Reallaşdırılan genişmiqyaslı tədbirlərin nəticəsidir ki, Azərbaycan hazırda qlobal informasiya cəmiyyətinin qurulmasında ən qabaqcıl ölkələrdən biridir. Prezident İlham Əliyev daim çıxışlarında informasiya cəmiyyəti ideyasını dəstəkləmiş, texnoloji biliklərə əsaslanan cəmiyyətin yaradılması üçün Azərbaycanın elmi potensialının kifayət etdiyini bildirmiş və bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmişdir.
Məhz bunun nəticəsidir ki, artıq respublikamızda normal rəqabət mühitinə malik informasiya-kommunikasiya texnologiyaları (İKT) bazarı formalaşmış, Azərbaycanın regional və beynəlxalq İKT layihələrində iştirakı reallaşmış, Avrasiya Transmilli İnformasiya Magistralı və Avropa-Yaxın Şərq yüksəksürətli informasiya şəbəkəsi, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı”, “Elektron kargüzarlıq”, “Azərbaycan dilinin informasiya məkanında işlədilməsi”, “Milli informasiya resurslarının yaradılması”, “İKT sahəsində kadr hazırlığı”, “Rəqəmli bərabərsizliyin ləğvi” kimi layihələr gerçəkləşdirilmişdir. Bununla yanaşı, gömrük sistemində idarəetmənin və prosedurların təkmilləşdirilməsi məqsədilə “Məlumatların ötürülmə şəbəkəsi və avtomatlaşdırılmş nəzarət sistemi” yaradılmış, SOKAR-da “İnformasiyanın ötürülmə şəbəkəsi” və “Avtomatlaşdırılmış nəzarət sistemi” layihələri həyata keçirilmişdir. Eyni zamanda, “Elektron imza və elektron sənəd haqqında”, “Telekommunikasiya haqqında”, “İnformasiya və informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlar qüvvəyə minmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanı “Elektron hökumət”in inkişafına müsbət təsir göstərmişdir. Adıçəkilən həmin fərmanın icrası istiqamətində Vergilər Nazirliyi “Hüquqi şəxslərin elektron dövlət qeydiyyatı” layihəsini reallaşdırmışdır. Nəticədə bu, Vergilər Nazirliyində məmur-vətəndaş təmaslarının minimuma endirilməsi ilə korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsinə öz müsbət təsirini göstərmişdir.
“Elektron hökumət”ə demokratik dəyərlərin üstünlük verildiyi, insan amilinin önə çəkildiyi, informasiya-kommunikasiya texnologiyalarının formalaşdığı, inkişaf etdiyi ölkələrdə daha çox diqqət yetirilir. Bu, həm də inkişaf etməkdə olan dövlətlərin prioritet sahələrinin tərəqqisinə öz müsbət təsirini göstərir. Birləşmiş Millətlər Təşkilatının “Qlobal “Elektron hökumət” hesabatında informasiya texnologiyalarının inkişaf etməkdə olan ölkələrin keçməli olduğu uzun və əziyyətli mərhələləri ixtisar etməyə imkan yaratması vurğulanır. Məhz elə buna görə də ekspertlər tərəfindən dövlət strukturlarında müvafiq xidmətlərin internetə uyğunlaşdırılması və “onlayn” vəziyyətinə gətirilməsinin sosial-iqtisadi islahatların uğurla həyata keçirilməsinə həlledici təsir göstərdiyi bildirilir. Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da ölkəmizdə informasiya cəmiyyətinə keçidin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışılmışdır. Bildirilmişdir ki, bu ilin ilk yarısında elektron xidmətlərin verilməsi, “elektron imza” və “elektron hökumət” portalının inkişafı təmin olunmuşdur. Artıq 44 hökumət və dövlət orqanından “elektron hökumət” portalına 421 xidmət inteqrasiya olunaraq vahid elektron pəncərə sistemi vasitəsilə vətəndaşlara və iş adamlarına verilir. Portalın istifadəyə verilməsindən ötən 2 il 6 ay müddətində əhaliyə, fiziki və hüquqi şəxslərə 12 milyondan çox elektron xidmət göstərilmişdir. Portalın istifadəçilərinin sayı isə 2 milyondan çoxdur. Vergilər Nazirliyinin Elektron İmza Sertifikatlar Mərkəzində verilən “ASAN-imza” sistemi isə İslam Əməkdaşlıq Təşkilatının rəhbərliyinin diqqətini cəlb etmiş və hazırda təşkilat ölkələri arasında standart “elektron imza” kimi istifadə məsələsi müzakirə olunur. Elektron informasiya resurslarının yaradılması və regional informasiya texnologiyaları xidmətlərinin verilməsində son 6 ayın uğurlarından biri də regional informasiya-hesablama mərkəzinin - DATA Mərkəzinin yaradılmasıdır. Mərkəzin sentyabr ayında istifadəyə verilməsi nəzərdə tutulur. Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) DATA Mərkəzinin resurslarının təxminən 30 faizini MDB və Mərkəzi Asiya ölkələrinin regional əməkdaşlığı üçün istifadə edəcəyini planlaşdırır. Kosmik sənayenin inkişafı istiqamətində “Azerspace-1" də fəaliyyətini genişləndirmişdir. Bu gün 130-dan çox xarici televiziya kanalı, o cümlədən Gürcüstan, Türkiyə, Rusiya və bir sıra digər xarici ölkələrin telekanalları və xüsusi rabitə sistemləri adı çəkilən peykin resurslarından kommersiya müqavilələri əsasında istifadə edirlər.
“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti də səmərəli fəaliyyət göstərir. Səhmdar Cəmiyyət ötən il ixracdan 9 milyon ABŞ dolları gəlir götürmüşdür, cari il isə həmin göstəricinin 16 milyon dollar olacağı proqnozlaşdırılır.
Burada bir məqamı da xatırladaq. Hesabat dövründə Yer səthinin müşahidə peyki “Azersky” bir neçə fransız peyki ilə qruplaşmaya daxil olmuş və artıq kommersiya fəaliyyətinə başlamışdır. Hazırda isə sayca üçüncü peykin - “Azerspace-2”nin 2017-ci ilə planlaşdırılan buraxılışı istiqamətində işlər davam etdirilir.
Xatırladaq ki, kosmik fəzada peykin fəaliyyətində əsas tələblərdən biri rentabellilikdir və bu sahədə I Avropa Oyunlarında radio-televiziya yayımında istifadə olunan dörd peykdən birinin – “Azerspace-1”in olması və onun, həmçinin Oyunların ehtiyat rabitə sistemində istifadə olunması “Azərkosmos” ASC-nin dünya kosmik bazarında rəqabətlilik qabiliyyətinə müsbət təsir göstərmişdir.
Bu gün İKT-nin bölgələrin inkişafına təsiri də mühüm önəm daşıyır. Dövlət başçısı çıxışlarının birində bu barədə ətraflı demişdir: “Hesab edirəm ki, aqrar sahədə yeni texnologiyaların tətbiqi üçün artıq vaxt yetişib... Aqrar sahədə də İKT məsələlərinin həlli, hesab edirəm ki, vacibdir. Onların arasında fermerlərin elektron qeydiyyat sisteminin yaradılması məsələsi dayanır. Bu layihə bir neçə məqsədi güdəcəkdir. Həm subsidiyaların səmərəsini artıracaq, həm də pay torpaqlarının sərhədləri bir daha dəqiqləşdiriləcəkdir. Buna da böyük ehtiyac var və ümumiyyətlə, biz müasir texnologiyaları kəndlərə də gətirməliyik. Artıq bu sahədə böyük layihə icra edilməyə başlayır. Biz bütün şəhərlərə genişzolaqlı internet xətləri çəkəcəyik. Bu, bir neçə milyon manat dəyərində olan layihədir... Yəni biz genişzolaqlı interneti hər kəndə gətirməliyik və gətirəcəyik”.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.