotiv” istirahət mərkəzində 1200 nəfər dəmiryolçu və onların ailə üzvləri istirahət edir. İstirahət mərkəzində beş korpus, hovuz, futbol, voleybol, stolüstü tennis, bilyard, trenajor zalı və uşaq meydançası fəaliyyət göstərir.

Cəmiyyətin təşkilatlarından Respublika Komitəsinə verilən sifarişlər əsasında 2015-ci ilin 6 ayı ərzində AHİK-in xətti ilə sanatoriya və istirahət evlərinə dəmiryolçulara  91 min manat məbləğində 130  ədəd, o cümlədən 3 200 manat məbləğində 5 ədəd pulsuz yollayış vərəqəsi verilmişdir.

Ölkə nəqliyyat sisteminin əsas qollarından olan Azərbaycan polad magistralı hazırda  özünün sürətli inkişaf mərhələsindədir. Müstəqil Azərbaycanın nəqliyyat sahəsinin tərkib hissəsi olan dəmir yolunda islahatlar bundan sonra daha da genişləndiriləcəkdir. Dəmir yolunun həyatında yeni dönəm başlayıb. Bu nəhəng qurumun infrastrukturunun yeniləşdirilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində bütün qüvvələr səfərbər olunub. Həyata keçirilən islahatların hamısı, son nəticədə, yük daşımalarının, xüsusilə, tranzit yük daşımlarının həcminin artırılmasına, yüklərin və sərnişinlərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılmasına, ölkə vətəndaşlarına göstərilən xidmətin səviyyəsinin daha da yüksəldilməsinə istiqamətlənib.

Reallaşdırılan islahatlar nəticəsində dəmir yolu nəqliyyat xidmətlərinə olan tələbatın tam ödənilməsi və ölkənin dəmir yollarının beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası üçün daha müasir nəqliyyat infrastrukturunun yaradılması, çevik tarif siyasətinin müəyyən edilməsi, Azərbaycanın tranzit potensialının artırılması, institusional islahatların aparılması, dəmir yolu nəqliyyatının fəaliyyətinə dair təkmil qanunvericilik bazasının formalaşdırılması, dəmir yolu sahəsi üçün yüksək ixtisaslı kadrların hazırlanması və onların sosial müdafiəsi təmin olunacaqdır.

Fəzail BAĞIROV,
Azərbaycan Dəmiryolçularının
Müstəqil Həmkarlar İttifaqı
Respublika Komitəsinin sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında